1920-ci illərin
elmi-nəzəri fikrində Nəsimi
(İSMAYIL
HİKMƏTİN TƏDQİQATLARI ƏSASINDA)
Bakı divanı üzərində apardığı tədqiqatlar İ.Hikməti Nəsiminin öz şeirlərinin bir qismində "Hüseyni" təxəllüsünü işlətdiyini dəqiqləşdirməyə imkan verir. Divan üzərindəki müşahidələri tədqiqatçını Nəsimi yaradıcılığında "Seyid Hüseyni" və "Seyid" təxəllüslərindən də istifadə etməsi haqqında mülahizə irəli sürməyə imkan verir. Həmin divanda yer alan ayrı-ayrı qəzəllərdən verdiyi parçalar onun mülahizələrinin əsaslı olduğunu göstərir. İ.Hikmətin təqdim etdiyi parçalardan məqtə beytləri burada veririk:
Gəl imdi söyləgil Seyyid Hüseyni
Bu sözlər mənisi səttar üçündür
Və yaxud,
Seyyidin razü niyazın məxzəni sənsən bu gün,
Həm sana gəlmiş əzəldən sidqü iqrarım mənim.
Türk xalqlarının ədəbiyyatı tarixində "Hüseyni" təxəllüsü ilə şeir yazan sənətkarların adları İ.Hikmətə yaxşı məlumdur. Bu təxəllüsün təzkirələrdə adı yer alan Hüseyni Bağdadiyə, eləcə də məşhur cığatay şairi Hüseyn Bayqaraya məxsus ola biləcəyi ehtimalını tədqidqatçı nəzərə alır. Onun mülahizəsinin elmiliyini və inandırıcılığını şərtləndirən cəhət odur ki, alim bu sənətkarların da yaradıcılığına, bütövlükdə dil və üslubuna yaxşı bələddir. İkinci tərəfdən, Nəsimi divanında Hüseyni təxəllüsü ilə yer alan şeirlərin dil, üslub, düşüncə tərzi, ifadə olunan fikirlər baxımından Nəsimiyə məxsusluğu dəqiqləşdirilir. Bu faktın dəqiqləşdirilməsini "ədəbiyyat tarixi nöqtəsindən mühüm bir vəsiqə" hesab edən İ.Hikməti narahat edən odur ki, Nəsimi divanlarının sonrakı nəşrlərində "Hüseyni" təxəllüsü "Nəsimi" təxəllüsü ilə əvəz edilir. Tədqiqatçını narahat edən məsələlərdən biri də budur ki, Nəsiminin bu əlyazma divanı əsasında nəşr olunan divanlarda şairin "ləhcə və imlası" təhrif edilir. İ.Hikmət yazır: "Nəsiminin öz ləhcə və imlasına aid xüsusiyyətləri havi olan bu divan ilə mətbuları arasında böyük fərqlər vardır. Təb edilmiş nüsxələr çox böyük təhrifata uğramışdır". Heç şübhəsiz ki, mətnşünaslıq və Nəsimi divanlarının elmi-tənqidi mətninin hazırlanması, müasir oxucuya çatdırılmasını şərtləndirən cəhətlər baxımından İ.Hikmət məsələni çox düzgün qoyur.
İ.Hikmət Nəsimi irsi ilə bağlı araşdırmalarını onun divanlarının əlyazma və mətbu nüsxələri üzərində müşahidələri ilə bitirmir. O, Nəsimi irsini dünyanın əlyazma kitabları ilə zəngin olan kitabxanalarındakı əlyazma toplularında da axtarır və müəyyən uğurlar əldə edir. Bu mənada onun Leninqradın Şərq muzeyndəki müxtəlif sənətkarların əsərlərindən ibarət əlyazma toplularından tapıb üzə çıxardığı iki şeir Nəsimi irsini zənginləşdirən faktlardandır. Bunlardan birincisi "Bəhrul-əsrar"
adlı bir qəsidə, o birisi isə:
Adəm əz
xak çün hüveyda şod,
Dər dəryayi-eşq
peyda şod -
beyti ilə
başlayan bir tərkibbəndidir. Hər iki nümunə fars dilindədir. İ.Hikmət
bu əsərlərin tapılması ilə kifayətlənmir.
O, axtarışlarının dairəsini genişləndirir. Məlum olur ki, "Bəhrul-əsrar" qəsidəsi
Ə.X.Dəhləvinin "Dəryayi-əbrar" adlı qəsidəsinə
nəzirə olaraq yazılmışdır. İ.Hikmət onu da meydana çıxarır ki, Nəsimidən
qabaq bu şeir Cami, Nəvai, Şahi kimi şairlər tərəfindən
"tənzir olunmuşdur".
Sələfinin yaradıcılığına münasibətini
aşkarlayan bu fakt Nəsimi şeirinin Şərq poetikası
zəminində yetişməsinin dəlilidir. İ.Hikmət məsələnin
bu tərəfinə diqqət çəkir: "Bəhrul-əsrar"
da özündən əvvəl yazılmış bu tərzdəki
qəsidələr kimi tamamilə mütəsəvvifanədir".
Tədqiqatçının bu mülahizəsi Nəsimi
şeirindəki təsəvvüf meyllərinin ancaq
hürufizmin təbliği ilə bağlı olmadığını,
bu bağlılığın ilk dövrlərdə həm də
Şərq poeziya ənənələrindən gəldiyini
sübut edir. Bu cəhət sələf-xələf
münasibətləri kontekstində Həsənoğlu-Nəsimi
əlaqələrində də özünü göstərir.
İ.Hikmətin Nəsimi yaradıcılığı
ilə Yunis İmrə yaradıcılığı
arasında apardığı bəzi paralellərdə onun təsəvvüf
düşüncəsini klassik irsə bağlayır.
Nəsiminin Həsənoğlu
yaradıcılığına, eləcə də Yunis İmrəyə
marağının əsasında məsələnin bu tərəfinin
dayanması ehtimalı, fikrimizcə, kifayət qədər
ağlabatandır. Hər halda, xalq şeiri üslubuna əsaslı
meylində Y.İmrə irsinin əsaslı təsiri
şübhə doğurmur və hər ikisində bu tipli
şeirə meyl təbliği məqsəddən qidalanır.
İ.Hikmətin kitabı ilə eyni ildə çap olunan
"Ədəbiyyatdan iş kitabı"ndakı "Yunis
İmrəh-Nəsimi-Xətai" bölməsində
A.Şaiq yazırdı: "Öldükdən sonra bir
takım xalq mütəsəvvifləri kibi unudulub getmədi,
biəkis şöhrəti bütün Anadolu və Rum eli
sahillərinə yayılaraq xalq arasında əsrlərcə
yaşadı. Yunis İmrəhin lisanı
oğuzcadur. Bir çok sözləri və
ifadə kuruluşu bu ləhcənin (Oğuzcanın) bir kolu
olan azəricəyə daha yakundur. Mənzumələri
heca vəznilə yazılmuşdur. Divanı
hurut həca etibarı ilə tərtib olunmuşdur. 12
min misradan ibarətdir... Yunis əxlaqçıdur.
Təvəkkülü, səbri, eyi görməyi
təbliğ edər".
Diqqət edilsə, görmək çətin deyildir ki,
müəllif, Y.İmrənin şeirlərinin geniş
yayılmasında xalq şeiri üslubunun mühüm rolu
üzərində dayanır. Eyni zamanda, tədqiqatçı
Y.İmrənin təbliğ etdiyi ideyaların geniş
yayılmasında və yaşamasında öz fikirlərini
sadə xalq dilində ifadəsinin rolunu önə çəkir.
İ.Hikmət
də Nəsimi şeirində belə bir tərzi müşahidə edir. Tədqiqatçıya görə, şair öz
fikirlərinin təbliğində əruzun imkanları ilə
bərabər, heca vəzninin imkanlarından da məharətlə
bəhrələnmişdir. İ.Hikmət
Nəsimi şeirində dildən istifadənin bütöv bir
qanunauyğunluğunu meydana çıxarır. Şərq
poetik ənənəsinə uyğun olaraq fars
və ərəb dillərində şeirlər yazan Nəsiminin
türkcəyə sıx-sıx müraciətini İ.Hikmət
şairin öz ideyalarını türkdilli mühitlərdə
yaymağa birbaşa maraqlı olması ilə izah edir. Tədqiqatçıya görə, "gərək
vəzifəsi, müqtəzası, gərək xalqdakı
ehtiyacın şövqü Nəsimidə səmimi bir ruh,
misilsiz bir həyəcan oyandırmışdı".
İ.Hikmət yazır: "Nəsiminin dili
yaşadığı zamana nəzərən çoq sadə,
çoq canlı və çoq səmimidir. Türkcəyə
heç əhəmiyyət verilmədiyi, bütün
şairlərin farsca yazdığı və fars
sənətkarlarına bəgəndirmək üçün əsər
yaratdığı zamanlarda Nəsiminin böylə sıcaq,
böylə canlı bir dildə yazmış olması ona ədəbiyyat
tarixində qiymətli bir yer qazandırır. Doğrudan
da, türkcə şeir yazmasına məsləkinin və təqib
etdiyi təlqin və irşad məqsədinin böyük bir
təsiri olmuşdur. Nə də olsa, bu
türkcəyə açıq bir xidmətdir. Səkkizinci əsrdə türk diliylə, bilxassə
azəri ləhcəsiylə yazdığı qəzəlləri
özündən iki əsr sonra yaşayan böyük
şair Füzuliyə həm dil, həm sənət, həm də
zehniyət və tələqqi etibarı ilə böyük təsir
bəxş etmişdir".
Burada Nəsiminin Azərbaycan dilinə, bədii dil
tariximizə xidməti tam elmi və tam obyektiv qiymətləndirilir. Etiraf edək
ki, müasir ədəbiyyatşünaslıq Nəsiminin bu
istiqamətdəki fəaliyyətini əsaslı şəkildə
qiymətləndirmir. Nəzərə alaq ki, biz
F.Köçərlidən başlayaraq Azərbaycan dilinin
şeirdə fars dili ilə rəqabətə
girmək və özünü təsdiq etmək
imkanlarını gerçəkləşdirməsində birmənalı
rolu Füzuli poeziyasına vermişik. Fikrimizcə, məsələnin
tarixi ədəbi proses kontekstində qiymətləndirilməsi
zərurəti baxımından bu istiqamətdə Füzulinin
böyük işinə qətiyyən kölgə salmadan,
İ.Hikmətin birinciliyi Nəsimiyə aid etməsi fikrinə
şərik olmaq lazım gəlir. Maraqlıdır ki,
İ.Hikmətdən xeyli qabaq M.F.Köprülüzadə də
eyni mövqedən çıxış etmişdir:
"Füzuli də daxil olmaq üzrə bütün azəri
şairləri iki əsr onu kəndilərinə müqtəda
bildilər. Bu əsrlər əsnasında yetişən azəri
şairlərinin əksəriyyətlə hürufiliyi qəbul
etməsində Nəsiminin böyük təsiri olduğu
kimi, hətta Füzulidə belə lisan, əda, tərzi - təhsin
etibarilə onun nüfuzu pək qolay təfriq və təşxis
oluna bilir" (Göstərilən əsəri. s.17).
İ.Hikmət Nəsimi-Füzuli
bağlılığına təsəvvüf kontekstində
də münasibət bildirir. Müasir ədəbiyyatşünaslıq
bu qənaətdədir ki, Füzuli "öz ədəbi
irsində təsəvvüf
dünyagörüşünün əsaslarından
lazımınca, vacib bildiyi səviyyədə bulunmuşdur.
Faktik material buna əyani sübutdur... Əlbəttə,
Həllac Mənsur, Cəlaləddin Rumi, Nəsimi
yaradıcılığında ucalan "ənəlhəq"
nidası da Füzulidə yoxdur" (Azərbaycan ədəbiyyatı
tarixi. Altı cilddə. III cild. s .402). Bu doğru qənaət öz
başlanğıcını 20-ci illər ədəbiyyatşünaslığından
götürür. İ.Hikmət Nəsimi sufizmi ilə
Füzuli sufizmi arasındakı tipoloji fərq üzərində
dayanır: "Şeyxinin sufiliyi də Füzulinin sufiliyi kimi
elmi və infialı, yəni hərəkətə keçməyən
bir mahiyyəti haizdir. Nəsimidə olduğu
kimi, təlqini və fəal halda deyil".
İstər Köprülüzadənin Füzuli
yaradıcılığını "lisan, əda, tərzi-təhsin
etibarı ilə", istər İ.Hikmətin "həm
dil, həm sənət, həm də zehniyyət və tələqqi
etibarı ilə" Nəsimi şeirinə bağlaması
Füzuli sufizminin mənbəyini və mahiyyətini
aşkarlayır. Füzulinin ideya-estetik baxımdan Nəsimiyə
bağlılığını ortaya qoymaqla bərabər,
sufizminin də poetik ənənədən gəlmə xarakter
daşıdığını sübut edir. Müasir ədəbiyyatşünaslığın
sufi simvolikasının Füzulidə
"yerinə görə həm ideya - model, həm də bədii
fiqur - poetik obraz kimi iştirakı"na dair qənaətləri
də bunu sübut edir (Azərbaycan ədəbiyyatı tarixi.
Altı cilddə. III cild.
s .402).
İ.Hikmətin tədqiqatlarında Nəsimi şeiri ilə
cığatay ədəbiyyatı arasındakı
bağlılıqlar da kifayət qədər həssaslıqla
izlənir və maraqlı nəticələr əldə
olunur. Tədqiqatçı
Nəsimi - cığatay ədəbiyyatı əlaqələrini,
ilk növbədə, onun bu ədəbiyyatın böyük
nümayəndələri Ə.Nəvai, H.Bayqara və digərlərinə
ədəbi təsiri istiqamətində izləyir. İ.Hikmət bu qənaətdədir ki, bu ədəbi
təsir o qədər güclü olmuşdur ki, "Nəvai
zamanı cığataycası azəri ləhcəsinə
yaqınlaşmışdır". Maraqlıdır
ki, İ.Hikmət Nəsimi şeirində əks prosesi də
müşahidə edir və sənətkarın
yaradıcılığında dil baxımından
cığataycaya yaxın olan nümunələrə də
diqqət çəkir.
Nəsiminin
şeir dilini öz "səlislik və təmizliy"inə
görə "heyrətlə qarşılanmağa" layiq
bir Azərbaycan türkcəsi hesab edən İ.Hikmət
cığatay ləhcəsinə güclü təsiri ilə
bərabər, cığataycaya yaxın bir ləhcədə
şeirlər yazmasının məntiqini onun ərsəyə
gətirdiyi əsərlərinin təbliği məqsəd
daşıması ilə əlaqələndirir. Bu təbliği
məqsəd Nəsimi şeirini necə fars dili ənənəsindən
qoparıb türkcə şeir demək yoluna salmışdısa,
öz ideyalarını xalq kütlələri arasında
yaymaq üçün o, xalq şeiri üslubunu, janr və
formalarını, deyim tərzini əsərlərinə necə
gətirmişdisə, cığataycaya müraciəti də
bu dili işlədənlərlə onların öz dilində
danışmaq təşəbbüsünə
hesablanmışdır.
İ.Hikmət Nəsiminin şeir dilində türk ləhcələrinin
qarışıq bir vəziyətdə meydana
çıxması faktlarına da diqqət çəkir. Heç
şübhəsiz ki, bu cəhət də Nəsiminin onun
üçün doğma olan türk dilli insanlarla sıx
ünsiyyət istəyindən doğan bir haldır.
Bütün bunlar onu göstərir ki, İ.Hikmətin Nəsimi
haqqında tədqiqatları təkcə ədəbiyyat tarixi
nöqteyi-nəzərindən deyil, müasir nəsimişünaslıq
prizmasından belə öz dəyərini saxlamaqdadır.
(Əvvəli ötən sayımızda)
Təyyar SALAMOĞLU
525-ci qəzet.- 2019.- 7 dekabr.- S. 20.