Futbol tariximizin böyük adamı -
Şövkət Orduxanov
Azərbaycan
futbolunun uğurlarından danışanda ilk olaraq
"Neftçi"nin 1966-cı ildə
SSRİ çempionatında tutduğu 3-cü yer yada
düşür. Əlbəttə, bu uğurun ən
böyük memarları futbolçular və baş məşqçi
Əhməd Ələsgərov idi. Amma kölgədə
qalanlar da var. "Neftçi"nin
bürünc medalı qazanmasında digər insanların da əməyi
az olmayıb. Onlardan birini, bəlkə də
birincisini xatırlamaq yerinə düşər.
İnternetdə axtarış versək, bu şəxs
haqqında çox səthi məlumat toplaya bilərik -
1966-cı ildə "Neftçi"yə rəis təyin
olunub, müxtəlif vaxtlarda İdman Komitəsində
çalışıb. Son iş yeri "Məhsul" Könüllü
İdman Cəmiyyəti olub. 1985-ci ilin martında iş
otağında bıcaqlanaraq öldürülüb. Vəssalam!
Hə, bir də Qusar şəhər stadionu onun
adını daşıyır. Daha
çox sonuncu məlumat söhbətin Şövkət
Orduxanovdan getdiyindən xəbər verir. Kim
idi Şövkət Orduxanov? "Neftçi"nin ən böyük uğurunda onun hansı
xidmətləri olub? Azərbaycan idmanına nə kimi xeyri dəyib?..
Fəhləlikdən
sədrliyə gedən yol
Əvvəla Azərbaycanda nadir soyadlardan olan Orduxanovdan
başlayaq. Orduxan Şövkət müəllimin ulu
babasının adıdı. Dağıstanın
Axtınsk rayonunun Cəbə kəndində yaşayıb.
20-ci əsrin əvvəllərində ailəsi
ilə birlikdə Göyçaya işləməyə gəlib
və 1916-cı ildə vəfat edib. 2 il
sonra Orduxan kişinin oğlu Ağamirzə Göyçaydan
Qusara köç edib. Bənna və tar düzəldən
usta Ağamirzənin 5 övladı olub - 3 oğul, 2 qız. Böyük oğlu Abdulla 2-ci Dünya Müharibəsi
başlayanda Qusarın birinci katibi imiş. Müharibəyə könüllü yollanıb.
Cəbhədən qayıtdıqdan sonra da daim məsul
vəzifələrdə çalışıb. O
cümlədən, Bakı Metropoliteninin rəhbəri və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sədr
müavini olub. Abdulla Orduxanovun ailəsində 4
uşaq böyüyüb - Şövkət, Rafiq, Vaqif və
Anelya. Bütün bu məlumatları
Orduxanovlar ailəsinin yeganə sağ qalmış
üzvü Anelya Orduxanovadan almışıq. Anelya xanım mətbuatda tanınmış
simadı. Əməkdar jurnalistdir, SSRİ
dövründə "Azərbaycan gəncləri" qəzetində
çalışıb. Azərbaycan
müstəqillik qazandıqdan sonra isə o dövr
üçün populyar olan "Kokteyl" qəzetini və
"Ceyla" jurnalını təsis edib. Respublikada keçirilən ilk gözəllik
müsabiqəsinin təşəbbüskarı və təşkilatçısıdı.
Şövkət Orduxanovdan bəhs edirdik. 1935-ci il
noyabrın 30-da Bakıda anadan olub. Uşaqlığı
Böyük Vətən Müharibəsi illərinə
düşən gənc Şövkət o dövr
üçün nə qədər çətin olsa da,
yaxşı təhsil almağı bacarıb.
İxtisasca inşaatçı olan Abdulla kişi
oğlunu öz davamçısı kimi görmək istəyib.
Bu üzdən orta məktəbi bitirdikdən
sonra ona sənədlərini İnşaat Texnikumuna verməyi
məsləhət görüb. Köhnə
kişilərin sözündən çıxmaq böyük
cəsarət tələb edirdi. Şövkət
atasının istəyi ilə sənədlərini həmin təhsil
ocağına versə də, bir müddət sonra kimsədən
xəbərsiz Bədən Tərbiyəsi Texnikumuna qəbul
olub. Anelya xanım həmin günləri belə
xatırlayır: "Gənc yaşlarından Şövkətin
idmana böyük həvəsi var idi. Təkbaşına
komanda yaradır, müxtəlif turnirlər təşkil
edirdi. Onda anadangəlmə təşkilatçılıq
istedadı olub. Atamın istəyi ilə sənədlərini
Gəncə İnşaat Texnikumuna verdi. Amma bir müddət sonra məlum oldu ki, o, Bədən
Tərbiyəsi Texnikumunu seçib. Bu xəbər
atamı çox sarsıtdı. Axı,
övladı onun sözünü yerə salmışdı.
İcazəsiz addım Şövkətə
baha başa gəldi. Atam cibxərcliyini kəsdi,
mənzilin açarlarını əlindən aldı. Biz onda atamın işi ilə əlaqədar Gəncədə
yaşayırdıq. 1951-ci il idi. Atam Gəncə İcraiyyə Komitəsinin sədriydi
və Mərkəzi Komitənin qərarı ilə onu
Naxçıvana göndərdilər. Gəncədən
çıxanda 16 yaşlı Şövkətin bizi yola
saldığı baxışlar indi də gözlərim
önündədi. Anam sakit-sakit
ağlayırdı. Atamın isə
heç tükü də tərpənmirdi. Bəlkə
də özünü belə göstərirdi..."
Tanımadığı şəhərdə pulsuz və
evsiz qalan Şövkət Orduxanov çətinliklərə
rəğmən ayaqda qalmağı bacarıb. 2 il
yataqxanada komendantlıqla, fəhləliklə cibxərcliyini
çıxaran Şövkət Texnikumu bitirdikdən sonra Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna
(ADBTİ) daxil olub və 1956-cı ildə oranı bitirib. Savadı və bacarığı sayəsində tədricən
özünə karyera qurub. 1954-57-ci illərdə
"Fizkulturnik Azerbaydjana" qəzetində müxbirlik edib,
1962-ci ildə Bədən Tərbiyəsi İnstitutunda
prorektor, bir il sonra Bədən Tərbiyəsi və İdman
Komitəsində şöbə müdiri olub, 1966-cı ilin
avqustunda isə "Neftçi"yə rəis vəzifəsinə
təyin edilib. 1968-ci ildə
"Neftçi"dən ayrılıb və komitəyə
bu dəfə sədr müavini kimi qayıdıb. 1978-ci
ildən ömrünün son gününə qədər "Məhsul"a rəhbərlik
edib.
Şövkət müəllim 2 dəfə evlənib. Birinci həyat
yoldaşı Valentina əslən Rusiyanın Oryol şəhərindən
idi. Həndbolçu olan Valya ADBTİ-də
Orduxanovla birgə təhsil alırdı. 1-ci
kurs tələbəsi olarkən qrup yoldaşı ilə ailə
həyatı quran Şövkət müəllimin bu nikahı
o qədər də uğurlu olmayıb. Uşaqları
olmayan ailə uşaq evindən 8 aylıq İradəni övladlığa
götürüb. Amma bir neçə il
sonra boşanıblar. Valentina İradə ilə
birlikdə Oryola köçüb. Ayrılığa
baxmayaraq, keçmiş ailəsi ilə həmişə əlaqə
saxlayıb, özünə məxsus evi onlara
bağışlayıb, hər ay pul göndərib, İradənin
bütün toy xərclərini qarşılayıb. Bir sözlə, əsl atalıq qayğısı
göstərib. Yeri gəlmişkən, İradə bir
neçə il əvvəl
dünyasını dəyişib. Valentina da həyatda
deyil.
Şövkət müəllim 1968-ci ildə ikinci dəfə
ailə həyatı qurub. Bu dəfə
"İdman" qəzetinin müxbiri Xədicə
Ağayeva ilə. Azərbaycanda ilk qadın idman jurnalisti olan Xədicə
xanım sonradan Orduxanova soyadını götürüb.
Cütlüyün bu izdivacdan 2 qızı
dünyaya gəlib - Sevinc və Fidan. Qeyd
edim ki, qızların hər ikisi ərdədir, Sevinc
hazırda İsraildə, Fidan isə ABŞ-da yaşayır.
Şövkət müəllimin xanımı Xədicə
xanım isə bir neçə il əvvəl
Fidanın yanına köçüb.
Üstü
açılmayan qətl və...
İnternetdə Şövkət müəllimlə
bağlı rast gəlinən məlumatlardan ən çox
maraq doğuranı təbii ki, onun qətli ilə
bağlıdı. Onu kimlərin və nəyə görə
öldürdüyünü qatilləri və bir də Allah
bilir. 1985-ci il martın 24-ü, şənbə
günü. Şövkət Orduxanov qeyri-iş günü olmasına
baxmayaraq, adəti üzrə səhər işə gedib. Səhər saat 10 radələrində isə qətlə
yetirilib. Sonradan məlum olub ki, bundan bir qədər
əvvəl Qriqori adlı gözətçi də
öldürülüb. İstintaqın gəldiyi
qənaətə görə, qatillər 2 nəfərmiş.
Özü də Şövkət müəllim
onları yaxından tanıyırmış. Belə olmasaydı, özü ilə işə
apardığı termosdan onlara çay süzməzmiş.
Qatillər əvvəl Şövkət müəllimin
başına küt alətlə zərbə endiriblər.
Huşunu itirdikdən sonra ürək nayihəsinə
8 bıçaq zərbəsi vurublar. Daha
sonra kabinetdəki seyfdə axtarış başlayıb.
Maraqlıdır ki, seyfdə olan 10 min rubl və
işçilər üçün nəzərdə
tutulmuş fransız ətirlərinə toxunulmayıb. Qatillərin məqsədi hansısa sənədi və
ya Şövkət müəllimə məxsus olan nəyisə
tapmaq olub. Abdulla Orduxanovun səyləri nəticəsində
istintaqa ən yaxşı müstəntiqlər cəlb olunub.
Hətta Moskvadan da mütəxəssislər
çağırılıb. Amma onlar nə
qədər çalışsalar da, cinayəti aça bilməyiblər.
Qısası, Şövkət müəllimin
"qanı batıb".
... yarımçıq qalmış planlar
Şövkət müəllim Azərbaycan idmanı
üçün böyük işlər görüb. Elə 1978-ci ildən rəhbərlik
etdiyi "Məhsul"dakı fəaliyyəti, qısa zamanda
bu cəmiyyəti nəinki respublikada, hətta SSRİ-də ən
yaxşılardan birinə çevirməsi (1982-ci ildə
SSRİ spartakiadasında 5-ci yer - İ.T.), ən əsası
"Neftçi"nin futbol tariximizdə ən
böyük uğurunda pay sahibi olması dediklərimizə
sübutdu. "Neftçi"nin
bürünc medallarından sonra bir çoxları kimi ona da fəxri
ad verilmişdi - əməkdar idman xadimi. O, idman sahəsində
Azərbaycanın beynəlxalq əlaqələri mövzusunda
kitabça hazırlamışdı. Respublikada
atçılıq idmanının inkişafı ilə
bağlı dissertasiya müdafiə etməyə
hazırlaşırdı. Anelya xanım
deyir ki, atası dəfələrlə müdafiəni tezləşdirməsini
tələb edəndə hər dəfə "bir fəxri
ad hələ ki, bəs edir" deyə, söhbətdən
yayınırdı. O, Azərbaycan rayonları
arasında spartakiada keçirməyi
planlaşdırırdı. Maraq
üçün qeyd edək ki, öldürüldüyü
zaman seyfdə olan 10 min rubl spartakiadanın təşkilatı
işləri üçün nəzərdə tutulmuşdu.
Bunu istintaqçılara Şövkət müəllimin
katibəsi Liliya bildirmişdi. Onun planlarında
şimal rayonlarımızda qış idman növlərini
inkişaf etdirmək də var idi. 50 illik
yubileyinin astanasında həyatdan köçən
Şövkət Orduxanov Qusarda dəfn edilib. "Məhsul"a rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü
ilə qurulan Qusar şəhər stadionu mərhumun adını
daşıyır.
"Neftçi"yə onun kimi rəis gəlməyib!"
Bayaq qeyd
etdiyimiz kimi, "Neftçi"nin
1966-cı ildəki uğurunda pay sahiblərindən biri də
komandanın o vaxtkı rəisi Şövkət müəllim
idi. Bunu "Neftçi"yə
"bürünc" qazandıran futbolçular da təsdiqləyir.
Həmin kollektivdən cəmi 4 nəfər həyatdadı -
Kazbek Tuayev, Yaşar Babayev, Ağasəlim Mircavadov və
komandanın həkimi Boris Xetaqurov. Yaşar
müəllim xəstə olduğu üçün onunla əlaqə
saxlaya bilmədik. Digərləri
Şövkət müəllim haqqında ağızdolusu
danışdılar.
Boris Xetaqurov Şövkət müəllimin ən
yaxın dostlarından olub. Demək olar ki, eyni ildə
əsas komandaya təyinat alıblar. Boris
Nanayeviç 1966-cı ilin yanvarında əvəzedicilərin
komandasından əsas komandaya gətirilib. Onun sözlərinə
görə, "Neftçi"də ab-hava istənilən səviyyədə
deyildi: "Fevral ayında Kislovodskda çempionat öncəsi
toplanışdaydıq. Komandanın baş məşqçisi
Vasili Nikolayeviç Sokolov idi. Ona Əhməd
Ələsgərovla Valentin Xlıstov kömək edirdilər.
Kislovodska olduğumuz müddətdə Sokolovun
futbolçularla yola getmədiyini müşahidə etdim.
Futbolçular onu xoşlamırdılar. Bakıya qayıtdıqdan sonra iclas keçirildi və
narazılıq qismən aradan qaldırıldı. Komanda çempionata pis başlamadı. Amma zaman keçdikcə futbolçularla baş məşqçi
arasında münaqişə yenidən baş qaldırdı
və bu da get-getə nəticəyə təsir göstərdi.
Sokolovun gedişi qaçılmaz idi".
Boris Nanayeviç deyir ki, 1966-cı ilin avqustunda
Fransanın "Tuluza" komandası ilə Bakıda
keçirilən beynəlxalq oyunda baş verən insident
Sokolovun gedişində katalizator rolunu oynadı. Komanda gənc
Əhməd Ələsgərova tapşırıldı.
O vaxt İdman Komitəsində işləyən Şövkət
Orduxanov isə komandaya rəis gətirildi. Buna kimi bu vəzifəni
kağız üzərində komandanın ikinci məşqçisi
Valentin Xlıstov icra edirdi: "Məhz Şövkət
müəllimin gəlişindən sonra kollektivdə vəziyyət
düzəlməyə başladı.
"Neftçi"nin bürünc medalları qazanmasında
onun əməyi danılmazdı. Qısa
zamanda komandanı bir ailəyə çevirməyi bacardı.
Təşkilatçılıq bacarığına söz ola bilməzdi. Əhməd Ələsgərovun
rəhbərliyi altında ilk oyunumuzu Rostovda OİK-ə
qarşı keçirdik və 1:0 hesabı ilə qalib gəldik.
Bu da komandaya əlavə motivasiya verdi, yeni
məşqçiyə və rəisə inamı
artırdı. Çox hörmətli birisi idi.
Sıravi işçilərdən tutmuş
yüksək vəzifəli şəxslərə kimi hamı
onun xətrini istəyirdi".
"Neftçi"də başlayan yoldaşlıq
sonradan ailəvi dostulağa çevrilib. Şövkət
müəllim Xədicə xanımla evlənəndə toyun
təşkilatçılarından biri məhz Xetaqurov olub.
Şövkət müəllim qətlə yetirilənə
kimi bu dostluq əlaqələri davam edib: "Voronejdə
"Fakel"lə oyuna getmişdik. Xəbər
gəldi ki, Şövkət müəllimi öldürüblər.
Hamı şokda idi. Ən yaxın dostunun
öldüyünü eşitmək... Qismətə bax,
Şövkət müəllimin toyunun da təşkilatçılarından
biri mən idim, dəfninin də..."
"Neftçi"nin canlı əfsanəsi Kazbek Tuayev də
Şövkət müəllimin yaxın dostu olub. Onların
tanışlığı 60-cı illərin əvvəllərinə
təsadüf edir: "Mən "Neftçi"yə gələndə
Şövkət müəllim İdman Komitəsində rəhbər
vəzifədə idi. Komandada işləməsə
də, bir ayağı bazada olurdu. Gənc
olmasına baxmayaraq, çox hörmətli birisi idi. Sıravi işçilərdən tutmuş rəhbər
şəxslərə kimi hamının yanında hörmət
qazana bilmişdi. O, "Neftçi"yə rəis təyin
olunandan sonra komandada mehribançılıq daha da artdı. Təsəvvür edin ki, 20-ə yaxın
futbolçunun hamısı Şövkət müəllimi
qardaş kimi sevirdi. Çünki hər kəslə
ilə öz dilində danışmağı
bacarırdı. Daim futbolçuların
yanında idi, onların bütün problemləri ilə
maraqlanırdı. Onda sanki xüsusi istedad
var idi. Həm də əla təşkilatçı
idi. Hamı ilə dostluğu səmimiyyət
üzərində qurmuşdu. Buna sübut
kimi bir hadisəni danışım. Şövkət
müəllimin toyunun ertəsi günü ona sürpriz etmək
qərarına gəldik. Bütün
futbolçular bir nəfər kimi qonaq getdik və gecə
yarısına kimi xoş gününü qeyd elədik.
Bu da bizim ona qeyri-adi toy hədiyyəmiz oldu.
Orduxanovun ölüm xəbəri hamı məni
də sarsıtdı. Futbolla
vidalaşdıqdan sonra özümün futbol məktəbini
təsis etmişdim. Yeri gəlmişkən,
həmin məktəb bu gün də fəaliyyətini davam
etdirir. Məktəb "Məhsul"la ilə
eyni binada yerləşirdi. Şənbə
günü olduğundan işdə deyildik. Xəbər yayıldı ki, Şövkət müəllimi
qətlə yetiriblər. Çox adamdan
ifadə aldılar. O cümlədən, məndən də.
Ən yaxşı tədqiqatçılar
işə cəlb olundular. Təəssüf
ki, qatillər tapılmadı. Onun
ölümü nəinki ailəsinə və
yaxınlarına, həmçinin, Azərbaycan idmanına
böyük zərbə oldu".
“Neftçi”yə onun kimi rəis gəlməyib!” Bu sözlər isə
"bürünc" "Neftçi"nin həyatda olan
sonbeşiyi, AFFA Məşqçilər Komitəsinin
üzvü Ağasəlim Mircavadova məxsusdu: “O,
"Neftçi"yə rəis təyin olunanda mən Bədən
Tərbiyəsi İnstitutunun tələbəsi idim. Bir kitabçası var idi. Orada
futbolçularla yanaşı, sıravi işçilər barədə
məlumatları qeyd edirdi. Hamının
problemlərindən xəbərdarıydı. Bir dəfə mənə dedilər ki, Şövkət
müəllim səni yanına çağırır. Adətən, belə çağırışlar
hansısa problemin olmasından xəbər verirdi. Nigarançılıq içində otağına
daxil oldum. "Ağasəlim, institutda
"zaçot"un qalıb, niyə gedib vermirsən?"
deyə, soruşdu. Demə, həqiqətən
qılıncoynatmadan "zaçot"um var imiş, yaddan
çıxarmışam. Amma o,
unutmamışdı. "Tapşırmışam, sabah
instituta get, qiymət kitabçanı da
unutma" deyərək, məni yola saldı".
Ağasəlim müəllim deyir ki, Orduxanovun təkcə komandada deyil, İdman Komitəsində, yüksək dairələrdə, hətta Moskvada da böyük hörməti var idi. Sözlərinə sübut kimi bir əhvalat danışdı: "O vaxtlar komandaların xarici səfərlərə getməsi çətin idi. Mərkəzin icazəsi olmadan bunu etmək mümkün deyildi. "Neftçi"yə səfərlər əsasən Afrika və ərəb ölkələrinə verilirdi. Moskva və Ukrayna komandaları isə daha prestijli Avropa ölkələrinə göndərilirdilər. Özü də hər şey 5-6 ay əvvəldən məlum olurdu ki, sənədləri toplamaq mümkün olsun. 1967-ci il idi. Almaniya Federativ Respublikasına beynəlxalq turnirə gedəcəyimizlə bağlı gözlənilməz xəbər aldıq. Özü də 5-6 ay əvvəl yox, turnirə cəmi bir neçə həftə qalmış. Sonradan bildik ki, bu, Şövkət müəllimin əməyi imiş. Həmin turnirə Moskvanın ÇSKA komandasının əvəzinə, Şövkət müəllimin səyləri nəticəsində biz getdik. Orada 3 oyun keçirdik. Bu, bizim üçün böyük təcrübə oldu. Ən maraqlısı isə o idi ki, Almaniyada olduğumuz müddətdə "Bavariya" - "Borussiya" (Dortmund) oyunu var idi. 1 günün içində səfirliklə danışıb bilet təşkil etdi və həmin oyunu canlı izlədik".
Azərbaycan futbolunda ad qoymuş yüzlərlə futbol veteranımız var. Hər biri futbol tariximizdə özünəməxsus iz qoyublar. Xatırlananları da var, unudulanları da. Eyni sözlər idman xadimlərimizə aiddir. Şövkət Orduxanov haqqında qarşıma çıxan sonuncu yazının azı 15 yaşı var. 2001-ci ildə "Futbol+", bir qədər sonra isə "İdman" qəzeti onu yada salmışdı. Şövkət müəllim kimi insanları unutmağa haqqımız çatmır.
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim edilir.
İlqar
TAĞIYEV
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.12.