Ürəyim sənə yurddur

 

Biz də unutmağa başlasaq, vallah,

Sevgi zəmanənin gözündən düşər.

Bütün ayrılıqlar, həsrətlər inan

İnsanın bir kəlmə sözündən düşər.

Qorxuram unutmaq eşqin də bitə,

Ürəyin beyninə bir kölə ola.

Gərək sevəndə də eşqlə sevəsən,

Hələ unutmaq da eşq ilə ola.

Düşmüşəm qəlbinin daş tərəfinə

Hər gün yavaş-yavaş daşlaşıram mən.

Üzümdə gəncliyin əlaməti var,

Anbaan içimdən yaşlaşıram mən.

Dağılıb qəlb evim, artıq daxmadı.

Heç kimyaşamaq istəmir orda.

Bilirəm, yaşarsan, yığış gəl mənə,

Çevrilsin ürəyim səninçün yurda.

 

Bütün sevgililər qovuşacaqlar

 

Sənin bu yoxluğun niyə utanmır,

Hər gün bir az daha üstümə gəlir?

Sənsiz göy boydaca çarəsizliyim

Dərd olub dərdimin üstünə gəlir.

Bu sənsizlikdi, qurbanın olum,

Ruhum xəyalından sevgi dilənir.

O qədər boş evlə dərdləşmişəm ki,

Sanıram daş, divar, qapı dillənir.

Ey uzaq sevdanın doğma adamı,

Bilirəm gələssən, gözüm yol çəkir.

Mənim sağ tərəfim rahat yaşayır,

Bütün ağrıları hələ sol çəkir.

Gözlərim açılmaq kimi vərdişin

İndi yavaş-yavaş tərgidir, atır.

Sənin yoxluğunun verdiyi dərdlər,

Vallah azca-azca qəlbimə batır.

Gəlsən, söz verirəm, ovuclarıma

Alıb saxlayacam səni ölüncə.

Bütün sevgililər qovuşacaqlar,

Sən mənim, mən ki sənin olunca...

 

Uzaqlarda biri ola sevməyə

 

Uzaqlarda biri ola sevməyə,

üzünü gördüyün, gözünə baxdığın.

Səsinə vurulduğun, ruhunu hiss etdiyin,

Gecənin dördündə onunçün darıxdığın.

Uzaqlarda biri ola sevməyə,

Bir səbəb axtarmadan, gecə-gündüz sevəsən.

Küçə-küçə, evbəev hər gün onu axtarıb

Ev-eşiyi unudub, yubanasan evə sən.

Uzaqlarda biri ola sevməyə,

Onunçün anandan da hər gün oxlov yeyəsən.

Paltarında oxlovun dəydiyi yer süzülə,

Vecinə almayıb elə onu geyəsən.

Uzaqlarda biri ola sevməyə,

Hər dəqiqə zəng eləyə, yaza, bezdirə səni.

O qədər sevə səni eşqindən dəli edə,

Ürəyinə həbs edib gizlin gəzdirə səni.

 

Sən bilməyən darıxmağım

 

Mənim sən bilməyən darıxmağım var,

Cismim yalanlaşır bu həyat kimi.

Sənə uzaq düşən qəlbim kişnəyir,

Yarası duzlanmış dərdli at kimi.

Mənim sən bilməyən darıxmağım var,

Qəlbimi üşüdüb buza döndərir.

Ruhumu möhkəmcə sevgimə büküb

Hər gecə yarısı sənə göndərir.

Mənim sən bilməyən darıxmağım var,

Alıb boşluğunu üzümə vurur.

O qədər vicdansız darıxmaqdı ki,

Səhərlər məndən tez yuxudan durur.

Mənim sən bilməyən darıxmağım var,

Edib ev küncünün dustağı məni.

Sevgini qoluma zəncir tək vurub

Beləcə dağıdır bütün aləmi.

Mənim sən bilməyən darıxmağım var,

Əl çəkmir məndən heç, evi yıxılsın.

O da hər kəs kimi arzulayır ki,

Sevginin mən boyda divi yıxılsın.

 

Ürəyimə sığal çək

 

Mənim hisslərimin təmkini yoxdu,

Bir görürsən ki, özündən çıxır.

Canımı ağrıdır ağrı-acılar,

Hər gün qətrə-qətrə gözümdən çıxır.

Qəlbim sənsizliyin əlində qalıb,

Get deyir, yoxluğun sözünə baxmır.

Donur qarış-qarış ürəyim, donur,

Eşqin alovuna, közünə baxmır.

Gəlib ürəyimə sığal çək bir az,

Bəlkə sağalar, adına qurban.

Sənin sığalının həm doğmasına,

Həm sənin kimi, yadına qurban.

 

Qızcığaz

 

Somalili qızcığazın

"Bu həyat hansı günahımın bədəlidir, Tanrı" -

deyərək baxan, gözlərindən anladım

qara dərili insanların ömründəki tək qaranın

dərilərinin rəngi olmadığını.

Ona kimi çox düşünürdüm.

Onlar gün görməyə məhkumdurlar,

"Niyə"sinə, Tanrı ömürlərinə yazdığı bütün qaranı

dərilərinə sürtmək üçün istifadə edib,

cavabını verirdim gülərək.

Bilirsən, Busala?

Biz bəyazlığımızdakı qaralıqla

onlarsa qaralıqlarında olan bəyazlıqla

seçilirlər.

Biz qapqara yazılarla dolu

sol dəftərimizlə çıxırıq Tanrının hüzuruna,

onlarda dəftər belə olmur.

Axı Tanrı bilir onların qədər təmiz olduqlarını,

onların qədər günahsız yaşadıqlarını,

Ya da yaşamadıqlarını.

Ac yaşamaqdan yaxşıdır axı tox ölmək, Busala!

Onların yaşamlarıdı

müqayisədə ölümdən böyük görünən.

Balaca olan tək şeyləri

tikələrinin görülməyəcək qədər olmağı,

yada görüləcək qədər olmamağıdır.

Hər şey, ya da elə heç budur, Busala!

 

Payızın Fatihəsi

 

Payızı öldürüb dəfn elədilər,

Bundan sonra

Hər payız şeiri ölən sonbahara

"Fatihə" kimi ünvanlanacaq.

Çılpaq ağaclar

ölən yarpaqların üstündə baş daşı kimi

dayanacaq,

Tək ziyarətçiləri sevgililərin payız eşqi.

Gül-çiçək yox...

Sevgi gətirəcəklər payızın ziyarətinə.

Artıq yoxdu payızım...

Gözümdə qatil olub

Əlində süpürgəylə ağacı döyən xala.

Payızı döyən xala.

Bəlkə son zərbəni elə o xala vurdu

Payızın yaşamaq ümidinə.

O Xalaya səslənirəm: öldürdün payızımı.

Gəl, özün dəfn elə.

"Fatihə"sini mən deyim,

Sən Payızdan əfv dilə...

 

Hər qadın

 

Hər qadın azcana müqəddəs olur,

Hər qadın çoxcana günah mələyi.

Hər qadın düzünü deyir çox zaman,

Hər qadın bir az da sevir kələyi.

Hər qadın ömrünü şam tək yandırır

Onunçün odlara yanan adamçün.

Hər qadın yandırır ömürləri

Sevgini yox sayıb danan adamçün.

Hər qadın eşq kimi axmağı bilir,

Sevgiylə döyünən saf ürəklərə.

Sevda görməyincə çıxmağı bilir,

Qoşulub puç olan xoş diləklərə.

Hər qadın əlləri yemək qoxuyur,

Hər qadın saçları yasəmən gülü.

Hər qadın ürəyi göz önündədi,

Görməyən insanlar ölüdü, ölü.

Hər qadın azcana müqəddəs olur,

Hər qadın çoxcana günah mələyi.

Hər qadın düzünü deyir çox zaman,

Hər qadın bir az da sevir kələyi.

 

Qadınsızlıq

 

Açılır səhər...

Paltarlarını ütüləməyə

çalışan qızımızın sifəti,

Yeməyi qızdırarkən

əllərini yandıran oğlumuzun

tuluqlanan əlləri,

anasızlıq hönkürür.

Yalnızlıqdan ağlayan ürəyimin

Qan dənizi gözləri

Yoldaşsızlıq hayqırır.

Hələ evdən getməmiş

Tünd ətirinə bağlanıb

Zibilli ev-eşik .

Hətta, inanmazsan,

Gecə yarı oyanıb

"A pişik get" demənçün

Canını belə verər bizim qara pişik .

Sənin üçün darıxır süpürgənin hər çöpü,

Qazlar kəsilən zaman

Alıb çay dəmlədiyin

qonşunun köhnə tüpü.

Əlinlə döyülməkçün

az qalır ki, özünü

Özü aparıb asa

Şəritə kənd xalçası.

Atılan dənləri də

toyuqlar yemir artıq

Sən atmamısan deyə.

Ey qadın, hamısını qoy bir yana

Mən elə darıxıram ki,

Bu qədər böyük evə

Hər şey sığışır amma

Bir sənsizlik sığışmır.

Getməməliykən gedən

Gəlməliykən gəlməyən.

 

 

Qızbəsti SULTAN

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.23.