İki dünya astanasında
esse
İnsan soyuq fəsillərin ilk anlarını çox sevir. Çünki istilərdən yetərincə
qızınıb və
artıq sərinləmək
istəyir. Havanın temperaturu
aşağı düşdükcə,
soyuq canına işləməyə başlayır.
Qızınmaq üçün sobanı, isidiciləri işə salır. İsti geyimlərini geyinir. İsti hava üçün darıxır. Soyuq onu
silkələməyincə istinin qiymətini anlaya bilmir.
Hər hansı pis insanla rastlaşdıqda pislərin niyə yarandığını, onlar
olmasa cəmiyyətin
daha yaxşı ola biləcəyini
düşünür. Belə düşünür,
çünki insan özünü ən yaxşı sanır.
Bəlkə həqiqətən
də həyat pislərsiz daha yaxşı ola
bilər. Lakin məhz pislərin
sayəsində yaxşıları
qiymətləndirməyi öyrənir.
Nəfsinə, qəzəbinə hakim olmağı öyrənir.
Ağı qaradan seçməyi
öyrənir.
İşıqlar sönür. Dolabları axtarır. Balaca bir
şam, ya da dibində azacıq yanacağı qalan çoxdan unudulmuş ləmpəni tapır. Bunları tapa bildiyinə
sevinir. Sonra israf etdiyi işığın qiymətini
anlayır.
Sosial şəbəkədən dünyanın
uzaq ölkələrində
illərlə su həsrəti çəkən insanların
lilli suyu tapdıqları an gözlərindəki
sevinci görüb, açıq qalan kranı bağlamağa tələsir.
Xəstələndiyi zaman sağlamlığın
necə şirin bir nemət olduğunu başa düşür. Əlində qalan sağlamlığının
üzərinə titrəməyə
başlayır. Dərmanları vaxtlı-vaxtında qəbul
edir. İsti geyinir.
Bəzən əbədi yaşayacaqmış
kimi planlar qurur. Daha yaxşı yaşamaq
üçün, daha
öndə olmaq üçün çırpınır,
çalışır, qurur,
yaradır. Bəzən bu
planları uğruna bilərəkdən və
ya bilməyərəkdən
ətrafındakıları adlayıb keçir.
Hətta
özünü belə
adlayıb keçir.
Bir xəstə
ziyarətinə gedir. Xəstəxananın dəhlizində əsayla və ya əlil
arabasında insanları
gördükdə özünün
ayaqları üstündə
sağlam dura bilməsinə sevinir.
Bir qəzayla üzləşir. O an ölümün nə qədər yaxın oluğunu anlayır. Anlamağa çalışır. Kədərlənir. Qorxur. Bu fani dünyada elədikləri, eləyə biləcəklərinin hesabatını aparır. Vaxt varkən düzəldə biləcəklərini düşünür.
Lakin insan üçün istinin qiyməti yay gələnə qədər, sağlamlığının dəyəri sağalana qədər, balaca şamın dəyəri işıq yanana qədər, fasiləsiz axan suyunun olmasına şükür etməsi, lilli suya şükür edən insanları unudana qədər, həyatın şirinliyi ölümdən uzaqlaşana qədərdir. Çünki insan çox unutqandır.
Halbuki
yaşadığımız hər bir
hadisə, rastlaşdığımız hər bir insan əslində, bizə
bir işarədir.
Yaşadıqlarımızdan dərs ala
bilməmiz üçün. İtirdiklərimizin
dəyərini anlamamız üçün.
Əlimizdə olanlara şükür
edə bilməmiz üçün.
Fidan
MALİK
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.16.