Qeybə çəkilmişlər
hekayə
Gecəyarısı təngnəfəs yuxudan oyandım. Kimsə yoxdu. Lap kinolardakı kimi. Hamı qeybə çəkilmişdi,
hamı yoxa çıxmışdı, səs-səmir
gəlmirdi.
Dəhşətli sakitlik içimi yeyib-bitirməmiş qonaq otağına keçib özümə bir stəkan sərin yox, buz kimi
soyuq su süzdüm, o dəqiqə
də başıma çəkdim. Kresloya yapışıb yerimdə qurcuxa-qurcuxa hər şeyi təzədən fikirləşməyə
başladım, ya da cəhd elədim
buna, alınmadı.
Olanların başqa adı
yoxdu ki. Bildiyin bütün insanlar izsiz-tozsuz yox olmuşdular. Özümü birtəhər sakitləşdirib
onların yoxluğundan
necə istifadə edə biləcəyim haqda düşünmək
istədim, ancaq bu cəhdim də eyni sonluğa
düçar oldu.
İstəyirdim, dünyadakı yeganə
insan kimi hər kəsin alqışından, diqqətindən
zövq alım, di gəl, nə
alqışlayan vardı,
nə də pərəstişkar.
Yuxudan oyanmasam,
bəlkə də, heç belə olmazdı. Hamı yaşayardı indi.
Qonşular yenə gecənin
bir aləmi dreli götürüb baş-beynimizi aparardı,
rayondan gələn qohumlarımız yan otaqda söhbət edərdi, anam mətbəxdə nəsə
mızıldana-mızıldana yemək bişirər, mən də mənasız, boş kitablar oxuyardum. Hə, gərək, oyanmazdım,
belə düşünürdüm
o gecə. Ancaq bir
halda ki, oyağam, gərək məsələnin axırına
çıxaydım. Ola
bilərdi ki, bu, yuxudu. Yaxud da dəli
olmuşdum və ya bəlkə, mənə vəhy gəlmişdi?! Bir az şişirtdim,
ancaq mümkündü
ki, son günlər yaşadığım gərgin,
stresli günlər ucbatından belə qəribə psixoloji "hadisələr" yaşayırdım.
Ağlıma hər cür
ehtimal gəldikcə qrafinin bütün suyunu stəkan-stəkan içib axırına çıxdım. Həzm edə
bilməmişdim heç
nəyi. Divarın o tayında
anam yatırdı axı həmişə, indi yoxdu. Qohumlar, qonşular, gecəyarı efirə çıxıb gözəgəlimli
ağ sinəsi
və budlarıyla biz
kişiləri riqqətə
gətirən aparıcı
xanım, lap elə, məhəlləmizi tinbətin
gəzişib iylənən
bomj da, Fələstini bombalayan İsrail prezidenti də, Türkiyəyə
sanksiya tətbiq edən Amerika rəhbəri də yox idi, a kişi,
yox idi də,
dünyada gözmuncuğuna
oxşar məndən
savayı ins-cins yox idi! İki
küçə o tərəfdə
hürən itlərdən
savayı susqunluğuma
səs verən canlı deyilən zad da qalmamışdı!
Təkdim, tənhaydım...
Bu qəraib vəziyyətə
necə təpki verməli - qəzəblənməli,
yoxsa üzülməlimi
- nə etməliydim?
Kəsdirə bilmirdim heç
nəyi. Fikrim-zikrim, elə
bil, həmin insanlarla birlikdə ərşə çəkilmişdi.
Bir halda ki, yoxdular,
neyləyək? Ən yaxşısı
yatmaqdı. Oyanıb
ağıllı başla
nəsə fikirləşərəm,
bəlkə də, kimsə oğurlayıb onları, bir animasiya filmi vardı e, lap ordakı kimi...
İşdir də, ola bilər, dünyada nə mümkün deyil, axı? Belə uğursuz təskinlikdən
sonra özümü güc-bəla yuxuya verdim. Ancaq niyəsə görə, həyəcandan yatdığım
kimi də oyandım... Qan-tər içində, nəfəsim
gedir, ancaq gəlmir, özüm də ki, görən
olsa, deyər, dalınca atlı
qaçırdı, a kişi?
Düz də deyərdi də, o nə halətiydi? Yatmağımla oynamağım 10 dəqiqə
çəkərdi, ya
15. Bircə ondan xəbərim
var ki, yerimdən
qalxıb təzədən
su içməyə gedəndə qulağıma
xorultu səsi gəldi. İnanmazsınız, mən ömrümdə
ilk dəfəydi ki, xorultu səsini belə acgözlüklə
dinləyirdim. O qədər
ki, hətta qulaqlarımla ağlayacaqdım.
Bu, babamın səsiydi. Qaçaraq keçib bir-bir
yan otaqlara baxdım. Hamı yerindəydi. Anamın kürəyinə çəkdiyi
odeyal sürüşüb
yerə düşmüşdü,
götürüb ehmallıca
üstünü örtdüm.
Qonaqlar da çarpayılarında
yenidən peyda olmuşdu. Xoşbəxtliyim
ucu-bucağı görünməz
okeana çevrilmişdi,
aşıb-daşırdı və məhz həmin okeanın suyunda qeyb olanadək
zənn eləyirdim ki, yarımca saatlıq bədbəxtliyə
düçar olduğum
həmin vaxt kəsimi yəqin, yuxuydu, xəyaldı, xatirəydi, hər nəydisə də, gerçək deyildi, oldu, keçdi, qurtardı.
Səhərisi dostlarımla görüşəcəyimiz
yerə onlardan qabaq gəlmişdim. Ətrafa
nəzər salanda nəsə qəribə şeylər hiss elədim...
Fikir verdim, elə bil, bu
dəfə insan axını yüngülləşmişdi,
adamların içindən
nəyisə götürüb
aparmışdılar, sanki
hamı kölgələşirdi...
Şəhəri dünən gecə
ulduzlara hürən itlərin sükutu bürümüşdü. Nəydi bu? Anlamırdım. Hətta o gün dostlarımla
oturub domino oynayanda əlimdəki altıqoşanı
öldürən Rəhmanı
o biri turda məğlub eləyən
anda mənə elə gəldi ki, qarşımdakı insan yox, ölümdü.
Həmin
günü beləcə
duruxmuş vəziyyətdə
keçirdim. Elə bil,
uşaqdım, ağaca
çıxmışdım və əl atdığım bütün
budaqlar sınıb eləmirdi, birbaşa yoxa çıxırdı.
Təsvir elədiyim vəziyyətdən
fərqli gündə
deyildim açığı.
Həmin
gecədən sonra insanların sözləri,
vədləri, andları
önəmsizləşməyə başlamışdı. Sürətlə ümidsizliyə düçar
olurdum. Ağlımda min cür fikir
cövlan edirdi. Adamlar vaxtdan ibarətdir və onların bütün fikirləri öz zamanları qədər gerçəkdir.
İndi Rəhman olmasın, Cavid olsun, Toğrul olsun, efirdəki ağ sinəli
aparıcı, ya da drellə başımızı aparan
qonşu olsun, onların hansı gerçəkdi? Özü
də bu ümidsizlik məni ən çox onda incitdi ki,
axşam gəlib anamın boynunu qucaqlayanda ətrini qoxladım və anam mənə pıçıldadı - yəqin,
hiss eləmişdi oğlunun
qəribsəmiş halını:
"Anan həmişə yanındadı".
Allah haqqı özümü
güclə saxladım,
hönkürəcəkdim, ürəyim sıxıldı,
nəfəsim daraldı,
dünya başıma
döndü, istədim
deyim, qurban olum, ana, mənə
həyat boyda ölüm danışma,
dözmürəm. O gün
yoxa çıxmışdın,
sən də, dostlarım da, hətta ən zəhləmgetmiş tanışlarımız
da, hamı yoxa çıxmışdı.
Mən gördüm bu lənət yoxluğun dəhşətini. İndi sənin
bu sözlərin məni yeyib bitirir. Bir bütöv qrafinin suyunu içib sərxoş olduğum gecədən bu yana ömrümdə
belə təsiredici cümlə eşitməmişdim:
"Anan həmişə yanındadı".
O gündən sonra dəyişməyə başladım.
Dərs otağına girəndə
kimsə görmürdü
məni, uşaqlar elə bilirdi, daha oxumuram. Dostlarla görüşəndə əhvalımı
soruşmaq indi kimsənin yadına düşmürdü. Görünən dağa nə bələdçi, axı?
Hər şey məlumdu. Bu yazıq oğlan
dəli olub da. Adam da
heç bir yuxudan ötrü cəmiyyətdən uzaqlaşar?
Ha-ha-ha!
- Məcnun!
- Məcnun?
Bu xitabdan sonra bir qədər özümə gəldim,
çox yox, az, lap az. Heç olmasa, ondan ötrü
ki, Məcnunun eşqi ilahiyə, Allaha idi və
Allah yox olmurdu, qeybə çəkilmirdi,
əksinə, qeybin özü Onun sərəncamındaydı və
ən azından, nə vaxtsa yoxa çıxacaq əzizlərim onun hüzuruna gedəcəkdilər.
Məcnun xitabını sevmişdim.
Bəli,
mən, məcnundum.
Sevdiyim biri vardı, aşiq olduğum, bağlandığım,
ruhumu verdiyim ilahi varlıq...
Bir gün axşamçağı dərsdən
gəlib anamı bərk-bərk qucaqladım. Ona dedim ki, həmişə
yanındayam. Gülümsədi,
cavab vermədi, sadəcə susdu, həmin gecənin səssizliyi tək... Sonra şam yeməyimi bitirib sevdiyim qadınla qovuşmağa tələsdim. Parkda
görüşdük və
salamlaşdığımız andaca əllərindən tutdum, eynisini ona da pıçıldadım:
"Həmişə yanındayam".
Al rəngli gözləri
işıldadı, boynuma
sarılıb dedi ki, məni çox
sevir, lap çox. Sonrakı bir saat boyunca şəhərdə
gəzişdik, hiss edirdim
ki, nəhayət, hər şey qaydasındadı, artıq
rahat nəfəs ala bilirdim, hə, bir də ki,
xanımım da tez-tez susurdu... Beləcə, o gün gecəyə kimi bütün dəyərli
dostlarımla tək-tək
görüşdüm, danışdım,
eləsi vardı, görüş alınmadığı
üçün lap quruca
mesaj yazdım: "Həmişə yanındayam".
Və üç gün sonra, yeni il gecəsi, evimizdəki hər kəs yatan kimi sakitcə qonaq otağına keçdim, qrafindəki təkanlıq suyu bitirib xoşbəxtlik okeanında qeyb oldum. Məni kimsə axtarmadı. Kimsə...
Qeyd: Bu
hekayənin müəlliflik hüququ sizin vicdanınız tərəfindən qorunur.
Mir Çingiz AĞAZADƏ
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.21.