"Qırmızı saçlı
qadın", "Son cənnət" və
"Tülu"
ÜÇ
KİTAB HAQQINDA BİR YAZI
(Məzuniyyət qeydləri)
Hörmətli oxucularımız yəqin ki, ilk sətirlərimdən
mənim bir ədəbiyyatçı olmadığım qənaətinə
gələcəklər. Lakin mənim həvəskar və ədəbiyyatımızı
sevən bir oxucu olduğuma şübhə edilməyəcəyindən
əminəm. Hər nə qədər
beynəlxalq sosial şəbəkələr sisteminin təsirinə
məruz qalsaq da, mən yenə "əlahəzrət
kitab"a pərəstiş edənlərdənəm və
belə hesab edirəm ki, əsrlər boyu kitabın əvəzedicisi
olmayıb, bundan sonra da olmayacaq. Nəsillərin
mənəvi-ruhi varisliyi və davamlılığı məhz
kitabla ötürülüb təmin edilir. Kitab da deyiləndə ilk ağıla gələn, əlbəttə
ədəbiyyatdır. Fikrimcə, müstəqil
dövlət quruculuğunda yaxşı
düşünülmüş, məqsədyönlü və
ardıcıl siyasət hansı rolu oynayırsa, peşəkar,
bazar sövdələşməsindən xali, əsl ədəbiyyat
da müstəqil mənəviyyat quruculuğunda həmin
mühüm vəzifəni yerinə yetirir.
Hər
yayda olduğu kimi, məzuniyyətə gedərkən
kitabxanamda oxunma növbəsi gözləyən, yan-yana
qoyduğum kitablardan ikisini götürdüm: Orhan Pamukun
"Qırmızı saçlı qadın" və Orhan
Arasın "Son cənnət"romanlarını.
***
Orhan
Pamuk, şübhəsiz ki, XX əsrin sonları və XXI əsrin
yaşadığımız illərində türk
dünyasının yetişdirdiyi, dünyada tanınan və
oxunan, eyni zamanda, sevilən böyük
yazıçılardan biridir. Gənclik, sevgi, iztirab,
ayrılıq və qovuşma, xoşbəxtlik,
peşmançılıq, vicdan əzabı kimi həyatın
içindən çıxan mövzuların böyük
ustalıqla, öz yaşantısı kimi səmimi və həssaslıqla
qələmə alınması onun bütün əsərlərinin
də sevgi və həyəcanla oxunmasını şərtləndirir.
Yazıçı tarixi, ictimai-siyasi
mövzuları da, ölkəsində və dünyada baş
verən siyasi prosesləri və təbədülatları da
sevgi və məhəbbət prizmasından keçirərək
oxucuya təqdim edir.
Mən bu kiçik yazımda, əlbəttə, Orhan
Pamukun yaradıcılığını təhlil etmək
niyyətində deyiləm, bunu istəsəm də, edə
bilmərəm. Bunları vurğulamaqla kifayətlənmək istəyirəm
ki, ümumtürk və dünya ədəbiyyatına
"Cövdət bəy və oğulları","Səssiz
ev", "Bəyaz qala", "Qara kitab", "Yeni həyat",
"Mənim adım qırmızı", "Qar",
"İstanbul, xatirələr və şəhər",
"Məsumiyyət muzeyi",
"Qırmızısaçlı qadın" və
başqa əsərləri ilə töhfələr vermiş
yazıçı 2006-cı ilin dekabrında ədəbiyyat
üzrə Nobel mükafatını aldığı zaman
demişdi: "Bu mükafatı öz uğurum kimi deyil, təmsilçisi
olduğum türk mədənyyətinə və ədəbiyyatına
verilmiş qiymət kimi dəyərləndirirəm". Ədəbiyyatşünasların fikrincə, Orhan
Pamuk yeni romançılıqda qazandığı
uğurları ilə artıq adını klassik türk nasirləri
sırasına daxil etmişdir. Həqiqətən
də, müasirimiz olan, yaradıcılığının məhsuldar
dövrünü yaşayan yazıçımız hər dəfə
yeni və fərqli bir romanı ilə ədəbi ictimaiyyəti
heyrətləndirir. Romanlarından bəziləri
hələ bizim türkcəmizə
uyğunlaşdırılmasa da, Azərbaycan oxucuları onu
Türkiyə türkcəsində və başqa dillərdə
də oxumaq imkanına malikdirlər.
Müsahibələrinin birində Orhan Pamuk əcdadlarının
bir zamanlar Qafqazdan Anadoluya gəldiklərini bildirmişdi. Bu mənada o
da, ulu babaları kimi, Azərbaycan türkü sayıla bilər.
Bir də ki, nə fərqi varmış?
Onsuz da, Ulu öndər Heydər Əliyev Azərbaycan və
Türkiyəni "Bir millət, iki dövlət"
adlandırmaqla milli mənsubiyyətlərimizdə coğrafi
sərhədləri aradan qaldırmış, bu dəyərləndirmə
ilə də, əslində, bütün türk
dünyasına, türkəsilli xalqlara da uzaqmənzilli
ismarışını vermişdi. Orhan Pamukun
"Qırmızı saçlı qadın" romanı da əvvəllər
oxuduğum digər əsərləri kimi məni məyus etmədi.
Oğullar və atalar qarşılaşdırmasını həm
müasir İstanbul həyatının gerçəklikləri,
həm də tarixi konteksdə dastan və rəvayətlərə,
onların ibrətli sonluqlarına müraciətlər etməklə
yazıçı tale və qismətdən daha çox
insanın elə həyatda öz əməllərinə
görə cavab verməli olduğunu, özündən
asılı olmadan suç və cinayət işləyən,
lakin günahını yumaq üçün heç bir səy
göstərməyən insanın vicdan əzabları ilə
necə yaşadığını və sonunda haqq etdiyi cəzanın
onu necə yaxaladığını şərh edir.
Bir
sözlə, müxtəlif vaxtlarda tarixi hadisələrə
yanaşmasında yanlışlıqlara yol vermiş olsa da,
buna görə də haqlı olaraq tənqidlərə və
ittihamlara tuş gəlsə də, Orhan Pamuku sevməməyə
az, onu və
yaradıcılığını sevməyə və dəyərləndirməyə
isə çox səbəb vardır. Sevimli
yazıçımıza bundan sonra da ədəbi uğurlar və
oxucu sevgisi arzulayıram.
***
Məmnuniyyətlə oxuduğum ikinci kitab, haqqında
çox eşitdiyim, yazılarını oxuduğum Orhan
Arasın "Son cənnət" romanı idi. Orhan Aras əsrlər
boyu Azərbaycan və Anadolu türklərinin iç-içə
yaşadığı İğdır bölgəsinin yetirməsidir.
Uzun illər ayrılıq və həsrət
çayı kimi gah tənəyə, gah da qarğışa
məruz qalan, gah da sevilib əzizlənən Araz çayı
böyük şairimiz Məmməd Araz kimi onun da soyadına
çevrilmişdir. İğdırda
sayılan möhtəbər bir ailənin yetirməsi olan Orhan
Aras uzun illərdir ki, Almaniyada yaşayır, ictimai və ədəbi
fəaliyyəti ilə xalqımıza şərəflə
xidmət edir. Bir sıra ədəbi-bədii
və elmi əsərlərin müəllifidir, Almaniya Yazarlar
birliyinin üzvüdür, Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvüdür. O, Azərbaycan Milli
Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat institutunun
doktorantıdır və akademik İsa Həbibbəylinin elmi
rəhbərliyi ilə maraqlı elmi tədqiqatlar aparır.
Onun elmi əsərləri içərisində "Qurban Səid"
təxəllüsü ilə dəyərli əsərlər
yazan və dünyada yaxşı tanınan görkəmli Azərbaycan
yazıçısı Məhəmməd Əsəd bəy
haqqında yazdığı "Esad Beyin hayatı ve
qazeteciliyi" mövzusunda Berlində müdafiə etdiyi
dissertasiya işi xüsusilə əhəmiyyətlidir. Lakin Orhan Aras əlbəttə, daha çox
romanları, publisistikası və şeirləri ilə
tanınır. Onun
"Ayrılığın rəngi", "Aşklar daha
ölmədi" romanları sevilə-sevilə oxunur. Onun şeirləri də, nəsr əsərləri
kimi səmimi və qəlbəyatandır. Böyük
istiqlal şairimiz Bəxtiyar Vahabzadə onun şeirlərinə
dəyər verərək demişdi: "Orhan Arasın
şeirində hər kəsə doğma gələn bir səs
və duyğu sıxlığı var".
Orhan Arasın "Son cənnət" əsərinin qəhrəmanının,
talenin və şəraitin təqdiri ilə həyatını
birləşdirəcəyi qadının məşəqqətli
və keşməkeşli həyat hekayəsi Araz
qırağından başlayaraq Almaniyada keçən əsrin
son rübündən artmağa başlayan ağır
mühacirət həyatı ilə davam edir. Keçən il Bakıda "Xan" nəşriyyatında
azərbaycancaya uyğunlaşdırılaraq buraxılan bu
maraqlı kitabı oxumağa başlayandan yaxından
tanıdığım, doğma saydığım torpaqlara -
İğdıra, Makuya döndüyümü, həmin
insanların arasına düşdüyümü sandım.
Müəllifin bundan əvvəl heç bir əsərini
oxumamışdım, ancaq onun hadisələri və insan
ovqatını məharətlə təsvir etməsi və nəqletmə
tərzi o qədər canlı və həyatidir ki, o, sanki
olub-bitənlərin səsli görüntüsünü
canlandırır, bu tabloya nəyisə əlavə etmir,
artırıb azaltmır, hekayətinin süjetinə heç
bir əlavə, artıq yük vurmur, oxucunu hər an mətləbin
özəyində saxlayır, "bundan sonra nə olacaq?"ın intizarında gözlədir.
Türk-müsəlman cəmiyyətinin ailə münasibətlərinin
ənənələrinin qapalı çərçivəsindən
qopub ayrılmış iki gəncin - Can ilə Aliyənin
alman cəmiyyətində üzləşdikləri sərt,
soyuq münasibət, qanunlar və qaydalar ölkəsinin
mühacirlərlə xoş olmayan rəftarı onların həyat
eşqini və bir-birinə qarşı yaranan saf məhəbbətini
çətin sınaqdan keçirir, daha da gücləndirir. Aliyənin məhəbbətinə sədaqəti və
vəfası, sevgisi üçün fədakarlığı
Canı ölümün ağzından xilas edir. Qürbət eldə, maddi və mənəvi təzyiqlər
altında Aliyənin göstərdiyi fədakarlıq isə
bir Azərbaycan türk qızına xas olan təqdirəlayiq
yüksək insani keyfiyyətdir.
Bu
yaxınlarda AMEA-nın keçirdiyi bir konfransda
çıxış edən Orhan Arasla tanış
olmağım, qısa söhbətimiz onun haqqında
formalaşmış fikirlərimi daha da
dolğunlaşdırdı. Bir daha əmin oldum ki,
vətənini, mənsub olduğu sevən hər bir şəxs
vətəndən uzaqlarda da ölkəsinə, millətinə
şərəflə xidmət edə bilər.
***
İndi isə Orxan Fikrətoğlu barədə bir
neçə söz. Məzuniyyətim zamanı Orhan Pamukun və Orhan
Arasın yuxarıda qısaca bəhs etdiyim kitablarını
oxuyub qurtarandan sonra az kitab
götürdüyümə görə təəssüflənirdim.
Bu zaman uzun illərdir görmədiyim, lakin çox hörmət
bəslədiyim bir həmyerlimlə - Səfər bəylə
rastlaşdım, söhbət sırasında dedi ki,
yaxından tanıdığı və dostluq etdiyi Orxan Fikrətoğlu
da bizimlə birlikdə istirahət evindədir. Beləliklə,
illər boyu yaradıcılığını izlədiyim
Orxan bəylə orada şəxsən tanış
oldum. Əlbəttə, Orxan Fikrətoğlu otuz ilə
yaxındır ki, maraqlı nəsr əsərləri və
kino ssenariləri ilə, Mirzə Cəlilsayağı
publisistikası, Azərbaycan tele-radio kanallarındakı
günün və zamanın aktual məsələlərinə
dair yığcam, kəsərli təhlilləri, özünəməxsus
deyim tərzi və ifadələri, kəskin satirik üslubu və
zəngin ritorikası ilə Azərbaycan ictimaiyyətinə
yaxşı tanışdır. Mirzə Cəlilin
Novruzəlisisayağı onun da yaratdığı xəyali
Xeybər obrazı vardır. Amma Orxan Fikrətoğlu
quraşdırdığı bu obrazdan çıxış və
təhlillərində bir sıra incə mətləblərə
baş vurmaq üçün bir "açar" kimi istifadə
edir.
Qeyd etməliyəm
ki, Orxan Fikrətoğlunun (əvvəllər atası, sevimli
şairimiz Fikrət Sadığın soy adı ilə
Sadıqov idi) bir yazıçı, kinosenarist, rejissor, satira
ustası kimi formalaşması və təkamülü
gözümün qarşısından keçir. İyirmi il Vətəndən uzaqlarda, diplomatik xidmət
sahəsində çalışdığım illərdə
də əvvəllər olduğu kimi, ölkəmizdəki ədəbi
prosesləri izləməyə çalışırdım,
ara-sıra Orxan Fikrətoğlunun əsərlərini də
oxuyurdum. Qeyd edilməlidir ki, hələ
keçən əsrin 90-cı illərində bu istedadlı gəncin
yaradıcı fəaliyyəti Ulu öndər Heydər
Əliyevin diqqətini cəlb etmiş, Orxan 1998-ci ildə gənc
yazar kimi Prezident təqaüdünə layiq
görülmüşdü. Bu, onun
timsalında ölkə Prezidentinin yaradıcı Azərbaycan
gəncliyinə verdiyi dəyərin göstəricisi idi.
2016-ci ildə Prezident İlham Əliyevin fərmanı
ilə Orxan Fikrətoğluna Əməkdar incəsənət
xadimi adı verilməsi dövlətimizin onun
yaradıcılığına yüksək qiymət verdiyini
bir daha göstərdi. Zəngin və rəngarəng
ədəbi-bədii yaradıcılığına görə
Orxan Fikrətoğlu indiyədək ölkəmizdə və
xarici ölkələrdə bir sıra ədəbi
mükafatlara layiq görülmüşdür, sonuncu
mükafatının xəbərini isə həmin məzuniyyət
günlərində aldığını mənə bildirdi.
Bu, Azərbaycanın tanınmış qələm
sahiblərinə verilən Həsən bəy Zərdabi
jurnalist mükafatı idi. Düşündüm ki,
xalqın maariflənməsinə, onun milli-mənəvi dəyərlər
və ənənələr əsasında müasir
dünyanın tələbləri və
çağırışları ilə səsləşən
inkişaf və tərəqqisi yolunda dövlət və siyasət
adamları ilə yanaşı, qələm əhlinin də
üzərinə az məsuliyyət
düşmür. Ölkəmizin informasiya məkanında
milli dövlətçilik ruhunda müntəzəm
çıxışları ilə, cəmiyyətimizdə
rast gəlinən, yad təsirlərlə özünə yer
tapan, milli dəyərlər və maraqlarla uzlaşmayan hallara
qarşı Orxan Fikrətoğlu qısa, lakin kəsərli
sözləri ilə, kəskin kinayəsi və incə
ittihamları ilə həmişə fəal mübarizə
aparır. Dini fanatizmə, hər cür
radikallığa öz barışmaz münasibətini
bildirir, ölkəmizdə və dünyada baş verən
ictimai-siyasi proseslərə zamanında müvafiq reaksiya verir.
Qeyd edilməlidir ki, sosial şəbəkələrdə,
məlumat mənbələrində Orxan Fikrətoğlu barəsində
geniş məlumatlar vardır. Oradakı təfərrüatlara
toxunmadan vurğulamaq istəyirəm ki,
yazıçının oxucu auditoriyası çoxdan Vətənimizin
sərhədlərini aşmışdır. Onun
"Yeddi" romanının Almaniyada nəşri və
mükafata layiq görülməsi, "Ölü mətn"in
Türkiyədə, "Suçlu mələk"
kitabının Özbəkistanda, "Köçərgi"
əsərinin İranda, "Ağ-qara" hekayələr
kitabının Moskvada nəşr olunması dediklərimizin təsdiqidir.
Onun ssenari müəllifi, rejissor, aktyor, redaktor
kimi iyirmidən artıq filmdə iştirakı çox
geniş və uğurlu yaradıcılıq tutumu və əhatəliliyini
ortaya qoyur. Həmişə efirdə olan, lakin heç
vaxt özündən bəhs etməyən bu təvazökar
şəxs xalqımızın hər zaman sevə-sevə
baxdığı və dəyərləndirdiyi "Bəxt
üzüyü" filminin də ssenari müəlliflərindən
biridir (Vaqif Səmədoğlu və Ramiz Əzizbəyli ilə
birlikdə), onun pyesləri teatrlarımızda səhnələşdirilib,
hekayələri Oksford universitetinin dərs vəsaitləri
sırasına daxil edilib, dünya nəsr antologiyasına
salınıb.
Qısa şəxsi tanışlığımız
zamanı Orxan bəy bu yaxınlarda Bakıda nəşr
edilmiş yeni kitabını mənə təqdim etdi. "Tülu" (Hekayələr.
Kinohekayələr. Publisistika") adlanan
kitabı əlimə alarkən dedim ki, məzuniyyətə
yollanarkən kitabxanamdan vaxtilə aldığım, amma
oxumağa macal tapmadığım Orhan Pamukun və Orhan
Arasın kitablarını götürərkən
ağlıma gəlməzdi ki, daha bir Orxanın da
kitabını oxumağa fürsətim olacaq.
Bir neçə günə bu maraqlı kitabdakı "Ölü mətn" romanını, iri həcmli "Dəccal" hekayəsini və digər əsərləri məmnuniyyətlə oxuyandan sonra içimdən gəldi ki, üç Orxan barəsində nə isə bir şey yazım. Deməliyəm ki, ədəbiyyatımızda tamamilə yeni forması və təhkiyə üsulu ilə fəqlənən, məzmunu etibarı ilə də xalqımızın tarix və mədəniyyətinin vaxtilə məruz qaldığı təzyiqləri əksetdirən "Ölü mətn" diqqətli oxucunun xoşuna gəlməyə bilməz. Tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusifli kitabdakı ön sözündə yazır: "Ölü mətn" hər şeydən öncə böyük bir metaforadır - millətin taleyini, gələnəklərini, onu milli edən özəllikləri içinə yığıb daşdandıran, bəzən bütün bu əlamətləri var gücü ilə içinə çəkən, mətnin müxtəlif yerlərində yay kimi yığılıb açılan və hər dəfə də yeni-yeni həqiqətləri üzə çıxaran, bu həqiqətlər fonunda millətin düşüncə tərzi ilə şərtlənən mətləbləri açıqlayan bir nəsnədir". Burada kitabda yer alan hekayə və kinosenariləri təhlil etmək niyətində deyiləm. Bir neçə kəlmə ilə demək istəyirəm ki, Orxan Fikrətoğlunun "Dəccal" hekayəsinin antiqəhrəmanı dünya ədəbiyyatındakı dəccalların hamısından daha qorxulu dəccaldır. O, yalnız anası bəlli, həm də çox "bəlli", sarışın, yaraşıqlı, gülərüz, hiyləgər, xəbis, namərd, sırtıq, əsl zinadır. Molla Qafar haqlı olaraq onu qumbara ilə partladıb öldürməyə qalxır, amma nəticədə öz qızı həlak olur... Kitabdakı digər hekayələrin hamısı qısa və ibrətlidir, hamısında yazarının özü, sözü, ruhu duyulur, çağırışı səslənir.
Kitabda yer
alan publisistik məqalələr də
maraq doğurur. "Şair" adlı məqalədə
müəllif yazır ki, millətin ruhunu təmizləyən
yeganə amil gerçək ədəbiyyatdır. Cəmiyyətdə
sevginin, nifrətin, yalanın, qorxu və kişiliyin
miqdarını və miqyasını becərən yeganə fəza
ədəbi fəzadır... Ədəbiyyat millətin
hər səhər oxumalı olduğu "milli nizamlanma"
duasıdır. Bu dua hər səhər
oxunmasa, millət formalaşıb millət olmur. Buradakı "Yaddaş" məqaləsi də
olduqca ibrətamizdir. Onun fikrincə, milli
yaddaş daha çox bədii mətnlərimizdə qorunub
saxlanır, nəsildən-nəsilə
ötürülür. Buna görə
milli tariximiz yazılanda bu nəzərə
alınmalıdır. Bu baxımdan onun "Şah
İsmayılı yaratmış dastan" məqaləsi də
səciyyəvi , eyni zamanda da
düşündürücüdür.
Məndə də sual doğdu ki, doğrudan da dastan öz qəhrəmanından öncə necə yarana bilər? Sonra müşahidə etdim ki, Orxan Fikrətoğlunun əsərlərində sual doğuran, düşünməyə vadar edən fikirlər az deyil. Amma bu, onun yazıçı ovqatından doğulur. Kitabdakı klassik poeziyamızın maraqlı nümunələrindən biri olan "Vücudnamə"lərə həsr etdiyi məqalədə o yazır: "Əsl qələm adamı taleyini idarə edəndir, ona əyilən deyil. Böyük nəsr, ya böyük poeziya nümunəsi yaradıcının ovqatıdır, yazdıqları deyil".
Əlbəttə, maraqlı fikirlərdir, ədəbiyyatşünaslar bunların doğruluğunu da, əksini də isbat edə bilərlər. Mən sadəcə tanınmış yazıçımız, sözün əsl mənasında maarifçi ziyalımız, yalnız irili-xırdalı əsərləri ilə deyil, hər zaman maraqlı çıxışları, şərhləri və təhlilləri, ilginc əqli nəticələri ilə mədəni-mənəvi inkişafımıza təvazökarcasına xidmət edən Orxan Fikrətoğluna bundan sonra da davamlı yaradıcılıq ovqatı arzulayıram. Burada da üç Orxan haqqındakı məzuniyyət qeydlərimi yekunlaşdıraraq Orxan Fikrətoğlunun dilincə deyirəm: "Gəlin bir-birimizin kitabını oxuyaq".
Eynulla
MƏDƏTLİ
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru, fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet.- 2019.- 31 avqust.- S.10.