"Tatar çölü"ndə qalan
insan
Esse
İtaliyalı rəssam, jurnalist
və məşhur yazar Dino Bussati 1933-cü ildə qələmə aldığı ilk romanı
"Dağların adamı
Barnabo" romanında
altı il sonra baş verəcək və milyonların ölümü
ilə nəticələnəcək
qanlı müharibəni
əvvəlcədən xəbər
verir, 1940-cı ildə
yazdığı "Tatar çölü" romanında
isə bütün bu proseslərin qarşısının əvvəlcədən
alına bilinməyəcəyini,
bunun dünyanın qismətinə yazılmış
olduğunu bir insanın alın yazısı ilə ortaya qoyur.
"Dağların adamı Barnabo"nu oxuyarkən onun bu romanın
təsiri ilə irəlidə daha əhatəli bir şey yazacağını
əvvəlcədən hiss edə bilirsən. Romanda hadisələr İtaliyanın
San Nikola qəsəbəsi yaxınlığındakı Palazzo təpəsində baş
verir. qəsəbənin
ətraf ərazilərlə
əlaqəsini yaxşılaşdırmaq
üçün dağların
yamacı ilə yol çəkilməsi nəzərdə tutulur. Tikinti üçün lazım olan avadanlıqlar və dağların partladılmasında istifadə
olunacaq partladıcı
maddələr Palazzo təpəsində
gizli, gözdən uzaq bir mağarada
toplanır. Amma oğurluq
hallarının başlaması
və qış fəslinin gəlməsilə
yol çəkilişi
dayandırılır. Hadisələr bundan sonra öz məcrasını dəyişir və daha sirli, mistik,
amma bir o qədər də aydın şəkildə
cərəyan edir.
Silah-sursatla dolu anbarın mühafizəsi üçün
meşə qoruqçularından
ibarət əlavə
dəstə yaradılır. Onlar növbə ilə anbara keşik çəkir və ürəklərinin dərinliklərində
hələ tikinti başlamamış buradan
oğurluq edən quldurların bir daha geri dönəcəklərini
hiss edirlər. Gecdə olsa
bu, baş verir.
Anbarı qarət edən quldurlar "biz geri qayıdacağıq" demişdilər
və qayıtmalı
idilər. Barnabo onları gözləyirdi.
Bəs onlar gəldimi?!
Dino Bussati hər
şeyi əvvəlcədən
görmüşdü. O, bu romanı yazarkən öz vətəni İtaliyada Benito Mussolini artıq
neçə illər
idi ki, hakimiyyətdəydi
və xalqı öz ardınca bataqlığa çəkib
aparırdı. Bir neçə il
sonra isə Adolf Hitler
ilə ittifaq quracaq və onun başlatdığı
amansız müharibəyə,
ölümlərə və
dağıntılara ortaq
olacaqdı. Buzzati bu faşistlərin
aydın şəkildə
görünən addımlarını,
gizli şəkildə
bir təpədəki
silah anbarının və onu qoruyan
sıravi keşikçi
Barnabonun taleyi üzərindən qələmə
alırdı. İkinci dünya
müharibəsinə qədər
də bu dünya saymaqla bitməyəcək müharibələr
görmüşdü. Kimisi qalib gəlmişdi, kimisi məğlub olmuşdu. Amma sonda sülh
imzalanmışdı. Silahlar bir "anbara" yığılmış, qapılar
"möhürlənmiş" və qapıya da "keşikçi"
qoyulmuşdu. Amma illər
keçir, haradansa iki quldur peyda
olub anbarı qarət edir, müharibə yenidən başlayır. Silahlı keşikçi
isə nə güllə ata, nə də səs salıb onları qorxuda bilir. Bu, onların
taleyidir. Birinin alnına
bu anbarı qarət edib, müharibəni başlatmaq,
digərinin alnına isə buna susmaq
yazılıb. Bu müharibə mütləq
olmalıdır. Çünki insan kimi bu
dünyanın da öz taleyi var. Elə o da bizim
kimi bundan qaça bilməz.
Ancaq Barnabo bu anbarın keşiyini çəkməklə
kifayətlənmir. O, illər
sonra qarşımıza
Covanni Droqo kimi çıxır.
Dino Bussati "Tatar çölü"
romanını tamamlayanda
İkinci Dünya Müharibəsi iki il idi ki, davam edirdi.
Barnabo Droqoya çevrilmiş, zabit olmuş və ölkənin ucqarında yerləşən
Qalaya təyinat almışdı. Bu, onun üçün həyatının dönüş
nöqtəsi idi.
Çünki deyilənə görə.
bu Qalaya
barbarlar hücum edə bilərdilər. Amma Covanni Droqonun zamanında da Qalaya hücum olmadı.
O, burada ömrünün ən gözəl illərini boş yerə, nə zaman baş verəcəyi məlum olmayan hadisəni gözləməklə keçirirdi.
Hər gün hücum haqqında məlumatlar gəlir, amma heç nə baş vermirdi. Hətta bir dəfə onun gözünə uzaqlarda, lap uzaqlarda hərəkət edən qaraltılar görünmüşdü.
Gəlirdilərmi?
Həqiqətənmi faşizm bu işıqlı dünyaya hakim ola
bilərdi? Dünyanın alnına qaranlığın
idarəsi altında olaq yazılmışdı?
Qalanı (dünyanı) bu
adamlardan qorumaq mümkün idimi? Sıravi, bu qaladan qaçmağa,
xidmətini şəhərdəki
hərbi hissədə
etməyə çalışan
Droqo bunun qarşısını ala bilərdimi?
Ən əsası isə romanın məğzini ifadə edən alın yazısından qaçmaq mümkün idimi? Bu suallar
romanda cavabsız qalsa da, reallıq
onları cavablandırdı.
Amma yazar əsərin sonluğunda oxucu üçün cavabı
tapmaqda köməkçi
olacaq işığı
göstərir.
Ədəbi tənqidçilər "Tatar çölü"nü kafkasayağı
roman hesab edirdilər. Onu hətta
Kafkanın "Qəsr"i
ilə də müqayisə edənlər
də olurdu. Amma unutmaq olmaz ki,
Kafka üçün bu
dünya qara rəngdədirsə, Dino Bussati
üçün dünyanın
rəngi fərddən
fərdə dəyişir.
Hamı bir deyil və
hərənin nə zamansa ortaq nöqtədə
kəsişsə də,
öz alın yazısı var.
Dino Bussatinin romanlarında müharibə izləri nə qədər aydın görünürsə, onun alt qatında bir o qədər də mistika və sirr var. Bu sirrin adı "taledir". Hamının məhkum olduğu, bəraət ala bilmədiyi və sonuna qədər çəkməli olduğu "tale". Yazar üçün bu romanları yazmaq belə alın yazısından qaça bilməmək idi. Ona görə Dino Bussatinin roman dili insan ömürləri kimi bəzək-düzəksiz, sadə və qısadır. O, sizi mürəkkəb, dolanbaclı cümlələrlə yormur. Sirrini hər kəsin başa düşəcəyi, amma asanlığını görüb arxasında sirr ola biləcəyindən şübhələndiyi cümlələrin ardında gizlədir. Ona bu işdə rəssamlığı da kömək edir.
Bussati romanlarında nəyisə və ya kimisə gözləyir və bu gözləntilər olduqca uzundur. O qədər uzundur ki, bir insan ömrünə sığmır, əsərin qəhrəmanının ömrünü belə adlayıb keçir və digər bir romanda, başqa adla ortaya çıxan qəhrəman bu ömrü Herakl göy qübbəsini çiyinlərinə götürəntək götürür və gözləməyə başlayır. Dino Bussatini romanlarında insan deyil, zamanın ürək döyüntülərini eşidilir. Onun qəhrəmanları sakit, zamanı isə həyəcanlıdır. Onun üçün hər şey irəliyə gedir və geriyə yol yoxdur, səhvlər də bağışlanmır. Onun qəhrəmanları əllərində silah, silahla dolu bir anbarı, qalanı və ya başqa bir yeri, digər silahlı adamlardan qoruyur. Və bu qəhrəmanlar tez-tez yuxu görürlər. Adətən daha çox dağların görüldüyü bu yuxular haqqında yazar belə deyirdi: "Yuxu görmək mənim üçün qidalanmaq kimi bir şeydir. Gecələr dağlarla əlaqəli çox yuxu görürəm. Onların hamısında narahatlıq var".
Dino Bussatinin sevilən yazar olmasında təəccüblü də olsa faşizmin böyük rolu var. Bəli, bu, belədir. Belə ki, yazarın ədəbiyyata qədəm qoyduğu dövr İtaliyada Mussolinin başçılığı altında faşizmin yüksəldiyi dövr idi. Reallıqlar olduğu kimi deyilə və yazıla bilmirdi. Bu senzuradan Bussati də öz nəsibi almışdı. Amma o, gördüklərini başqa dillə, özünün yaratdığı "sehrli reallıq" üsulu ilə çatdırmağa başladı. Buna görə də onu heç bir ədəbi cərəyana və "izm"ə aid etmək olmur.
İnsan övladı özünü dərk edəndən
narahatlıq içindədir, kimisə və ya
hansısa qeyri-adi bir
hadisəni gözləyir. Tatar
çölündə sonlanacaq bu gözləntinin baş
verəcəyi ana kimi
əli-qolu bağlı dayanmaqdan başqa da çarə görünmür.
Taleh EMİNOĞLU
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.21.