Tokioda "Azərbaycan musiqisi və rəqsləri axşamı"
Tokionun Yotsuya rayonunda yerləşən
"Sun and Moon" (Günəş və Ay) studiyasında keçirilən "Azərbaycan
musiqisi və rəqsləri axşamı"
adlı konsert proqramı tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, yapon
sənətçilər tərəfindən
təşkil edilən
konsertdə şəhərin
musiqisevərləri, Azərbaycan-Yaponiya
Dostluq Mərkəzinin
fəalları iştirak
ediblər.
Şərq simli musiqi alətlərində
peşəkar ifası
ilə Yaponiyada yaxşı tanınan musiqiçi Kiyoşi Ohiranın tarda və tamburda səsləndirdiyi milli musiqi nömrələri və bəstəkar mahnıları, rəqqasə
Nəşənin ifa etdiyi rəqslər tamaşaçıların böyük
marağına səbəb
olub.
Əvvəlcə tədbir iştirakçılarına
Azərbaycan, onun qədim və zəngin musiqi mədəniyyəti haqqında
məlumat verilib. Qeyd edilib
ki, özünəməxsus
ənənələrə və səs çalarlarına malik olan Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Bütün dünyada yaxşı
tanınan Azərbaycan
muğamının və
aşıq sənətinin
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
daxil edildiyi xüsusi vurğulanıb.
Konsertdə Azərbaycan milli musiqisi nümunələri,
bəstəkar mahnıları,
eyni zamanda türk və özbək musiqisi səslənib. "Sarı gəlin", "Qız,
gül bədən",
"Girdim yarın bağçasına", həmçinin
"Ağ çiçək"
və "Uzun dərə" rəqsləri
tamaşaçıların alqışlarına səbəb
olub. Kiyoşi Ohiranın tarda
və tamburda ifa etdiyi musiqi
nömrələri də
tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. Türkiyədə milli rəqslərimizi öyrənmiş Nəşə
xanımın (Kyouka Minaşita) bacarıqlı
ifası da tamaşaçıların zövqünü
oxşayıb.
Kiyoşi Ohira AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, uzun illərdir
Yaponiyada türk xalqlarına məxsus musiqi alətlərini ifa etsə də
ilk dəfədir ki, rəqqasə ilə birlikdə çıxış
edir. "Tamaşaçıların
alqışlarından göründüyü
kimi ilk dəfə belə proqramla çıxış etməyimizə
baxmayaraq, maraqlı alınıb. Xüsusən Nəşə xanımın
ifa etdiyi rəqslər yapon qadınların çox xoşuna gəlib. Düşünürəm ki, proqramı
genişləndirərək gələcəkdə bu konsertləri davam etdirmək olar".
Azərbaycan və digər türk xalqlarının milli rəqslərini İstanbulda olarkən öyrəndiyini bildirən Nəşə xanım da son dörd ildə əsasən bizim milli rəqslər üzərində işlədiyini bildirib. Qeyd edib ki, onun fikrincə məhz Azərbaycan rəqsləri qadınların gözəlliyini tam göstərməyə imkan yaradır. "Azərbaycan rəqslərindəki hərəkətlər, musiqinin gözəlliyi sanki bir vəhdət yaradaraq insanın ruhunu oxşayır. Milli geyiminizin gözəlliyinin isə heç yerdə bərabəri yoxdur. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimi genişləndirərək yapon qadınlarına Azərbaycan rəqslərini daha geniş şəkildə öyrətməliyəm. Bunu məndən rəfiqələrim də xahiş edirlər".
Konsert barədə təəssüratlarını
bölüşən Tokio sakini
Leo Kələntər isə deyib ki, çox
gözəl konsert idi.
"İlk dəfə idi
ki, Azərbaycan musiqisi
ilə canlı tanış olurdum. Həm
Kiyoşi Ohira, həm
də rəqqasə Nəşə xanım Azərbaycan musiqisini Yaponiyada çox gözəl təqdim etdilər. Atam azərbaycanlı olsa da ilk dəfə idi Azərbaycan musiqisinə canlı qulaq asdım. Mənə böyük
zövq verdi.
Maraqlı konsertə görə minnətdarlığımı
bildirir, ifaçılara uğurlar
arzulayıram".
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.12.