"Klassik ifaçılıq ənənələrimizi
yaşatmağa çalışıram"
MÜĞƏNNİ
ŞAHİN İSMAYILOV: "MÜASİR MAHNILARI OXUYANDA
BELƏ, ONLARA 60-70-ci İLLƏRİN GÖZƏL OVQATINI,
TƏRAVƏTİNİ GƏTİRMƏK İSTƏYİRƏM"
Tanınmış müğənni, vokalist, lirik tenor
Şahin İsmayılov bugünlərdə 55 illik yubileyini
qeyd edib.
Müraciət etdiyi mahnılarla, gözəl səs
tembri ilə dinləyicilərin sevgisini qazanan sənətkarla
görüşüb Azərbaycan musiqisinin dünənindən,
bu günündən, özünün ifaçılıq
yolundan danışdıq.
Ta
uşaq yaşlarından bu sənəti sevməsində təsiri
olan korifey sənətkarlarımızın adı
bütün söhbətimiz boyunca dilindən düşmədi.
Bəzi məqamlarda gileyini də gizlətmədi.
"Uşaq
vaxtlarımdan, məktəb illərimdən Üzeyir Hacıbəyov,
Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev kimi klassik bəstəkarların
musiqilərinə həvəsim olub. Goranboy
rayonunun Xoylu kəndində doğulmuşam. Gəncəyə yaxın zonadır. Həmin ərazidə çox toylara getmişəm.
Orada hələ uşaq ikən "Sevgili canan"
əsərini oxuyurdum.
Çoxlarına
qəribə gəlirdi ki, 8-ci sinif şagirdi nələr
oxuyur...
Həmişə çalışmışam ki,
Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova,
Müslüm Maqomayev kimi sənətkarlardan nəsə
götürüm. Çünki onlar bizim üçün
misilsiz məktəbdir.
Həmişə düşünmüşəm ki,
musiqi özü də bir tərbiyə vasitəsidir. Əgər
mahnıda söz həqiqətən tərbiyəvidirsə,
musiqi də ağıllı və səviyyəlidirsə, istər
gənclər, istərsə də yaşlı nəsil ondan nəsə
götürəcəklər. Əgər musiqi
bayağıdırsa, sözlər mənasızdırsa, ordan
heç kim heç nə götürməyəcək.
Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadədən müasir
toylarımız haqqında soruşanda belə cavab
vermişdi: "O qədər oynayırlar ki ayaq işləyir,
baş yaddan çıxır". Təəssüf
ki, onun bu sözləri acı gerçəkdir. Bizdə
oynaq mahnıların hamısı eyni ritmdədir -
"6-8" deyirlər adına. Bu eyni ritm üstündə nə qədər oynamaq
olar? Əlbəttə, oynayarsan, başa
düşüləndir, amma eyni ritm üstündə dörd
saat toy olmaz. İnsanın istər-istəməz
beyni də yorulur. Məsələn, mən
el şənliklərində də 15-20 dəqiqə oynaq
mahnılara yer verirəm, qonaqlar oynayır. Sonra musiqi
dayanır, 4-5 dəqiqəlik dincəlmək üçün
bizim gözəl bəstəkarların dinləməli əsərlərindən
bir şey oxuyuruq, vals da ola bilər. Ona görə də hamı həm oynuyur, şənlənir,
həm də istirahət edir. Bizim o qədər
gözəl filmlərimizdən mahnılarımız var ki.
Məsələn, "Ulduz", "Bəxtiyar",
"Görüş", "Telefonçu qız" və
sair kimi filmlərdə mahnılar var ki, 6-8 ritmlərindədi,
amma bunlar o birilərdən fərqli olaraq səviyyəli
mahnılardır.
"Can cana" kimi mahnılar heç vaxt mənim repertuarımda
olmayıb. Hər dəfə o mahnılar üçün
yanımda bir xanım müğənni olur. Heç kim inciməsin deyə onları da həmin
xanım oxuyur.
Bayağı
mahnılar bir ay, uzağı, bir il dəbdə
olur.
Sonra isə unudulub gedir. Amma bizim retro
mahnılarımız, klassik musiqilərimiz var ki, illər
keçməsinə baxmayaraq, bütün yaş qrupundakı
insanlar tərəfindən sevilir, dinlənilir".
Söhbətimizin bu yerində oturduğumuz məkanda elə
Şahin müəllimin ifasında "Lalələr"
mahnısı səslənirdi. Öyrəndik ki, məkan
sahibi də keçmiş musiqiçilərdəndir, sənətə,
sənətkara dəyər verən insandır. Nə yalan deyim, müsahibimin ifasındakı bu
cür dəyərli və gözəl mahnıların fonunda
söhbət etmək ayrı bir maraq idi. Mən dəftərimə
içəridən eşidilən mahnıların
adını yazdıqca, Şahin müəllim də söhbətinə
davam edirdi:
"Baxın, "Lalələr" mahnısı
oxunur. O
mahnının görün neçə yaşı var. Hətta
bu yaxınlarda Türkiyə Prezidenti Ərdoğan da səfərlərinin
birində bu mahnını əzbər oxudu. Demək
ki, hələ də sevilir. Və neçə
illər keçməsindən asılı olmayaraq, seviləcək
də. Bizim vəzifəmiz də bu cür
musiqiləri təbliğ etməkdir. Çünki
əgər gənclər bunu eşitməsə, elə biləcək
ki, bizim musiqimizin səviyyəsi elə "Can-cana"dan ibarətdir.
Efirə az çıxmağımla çox
maraqlanırlar. Bu da bir az
qarışıq durumdur. Televiziyalarımızda
əsl sənəti duymaq və dəyərləndirmək
bacarığı olan layihə rəhbərlərimiz ki var,
onlar verilişlərinə dəvət edir, şərait
yaradırlar. Amma təəssüf ki, bu,
hamısına da aid deyil".
Ş.İsmayılovun həm səsində, həm də
ifasında Rəşid Behbudov nəfəsi yaxından duyulur. Elə repertuarının
müəyyən qismini də Rəşidin mahnıları təşkil
edir. Elə bayaqkı "Lalələr"
mahnısı kimi... Bu mahnı elə R.Behbudovla bağlı
sualı da qaçılmaz etdi:
"Rəşid Behbudov mənim ən böyük
müəllimimdir.
Bəli, o, heç zaman dərs deməyib, tələbələri
olmayıb. Amma biz, ən başda da mən özüm
uşaqlıqdan onun mahnılarını dinləyə-dinləyə
bu sənətdə onu özümə müəllim
bilmişəm. İndinin özündə də mən
hər gecə atama, anama, Rəşid Behbudova və Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinin
keçmiş rektoru Aslan Aslanova - "Lalələr"
mahnısının sözləri də ona aiddir - dua edib, rəhmət
oxuyub yatıram. Rəşid Behbudovu heç
vaxt canlı görməmişəm. Çünki
onlar bizim üçün o qədər əlçatmaz idilər
ki, onlara yaxınlaşmağa belə ürək etmirdik,
çəkinirdik, nəinki nəsə öyrənmək,
soruşmaq. İndiyə qədər də
özümə bağışlaya bilmirəm ki, kaş
vaxtında gedib onunla görüşəydim. Amma ondan öyrənmişəm. Tək ondan yox, dünyadakı ən yaxşı
musiqiçilərdən, ifaçılardan hər zaman nəsə
götürməyə çalışmışam. Məsələn, italiyanın böyük sənətkarı
Luçana Pavarottidən də çox şeylər öyrənmişəm.
Onun çox sevdiyim "Karuzo"
mahnısını oxumuşam. Çox
çətin mahnıdır. Hətta Azərbaycan
dilində o cür tez-tez danışa bilmirəm ki, bu
mahnıda sözləri elə demişəm. O
mahnını Pavarottinin oxuduğu tonallıqdan oxumuşam. Tez bir zamanda çox sevildi.
Ancaq yenə də bunların içərisində
ön sırada Rəşid Behbudov durur. Həmişə
onun mahnılarını yaşatmağa və heç zaman xələl
gəlməməyinə çalışmışam. Deyilənə görə, səsim də onun səsinə
yaxın tembirdədir.
Onun sənəti mənim üçün Azərbaycan
vokal sənətindəki ən yüksək zirvədir. Çünki
onda millilik çox qabarıqdır. Onda təmiz
Azərbaycan ləhcəsi var. Təkcə mən yox,
bütün müğənnilər ondan nəsə
götürməlidir. O, az sayda
müğənnilərdəndir ki, oxuduğu mahnıda
sözlərin mənasını səsiylə, vurğusuyla
dinləyiciyə çatdıra bilir. O, mahnıyla
yaşayır, onu özünküləşdirə bilir.
Repertuarımda təkcə klassik, retro mahnılar yoxdur,
müasir bəstəkarların mahnılarına da yer verirəm. Məsələn,
Nadir Əzimovun mahnılarını oxumuşam. Ulu Öndər Heydər Əliyevə həsr
olunmuş "Sən elə bir zirvəsən"
mahnısını oxumuşam. Mahnı
ifamda da bəyənildi. Bir çox
dövlət tədbirlərində onu məndən istəyirlər.
Yaradıcılığım
boyu klassik ifaçılıq ənənələrimizi
yaşatmağa can atmışam və indi də bunun naminə
çalışıram. Müasir
mahnılarımızı oxuyanda belə, onlara 60-70-ci illərin
gözəl ovqatını, təravətini gətirmək istəyirəm".
Bu yerdə
yəqin bir çox oxucularımızın da fikrindən
keçəcək sual məni də maraqlandırır: Bəs
onlara tələbat varmı indi? Müsahibim isə deyir ki:
"Bəzən müğənnilər bu seçimlərinə
haqq qazandırmaq üçün deyirlər, xalqımız nə
istəyir, biz də onu oxuyuruq. Bu söz məni
çox narahat edir.
Sənət adamı kütlənin arxasınca getməz.
Biz çalışmalıyıq ki, insanların musiqi tərbiyəsini
inkişaf etdirək. Bunu da bayağı mahnıları deyil,
bu cür mahnıları oxuya-oxuya edəcəyik. Məsələn, bir şənlikdə olur ki, həmin
retro mahnılarımızdan oxuyuram. Görürəm
ki, əvvəldə gənclər bir az
sıxılır. Amma qulaq asdıqca
xoşlarına gəlir, sanki eşitdikcə musiqinin gözəlliyinin
fərqinə varırlar. Deməli, bunu edə
bilərik. Biz nə qədər milliliyimizə
biganə qalacağıqsa, bizə aid olan o dəyərləri
bədxah qonşularımız özününküləşdirəcək.
Dəyəri vaxtında uca tutmaq lazımdır.
Bizi dünyaya tanıdacaq o bayağı
mahnılar deyil, "Sevgili canan", "Sənsiz" kimi əsərlərdir.
Klassik və
müasir estrada musiqisi var. Hazırda yaranan
müasir estrada mahnılarından eləsi ola bilər ki, bir
neçə ildən sonra klassik estrada hesab olunsun. Amma təəssüf ki, indiki mənzərə buna
o qədər də ümid vermir. Yəqin siz də, elə
oxucularımız da mənlə razılaşarsınız
ki, müasir estradamızda həmişəyaşar mahnılar
çox az yaranır, ya da heç
yaranmır. Gənc müğənnilərimiz arasında da
retro mahnılarımıza müraciət edən, onu
yaşatmağa çalışanları az
deyil. Bu, məni çox sevindirir. Təqdirəlayiq haldır. Amma ən
böyük problem odur ki, bəzilərinin yanaşma tərzi
doğru deyil. Çünki orijinala qulaq
asmırlar, ondan bəhrələnməyə cəhd etmirlər.
Bu isə mahnının öz
orijinallığını, həqiqi ruhunu itirməyinə gətirib
çıxarır. Mən o cür sənət
əsərlərinə xələl gətirməyi doğru
hesab etmirəm.
Son zamanlar sosial şəbəkələrdə aktiv
olmağa çalışıram.
Çünki görürəm ki, insanlar məhz
ordadırlar.
Hər bir çıxışımı,
ifamı orada paylaşıram. Düzünü
deyim ki, effektini də görürəm. Çox
gözəl reaksiyalar gəlir. Bu, məni
bir tərəfdən sevindirir, digər tərəfdən isə
kədərləndirir. Kədərlənirəm,
çünki görürəm ki, insanların zövqlərinə
nə qədər mənfi təsirlər ediblər. İnsanlar özləri də bundan beziblər.
Yaxşı ifa eşidən kimi çox sevinirlər.
Müşahidələrimə əsaslanaraq bir şeyi də
deyim ki, məncə, zövqü yüksək olan insanın
intellekt səviyyəsi də yüksəkdir. Hələ
görməmişəm ki, "ara mahnılarını"
dinləyən intellektli insan olsun. İntellektli
insan ağıllı, səviyyəli musiqiyə qulaq
asmağı seçir. Bəzən insan
özü də öz zövqünü tərbiyələndirməyi
bacarmalıdır.
Mahnı seçimimdə mənalı sözlərə,
sanballı musiqiyə və səsimə uyğunluğuna diqqət
edirəm. İstəyirəm ki, bəstəkar-şair-ifaçı
üçlüyü bir-birini tamamlasın.
Üzeyir Hacıbəyovdan yüksək bəstəkar
tanımıram. Cahangir Cahangirov, Səid Rüstəmov, Tofiq Quliyev, Ramiz
Mirişli, Vasif Adıgözəlov, Arif Məlikov mənim
üçün Azərbaycan bəstəkarlığının
qaymaqlarıdır. İndiki dövrdə Nadir Əzimovun
yaradıcılığında retro
mahnılarımızın havası hiss olunur. Aygün
Səmədzadənin mahnıları xoşuma gəlir. Amma bugünə kimi işləmək qismət
olmayıb. Açığı, onunla
işləmək istəyərdim. Əgər
elə bir şans olsaydı onun yaxşı bir
mahnısını oxuyardım.
Fikrimdə çox mahnılar var ki, onları yenidən
oxumaq arzum var. Məsələn, "Şükriyyə"
mahnısını oxumaq istərdim. Tələbə
yoldaşım Azər Zeynalovun ifasında çox bəyənirəm
o mahnını. Ümumiyyətlə, sənətdə
xainlik sevmirəm. Çünki
yaxşı olan hər şey bizimdir, bizim
adımızadır. Həm də
yaxşı oxuyanlar mənə stimul verirlər ki, öz
üzərimdə daha ciddi işləyim. Sənətdə
rəqabət gözəl şeydir.
Rəşid
Behbudovdan eşidib sevdiyimiz "Sevgi valsı"nı,
"Əziz dost"u və sair mahnıları oxumaq istəyirəm".
Həmsöhbətimə "Ara mahnılarına
güclü meyil, ali musiqiyə biganəlik sizi ruhdan
salırmı?" kimi ağrılı bir sual verirəm. Gözləri yol çəkir,
sonra ağır-ağır deyir:
"Ruhdan
salır deyəndə ki... Əslində, əvvəl
elə olurdu, indi yox. Yaponların atalar sözü var. Deyir:
ruhdan düşməkdənsə, cəhdlərinin
sayını artır. Mən də artıq bu
prinsiplə yaşayıram. Çünki
insan ruhdan düşəndə daha da geri qalır və
heç layiq olmayanlar gəlib onu keçirlər. Ona görə də son iki ildə sənətimə
daha çox diqqət ayırıram, efirə daha
ardıcıl çıxıram. Sosial
şəbəkələrin də köməyilə cəhdlərimi
daha da artırıram".
Bu yerdə diktofonu söndürüb müsahibəmizi sərbəst söhbət şəklində davam etdirdik. Bu müddətdə Şahin müəllimin ifasında eşitdiyimiz "Dilin can incidəndir", "Sevgili canan", "Sənsiz", "Tələsin insanlar" və sair mahnılar, özünün ara bir etdiyi kiçik zümzümələr qarşımda həqiqətən də Azərbaycan musiqisinə böyük dəyər verən, gözəl səsli, gözəl ürəkli, işinə kifayət qədər məsuliyyətlə və sevgiylə yanaşan bir insanın oturduğunu sübut edirdi. Sonda onu qəzetdə təqdim etmək üçün fəxri adı olub-olmadığını xəbər aldım. Çünki heç bir mənbədə buna rast gəlməmişdim. O da hələ fəxri adı olmadığını dedi. Düzü, təəssüf etdim. Çünki müsahibə boyunca internet resurslarının məni yanıltdığını, ömrünün 30 ildən çoxunu Azərbaycan musiqisinin təbliğatına həsr edən bu nadir səs sahibinin çoxdan yüksək fəxri ad aldığını düşünmüşdüm. Amma yenə də inanıram. Hər zaman sənətin, sənətkarın yanında olan dövlətimizin ən qısa zamanda Şahin İsmayılov yaradıcılığını da dəyərləndirəcəyinə şübhəm yoxdur. Elə müsahibim də bu inamla yaşayır...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 31 avqust.- S.12.