Amudərya sahillərindən Arpaçay sahillərinə - Xələclər
Naxçıvan Muxtar Respublikasının şimal-qərb bölgəsi qədim adların çoxluğu ilə xüsusi yer tutur. Əsasən də, Şərur rayonu.
Burada tarixən bu bölgənin aborigen sakinləri olmuş türk tayfaları ilə yanaşı, müxtəlif tarixi, hərbi və demoqrafik proseslərin nəticəsi olaraq bölgəyə gələrək məskunlaşmış türk və qeyri-türk elementləri ilə bağlı olaraq formalaşan etnotoponimlər də öz əksini tapır. Elə Şərur rayonu ərazisində ən çox maraq doğuran qədim adlardan biri də "Xələc" toponimidir. Xələclərin ilk yurdu ilə bağlı konkret fikir olmasa da, tarixi mənbələrdə onların bəlli olan ilk yurdu Amudərya çayının Xorasan sahilləri hesab edilir. Tarixçilərin bir çoxu bu qənaətdədir ki, ən qədim dövrdən Abdal, Hun, Gorus, Quşçu, Bayan kimi türk tayfalarının məskunlaşdığı Naxçıvan ərazisinə XI-XII əsrlərdə Səlcuq oğuz türkləri də gəlmişlər. Bu məqama xüsusi diqqət edən akademik İsmayıl Hacıyev bu tayfalar içərisində Yaycı, Bəkdililərlə yanaşı, Xələclərin də adını çəkmişdir. Xələc/Qalac adına hələ "Oğuz dastanı"nda rast gəlinir. Dastanda Oğuz xanın öz ordusunda olan Tömürdü Kağul Təgən adlı döyüşçüyə qapıları bağlı olan böyük bir imarətin qapısını açmaq üçün "Kal-aç!" əmrini verdiyi göstərilir.
Burada qeyd olunur ki, bu vəzifəsindən ötrü həmin igidə "Kalaç/Xalaç" adı verildi. Xələc adına rast gəlinən yazılı mənbələrdən biri Mahmud Kaşğarlının "Divani-lüğət-it-türk" əsəridir ki, burada XI əsrdə oğuzların 22 tayfadan ibarət olduğu göstərilir, sonradan isə bu boylara daha iki boyun birləşdiyini yazır. Birləşən sonuncu iki boyun sonradan "qalac" (Xalac və ya xələc) adlanması ilə bağlı məlumat verir. Türklərin soy kökü barədə zəngin məlumatları əks etdirən "Şəcereyi-tərakimə" əsərində Əbülqazi Bahadur xan da Xalac/Xələc adının məhz Oğuz xanın döyüşçüsünə verdiyi tapşırıqla əlaqədar olaraq "Kal ac/aç"dan yarandığını göstərir. Elə etnonimin ilk hissəsi "xal/qal" feilidir ki, bu da dilimizdə "qalmaq", "dayanmaq" mənasındadır. Xələclərin dillərində bu feil "xal" kimi ifadə olunur. Etnonimin ikinci hissəsi olan əc/ac/aç komponentini mənbələrə əsasən iki cür izah etmək olar ki, birinci ac(maq) mənasında, sifət kimi, digəri isə aç(maq) mənasında feil kimi. Maraqlı cəhət orasındadır ki, Şərur rayonunun ərazisindəki Xələc toponimi bəzi mənbələrdə məhz "Xəlac" kimi qeydə alınmışdır. Beləliklə, etnonimin bu cür təhlilində birinci halda (qal ac) feil-sifət, ikinci halda isə (qal aç) feil-feil tərkibində formalaşdığı aydın olur. Türk dillərində feillərin də, ac sifətinin özünün də alınma olmadığını nəzərə alsaq deməyə əsas verir ki, "Xələc" adlandırması ya bu tayfanın özünün özünü adlandırması, ya da qonşu türk tayfalarının bu tayfaya verdiyi ad olmuşdur. Xələclərin yaşadığı digər bölgələrdəki qeyri-türkdilli xalqlar da bu adlandırmanı məhz türkdillilərdən götürmüşlər. Tədqiqatçı F.Rzayev də xələclərin adını türk tayfalarından biri olaraq qeyd etmişdir, "xalac" sözünün "ulu güc" mənasını daşıdığını və adın Tanrı ilə bağlılığına üstünlük verir.
Xələclərin türkdilli olduğunu təsdiqləyən əksər mənbələr onların oğuzlardan bir qol olduğunu da təsdiqləyirlər. Qal/kal/xal sözü həm də bir sıra oğuz qrupu türk dillərində o cümlədən, Azərbaycan dilində "sıx", "yığın", "cəmlənmiş kütlə" mənalarını ifadə edir. "Kitabi Dədə Qorqud"da "Saya varsam, dükənsə olmaz, Qalın Oğuz bəgləri bindi"; "Bu məhəldə Qalın Oğuz bəgləri yetdi, xanım, görəlim, kimlər yetdi" kimi cümlələrdə biz bunun bir daha təsdiqini tapdığını görürük. "Manas" dastanındakı "Kalınq il" (Qalın el), Altay dastanlarındakı "Kalınq yurt" (Qalın yurd) tərkiblərində də rast gəlinən "qalın" sözü "Qalın Oğuz" ifadəsinin bildirdiyi məna ilə bütünlüklə üst-üstə düşür."Ac/uc" komponentini isə "uz"un fonem dəyişmiş forması da hesab etmək olar. Belə olan halda Xələc/Qaluc/Qaluz formasında "Qalın uzları"/Qalın oğuzları ifadə etdiyini də söyləmək olar. Qalın oğuz isə Oğuzun güclü, qüdrətli və həmçinin, saysız çoxluğunu, qələbəlik olduğunu ifadə edən bir anlayışdır. Bəli, etnotoponimlərimiz bizim şanlı keçmişimizdir. Milliliyimizi, kimliyimizi göstərən ən əsas amillərdəndir. Naxçıvanın da hər qarışı - dağı, daşı, bulağı, çeşməsi... sərvətdir. Ona görə də qədim adlarımızı qorumaq, öyrənmək və hər nəsil ötürmək ümdə vəzifəmizdir.
Aysel EMİNOVA
AMEA Naxçıvan Bölməsi, İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
əməkdaşı
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.21.