Mələk dizi

 

 Hekayə

 

 

 

Dostum Seyran Səxavətə

Kənddə oxumuş adam yox idi. Heç kolxoz sədri də əlifbanı bilmirdi. Hesabdar Ləliş sənədlərə qol çəkdirəndə Qaraoğlu da Quranı qoyurdu onun qabağına və ilan kimi göz-gözə dayanırdılar. Ləlişin gözündən məzəmmət tökülürdü. Yəni mənə inanmırsan? Qaraoğlu gözlərini zilləyirdi düz onun gözlərinin içinə və baxışlarını yayındırmırdı. Yəni ayrı söz lazım deyil. Hesabdarın qolu boşalırdı və əlini Quranın üstünə qoyub and içirdi. Yalnız bundan sonra Qaraoğlu barmağını mürəkkəbə batırıb sənədlərin altına basırdı.

Təhsilli bircə nəfər gəlirdi bu kəndə, o da yaydan-yaya. Gələndə də tutiyaya dönürdü. Gah o çağırırdı, gah bu. Macal da tapmırdı ki, kəndə çıxsın, hamı ilə görüşsün. Bağlara düşürdü, gəzirdi, hərlənirdi.

Deyirdilər çox biliklidi. İnstitutda hamı onu barmaqla göstərir, müəllimlər başına and içir. Şəklini də böyüdüb institutun girəcəyində divardan asıblar və altından da iri hərflərlə yazıblar ki, hamı Hümmət Əliyev kimi oxumalıdır.

Bacarıqlı və əlaçı olduğuna görə institutun böyüyü onu qızlar yataqxanasına komendant qoyub. Səhər dərsə gedir, günortadan sonra işə. Ona görə də gələndə çox qala bilmir. Beş-altı gün qalıb qayıdırdı

Çağanın qulağı almışdı. Eşitmişdi ki, Hümmət gəlib. Ancaq hələ rastlaşmamışdılar. Bütün günü çöllərdəydi. Səhər naxıra gedirdi, axşam axura. Yox, axşam axura getmirdi, evinə gedirdi. O evinə ki, bütün kənd, el yığılıb tikmişdi. Görmüşdülər yazığın, mağmının biridi, əlindən heç nə gəlmir, nə əkinə yarıyır, nə də biçinə. Heç cütə də yaramır. Əlindən gələn bircə iş vardısa, o da qoyun otarmaqdı.

Kəndin kişiləri yığılıb ev tikmişdilər ona. Daxmadan çıxartmışdılar. Demişdilər öz kəsiyimizdi. Arvadlar da növbə ilə bir-bir çörək, xörək aparmışdılar ustalara. Beləliklə, qoyun otaran Çağa dönüb olmuşdu evli-eşikli adamlardan biri.

Neçə dəfə Qaraoğlu onu çağırıb demişdi ki, gəl fermanı verim, sən otar, getməmişdi. Demişdi ki, mən hökümət işinə getmərəm, biri ölsə, məni tutarlar: "Mənimki camaatdı, camaat məni tutdurmaz. Mən kəndin qoyununa gedəjəm..." Qaraoğlu ta çevirməmişdi, ipini atmışdı üstünə, buraxmışdı Allahnan camaatın ümüdünə. Camaat da ona yaxşı baxmışdı. Həftədə bir dəfə hərə bir çörək vermişdi, ayın axırında da bir manat pul. Bu da ona bəs eləmişdi.

O, evli-eşikli olsa da, yenə hamı ona Çağa deyirdi. Deyilənə görə, onun gül kimi adı varmış - İbrahim. Sonra camaatın bu ada dili dönmədiyinə görə dəyişib eləyiblər İrbahım. Böyüyəndən də sonra görüblər ki, özünü çağa kimi aparır, qaytarıblar lap uşaqlıqdakı ilkinliyinə, yəni - çağalığına. O çağa, bu çağa, adı qalıb Çağa. İndi hamı ona Çağa deyirdi, uşaq da, böyük də, gəlin də, qız da.

Camaat ona ev tikəndə maraqli bir əhvalat da olmuşdu. Dülgər Məti taxtapuş quranda yerdən taxta istəmişdi, demişdi ki, bir-ikisini qaldır yuxarı. Çağa bir taxta topasına baxmışdı, bir də usta Mətiyə. Hövüllü-hövüllü soruşmuşdu:

- Mən gətirim?

Usta Məti damın belində səsini qaldırmışdı:

- Yox, mən! Bəs kim gətirəjək?

Çağa arı qovurmuş kimi tez-tez əllərini qabağa yelləyib elə həmin hövüllə də cavab vermişdi:

- Yox, yox! Mənnik dəyil, mənnik dəyil! Mənimki yerdi, mənimki yerdi, torpaqdı! Göydə nə işim var. - Tərpənməyi ilə qonşu evləri bəridə qoymuşdu.

Mətini od götürmüşdü:

- Kəllənə nəhlət, adam əkib-doğan. Belə də adam olar, ə?

Sonra bir-iki ağız da özünə söyə-söyə yerə düşmüşdü. Lazım olan taxtaları, qabırğaları bir-bir dama çıxartmışdı.

Bu əhvalatı hələ də kənddə gülməcə kimi danışırdılar.

Çobanlıq elə bil boyuna biçilmişdi Çağanın. Elə də qıvraq idi, tərpəndimi - neçə dərə-təpəni yel kimi birdən aşırdı. Deyirdin bəs ayağı yerə dəymir, eləcə yerlə uçur. Ona görə də adına Yel Çağa deyirdilər.

Hətta danışırdılar, bəs, Çağa bir gündə piyada Ağdama gedib qayıdıb. Buna inanan da olmuşdu, inanmayan da. Çünki Ağdamla Qozluçayın arası altmış kilometr idi. Bir belə yolu gedib gəlməkmi olardı? Bu, çoxlarında şübhə yaratmişdı. Ancaq üç gündən sonra arvadı Gülsənəm qızılgüllü yeddi taxta təzə tuman geyinib kəndin ortasındakı Bala kəhrizə suya gələndə inanmışdılar ki, deyilənlər düzdü.

Arvadlar Gülsənəmə söz atmışdılar:

- Aaz, nə qəşəng tuman almısan.

Gülsənəm də əzilib-büzülüb demişdi ki, mən almamışam, o alıb. Arvadlar əlüstü bilmişdilər ki, "o" kimdi. (Qozluçayda arvadlar ərlərinin adını çəkmirdilər, həmişə o deyirdilər.)

- Nə çox istəyir, aaz, səni...

Gülsənəm utancaq-utancaq başını aşağı dikmişdi. Bununla da söhbət kəsilmişdi, yəni hamı şək-şübhədən çıxmışdı, inanmışdı ki, Çağa Ağdama gedib gəlib.

Çağanın qulağı dik qalmışdı. Sürü başını elə qatmışdı ki, heç bilmirdi gün nə vaxt çıxır, nə vaxt batır. Bütün günü çöllərdə, köfşənlərdə idi. Hümmətgilə gedib görüşməyə utanırdı. Daha doğrusu, ata-anasından həya eləyirdi gedib onların yanında Hümmətə kitab oxutmağa.

Gözü dörd gəzirdi. Tez-tez ötəni-keçəni izləyirdi, ancaq Hümmət gözünə dəymirdi. Bu gün sürünü kəndin qırağındakı qəbiristanlıqdan aşağıdakı noxud yerinə vermişdi. Qoyunlar noxud yerinə elə daraşmışdılar, elə bil göy biçənəyə girmişdilər. Ağızları yerdən ayrılmırdı. Tapdıqları qabığı duzlu noxudu elə həvəslə xartıldadırdılar ki...

Gün yavaş-yavaş qızdığından qoyunlar orda-burda komalaşıb başlarını bir-birinin qarınlarına soxurdular. Çağa elə bil birdən-birə şuxlandı. Yanındakı qoçlardan birinin qaşqasını tumarladı. Sonra əlini qarnının altına aparıb sığalladı. Qoç bir anda onun əlindən sıçrayıb topa dayanmış qoyunlara təpildi və birinin belinə atlandı. Qoyun qaçıb topaya qarışmaq istədisə də, boğazı qoyunların belinə dirəndi və dayandı. Burun pərləri gendən gen açıldı və tövşüməyə başladı. Qoçun qolları onun belindən basır, ayaqları yumşaq torpaqda ağac kökləri kimi yerin təkinə gedirdi.

Çağanın sinəsi qabardı. Gözünü hərləyəndə birdən Hümməti gördü. Çiçəyi çırtladı. Hümmət qolsuz köynəkdə idi. Aşağı kəhrizə tərəf gedirdi. Çağa qırğı kimi onun üstünü aldı. Hümmət elə bildi ki, bu cırhacırda böyründən qəfil yel əsdi. Çağanı qarşısında görəndə qımışdı.

- Nətəərsən? - Çağa dilləndi.

- Sağ ol! Sən nətəərsən? - Onu öz dilində danışdırdı. Nə əmi dedi, nə də dayı. Heç adını da demədi. İltifat göstərib əl verdi. Çağa çaşan kimi oldu. Ömrundə ona əl verən olmamışdı. Söz deyən sözünü demişdi, deməyən də ötüb keçmişdi. Elə bil bu təmasdan dünyanı ona bağışladılar.

Birdən əlini atıb köynəyinin ətəyini yuxarı dartışdırdı. Kəmər əvəzinə qurşağına bağladığı gözəyin altından bir kitab çıxartdı:

- Bunu maa oxuyarsan? - Dörd gözlə Hümmətin üzünə baxdı. Elə bil varlığı Hümmətin ağzındaydı. Az qalırdı dil açıb yalvarsın.

Hummət maraqla kitabı alıb baxdı. "Əsli və Kərəm" dastanı idi. Gülümsündü.

- Niyə oxumuram?

- Oxu, nənəm saa qurban! - Bütün ümidi üzündə çiçəkləmışdi.

Hümmət əli ilə çölü-düzü göstərdi:

- Elə bu günün altında?

Çağa ora-bura devikdi və yoldan bir az aralıdakı armudluğu göstərdi:

- Neynək, gedək orda kölgədə oxu. - Gözləmədən qabaga düşdü. Elə birinci armudun kölgəsində Hümmət yerə dirsəkləndi. Çağa oturan kimi gözünü onun ağzına dikdi. Sanki bütün varlığıyla Hümmətin ağzından asılıb qalmışdı.

Hümmət Kərəmi lələsiylə birgə Gəncədən Ərzuruma apardı. Yolda qara-çovğuna düşdülər. Lələ dedi ki, gəl qayıdaq bu yoldan, Gəncədə nə çox gözəl-göyçək qızlar. Hansını desən xan alar sənə. Kərəm dönmədi. Lələ də bir dost kimi onu tək qoymadı. Axır ki, dağlar, düzlər keçib Ərzuruma çatdılar. Kərəm soraqlaşıb Qara Keşişin evini tapdı. Əsliylə görüşdü. Görüş anlarını uzatmaq üçün sağlam dişlərindən ikisini çürük diş adıyla çəkdirdi. Ağrıdan huşu getdi və başını Əslinin dizinə qoyub yuxuladı.

- Saxla! Saxla! - Çağa bu an ley kimi şığıyıb kitabı Hümmətin əlindən göydə qapdı. - Yeri behiştdi, tərpətmə, qoy yatsın.   Yerindən sıçramağıyla götürülməyi bir oldu.

Hümmət çaşıb qalmışdı. Elə bil gördüyü kəndçisi deyildi, nə isə ayrı bir varlıqdı, eşqdən yoğrulmuş müqəddəs varlıq.

Əlindən quşu uçmuş kimi, Çağanın dalınca baxdı. Çağa aşağı bağa sarı yenən sürünü geriyə qaytarırdı.

- He-he-he!

Hümmət armudluğun altındakı Hacı Şükür kəhrizinə gedən enli yoldan bağa adladı. Bağ o qədər qalın idi ki, keçib getmək olmurdu, adamı xof basırdı. Dizə qədər qalxmış ot, adama boy verən şax-şəvəl irəliləməyə çətinlik yaradırdı.

O, ot basmış cığırla açıqlıqdakı gavalılığa keçdi. Heç birində gavalı deyilən şey yox idi. "Uşaqlar bu vaxta gavalı qoyarlar?"

Bağın qalınlığından ürəyi sıxılırdı. Tirədən aşağı düşüb yastana tərəf adladı. Çay qırağı yastanla gedib körpüyə çıxdı. Körpünün sağ qulağında Topuş kişi dəyirman daşını tişəyirdi. Böyrünə düşən kölgədən başını qaldırdı və Hümməti görüncə dik qalxdı.

- Bay!.. Xoş gəlifsən, bala!

Qol-boyun oldular. Bu dəm onlara kənardan baxan olsaydı deyərdi bəs ata-baladılar. Topuş kisi qollarını xeyli onun boynunda saxladı, əllərini kürəyinə şappıldatdı:

- Nə yaxşı gördüm səni, ay oğul! - Onunla qürur duyduğu aydınca hiss olunurdu.

- Yaxşı günün olsun, Topuş əmi!

Ordan-burdan söhbətləşəndən sonra Topuş kişi soruşdu:

- Belə hara gedirsən bəs?

- Neçə gündü gəlmişəm, buralara düşməmişəm heç, bir az gəzmək istəyirəm.

- Neynək, öz bağlarımızdı, yaxşı eləyirsən, gəz, dolan.

Ayrıldılar. Hümmət dəyirmanın böyründəki yarpızlı arxı hoppanıb yan tərəfdəki bağa girdi. Buradakı cığırı da şax-şəvəl soldan-sağdan örtmüşdü. Hümmət şax-şəvəlliyi yara-yara bağarası yola çıxanda elə bil qaranlıqdan işığa çıxdı.

Kəhrizdə arvadlar, qızlar xalça-palaz yuyurdular. Onu görən kimi hamısı dikəldi. Hümmət onları görüb yolunu dəyişdi. Çayqırağı yastanla mağal yerinə tərəf getdi. Cavanlar, yeniyetmələr həmişə bura toplaşar, yarğanın başında bağın qırağındakı ağacların kölgəsində sərinləyərdilər.

Onu görən kimi hamı dik qalxdı. Hümmət bir-bir hamıyla görüşdü. Çağa çayın o tərəfində, sürünü kölgəsinə verdiyi qollu-budaqlı qoz ağacının dibindən ona baxır, gözləri işıldayırdı. Çomağının ortasından tutub tez-tez aşağı-yuxarı qaldırırdı. Bu, onun salamı idi.

Balacalar göldə çimir, bir-birinə su çiləyirdilər. Çiləkdən qaçanlar özlərini suyun altına vurur, handan-hana çıxırdılar. Hümmət çox dayanmadı. Xudahafizləşib kəhrizə tərəf yeridi. Arvadlar xalça-palazı yuyub bağın çəpərinə sərmişdilər. Qədim Qarabağ çeşnisi ilə toxunmuş gəbələr uzaqdan adama gəl-gəl deyirdi.

Arvadlar onun boynuna elə doğmalıqla sarıldılar, elə bil bir kəndin yox, bir evin adamlarıydılar:

- Başıaa dönüm.

- Xalan saa qurban.

- Bibin saa qurban.

Sonra qırağa çəkildilər. Qızların gözləri şəkil çəkirdi. Hümmət əyilib əl-üzünu, qollarını yudu. Sonra ovuçlarını qoşalayıb dörd-beş dəfə içdi. Şırhaşır axan suyun dibində çaylaq daşları, çınqıllar apaydın öz rəngində görünürdü. Gözünü şaqhaşaq axan sudan çəkmək istəmirdi. Ona elə gəlirdi ki, bu suyun altında iynə saplamaq olar.

Əyilib yenə iki ovuc içdi.

- Uy, ay bala, nə yaman qərifsiyifsən. - Arvadlardan biri dilləndi.

- Elə tamlıdı ki, adam ağzını çəkə bilmir, az qalır çörəyini batırıf yesin.

Arvadlar heyrətdən əllərini yumrulayıb ağızlarına tutdular. Hümmət dikələndə Çağanı yamacın dikində gördü. Çomağını çənəsinə dayayıb ona baxırdı.

- Havax gedəssən, havax gedəssən? - Özünə məxsus təntik xəbər aldı.

- Sabah səhər-səhər.

- Səni özüm ötürəjəm, özüm ötürəjəm.

Arvadlar ağızlarını büzdülər. Hərə bir yandan ona boğma göndərdi:

- Alley!.. Bircə sən qalmışdın elə.

Çağa üsyan edirmiş kimi, yenə təntik cavab verdi:

- Sizdik dəyil, sizdik dəyil!

Hümmət sağollaşıb enli yoxuş yolu yavaş-yavaş qalxmağa başladı. Yoxuşu aşana qədər qızların baxışları onu ötürürdü.

O, səhər yola təkcə çıxmışdı. Nə ötürəni vardı, nə əl eləyəni. Ayrılanda anası ona bir tapşırma tapşırmışdı:

- Qocalmışam, bala! Dünyanın işlərini bilmək omaz. Ölüb-eləsəm, çayı keçmə!

Hümmət duruxub qalmışdı. Əvvəlcə sözü almamışdı. Handan-hana başa düşmüşdü anasının sözünü. Özünü ələ alıb zarafata keçmişdi:

- Ay avad, ölmək nədi, zad nədi? Oğlu həkimlik oxuyan da ölər heç?

Anası israr etmişdi:

- Yox da, deyirəm... Ürəyimə nəsə gəlir.

Anasını ovutmaq üçün Hümmət də ciddiləşmişdi:

- Yaxşı, ana!

Hümmətin sözü anasını toxtatmışdı. Yalnız bundan sonra əlində hazır tutduğu su dolu parçı onun arxasınca boşaltmışdı.

Bağarası daş yola elə bil səhər doğmamışdı. Göyə çətir tutmuş ağacların qalınlığından ətraf hələ də qaranlıq idi. Yolda bircə daşlar ağarırdı. Addımlarının səsi xeyli ətrafa yayılır, əks-səda verirdi.

Anasının sözu bərk tutmuşdu onu. Fikir götürmüşdü. "Görəsən, anam nədən nigarandı? Qəirfliyimdən, yoxsa özgə yerə düşəcəyimdən? Yox, bu, qərifliyə oxşamır, özgə yerə düşəcəyimdən qorxur. İstəmir ayrı yerdən qız alım". Gözləri önünə yataqxanadakı qızları gətirdi. Qızlar səf bağlayıb doğma kəndlərinin bağları arasında birər-birər gözləri önündən keçdi. Yaraşıqlı, ismətli qızlar çox idi. Boylu-buxunluları da vardı, bəstə boyluları da. Hərəsi bir cürə seçilirdi.

Hümmət hələ kölnünü onlardan heç birinə verməmişdi. Başı oxumağa, işə-gücə bərk qarışmışdı. Rektor o boyda yataqxananı, bütün institut qızlarının məsuliyyətini ona tapşırmışdı. Çiynində necə ağır yük olduğunu yaxşı bilirdi. Ona görə də sevmək-sevilmək məsələsini axıra saxlayırdı, o cür fikirləri özünə yaxın bıraxmırdı.

Fikir onu necə götürmüşdüsə, bir də onda ayıldı ki, körpüyə çatıb. Dəyirmana sarı baxdı. Dəyirman işləyirdi. İstədi gedib Topuş kişi ilə görüşsün. Ancaq fikrindən daşındı. "Salam-sağolun nə mənası? Söhbət dananı qurda verər, gecikərəm".

Üzüyuxarı qalxmağa başladı. Körpüdən sonra yol diklənir, bağlar azalırdı. Bağın başından torpaq yola dönüb Buruna tərəf getdi. Buradan açıqlıq başlayır, təpələr, döşlər əl içi kimi görünürdü.

Qoyun sürüsü döş boyu təzəcə biçilmiş zəmi yerinə yayılmışdı. Çağa Burundan yuxarda tənha qayınağacının dibində dayanıb onu gözləyirdi. Hümmət Burunun ağır dikini qalxıb çamadanını yerə qoydu. Çağa da yuxarıdan düşdü.

- Gedirsən?

- Hə.

Gündən saralıb bozarmış köynəyinin altından yenə kitabı çıxarıb Hümmətə uzatdı:

- Nənəm saa qurban, bunu bir də oxu!

Hümmət tilişkələndi:

- Avtobus gələr, yarımçıq qalar.

- Qalmaz, qalmaz! - Yenə təntik-təntik Hümməti arxayın salmağa çalışdı: - Hələ çox var, mən bilirəm.

Hümmətin çarəsi kəsildi. Getdiyi vaxtda Çağanın sözünü sındırmadı. İkisi də yolun qırağında çınqılın üstündə dizlərini qatladılar.

Hümmət səhərin sükutunda Kərəmi yenə Ərzuruma apardı. Keşişin evini tapdı. Əsli ilə görüşdürdü. Vüsal dəqiqələrini uzatmaq üçün Kərəm yenə sağlam dişlərindən ikisini çəkdirdi və ağrıdan başını Əslinin pəmbə bulud kimi dizinin üstünə qoydu.

Çağa yenə ley kimi şığıyıb kitabı onun əlindən qapdı:

- Dayan, dayan! Ta bəsdi. - Kərəmi öz əliylə xilas edirmiş kimi tövşük-tövşük nəfəs aldı. - Heylə yerdən də adam qaldırarlar heç? Qoy yatsın, mələk dizidi. Bunu hər adam bilməz. - Üzünün qırışlarından fərəhi irmaq kimi axıb tökülürdü.

Hümmətin heyrət saçan baxışları ona dikilmişdi. Elə bil qarşısındakı uşaqlıqdan tanıdığı çoban Çağa yox, qeybdən gəlmiş bir məxluq idi. Sanki eşq dəlisinə baxərdı "İlahi, bunda ruh nəyimiş..."

Avtobus döşün yuxarı tinindən göründü. Hümmət çamadanını götürüb asta-asta yola sarı yeridi və uzaqdan əlini qaldırdı. Avtobus saxlayanda o, son dəfə gözlərini kəndlərinə, kəndlərindən yuxarı dağlara, Qara Qüzeyə, aşağıdakı dərə boyu uzanan bağlara dolandırdı. Həsrətlə dərindən köksünü ötürdü. Sanki kəndlərindən yox, nağıl dünyasından ayrılırdı.

Arxadan Çağa dünənki kimi çomağının ortasından tutub avtobusun dalınca yelləyirdi.

28.09.19

 

 

Cavad ZEYNAL

 

525-ci qəzet.- 2019.- 4 dekabr.- S.19;23.