Sən yuxumu qara basan
1972-ci il Qaradağ mahalının "Nəmərvər" kəndində dünyaya göz açıb. Şeirlərini "Sevən" təxəllüsü ilə yazır. "Yolsuz yollar" və "Qaranlıq boyludur doğacaq məni" adlı iki kitabı çapa hazırlanır. Cavad Bərzegərzadə Sevən Təbrizdə yaşayır.
şeytan üzlü bir mələksən.
Qanadımdan yelpiklənən
tükü tökük son lələksən.
Səni sənə buraxacam
təntitmədən ürəyimi.
İçərimdə öldürəcəm
o köhnələn diləyimi.
Qırmızı göz məlumları
məchullara göməcəyəm.
Bu pıtlaşan duyğuları
ağ günlərə hörəcəyəm.
Özgələrə ağlamağı
siləcəyəm, gözlərimdən.
Dilimdəki qara payı
qazacağam sözlərimdən.
Axşamüstü kəsəcəyəm
qaranlığın nəs damarın.
Fikrim ilə yıxacağam
cəhalətin dam-uvarın.
Bu sevdamın yelinindən,
səni vətən doğacağam.
Şeytan üzlü mələkləri
cənnətimdən qovacağam...
***
Hönkür-hönkür bu ağlamaq
qəfəsdə bir quş səsidir.
Dildən düşmüş insanlığın
bəlkə də son nəfəsidir.
Bu sızıltı yaxındadı,
qulaqlara hürən yoxdu.
Ölüləri hamı görür,
öldürəni görən yoxdu...
İçimizdə bir şeytan var,
papağını yan qoyubdu.
Gözümüzə Quran çəkib
əlimizə qan qoyubdu.
Təzə günü, köhnəlirik
əpridirik, ağlı-huşu.
Qanadından vırılıbdır
minarədə, fikir quşu.
Çobalayır məscid-məscid
qıldığımız, bu namazlar.
Qunutumuz, günah daşır
pozulubdu, dəstamazlar.
Niyyət ölüb əzan çağı
yağçıların yağdanında.
Yaşayışlar buz bağlayıb
dinçilərin novdanında.
Hönkür-hönkür bu ağlamaq
ümidlərin, vay səsidir.
Bu kal qafa, həyat boyu
Düşüncənin qəfəsidir.
***
Aclığım doyurur hər anda məni,
yediyin gəyirir gözlərim daha.
Udduğum dəblərə ürəyim
qalxır,
dilimi gəmirir sözlərim daha.
Biz ögey yolların qara yolçusu
başmağı cırılmış
ayaqlarıq biz.
Yuxunun əvvəli axırı bizik,
nə deyim yatmamış sayaqlarıq
biz.
Sorduğum sorğular qalıb
cavabsız,
şəhərlər hələ
də qan içindədir.
İşıqlar baxışın tilsimində
qaralmış buludun dan içindədir.
Qaranlıq boyludu doğacaq
məni,
geriyə işləyən
saat susacaq.
Sanıram anamın dərdli
ürəyi
"Sevən"i bu
gecə qanlar qusacaq.
Gözümdə çalınır intihar
səsi
doğmamış ayımda
kurtaj olacaq.
Nə bilim bəlkə də zülmətin əli
röyamın göyündən
ulduz yolacaq.
***
Büründüm özümün çılpaqlığıma,
ölümü yaşadım
həyat adıyla.
Əllərim üşüdü, əlcəklərimi
qışqırdım sükutun
fəryadlaryla.
Dilimin dilçəyi yedi dilimi,
səssizlik içimə
qurşaq salladı.
Baxışım gözümü doldu
boşaldı,
bu dolu boşluğum ömrü
dalladı.
Alnımda tərlədi yaşamım
məni,
gülüşüm dodaqda dəlicə tutdu.
Titrədi ağrımın damduvarları,
sözcüklər ağzımda
tüpürcək utdu.
Qapandı üzümə çıxış
yolları,
ürək astanama vərəm döşəndi.
Qara işqırığı utqundu
boğaz,
ölümüm dirimi görüb üşəndi.
Bir dünya sevgimə sevən doğmadı,
Məhddən ləhdədək çəkdim
sancımı.
Min dönə özümlə
küsdüm, barışdım,
Axırda qəbrimə əkdim sancımı.
Cavad BƏRZEGƏRZADƏ SEVƏN
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.15.