Qırx ilin özgəsi...
Esse
Bir səhifə də bağlanmışdı. Bu, hansısa
kitab, jurnal və ya qəzet səhifəsi deyildi. Ömürlük bağlanan bir ürək səhifəsi
idi. Qəlbdən yumşaq bir çəkingənliklə
süzülüb gözlərdə görünən
kiçik bir damlayla hər iki oxucusuyla da
vidalaşmışdı.
O damla ki,
bağlanan səhifə ilə açılası növbəti
səhifəni birləşdirib, çıxış yolu
qoymamışdı sahibinə. Bir-birindən
qoparmağa çalışsalar, o səhifələri
cırılacaq, geri dönüşü olmayan bir yola girəcəkdi.
Eləcə toxunmasalar, illərin qəzəbinə
düçar olub, saralıb solacaqdılar. Lakin hər
iki seçim də zərər verəcəkdi onlara...
Qadın ayrılıq ayı olaraq bilinən noyabr
ayının soyuq havasını udurdu. İllərin
yorğunluğunu və təkliyin dəhşətli
ağrılarını çiyinlərinə yükləyib,
Allaha əmanət yaşayırdı. Ürəyinin
qapılarını axıra qədər bağlamışdı
sevgilərə. Nə üçün, kim
üçün yaşadığının, bəlkə də
varlığının belə fərqində deyildi,
doğrusu, əhəmiyyət də vermirdi. Bugündən
sabaha tələsik addımlarla yeriyirdi ömrü
yarılamaq məqsədiylə. Yaşaya
bilmədi deməsinlər, heyfislənməsinlər deyə.
Ömrünü yarılayan hər insan kimi bir tərəfi
çoxdan ölmüş, digər tərəfi də sanki
yeni doğulmuş kimiydi. Yeni doğulmuş tərəfinin
ümidi, şübhəsiz ki, həddindən artıq
çox idi. Xəyalları və arzuları ləkə
düşməmiş ağ bir
kağız kimi qüsursuzdu. Bir tərəfi dərin
bir yuxuda ikən digər tərəfi uzun yol hədəfləyirdi.
İki yol ayrıcında qalmağın
çıxmaza gedən axışına müdaxilə etməyə
nə gücü, nə də inamı qalmışdı.
Ancaq başını qaldırıb ətrafına
baxsa, mütləq şəkildə bir cüt göz onu izləyirdi.
Kimisi yatağında, kimisi ürəyində,
kimisi isə müxtəlif maraqlarında xəyal edirdi onu.
Bax, o kimsələrlə dəfələrlə
qarşılaşıb, xəyal qırıqlıqları
yaşayıb, məyus olub ölmədən məzara da
girmişdi əvvəllər. Bir daha o
yolları eyni həvəs və istəklə yeriyə bilməyəcəyindən
əmindi. Yenə də
düşünürdü ki, insan övladı yaşarkən
ölməyə, ölmək üçün yaşamağa
can atan məxluqdur. Ona görə də
yeridi, yandı, itirdi, öldürdü, öldürdülər,
yenə eyni həvəslə, eyni qorxu və çəkingənliklə
yoluna davam etdi. Kim bilir, yenidən, neçənci
qatilinin önünə sərəcəkdi küllərindən
yeni doğulmuş parçasını...
Gözlənilməyən bir zamanda, gözləmədiyi
bir eşq qapısına dayanmışdı. Hər gün
yanından keçib salamını almadığı
üçün boynunu büküb, pərişanlıq
nümayiş etdirirdi. Sanki gec gəldim,
bağışla demək istəyirmiş kimi gecə-gündüz
gözlərində yatırdı. Görə
bilmirdi onu. Çünki inancını
itirmişdi. Çünki zamanında
gördüyü üçün gözlərinə
düşmən kəsilmişdi. Salamını
almırdı, çünki eşqə qulağını
qapatmışdı. Susmuşdu,
çünki səsinə küsmüşdü. Vaxtında çox eşidilmək istəyib də
eşidilməmişdi. İndi istəsəm
də, ayağa qalxa bilmərəm deyə
düşünürdü, çünki ümidinin
köksü yaralıydı. Eşq dinləmədi
onu. Dəvətsiz qonaq kimi ürəyinin
qıfılını qırıb, ən baş
küncündə taxt qurdu özünə... O da
Bəlkə
dedi, bəlkə bu dəfə...
Böyük
bir ehtimalın varlığını hiss edirdi. Gözlərini bağlayıb, ürəyinin
qapılarını açmaq, keçmişin üstündən
bir xətt çəkərək, yaralarını
sağaltmaq, onları sığallatmaq və izlərini itirtmək
istəyirdi, qırx ilin özgəsinə. Bənzərsiz bir sevgiylə qucaqlamışdı xəyallarını,
ruhunu, qəlbini. Həyatının bu qaranlıq
anında, ən böyük boşluğunda tutmuşdu onu.
Həm də qaçmadan
çatmışdı ömür yoluna. Bəlkə
də qadın elə sanmışdı. Bəlkə də
kişi heç hərəkət etməmişdi,
yerində saymışdı.
Uzun illərdən sonra heç aşina olmadığı bir evin eyvanına asmışdı xəyallarını. Tanımadığı bir ruha təslim etmişdi ruhunu. Xoşbəxtliyin ən əlçatmazına dikmişdi gözlərini. Hərçənd həmişə belə olmamışdımı..? İmkansız sularda üzməyin verdiyi zövqü nədə ala bilib ki, insan övladı indiyə qədər. İkisi də heç nəyin fərqində deyildi, bunun fərqində olduqları qədər. İmkansız bir sevginin bənzərsiz dadını duyaraq açmışdılar ürək qapılarını. Çılpaq təslimiyyət idi bunun adı. Bəlkə də qadının uydurduğu saxta bir sevgi hekayəsi...
Lakin çətindi ona, onu sevmək. Bitmək
tükənmək bilməyən bir səylə davam etdirirdi
həyatındakı varlığını. Zəncirinin ucu açıq idi. Harda
yaxasına yapışacağını və nə vaxt həbs
edəcəyini hesablaya bilmirdi. Çox yol
qət etmişdilər. Bitirməyə
qıymır, davam etdirməyə gücü
çatmırdı. Edə bildiyi tək
şey tərəddüd etmədən, hesabsız, plansız
sevməkdi adamı.
Görünən odur ki, özünə nifrətin ən
acınacaqlı növünü yaşadacaqdı, bu şirin
həyat. Dəhşətli ürək ağrılarına
yol açacaq, geri dönülməz səhvlərə imza
atmağın bir addımlığında qalmışdı.
Dönüşü olmayan yollarda yeriməyin
qorxu dolu qaranlığında axtarmışdı
aydınlıq yolu. Heç nəyi bu qədər
arzulamamışdı. Heç nəyin
arxasınca bu qədər düşməmişdi, ümidin
arxasınca düşdüyü qədər.
Gözlənilən
o ayrılıq sonrası;
Dayanmışdı zaman. Axıb getmirdi su kimi
gözünün önündən. Ona
dayanmaq nədir, özünü saxlamaq nədir
lağlağı bir üslubla öyrədirdi. Səbirlə gözləmək adlı dayanacaqda
sahibsiz bir sakin idi bundan sonra. Dayanmaqla susmaq
arasındakı o dadsız münaqişədə itirirdi,
çox arxasınca qaçdığı ümidini. Bəlkə də hər sevgilinin eyni
ölçü və eyni qaydada tərk etmə hekayəsi və
qalan sənsən əgər dayanmaq və susmaq məcburiyyətində
olduğu gərçəyi ilə üzləşirdi.
Uzaqlaşmaq istəmişdi. Yaşadığı
şəhərdən, həyatından, ətrafından,
sevdiyindən və xüsusilə də işindən. Qaçmaq da demək olar. Qısa
bir müddətlik də olsa hər şeyi geridə qoyub,
başqa bir ölkənin ən izdihamlı şəhərində
nəfəsini tükətmək, yenilənmək, dirilmək
istəmişdi. Amma bilmirdi insan
övladının hər şeyi geridə qoya bildiyi halda
sevdiyi adamı da yanında apardığını. Çamadanında bir cüt göz
daşıdığını. Ürəyinin
geridə qalanla qaldığını bilmirdi. İlk təcrübəsiydi. Çünki
o, uzun müddətli sevgilərin qadını
olmamışdı. Heç bir kişini
uzun müddət həyatına müşayiət etməsi
üçün ürəyində bəsləməmişdi.
Nə gələnlər, nə də gedənlər
bir məna kəsb etmirdilər onun üçün. Bir sərhəd həddi var idi hər zaman. Hardasa 5 ildir adını qoymadan
yaşanmışlıqlara öyrətmişdi
özünü. Dəyişməz bir
nizam qurub, yalnızlığıyla
dostlaşmışdı.
Və o, heç vaxt bilməyəcəkdi. Qadının
özündən nələri qurban verdiyini, nələrdən
vaz keçdiyini, nələrə qapı açıb, nələrə
köks ötürdüyünü. Bilmirdi,
bilməyəcəkdi də. Çılğındı,
həyəcanlıydı, tələbkardı. Acdı, susuzdu, doyumsuzdu. Adam
verdikcə qadın tükətmişdi. Məmnun
qalmamışdı. Adam da bezib, yorulub,
getmişdi.
Əksəriyyət yaz ayrılığı ilə
savaşarkən onun alnına da yay ayrılığı
yazılmışdı. Günlər boyunca "sevən nə etməz
ki" sualı beynini məşğul edirdi. Sadəcə bu sualın cavabını
axtarırdı. Heç bir sancı bu sual
qədər ağrıtmırdı qəlbini. Və deyəsən, sevən birinin edə bildiyi ən
gözəl şeyin arxasına belə baxmadan getmək və
sənin min bir əziyyətə qatlaşaraq adını
qoyduğun münasibəti yerlə bir etmək olduğunu
anlamışdı. Həm də heç
acımadan, amma heç içi yanmadan qıymışdı
sevdiyinə. Ən dəhşətlisi də gözlənilməyən
bir zamanda vaz keçmişdi...
Artıq bir yad idi özünə qadın. Ən
çox o sevib, ən çox o yara almışdı. İtirmişdi içində yoxdan var etdiyi hər
şeyi. Tək başına ödəyirdi
iki nəfərlik eşqin bədəlini. Bir
zamanlar onu sevmək kimi çətin və qürurlu bir vəzifəsi
vardı. Bu vəzifəni alın
açıqlığı ilə tamamlamağı
bacarmışdı. Gözlənilmədən
gələn və onu sevmək qədər çətin olan
bir bədəli eyni müvəffəqiyyətlə ödəyə
biləcəkdimi, çox əmin deyildi.
Onun kitabında getməyin də bir ədəbi var idi. Getmək də
bir əxlaq nümayişi tələb edirdi ona görə.
Necə ki, qalanın əxlaqi
davranışı özünü saxlamaq və
susmağı bacarmaqla ölçülürsə, gedənin
də getmək şəkliylə
ölçülürdü. Artıq nəyi,
nəyə yozacağını bilməyəcək qədər
yorğun düşmüşdü beyni. Bildiyi tək
şey vardı: O və içində olduğu bu münasibət
belə dəyərsiz vidaya layiq deyildi.
Ürəyində daşıdığı sevginin daha
sayğılı bir sona layiq olduğunu
düşünürdü. Əslində,
heç bir münasibət kilometrlərlə uzaq məsafədən,
cansız bir mesaj uydurmasıyla bitirilməyə layiq deyil.
Sevməyi bu qədər gözəl bacaran bir kişi,
adam kimi getməyi bacarmamışdı.
Tərk
edilməyi qəbullanmaq mübarizəsi adlı bir
sıfır məğlubiyyətlə başlayan o soyuq
müharibədə;
Bizim üçün darıxdım deyən
ürəyinə "biz kimik?" deyib qarşı
çıxan məntiqinin gerçəkləri
çılğın küləklər kimi üzünə
çırpmasıyla oyanmışdı, xəyal
dünyasının şirin yuxusundan. Sərt bir
qasırğa qopub, silib süpürmüşdü aylarla
xüsusi titizliklə qurduğu hər şeyi. Ən
başdan yaşamağa başla deyə
bağırırdı gerçəklər üzünə.
İndi o böyük eşqdən geriyə; Həyatda
əlindən gələn ən yaxşı işi yazmaq olan
bir qadının boğazına tıxanan sözləri və
o ən sevdiyi misraların mənasında boğularaq dibə
gömülən səsi qalmışdı. Bir də təbii
ki, yalvarmaq sözünün içində özünü büruzə
verən acizliyin ümidinə dikilən İKİ cüt
göz...
Nuranə TAĞIYEVA
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.24.