Daşkənddə Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrilə
bağlı tədbir keçirilib
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşəbbüsü
ilə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunda Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinə
həsr olunan tədbir keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəl foyedə təşkil olunmuş sərgidə ölkəmizin bayrağı,
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri"
seriyasından Heydər
Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər,
Azərbaycanın tarixi
və mədəniyyəti
ilə bağlı əsərlər, suvenirlər
nümayiş etdirilib.
Kitablar arasında AMM-nin Daşkənddə özbək
dilində çap etdirdiyi nəşrlər,
o cümlədən, böyük
Azərbaycan şairi Nizami Gəncəvinin
"Xəmsə"si, İmadəddin
Nəsiminin "Cananı
sevərmən" kitabı,
Məhəmməd Füzulinin
əsərləri və
digər toplular yer alıb.
İnstitutun müəllimi, dosent Firuza İkramxanova Azərbaycan-Özbəkistan ədəbi
əlaqələrindən danışıb,
bildirib ki, son illər bu sahədə
böyük uğurlar
əldə olunub. Azərbaycanın şair və yazıçıları Özbəkistana
gəlir, özbək
yazarları Bakıya gedirlər.
Özbəkistan Yazıçılar İttifaqının
üzvü Adxambek Alimbekov Mədəniyyət
Mərkəzinin Azərbaycan
şair və yazıçılarının özbək dilində çap etdirdiyi kitablardan danışıb,
ədəbi əlaqələrin
inkişafında bu nəşrlərin böyük
rolu olduğunu diqqətə çatdırıb.
Mərkəzin əməkdaşı Kifayət
Pirməmmədova Azərbaycanın
tarixi, ədəbiyyatı,
mədəniyyəti haqqında
məlumat verib, tələbələrin suallarını
cavablandırıb.
Tələbələr Nizami Gəncəvi, Məhəmməd
Füzuli, İmadəddin
Nəsiminin şeirlərini
söyləyib, AMM-nin
nəzdindəki "Azərbaycan
qızları" rəqs
ansamblının üzvləri
milli rəqslərimizi
ifa edib.
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.13.