Yaqub Məmmədov: Yerlə göy
arasında
"Mən bilirəm ki, Bakıda nə vaxtsa
"Musiqiçilərin bağı" ("Filarmoniyanın
bağı" nəzərdə tutulur - Ə.H.) deyilən
bir yer olub. Bu bağın indi qalıb-qalmamasından xəbərim
yoxdur. Amma o bağ durursa, orda olmaq və dahi Azərbaycan
vokalçısı Yaqub Məmmədovun ecazkar bir ustalıqla
oxuduğu "Mənsuriyyə"ni məhz o bağın
sehirli aurasında bir də dinləmək ən böyük
arzumdur".
Yelena
BARANÇIKOVA
Rusiyalı
yazıçı-dramaturq
... O
vaxtlar idi ki, hələ internet-filan, smartfon, virtual ünsiyyət
məkanı kimi anlayışlar nəinki dilimizin lüğət
fondunun həndəvərində də fırlanmırdı,
onların, necə deyərlər, heç "proyekti" də
yox idi və məhəbbət, eşq, estetik zövq kimi mənəvi-ruhi
sferalarda sözün yaxşı mənasında bir
tamarzılıq, görməmişlik sindromu hökm
sürürdü (Yeri gəlmişkən deyim ki, bizdə bu
anlayışları mənfi çalarda yozmaq həvəsi
güclüdür. Ünlü filosofumuz Niyazi
Mehdi ilk dərə bu sözləri başqa bir müstəvidə
çözərək onları sevgi, ruhi təmas
anlayışların təməlinə qoydu, dilimizə yeni
diskurs gətirdi. Buna görə Niyazi
müəllimə bir yağlı "sağ ol"umu
çatdırıram). Bizlər - hələ sənət
roluna girib meydanda at oynadan antisənət eyforiyasında
başını itirməyən gənclər əsl dəyərlərin
tamarzısı idik, bu dəyərlərə görməmişlikdən
əziyyət çəkirdik - yaratdıqları sənət
sehrinin cazibəsində məst olduğumuz sənətkarların
simasını heç olmasa televiziya ekranlarında görmək,
səslərini heç olmasa radio dalğalarında eşitmək
istəyimiz o qədər güclü idi ki, hər həftənin
şənbə günləri aramızda "Proqram qəzeti"
dediyimiz qəzeti gözümüzə təpirdik və həmin
qəzetin səhifələri səsinə, ifalarına
susadığımız sənətkarların konsertlərinin
vaxtlarını bildirən qısa cümlələrin
altından çəkilmiş xətlərlə
naxışlanırdı... (Yəqin ki, dediklərim
TV kanallarının, radioların proqramsız-filansız,
ekspront fəaliyyət göstərdiyi indiki dövrün gənclərinə
nağıl kimi görünəcək).
Maddi
rifahımızın o qədər də yüksək
olmadığı, yaşamaq üçün gərəkli
olan bir çox şeylərin adlarını eşidib
üzünü görmədiyimiz
həmin o illərdə mənim daha çox
"görməmişi" olduğum sənətçi və
sənətlərdən biri Yaqub Məmmədov və onun bənzərsiz
ifaları idi. Onun İlahidən gələn bir şövq və
eşqlə oxuduğu "Mənsuriyyə" vokal
ifaçılığı sənətimizin kəhkəşanında
"Böyük partlayış" effekti yaradıb az qala
bütün Azərbaycanın ruhuna çökəndən
sonra Yaqub Məmmədov bir çoxları kimi mənim
üçün də "Yer adamı"ndan "Göy
adamı"na çevrilmiş, əlçatmaz, ünyetməz
bir ucalığa yüksəlmişdi (və yatsam, heç
yuxuma da girməzdi ki, bu "mistik" şəxs sən demə,
adidən adi, sadəlövh, iddiasız bir adam imiş). Di gəl, o illərin bəzi sənətkarları
kimi onun da ifalarını az-çox efir vasitəsi ilə
eşitsəm də, simasını vizual şəkildə
görmək mənə nəsib olmurdu. Ali təhsil
almaq üçün Bakıya gələndən sonra da nə
sirdirsə, mən Yaqub Məmmədovla canlı ünsiyyətdə
ola bilmədim və bu, məni indi də
sızıldadır.
Azərbaycanda
muğam, xalq mahnıları oxuyan ustad xanəndələr az deyil. Lakin öz sənəti,
yaradıcılığı ilə islahatçı sənətkar,
ustad məqamına yetişmiş dühalar təbii ki, tək-tükdür
və mənim qənaətimə görə, onlardan biri də
Yaqub Məmmədovdur. Mənəvi sərvətlərimizə
həmişə yüksək dəyər verən xanəndə
M.İbrahimov televiziya ilə
çıxışlarının birində onu Şərqin
böyük sənətkarı kimi xarakterizə etdi. Düşünürəm ki, bu sözlər Y.Məmmədov
sənətinin vüsəti, gördüyü işlərin
miqyası barədə dolğun və aydın təsəvvür
yaradan dəqiq bir ifadədir.
Mən ustadın ifalarının əldə olan
bütün audio və video yazılarına istinadən
sübut edə bilərəm ki, o, muğamlarımızı
forma və sərhədləri əvvəlcədən
cızılmış hazır şablonlar, bir-birini təkrar
edən sxemlər üzrə yox, bədəhətən (!),
intuitiv fəhmlə yenidən yaradan nadir xanəndə idi. Bəli, Y.Məmmədovu
digər həmkarlarından fərqləndirən ən
mühüm cəhət bu idi ki, o, muğamları sadəcə
oxumur, ifa etmirdi, hər dəfə hansısa muğamı istər
forma, istərsə də məzmun planında qəlibə
salınmış kompozisiya kimi yox, bədii-fəlsəfi
mündəricəsi axıra qədər
açılmamış sirli bir mətn kimi yeni bir nəfəslə
yenidən yaradırdı. Muğamlarımız
onun ifasında yeni sima, yeni gözəllik qazanırdı.
Mən ustadın ifasında "Mirzə
Hüseyn Segahı", "Rast" dəstgahlarının
ayrı-ayrı vaxtlarda lentə alınmış bir neçə
variantını dinləmişəm. Onların
heç birində təkrar, oxşar xallar, üst-üstə
düşən boğazlar yoxdur. Xanəndə
hər dəfə muğamı yeni yozumda təqdim edir. Bu mənada Y.Məmmədov öz ifalarının,
necə deyərlər, ifaçısı olmaqla
yanaşı, həm də orijinal təfsirini verən
dirijorudur - desəm qətiyyən yanılmaram. Bu mənada
klassik muğam ifaçılığı sənətində
Y.Məmmədovla müqayisə oluna biləcək xanəndələr
barmaqla sayılacaq dərəcədə azdır
(sayını qoy oxucular özləri müəyyən etsinlər).
Unudulmaz
Habil Əliyevin müşayiəti ilə yaratdığı
şedevr - xalq musiqi xəzinəmizin bəzəyinə
çevrilmiş "Mənsuriyyə" dediklərimə
parlaq misal ola bilər. Tam əminliklə
deyirəm ki, Y.Məmmədov öz "Mənsuriyyə"sini
intuitiv fəhmlə - bədahətən yaradıb,
üsyankar "Çahargah" ladından iniltili,
yanıqlı "Segah"a keçid, oradan yenidən
"Çahargah"a qayıdış hansısa qudsal bir məkandan
gələn "göstəriş" əsasında mümkün olub.
Rusiyada
yaşayan Yelena Barançikova adlı dramaturq-esseçi dostum
bu yaxınlarda məndən muğamlarımızın vokal
ifası barədə dolğun təəssürat yaradan
ifaların internet ünvanlarını ona göndərməyimi
xahiş etmişdi və mən tərəddüd etmədən
Yaqub Məmmədovun "Mirzə Hüseyn
segahı"nı, "Rast"ini və əlbəttə,
"Mənsuriyyə"sini, Qədir Rüstəmovun
"Sona bülbüllər"ini,
"Çahargah"ını ona göndərdim və
tezliklə aldığım cavab məni sözün
yaxşı mənasında sarsıtdı. Buyurun siz də
oxuyun: "Yaqub Məmmədovun oxuması uçuşa bənzəyir,
o, sanki bir anlığa donur, nəfəs almır. Onun ilahidən
gələn səsi quş kimi pərvazlanıb bütün fəzanı fəth
edir, həyat haqqında bilmədiyimiz hansısa sirlərdən
danışır. Onun oxumasında ilahi
başlanğıc duyulur. Yaqub Məmmədovun "Mənsuriyyə"si
bir-birinə can atan Yerlə Göyün
bir-birinə qovuşduğu məqamın səs
obrazıdır. Onun səsi Yerin elçisi kimi
Göyə üz tutub bizi də Allaha tərəf aparan yolun
yolçusu olmağa dəvət edir".
Bu tamam
başqa bir mədəniyyətin yetişdirdiyi, tamam başq
bir musiqi düşüncəsinə malik bir əcnəbinin
bizim muğam dünyasının sirli aurasına daxil olub Y.Məmmədovun
şəxsində Azərbaycan ruhuna vurğunluğuna,
muğam sənətini ilahi başlanğıcına şəhadət
verməklə yanaşı, bu ruhun həm də nə qədər
bəşəri məzmun daşıdığına parlaq
misaldır.
Y.Məmmədov vokal muğam
ifaçılığı sənətimizə forma və
texnika baxımından yeniliklər gətirmiş bir
islahatçıdır. Bu sənətin xiridarları da təsdiq
edə bilərlər ki, o, muğamlarımızın ifa
texnikasını yeni dövrün musiqi dilinin tələblərinə
adaptasiya edən və beləliklə də, onların ifa
manerasına yeni ruh gətirən novator xanəndə kimi
musiqi mədəniyyətimizdə ən uca mövqelərdə
dayanan ustaddır. Yaqub müəllimin
muğam ifaçılığına gətirdiyi dinamika,
"elastik" ahəng qaçılmaz idi. Bu
qaçılmazlığı intuitiv şəkildə hiss edən
ustad instrumental ifaçılıqda tarzən Hacı Məmmədovun
gördüyü işləri vokal
ifaçılığında layiqincə yerinə yetirdi. O,
muğamlarımızı, necə deyərlər, nəfəsini
tıncıxdıran "ay aman"ların, "dəldəalan"ların,
"can-can"ların caynağından xilas etdi, ifa zamanı
ən çətin məqamlarda belə bu yersiz təkrarları
sözlə əvəzləməyin zərurətini və
mümkünlüyünü
nümayiş etdirdi, mızıldamağın, inildəməyin yerini daraldıb oxumaq, yaratmaq məkanının
sərhədlərini genişləndirdi.
Intuitiv fəhmlə, bədahətən yaradan sənətçilərin
çox sadə, iddiasız olmaları, həmişə
gözdən-könüldən uzaqda qalmağa can atmaları
hamıya məlumdur. Hətta bəzən bu sadəlik o dərəcəyə
çatır ki, sərhədləri aşıb qeyri-adiliyə
çevrilir, sənətkar necə böyük bir
missiyanı yerinə yetirdiyinin fərqinə varmır,
gördüyü işlərin sanbalından söz
düşəndə on ünvanlanan suallara "Əşi, mən
neyləmişəm ki?" sualı cavab verir. Şəxsi tanışlığım olmasa da, əminəm
ki, Y.Məmmədov da belə sənətçilərdən
olub. Mən
bunu onun sənət taleyinə həsr olunmuş "Mənsuriyyə
sorağında" telefilminə və haçansa TV
kanallarının birindəki çıxışı əsasında
onun düşüncə tərzi, danışıq
manerası barədə aldığım təəssüratlara
əsasən deyirəm. Y.Məmmdov heç vaxt
"ağıllı", "savadlı", "nəzəriyyəni
yaxşı bilən" adam rolunu
oynamırdı, amma sadə şəkildə bəyan etsə
də, bir batmanlıq fikirləri ilə hədəfin həmişə
düz "doqquzluğuna" düşürdü.
Ustadın muğam ifaçılığı sahəsində
gördüyü işlərin sanbalı barədə daha
dolğun təəvvür yaratmaq üçün bir məsələ
barədə də fikirlərimi bildirmək istəyirəm.
Tez-tez efirdə guya milli-mənəvi sərvətlərimizə təəssübkeş münasibət sərgiləyən "Muğama toxunmaq, onu müasirləşdirmək olmaz, yalnız "dədə-baba" qaydasında oxumaq lazımdır" kimi fikirlər səslənir. Məncə, bu, tamamilə yanlış yanaşmadır və biz kor-koranə bu yolu tutub gediriksə, muğamlarımızı ekzotika faktına, muzey eksponatına çevirmək üçün əlləşməyimizin fərqinə varmırıq. Axı nə vaxtlarsa əvvəl yarandığı formada donub qalan hər hansı bir nəsnə dəyişən zaman və məkan parametrlərində yalnız keçmişdən xəbər verən fakt kimi maraq doğurur. Bu halda o, muzey sükunətində mürgüləyən ekspontdan başqa heç nə olmayacaq. Əgər biz muğamlarımızı hərəkətdə olan, yeni zaman(lar)ın dinləyicilərinə də zövq verən, gələcəyə yol alan estetik enerjiyə çevirmək istəyiriksə, onların mahiyyətini, musiqi dilinin qrammatik qanunlarını saxlamaqla avazını, intonasiyasını, səslənmə texnikasını yeni dövrə uyğunlaşdırmağa çalışmalıyıq. Bu, əlbəttə, asan deyil, steorotipləri dağıtmaq gücündə cəsarət və ustalıq tələb edir.
Y.Məmmədov bu cürətə bulundu və öz işini gördü.
Bu gün Azərbaycanda muğamı məhz Y.Məmmədov fenomeninə görə sevən xeyli sayda gənc tanıyıram ("O kişi oxuyanda muğama qulaq asıram").
Y.Məmmədov saxta muşam kultu yaradıb sənətdə baş girələyə-girələyə şöhrət qazanmaq istəyən neçə-neçə "xanəndə"yə əməlli-başlı başağrısı, onları utandıran (əlbəttə, əgər utanan üzvləri varsa) bir KİŞİDİR.
Qoy bu yazı da o kişinin ruhuna onun
gördüyü işlərin dəyərini
açıqlamağa çalışan (və buna nə dərəcədə
nail olduğundan nigaran qalan) bir yazarın
sayğısının nişanəsi olsun.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2019.-
4 dekabr.- S.16.