Romanda nağıl rəngləri
Günümüzün romançılığı ənənələrə
uymağa çalışır. Çalışmaq hələ tənliklərin
həlli, yaxud lazım olan nəticəni əldə
etmək deyil. Amerikalılar demiş,
"milyon dollarlıq
sual" burda meydana çıxır:
"Ənənəni pozmağa
icazə varmı?"
Sualımızın cavabı da dəyəri qədər altısıfırlıdır. Hansı cavabı
istəsən, könlündən
nə keçsə, dilinə gətirə bilərsən. Sadəcə,
dilinə gələni
əməlinlə haqlı
çıxarmaq hünəri
lazımdır...
Dəfələrlə roman yazıb, epiloquna çatanda imtina edən biri kimi deyirəm ki, müəllif olmaq asan məsələ
deyil. Müəllif öz yazısının
həm əsiri, həm də şahıdır. Ən
əzablısı da odur ki, yazdığın
roman səni öz içində əsir saxlasın... Çünki
müəllif öz romanına könüllü
təslim olmadısa, yazdığını "shift+delete"
eləsə, düşüncəylə
yazının savaşından
üzüağ çıxar...
Seyfi Gənc
roman yazmaq üçün
12 qayda təklif edir. Bu qaydaların içində
özünəinam, zaman-məkan
uzlaşması və
səmimi dialoqlar da var. Ceylan Mumoğlunun romanında bu üç əsas qaydadan ikisi ilk fəsildəncə
qarşımıza çıxır:
özünəinam və
səmimi dialoqlar.
Müəllifin özünəinamı onun
obrazlarının dilində
də səslənir. Səmanın
əmisi arvadına inad su içməsi,
əslində, həyatda
məqsədə doğru
inamla mübarizə aparmağın simvoludur; biri var təsadüfən
ağrıyasan, dözməyib
geri çəkiləsən,
biri də var bilə-bilə ağrıların üstünə
gedəsən, əzmlə
qalibiyyətə doğru
irəliləyəsən... Ceylan Mumoğlunun obrazının hələ
kiçik yaşdan özünə olan inamı onun gələcəyinin tablolarını
rəngləyirdi...
Humayın qəmli taleyi, Səmanın kimsəsizliyi,
İlahənin sevgiyə
olan inamsızlığı...
və nəhayət, ümumi fonda
Klimtin "Qadının
üç yaş dövrü" əsəri...
Təzadlar bir-birini qovduqca tanış
ştrixlər də qovuşmağa can atır
və əsəri oxuduqca Klimtin obrazları ilə gah doğmalaşırsan,
gah da yadlaşırsan.
Qərar
verə bilmirsən ki, onlar sənin
üçün kimdir?
Bəlkə elə özünsən?
Özünsənsə, niyə parça-parçasan?
Niyə bir rəssamın, sadəcə, fırçasını
sildiyi kətan kimi bütün tablolardan bir rəng xatirə saxlayırsan?
Ceylan Mumoğlu bütün
roman boyu bu sualları cavablandırır...
Humay Klimtin tablosundakı əzabın, Səma ümidin, İlahə sevginin rəmzidir. Amma əzab həmişə sevincə, ümid işığa, sevgi də vüsala əl uzadıb. Sonunda uzanan əllər kimin ətəyindən yapışacaq? Ceylan
xanım ətək sahibini "tapmağı"
oxucuya həvalə edir; qoy oxucu
kimin ətəyindən
istəyir, yapışsın...
Bu da onun haqqıdır...
"Göy saqqal"ların kəm olmadığı həyat tablosunda Rafaelin addım səslərini eşitməz
olur bəzən qadın ürəyi... Belə yerdə əlini səmaya uzadıb "şükür kərəminə,
İlahi!" -demək
istəyir adam.
Axı, qadın ürəyinin dərininə endikcə incə sezgilər sevgiyə də qalib gəlir, məntiqə də.
Ona görə də həmişə cəngavər
döyüşündən Rafael qalib çıxır.
Ceylan Mumoğlunun
romanında da İlahənin eşq və güvən dünyasının "ağ
atlısı" Rafaeldir. Onun gecikməsi,
meydanı qısa bir zaman kəsiyində
"Göy saqqal"a
buraxması da yazıçı manevridir.
Ceylan xanım "yaxşıların qədri"nin bilinməyini istəyir. Bu arzu
ilə də İlahənin uşaq dünyasına bir nağıl qəhrəmanı
"göndərir". Yaxşı,
ya pis, əsas
odur ki, İlahə bu nağılın köməyilə
"böyüyür".
Ceylan Mumoğlu
romanın adını
"Qadının üç
yaş dövrü"
qoymaqla, əslində,
romanla Klimtin rəsm əsərinin vəhdətini yaratmağa
cəhd edir.
Üç qadının bir-birinə
çələng kimi
hörülmüş həyatlarından
bəhs edən romanda Humayın qaynanası, Rafaelin anası, mesenat xanım, Lamiyə obrazları əsas naxışın saçaqlarına
bənzəyir. Əslində, bu saçaqlar da qadın haqqında
bir pərdəli pyeslərdir... Birincisi öz eqosu üçün
qurban axtarır, ikincisi artıq hisslərinin qurbanına çevrilib, üçüncüsü
fədakarlıqla hikkənin
arasında əsir-yesir
olub, dördüncüsü
isə hələ də həyatın sevgi romansından ibarət olduğuna inanır... Burda Ceylan xanım
qarşımıza bir
rəssam kimi çıxır; elə bil, o, bütün qadın hisslərini bir fırça ilə qarışdırıb,
alınan rəngdən
müasir həyatın
hər künc-bucağına
bir çizgi çəkib.
Əsərin sonunda Klimtin
"Həyat ağacı"na işarə də əbəs deyil. Türk mifologiyasındakı qadın
başlanğıcı simvollarından
biri olan Ağac-ananın dünyəvi
obrazıdır...
Seyfi Gəncin dediyi üçüncü məqamın:
zaman-məkan uzlaşmasının
romanda fərqli ölçüləri var. Bu ölçüləri
izah etmək niyyətində deyiləm,
çünki burda da hər oxucunun
öz çərçivəsini
bəzəmək haqqına
sayğı duymam gərəkir...
"Qadının üç
yaş dövrü"
romanı müasir ədəbiyyatımızda
qadına yeni baxış kimi
yola başlayıb. Mənzil
başına-oxucuların masasına çatmağına az qalıb. Cavid Qədirin
redaktorluğuyla işıq üzü görəcək "Qadının
üç yaş dövrü" Ceylan Mumoğlunun ilk
romanıdır. Ümid edirəm ki, tezliklə Ceylan
xanımı yeni romanların müəllifi
kimi daha yaxından
tanıyacağıq.
Şəfa VƏLİ
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.24.