Əhməd bəyin nihilizmi?
Əhməd bəy Ağaoğlu-150
XX əsrin başlanğıcında
Avropa klassikasından
ilk nümunələr Azərbaycan
türkcəsinə çevriləndə
mütərəqqi həmişə
Qərb dəyərlərinə
mühüm önəm
verən Əhməd bəy sevincini gizlətməmişdi. Hətta bir
qədər maksimalizmə
yuvarlanaraq "Mən
bu tərcümələrdən
çox şey, lap çox şey gözləyirəm - məktəblərin
verəcəyindən də,
qəzetlərin gətirəcəyindən
də çox şey! Orijinal əsərlərə gəldikdə isə, fikrimcə, onların çoxu hər hansı bir Avropa klassikindən edilmiş tərcümənin
yarım səhifəsinə
də dəyməz"
- deyə yazmaqdan da çəkinməmişdi.
Belə məqamda istər-istəməz
Mirzə Fətəlinin
"Füzuli şair
deyil, xəyalatında
əsla təsir yoxdur. Ancaq nazimi-ustaddır"
- sözlərini
xatırlamamaq olmur.
Yeri gəlmişkən,
Füzuli irsinə münasibət məsələsində
də Əhməd bəy müəyyən mənada M.F.Axundzadənin
mövqeyinə tərəfdar
çıxmışdı. Böyük şairin
irsindən yalnız aydın sosial məzmuna və kəskin ictimai-mənəvi
mündəricəyə malik
ifşaçı ruhlu
"Şikayətnamə" əsərinə yüksək
dəyər vermişdi.
Oğlu Səməd atası ilə ümumtürk ədəbiyyatı
haqdakı davamlı söhbətlərindən onun
Füzuli yaradıcılığı
ilə bağlı aşağıdakı sözlərini
diqqətə çatdırırdı:
"Füzuli "Şikayətnaməsi"
ilə bir dövr açmaq istədi. Əgər bu yol davam etsəydi, bu gün dünyanın
ən qabaqcıl ədəbiyyatına biz türklər
sahib olacaqdıq. Ədəbiyyat şeir və roman şəklində bir millətin ruhunun ifadəsidir. Bir millətin
ruhu isə o milləti formalaşdıran
fəlakət və ya səadət dolu hadisələrlə yaşamaq haqqı qazanır. O halda bu ruhdan uzaq
bir ədəbiyyat nə qədər gözəl də olsa, yaddaşlarda iz buraxa bilməz.
Füzuli içərisində
yaşadığı cəmiyyətin
bütün fərdlərini
bürüyən müştərək
bir xəstəliyi ruha xitab edən
şeir və ədəbiyyat ilə meydana atdığı üçündür ki,
"Şikayətnaməsi" ilə əbədi qalacaq və fəqət qəzəlləri
ilə yaşamaq bir yana
dursun, undulacaqdır.
Həqiqi inqilabları bu ruha xitab etməyi
bacaran adamlar edərlər. Bizdə belə adamlar
hənuz yetişməmişdir".
Fikrimiz burada M.F.Axundzadənin, yaxud Ə.Ağaoğlunun Füzuliyə
münasibətinin yanlışlığı
barəsində mübahisə
açmaq, onlara bəraət axtarmaq deyil. Sadəcə, yaşadığı dövrün şərtləri,
mənsub olduğu xalqın vəziyyəti ilə əlaqədar Əhməd bəy ədəbiyyatdan ciddi sosial məzmun, tərbiyəvi əhəmiyyət,
tarixi baxış, ictimai ruh və
yenilikçi əhval-ruhiyyə
tələb edirdi.
Azərbaycan şair və
yazıçılarının həyatın ortaya atdığı təxirəsalınmaz
məsələlərə fəal müdaxiləsini,
cəmiyyətin müəllimlərinə,
dəyişikliklərin bayraqdarına
çevrilmələrini istəyirdi.
Milli ədəbiyyatda böyük
bəşəri ehtiraslarla
yaşayan güclü
xarakterlərin, milyonlarla
insanı yerindən oynatmağa qadir süjet, mövzu və kolliziyaların olmasını arzulayırdı.
Və öz ədəbiyyatımızın
bu tələblərə
cavab vermədiyini görəndə dünya
təcrübəsini öyrənməyi,
çiy əsərlər
yazmaq əvəzinə
zəhmət çəkib
Avropa klassikasını
ana dilinə tərcümə etməyin
vacibliyini vurğulayırdı.
Bir az nihilizm
çaları daşımasına
baxmayaraq, Əhməd
bəy həyatının
sonuna qədər bu düşüncələrinə
sadiq qalmışdı.
1930-cu ildə bir münasibətlə müraciət
etdiyi Şekspir yaradıcılığının möhtəşəmliyindən, böyük ingilis dramaturqunun yaratdığı
əzəmətli obrazlar
qalereyasından söz
açaraq yazırdı:
"Bu yüksək, ilahi iztirabları duyacaq qəlblərə malik olsaydıq, bizdə də o iztirabları təsvir edə bilən Şekspirlər yetişərdi... Biz südəmər qardaşlarını
bələkdə boğduran
insanların yetirmələriyik.
O məsumların fəryadları
da əvəzində daxilimizdəki vicdan səsini boğmuş, bizi əbədi bir lənətə məhkum etmişdir".
lll
Aşağıda tam mətnini verdiyimiz məqalədən də göründüyü kimi,
Əhməd bəy Şekspirin "Otello"
və Şillerin
"Qaçaqlar" dramlarının
Azərbaycan türkcəsinə
tərcüməsindən yalnız
bir örnək xarakteri daşıyan diqqətəlayiq ədəbi
fakt kimi söz açmışdı. Həmin tərcümələrin
bədii məziyyətlərini,
dil və üslub xüsusiyyətlərini,
orijinala uyğunluq dərəcəsini, səhnə
təcəssümünü araşdırmamışdı.
Mehdi bəy Hacınskinin Şillerdən
tərcüməsinə xüsusi
iradlar olmasa da, Haşım bəy Vəzirovun çevirdiyi "Otello"
dövrün ədəbi
ictimaiyyətində haqlı
etirazlar doğurmuşdu. Həm də
açığını desək, bu tərcümənin məziyyətlərindən
daha çox Haşım bəyin öcəşkən, davakar
təbiəti ilə bağlı olmuşdu.
Yəni Mehdi bəy Hacınski iddiaları və qalmaqalları ilə ədəbi fikrin gündəmində olmadığından onun tərcüməsinin qüsurlarına
da xüsusi diqqət yetirməmişdilər.
Az qala
hamıya ilişən
Haşım bəy Vəzirova isə fərqli münasibət sərgilənmişdi.
Böyük Sabir ingilis dilini
bilməsə də,
1910-cu ildə Haşım
bəyin tərcüməsində
teatrda "Otello" tamaşasına baxandan sonra haqlı olaraq dünyaca məşhur Şekspirin belə yazmadığı,
yaza bilməyəcəyi
qənaətinə gəlmiş
və bir neçə gündən
sonra "Molla Nəsrəddin" jurnalında
məşhur
Öylə bir tərcümə
ki, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər
özünə!
"Ah mütərcim! - deyə bir odlu tüpürcək atdı,
O da getdi düşdü
düz tərcüməkarın
gözünə - taziyanəsini
çap etdirmişdi.
Həmin dövrdə Mirzə Cəlil jurnala müvəqqəti redaktorluğu
Məhəmmədəli Sidqiyə
tapşıraraq Tiflisdən
uzaqlaşmışdı. Qarabağda, yeni
evləndiyi Həmidə
xanım Cavanşirin malikanəsində yaşayırdı.
Hansı
müəlliflərlə (onların
sırasında ilk yerdə
Haşım bəy Vəzirov dayanırdı)
daha ehtiyatlı olmaq haqqında Sidqiyə ətraflı təlimat versə də, görünür, məsləhəti unudulmuşdu.
Təbiət etibarı ilə
sərt və tündməzac adam
olan Haşımbəy
təbii ki, ünvanına söylənən
tənqidi cavabsız qoymamışdı. Amma görünür, Sabirin dilinə düşmək
istəmədiyindən cavabını
Mirzə Cəlilə
və Sidqiyə ünvanlamış, "Düşdü
bəylik eşqinə,
getdi Cəlil Gülmeşəyə, Bəyliyi
sevməz imiş, leyk yalanmış nitqi" misraları ilə başlanan cavab taziyanəsini özünün "Səda"
qəzetində çap
etdirmişdi...
P.S. Təbii ki, məqalənin
başlığındakı "tatar dili" ifadəsi altında Azərbaycan
türkcəsi nəzərdə tutulur.
Orijinalın ruhunu daha
dəqiq əks etdirmək məqsədi ilə bu istilahı olduğu kimi saxlamaq qərarına
gəldik.
Vilayət QULİYEV
525-ci qəzet.- 2019.- 31 avqust.- S.6.