Günel Natiq yeni kitabını təqdim edib

 

 

Dekabrın 4-də, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı, jurnalist Günel Natiqin "Məhəbbət quşları" kitabının təqdimat mərasimi imza günü keçirilib.

 

Mərasimdə tanınmış ədəbiyyat incəsənət xadimləri, radio televiziya jurnalistləri, müəllifin ailə üzvləri oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid çıxışında öncə Günel Natiqin atasını - mərhum yazıçı tərcüməçi Natiq Səfərovu xatırlayıb: "Natiq Səfərovla dost idik. O, mənim həyatımda gördüyüm ən istedadlı insanlardan biri idi. Günel xanımı isə yazılarından tanıyıram. O da son zamanlarda çox fəaldır, müxtəlif mətbuat orqanlarında yazıları çap olunur. Mən onu yeni kitabı münasibətilə təbrik edir, daha böyük uğurlar diləyirəm". Tədbirin aparıcısı şair Nazilə Gültac Günel Natiqin yaradıcılığı haqqında geniş danışıb, yeni kitabından bəhs edib. Deyib ki, kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr yer alıb. Hekayələrin mayası, mənası həyatın içindən gəlir. Yazar cəmiyyətdə baş verənlərə, insan taleyinə, həyata biganə olmadığını bu kitabda qeyd edib: "Kitabın adından da göründüyü kimi, müəllif hekayələrində insan psixologiyasının dərin qatlarına enir. O, radio verilişlərində ədəbiyyata, incəsənətimizə yer verir. Nəsrdə yazan yazıçılar çoxdur. Ancaq insan qəlbini dindirən hekayələr azdır. Günel xanımın hekayələri o azlardandır. Onun hekayələrində fəlsəfi düşüncə ilə insanın romantik duyğuları çuğlaşıb. Son zamanlarda "Könül körpüsü" layihəmizlə Türk dünyası yazarlarıyla ədəbi əlaqələr yaradırıq. Günel xanım da bu layihəmizin aktiv iştirakçılarındandır. Türkiyəli yazıçı, şair Coşqun Qarabulud onun hekayələrini türkcəyə çevirib. Tezliklə Türkiyədə çap olunacaq".

Kitabın müəllifi Günel Natiq çıxış edərək kitab haqqında məlumat verib, qeyd edib ki, "Mütərcim" nəşriyyatında çap olunan kitabın redaktoru Rahil Tahirlidir: "Mənim bütün həyatım ədəbiyyatla bağlı olub. Əslində, heç zaman hekayə yazmaq fikrində olmamışam. Radioda yazdığım çıxışları, mətnləri hər kəs kiçik hekayələrə bənzədirdi. Beləcə hekayələrim bu kitab yarandı".

Yazıçı jurnalist Tahir Talıblı çıxışında deyib ki, Günel Natiq gələcəyin yazıçısıdır: "O, sabahı yazan, sabah üçün yazan yazıçıdır. Jurnalist kimi fəaliyyəti çox təqdirəlayiqdir. O, haqqa qurulu insandır. Günel Natiqin "Qərib axşamlar" proqramının həm adı, həm özü böyük bir tapıntıdır". "Güneldə atasından anasından keçmə irsi istedad var"- deyən Xalq artisti Eldost Bayram Natiq Səfərli haqqında danışıb, deyib ki, o, təkcə istedadlı yazıçı deyildi, qeyri-adi insan idi: "Mən Günelin verilişləriylə, yazılarıyla mənən zənginləşirəm. Hərdən düşünürəm ki, belə az yaşında bunları hardan tapır, necə tapır, necə bacarır. Sonra isə bunun ona ailəsindən keçmə bir istedad öz zəhmətinin bəhrəsi olduğunu etiraf edirəm". AYB Ədəbiyyat Fondunun direktoru, yazıçı Əjdər Ol müəllifə irihəcmli əsərlər yazmağı tövsiyə edib: "Günel Natiqin hekayələri bir gözəl an kimi parlayıb çəkilir. Bu cür kiçik həcmdə yazmasının bir səbəbi bəlkə radio ilə əlaqədardır. Çünki orada həmişə kiçik mətnlər yazmalı, zamanı həcmi nəzərə almalı olub. İndi isə mən ona irihəcmli əsərlər yazmağı arzulayıram. Ustad övladından şəyird olmaz deyiblər. Günel şəyird deyil. Biz hamımız onun istedadına inanırıq".

Şair, ədəbiyyatşünas Afət Viləşsoy Günel Natiqin əsərlərinin dilindən danışıb: "Günel xanım özü necədirsə, sözü o cürdür. Onun nitqində , əsərlərində türkçülük motivi var. Bu motiv silsilə təşkil edir. Onun dili də təmiz Azərbaycan dilidir".

Yazıçı Azər Abdulla çıxışında Günel Natiqin bir ədəbiyyatçı kimi biliyindən, məlumatlılığından söz açıb: "Onun istedadı soydan gələn dəyərdir. Özüçox məsuliyyətli, məlumatlı yazıçıdır. Dünya, rus ədəbiyyatından bilgili olduğundan yazıları da orijinaldır. O, sözü duyan yazıçıdır". Şair Namiq Dəlidağlı deyib ki, "Məhəbbət quşları" kitabını oxuduqdan sonra o da Günel Natiqin oxucusuna çevrilib.

Daha sonra çıxış edənlərdən Qorxmaz Şıxəli, Tahir Tağısoy, Cavad Zeynallı, İlqar Türkoğlu, Təranə Vahid, Aysel Fikrət, Narıngül Nadir, Rəfail Tağızadə, Reyhan Kənan, Yeganə İsgəndərova, Gülnar Əhmədova və başqaları Günel Natiqin yaradıcılığı haqqında xoş düşüncələrini bölüşüb, müəllifi yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda çıxış edən Günel Natiq tədbirdə iştirak edənlərə və çıxışçılara öz təşəkkürünü bildirib, "Məhəbbət quşları" kitabını qonaqlar üçün imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 6 dekabr.- S.8.