Ağrıyan şair
MƏHƏMMƏD
HADİ MƏNİMÇÜN KİMDİR?
Məhəmməd Hadi cəmi 41 il yaşayıb, ancaq onun poeziyasındakı vətən və millət harayı heç vəchlə bu 41 il çərçivələrinə sığışmır. XX əsr Azərbaycan klassik poeziyasında Hadi qədər birbaşa, müstəqim surətdə "vətən" və "millət" ifadələrini işlədən ikinci şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara çevrilib.
Hadinin müasiri Sabirdə müstəqimlik yoxdur, ancaq baxın, istək baxımından onlar bir-birlərinə nə qədər yaxındırlar.
Sabir:
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
- deyə dahiyanə bir satira ilə böyük maarifçi sözünü deyirdisə, Hadi də onun müttəfiqi kimi eyni yanğı ilə həmin sözü birbaşa deyirdi:
Oxu, ey bülbüli-növxani-çəmən!
Sənin ilə edəcək fəxr vətən!
Sabir:
Təhsili-ülum etmə ki, elm afəti-candır,
Həm əqlə ziyandır,
Elm afəti-can olduğu məşhuri-cəhandır,
Mərufi-zəmandır.
- deyə haray çəkirdisə, Hadi:
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət,
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgəhi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladi-vətən etmək üçün bizdə təali
Məktəblər açıb, kəsb edəlim elmü kəmali!
- deyə sözünü açıq deyirdi, ancaq bu dolayısı ilə, eləcə də müstəqim surətdə deyilən poetik sözlər eyni mənbədən gəlirdi və bu mənbə - eyni amal, eyni iztirab, eyni yanğı idi, çünki onların hər ikisi eyni yolun yolçuları idi.
Sovet dönəmində hakim ideologiya Hadi yaradıcılığına qısqanc yanaşırdı, onu qəbul edə bilmirdi və elə bu faktı demək kifayətdir ki, bizim Əziz Mirəhmədov səviyyəli ədəbiyyatşünasımızın Hadi haqqında yazdığı namizədlik dissertasiyası ləğv edilmişdi, ancaq bu gün Hadi haqqında çox yazılır, elmi monoqrafiyalar, onun özünün əsərləri nəşr edilir.
Böyük qələm sahiblərinin yaradıcılığı oxucunu ələ alırsa, oxucu düşüncələrində məxsusi bir yer tutursa, həmin qələm sahibi, nə qədər qəribə səslənsə də, özəlləşdirilir (Marina Svetayevanın Puşkin haqqında yazdığı böyük esse yada düşür: "Mənim Puşkinim") və bu qısa qeydlər də məhz "mənim Hadim" haqqındadır.
Bədii sözün müstəqimliyi, birbaşa deyilməsi çox zaman bədii-estetik sönüklüyə, bəzən bədii məğlubiyyətə belə aparıb çıxarır, ancaq "Hadi sözü" öz dövrünün konteksində bədii ağrının ifadəsi kimi səslənir, çünki onun müstəqimliyi tərənnüm yox, nəsihət yox, çağırışdır, hətta bir sıra məqamlarda, əgər belə demək mümkünsə, qızğın bir vətəndaş xahişidir, ricasıdır, yalvarışıdır.
"Ey vətən!.. Səni sevmək deyilmi imanım?" - deyən Hadinin poeziyası, bir küll halında, əslində, mənəvi faciənin ifadəsidir və baxın, mənəvi eşqi sevgi-məhəbbtədən, aşiq-məşuqluqdan qat-qat artıq dərəcədə vətən eşqi olan bu sənətkar vətənin özündə faciə içindədir. Onun 1905-ci ildə çap edilmiş ilk şeirlərindən tutmuş, ta ömrünün sonuna qədər yazdıqlarında eyni çağırış, eyni haraydır, çünki bu haray eşidilmir və o, "məyus olma, amandır" desə də, özü nəinki məyusluq, əslində, dərin bir kədər içindədir.
"Həsbhal"da oxuyuruq:
Hadi: - Nədir o?
Mürəttib: - Gəncədən bir kimsə göndəribdi sizə.
Hadi: - Nə?
Mürəttib: - Etiraz ediyorlar
keçənki şeirinizə.
- və Hadi
poeziyasında çox
əhəmiyyətli və
əlamətdar bir cəhət odur ki, bu cür
mütəmadi etirazlarla
müşayiət olunan
Hadi kədəri məhəlli kədər
deyil, bəşəri
kədərdir:
Bəşər gözyaşlıdır matəmgahi-dünyayə gəldikdən,
Bunu tədqiq
qıldım hali-novzadi
görən gündən.
Onu həmin bəşəri kədərə aparan mənəvi əhval-ruhiyyəni,
ovqatı onun novzadi - vətəni yaratmışdır, yəni
bəşəri dünyagörüşünə
malik olan Hadi bəşəri düşüncələr içində
olarkən, ilk növbədə
öz vətəninin
övladıdır və
onun poeziyasındakı
vətən bəşəriyyətin
doğma bir hissəsidir, ona görə də bu poeziyada milli
məhdudiyyət yoxdur.
Onun təxəllüsü
- Hadi - doğru yol göstərən deməkdir, ancaq onun göstərdiyi yolun qarşısında
min bir maneə və bu maneələrin
də min bir səbəbi vardı. O, "ey
atəşi-cəhalətə büryan olan vətən", yaxud
"zənciri-əsarətdə yaşar əhli-cəhalət"
- deyirdisə, bu, yalnız faktın təsdiqi deyildi, bu - həmin
maneə və səbəblərə qarşı
mənəvi protest idi,
əlacsızlığın, gücsüzlüyün etirafı
və ifadəsi idi:
İnləyir bari-qəm altında
vətən, imdad yox,
Kivseyi-mətəm bürümüş cümlə,
bir dilşad yox.
Hadi millətçi
idi, ancaq onun millətçiliyi məhəlli səciyyə
daşımırdı, onun
millətçiliyi irqçilik
deyildi, əksinə, bəşəri təəssübkeşliyin
təzahürü və
bir hissəsi idi. O:
Həsəd ol millətə
kim, aşiqi-həqiqətdir,
Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir.
Bilib ki, elmlədir şani-növi-insani...
- deyirdi və
onun "o millətə"
bəslədiyi bu həsəddə açıq-aşkar
bir xeyirxahlıq, şəffaf, aydın bir ovqat hiss olunur, çünki:
Biz vətən viranəsin ədl ilə abad istərik,
Seyli-ədl ilə binayi-zülmü
bərbad istərik,
Millətin qəlbi-həznin xürrəmi
şad istərik,
Sevmərik qeydi-əsarət, xəlqi
azad istərik...
Millətin nəyi vardısa, Hadi bunu özününkü
etmişdi, hətta cəhaləti belə, o, kənardan müşahidə
etmirdi, bunu öz içndə yaşayırdı və cəhalətdən şikayət
edəndə də
"cəhalətimdən şikayət"
edirdi.
Bizim ədəbiyyatşünaslığımız
onu "XX əsr Azərbaycan şeirində
romantizm cərəyanının
ən qüdrətli nümayəndələrindən biri" (Yaşar Qarayev) hesab edir, ancaq bu
romantizm ədəbiyyatşünaslıq
lüğətlərindəki romantizmin eyni deyil, bu, hətta
bəzən Hadiyə
həsr olunmuş yazılarda oxuduğumuz
"üsyankar romantizm"
də deyil, bu - ağrıyan, yandırıb-sızıldayan romantizmdir
və Hadinin poeziyası sövq-təbii
olaraq öz romantizmini belə ifadə edir: "Həqiqəti görürüz
biz xəyal şəklində",
yaxud: "Hürriyəti-vicdan
ki, deyirlər, adı vardır".
Əhatə olunduğu mühitdəki
həqiqət onun üçün yalnız
"xəyal şəklində"dirsə
və "hürriyəti-vicdan"ın
yalnız adı vardırsa, bu - kədərə batmış
bir romantikadır; bu - maarifçiliyə daha yaxındır, nəinki antimaarifçiliyin
ədəbiyyata gətirdiyi
klassik romantizmə.
Hadinin bir çox şeirlərində - onun
poeziyasının ana xəttində romantizmdən
əsər-əlamət də
yoxdur və onun ən məşhur
misralarını xatırlayaq:
İmzasını qoymuş miləl
övraqi-həyatə,
Yox millətimin
xətti bu imzalar içində.
Bu sərt vətəndaş
yanğısı Hadi
poeziyasının əsas
bədii-estetik kotalizatorudur,
onun enerjisinin mənbəyi məhz həmin yanğıdır
və o, deyəndə
ki:
Millət
tikəcək naminə
ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl!
- bu da gələcək
haqqında gözəl
xəyalistan məkanı
deyil, çağırışdır
və onun "mücahidi-millət" adlandırdığı
Həsən bəy Zərdabinin ruhuna ithaf etdiyi şeirində
dediyi "millətdən
özgə olmadı bir məqsədin sənin" fikri, düşüncəsi tam şəkildə
Hadinin öz yaradıcılıq məramını
səciyyələndirir.
Hadinin:
Qıldı, ey ahu, məni vəhşi qəzali gözlərin,
Etdi səhragərdi-cənnət laübali
gözlərin,
ya da məşuqəyə müraciətlə
yazdığı:
Rövzati-cinanimdə açan qönçeyi-məxmur,
Al qoxla, məhəbbət
gülüdür, yasəmənidir.
tipli misralarını
oxuyanda mənə elə gəlir ki, bu yad
misralar onun poeziyasına təsadüfən
düşüblər və
ola bilsin ki, onlar öz-özlüyündə
poetikdir, yaxud da epiqonçuluq nümunələridir - bundan
asılı olmayaraq, mənim üçün bu misralar artıq
Hadi deyil.
Bir yerdə qərar tuta bilməyən, çırpınan, İstanbula
gedən, Salonikiyə
sürgün edilən,
Karpat dağlarında
vətəni xatırlayan,
müəllimlikdən, tərcüməçilikdən,
redaksiya (o cümlədən,
"Füyüzat"da, "Həyat"da, "İqbal"da
və s., Türkiyə
dövri mətbuatında)
işçisindən tutmuş
mollalığacan məşəqqətli
bir həyat yolu keçmiş Hadi daxili aləmi
etibarilə tam azad bir sənətkar idi, o, "məni azad edən sultani-əqli-nüktədanımdır" -
deyirdi və onun nüktədanı xəyallar aləmi ilə yox, real vətəni və milləti ilə bağlı idi.
Hadinin mənəvi
azadlığı - başdan-başa
kədər içində
olan (!) bir azadlıq idi.
Bir ədalətsizliyi
(faciəni!) qeyd etmək istəyirəm ki, Hadinin özünün
milli bir şair kimi (yol göstərən kimi!) tanınması, sevilməsi, onun vətən və millət sevgisi müqabilində çox solğundur və bunun da səbəbi,
əlbəttə, onun
poeziyasının dilidir
- bu dil onun sevdiyi millət
üçün yabançı
bir dildir.
Mən ədalətsizlik dedim, ancaq bunda dialektik
bir qanunauyğunluq var - yalançı vətənpərvərliyin təzahürü
kimi yox, ürəkdən gələn
bir fəryadla "millət" deyib, yanan şairi həmin millət bu günün özündə də ərəb, fars
lüğətləri ilə
oxumaq məcburiyyətindədir.
Onun doğması
olan oxucu onu oxuyb, nə
dediyini başa düşmür.
Bir sözlə,
Hadi öz yaradıcılığının estetik xüsusiyyəti baxımından (və sayəsində!) XX əsrin
ən faciəvi böyük sənətkarıdır.
O, şəxsi həyatında
da XX əsrin faciəvi bir şairidir.
Bizim XX əsr
poeziyamızın cavan
yaşlarında şəxsi
həyatları məhv
edilmiş Hüseyn Cavidi var, Mikayıl
Müşfiqi, Əhməd
Cavadı var və onlar Sistemin
qurbanlarıdır.
Ancaq öz vətənində vəfat edən, məzarının yeri isə məlum olmayan Hadi də
faciə qəhrəmanıdır
və bu barədə mən Abdulla
Şaiqin xatirələrində
qələmə aldığı
bir epizoddan təsirli söz deyə və göstərə bilməyəcəyim
üçün, o xatirə
ilə də bu qısa qeydəri
bitirirəm:
"Bir gün küçədən keçərkən
üst-başı kirli,
halı pərişan
bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki tanılacaq halda deyildi. O, titrək bir səslə:
- Şaiq, məni
tanımadın? - deyə
soruşdu.
Səsindən, gözlərinin rəngindən
Hadi olduğunu tanıdım. Qucaqlayıb, bağrıma basdım.
- Aman, Hadi, bu
nə haldır? - dedim".
26 noyabr 2019
Bakı
ELÇİN
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.15.