Güldanda nar ağacı
bitirən şair...
ADİL MİRSEYİDİN "SON
ŞEİR - SON VƏSİYYƏT" KİTABININ
TƏQDİMATINA SÖZARDI
Kitablar müxtəlif
olur, kitab təqdimatları da. Həyatımda ilk dəfə təqdimatını
gözlədiyim kitab üçün getdim.
Ayanın atası Adil
Mirseyidin kitabının
təqdimatına.
Onun poetik dünyasının sirlərinə,
mənalarına nüfuz
edəcək çıxışları
dinləmək üçün
getdim. Ayan səbəbini bilir,
çox istəsəm
də, gəlişim alınmaya bilərdi.
Allah yol verdi
amma, gəldim. Orda olmağı çox istəyirdim və ola
bildiyim üçün
sevindim: ruhən özümü borclu sayırdım qərinələri
dolaşan o şair ruhunun, onun uca
mənəvi mövqeyinin
qarşısında. Ayanın sevincini
görmək istəyirdim,
doğrudur, amma Adil Mirseyid dünyasına
açar olacaq sözləri eşitmək
bir daxili ehtiyacdır mənim üçün. Yaradıcılığını çoxmu oxumuşam,
dərindənmi bilirəm
- deyil. Amma bildiklərimin çərçivəsində
İlahi məqamını,
yerə göydən baxdığını, son kitabının
təqdimatında da, yanılmıramsa, Xanım
İsmayılqızının söylədiyi kimi, "yer adamı" olmadığını yaxşı
bilirəm.
İnsan
gözüylə görünməyən
başqa bir dünyadayam mən
burda başqa bir zaman içindəyəm
mənim vaxtım
sizin vaxtla uzlaşmır
burda ulduz uçqunları olur hər gecə
bu dəfə də sağ çıxmışam bir
ulduz uçqunundan
bir zamanlar orda sizin dünyada
yaşadığıma peşman
deyiləm
əfv eləmişəm
sizi heç kimə düşman deyiləm
burda yalnız gerçəkləri göstərir
mənə güzgülər
yazdığım şeirlərə
görə utanmıram
özümdən
amma bir damla umud sürüşür
gözümdən.
Bu şətirləri yazdıran
Həqiqətin kim və nə olduğunu anlatmasını istəyirdim
bir ədəbiyyatşünasın,
tənqidçinin, tədqiqatçının.
Gözlədiyim çıxışı eşitmək müəssər
olmadı, yanlış
anlaşılmasın. Sevənləri gəlmişdi, dostları,
oxucuları iştirak
edirdi. Gələ bilməyənlər də var idi,
üzrlü səbəblərdən.
Mənim
də tədbirdə yalnız bir neçə çıxışı
dinləmək fürsətim
oldu. Ayana əl edib, başımla sağollaşıb,
zaldan çıxdım.
Bir saatlıq müzakirədən
yaddaşımda yapışıb
qalan tezislərlə binadan uzaqlaşdım.
Yüküm iki kitab idi: "Son şeir - Son vəsiyyət"
və "Amor fati".
Yaddaşımda asılıb
qalan isə ağrılı, nisgilli tonda səslənən cümlələr idi:
Adil Mirseyid gələcəyin şairidir.
Adil Mirseyid keçmişin, indinin və gələcəyin şairidir.
Adil Mirseyid yer adamı deyildi, heç kimə bənzəmirdi.
Adil Mireyid Avropada yaşamalı idi.
Adil Mirseyid haqqını tələb etməyən
adam idi.
Adil Mirseyid güzgüdəki adamdır,
o, özünə xəyanət
eləmədi.
Adil Mirseyid azadlıq içində azadlığı
tapan adam
idi.
... Bu fikirlərin sonunda bəzi durğu işarələri qoymaq və bununla da onlara öz münasibətimi bildirmək istəyirəm, amma işarədən anlamaq ki var, onun olmamasından qorxduğum üçün bunu etmirəm. Həm də fikir çoxluğu yeknəsəqlikdən yaxşıdır. Məncə, hərə öz işarəsini tapıb qoysun bu tezislərin sonuna. Hərənin öz münasibəti ortaya çıxar o zaman, hərənin öz baxış bucağı. Adil Mirseyidə yerdən durub baxmaq günahdır. Mənim baxış bucağımı "azadlıq içində azadlıq tapan" (Kamran M.Yunus), Allaha yaxın bir Söz adamı ömrü yaşayan şairin yazı şəkli də təsdiq etmiş olur: "Son şeir - Son vəsiyyət" kirtabında Adil Mirseyidin əlyazmaları verilib. Misraları düz xətt ilə deyil, yuxarıdan aşağı meyllənmiş istiqamətdə yazırmış..
... Çox qəribə bir zamandayıqmı, yoxsa mənimlə bağlı bir axsayan durum var, bilmirəm. Yazıçılar Birliyinin "Natavan" klubunun qapısında ilk qarşılaşdığım, tanımadığım orta yaşlı bir qadından "Görəsən necə təqdimat olacaq, tədqiqatçısı varmı çıxışçıların içində?", - soruşdum. Niyə görəsə elə bildim ki, bu suala mütləq o cavab verməlidir, qarşıma ilk çıxan adam. O isə nəinki cavab verdi, mənə qəribə baxışlarla baxdı, qəribə adama baxan kimi. Sualımda bir yanlışlıqmı vardı, ya mən sualın ünvanını səhv salmışdım. Olsun... Adını mürəkkəbdən ayıra bilirəm.Niyə gəldiyimi bilirdim, önəmli bu idi. Tələskənliyim təlaşımdan irəli gəlirdi. Təlaşım əbəs deyildi...
Şairdirmi Adil Mirseyid (yəni şair olduğu məlum haldır), şairliyin düsturunu bilən varmı?! Sözü ona kim verdi, necə və nə vaxt aldı Sözü, alıb hansı məkanlara, hansı insanlara, hansı zamanlara, hansı fəsillərə, hansı ağaclara, hansı dünyalara köçdü... Bulud adam oldu, Nəğmə adam oldu, Güzgüdəki adam oldu. Bəs biz ...Onu ədəbiyyat tarixi kitabına adını belə salmayacaq qədər ondan uzaq, ona yad. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixində adı belə keçməyən Ad - Adil Mirseyid. Kitab təqdimatında səslənən bu məlumat qaranlıqda işıq axtarmağın günümüzdə nə qədər vacib olduğunu bir daha üzə çıxarmış oldu.
P.S. Mən o işığı Adil Mirseyid nümunəsində, fenomenində və söz dünyasında arayacaq o ədəbiyyatçını, o alimi təbrik edirəm.
Kəmalə UMUDOVA
Bakı
Slavyan Universitetinin dosenti
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.18.