İllərin al-veri..,
yaxud ömür sarayı
Esse
İnsan gənc olanda hələ nələr olacaq,
arzularımı həyata keçirmək üçün
önümdə uzun illər var deyir. Bir də
gözünü açır ki, artıq "bu illər ərzində
nə edə bildim?" - deyə
düşünür.
Beləcə, aylar, illər bir-birini qova-qova ömür
adlı bir tarixçə yaranır. Amma nədənsə
həmişə bu zaman axını bəzən kədər,
ruh düşkünlüyü yaradır və belə bir
fikir formalaşır ki, keçmiş gələcəkdən
daha dəyərli, daha maraqlıdır. Hətta
atalarımız da deyib ki, "ötən günə gün
çatmaz, calasan günü günə". Yaxud bir nəğmədə
oxuyurlar:
Keçən
günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.
Mübahisə eləmirəm, ancaq anlamıram ki, niyə
gələcəyi keçmişə bənzətmək istəyirlər,
onu təkrar yaşamaq istəyirlər. Bəs bu gələcək
nə vaxt gələcək? Əlbəttə,
illər artır, bir gün gəlir bədən zəifləyir,
arzular tükənir, sonunun gəldiyini hiss edirsən. Bəlkə
də belə bir hissin məhsuludur bu bayatı:
Lələnin
harayından,
El yatmaz harayından.
Gündə
bir kərpic düşür,
Ömrümün sarayından.
Ancaq məsələnin başqa bir tərəfi də
var axı və onu görməz gözə qoymaq olmaz. Bu bayatını hər dinləyəndə
düşünürəm: illər ötdükcə insan
ömrünün sarayı qurulur, yoxsa sökülür? Axı, insan doğulanda hazır bir sarayda oturmur ki,
illərlə o da sökülə və bu dünyadan
köçən insan xarabalıqdan yola düşə?
İllərlə qurub yaradan insanın
ömür sarayının kərpicləri niyə
düşsün? Bəs elə isə illər
insandan nə alıb, nə verir? Bu
alış-verişin mahiyyəti nədir? Leonardo da
Vinçinin məşhur bir kəlamı var: "Gənclikdə
elə bir şey qazan ki, qocalığın illər ərzində
verdiyi zərəri qarşılaya bilsin. Anlayanda
ki, qocalığın qidası müdriklikdir, gənclikdə
elə et ki, qocalığın ac qalmasın". Əcəba, insanlar "ac qalandamı"
keçmişi arzulayırlar? Zərəri
xeyrindən çox olandamı ömür sarayının kərpicləri
laxlayır? Bir balaca dərinə gedək...
Bütün dinlərdə ortaq bir fikir var - bu maddi
dünya bir sınaq müddətidir. Və burada mütləq iki həyat
yolundan danışılır: maddi və ruhani. Hətta
Xristianlıqda buna iki cür doğulmaq deyilir: nəslin
artmasını və davam etməsini təmin etmək
üçün iki insanın əlaqəsindən dünyaya
gəlmək və sırf fərdi ruh olaraq "göylərdə"
doğulmaq. Birincini çox vaxt günahla, rəzilliklə
eyniləşdirdiklərinə görə, bəzən onu
sevincli gün kimi qeyd etmək günah sayılır. O
da xüsusilə vurğulanır ki, yalnız İlahi qanunlara
riayət edənlərin "həyat ağacına
ixtiyarı çatır" (Apokal. 22:14). Vacib olan məhz
ikinci doğuluşdur - "dərk edəndə ki, İsa
onun üçün əzab çəkib, onun yerinə əzablı
ölümü qəbul edib... İnsan dərk edəndə
ki, Rəbbi onu necə çox sevir ki, belə bir qurbana
gedib..." (Matv. 5:40). Qurani Kərimdə də
mahiyyətcə oxşar fikirlərə rast gəlmək olur.
Buradan da məlum olur ki, "insan ziyan içərisindədir.
Yalnız iman gətirib yaxşı işlər
görənlər, bir-birinə haqqı məsləhət
görənlər və bir-birinə səbrli olmağı məsləhət
edənlərdən başqa" (Quran 103/2-3). Xristianlar insanoğlunun daim ilk günah
daşıyıcısı olduğunu və bundan qurtulmaq
üçün ömrü boyu İsa Məsihə -
bütün insanların günahını öz boynuna
götürən şəxsə dua etməlidir. Yəni insan doğulanda özündən də
böyük bir günah artıq onu gözləyir. O da
onu yüklənib düzəlir bu ağır, zülmlü
yola. İslamda isə insan heç bir günahla
yüklənmir, ancaq burada da çox incə bir məqam var.
Qurani Kərimin dediyinə görə, maddi olaraq
"insanı nütfədən yaratdıq" (Quran 16/4).
"Daha sonra nütfədən
laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət
yaratdıq, sonra o bir parça ətdən sümüklər
yaratdıq, sonra da sümükləri ət ilə
örtdük. Sonra da onu başqa bir məxluq
tək xəlq etdik" (Quranı 23/14). Ruh
gələcək insana daha sonra üflənir, yəni
heç ana bətnində də ruh və bədən sinxron
deyil. Deməli, insanın maddi varoluşu
onun ruhani doğuluşu ilə üst-üstə
düşmür. "Kitabi Dədə Qorqud"da əhəmiyyətli
bir məqam var: bir şəxs özünü cəmiyyətə
tanıtmayana, ruhunun nəyə qadir olduğunu göstərməyənə
qədər ona ad verilməzdi. Məhz özünü
tanıdandan sonra biri Boz ayğırlı Bamsı Beyrək,
biri Buğac, o biri də Şir Şəmsəddin adına layiq görülüb. Əslində,
onların adları məhz bu məqamdan sonra xalqın
dastanına yazılmağa başlayır. Maraqlıdır ki, məsələyə bu
baxış bucağından baxanda, belə qənaətə
gəlmək olur ki, xalq eposları, dastanlar məhz ikinci
doğuluşunu yaşaya bilmiş şəxlərin həyat
nəqlidir - onların savaşlarının, mübarizələrinin,
sevgilərinin, nifrətlərinin.
Başda
verdiyimiz suala təkrar qayıdaq: həyat - saray tikməkdir,
yoxsa hazır binanın günbəgün, kərpic-kərpic
sökülməsi? Hər şeydən əvvəl
bir həqiqətlə yola çıxaq ki, ruh və bədənin
doğuluşu fərqli olduğu üçün onların
tikdikləri binalar da fərqlidir.
Qurani Kərimdə deyildiyinə görə, "Hər
bir kəs qazandığının girovuna çevrilir"
(Quran 74/38).
Bunu belə də ifadə etmək olar: insan tikdiyi, memarı
olduğu evin sakinidir. Təbii ki, hər kəs
öz ömür sarayını öz düşüncəsinə,
mənəviyyatına uyğun tikir. Hətta
bir körpə də özü boyda tikilinin sahibidir. Deməli, birmənalı olaraq, həyat tikməkdir,
kərpic üstə kərpic qoymaqdır. Və hər
insan ömrü boyu iki ev tikməli olur:
biri daşdan, digəri mənəviyyatdan. Qurani
Kərimdə də buyurur ki, "Var-dövlət və
övladlar dünya həyatının bərbəzəyidir.
Əbədi qalan yaxşı əməllər
isə Rəbbinin dərgahında savab və ümid
baxımından daha əfzəldir" (Quran 18/46). Qəribədir... hər nə qədər real maddi
evlə, ömür sarayının memarı insan özü
olsa da, onların arasında bədənlə ruh qədər
fərq daim qalır. Ancaq bir şey dəqiq
məlumdur ki, ömür sarayı adlanmağa məhz ikinci
layiqdir. Niyəsini deyək.
Bəzən
görürsən, möhtəşəm villada kef edən bir
insanın ömür sarayı uşağın qurduğu qum evcikdən də kövrəkmiş. Gecə-gündüz hər kəsi inandırır
ki, topdağıtmaz "imarəti" var, amma illər
sübut edir ki, əsl evi gecəqondudan da bərbad durumda
imiş. Necə ki, belə tikililər olduqları məkanın
estetik görkəminə xələl gətirir, ümumi
ab-havasına üfunət qatır, eləcə də bu
"insanlar" var olduqları tarixi səhifənin ləkəsinə
çevrilir, yad səs kimi ümumi ahəngi pozur. Xalqın özünübərpa proqramı ilk
imkanda ondan xilas olur. Elə insan da var ki,
kiçik bir otaqda, dörd divar arasında, hətta pianinosunun
arxasında, ya da səliqəsiz emalatxanasında özünə
elə bir imarət ucaldır ki, zaman belə
çökür onun qarşısında.
Bəzən birinin tikdiyi sarayda onun yaxını,
övladı rahat-rahat yaşamağa iddialanır. Atasının ad-sanı,
qazandığı hörməti halal dədə malı kimi xərcləmək istəyir. Yəni onu maddi sarayla səhv salır və unudur ki,
öz ömür sarayını tikməlidir, yoxsa
"çöldə qalar". Bəlkə
də bu səbəbdən deyirlər ki, "təbiət
dahilərin övladlarında dincəlir". Çox maraqlıdır, başqasının imarətində
məskunlaşmaq istəyənin öz ruhu, heç olmasa,
doğulurmu? Doğulsa, divarsız bir evdə
oturduğunu dərk edərdi. Deməli,
doğulmur, elə ölü qalır. İşin
ən dəhşətli tərəfi budur ki, ömür
sarayı anlayışının təhrifi o biri dünyaya
köç edəndən sonra da davam edir, bu dəfə
yaxınları tərəfindən. Vətəninə
necə bir daş olduğuna deyil, sandığındakı
daş-qaşına güvənib onun son mənzilinin
başına sal bir daş.., bir qara mərmər qoymaqla borcu
ödəmiş zənn edirlər. Ancaq
anlamırlar ki, bu quru mərmərin onun özünün
qurduğu ömür sarayına heç bir dəxli,
yaxından-uzaqdan bənzəyişi, təsiri belə yoxdu.
Ömür sarayları fərqli olur. Bəzisi tək
otaqlı mənzildir, təkadamlıqdır - insan doğulur,
bəlli müddət ərzində mövcud olur və
çıxır gedir bu dünyadan. Belələrinin
ömrünü yataqxananın bir otağına, yaxud kirayə
götürülmüş mənzilə də oxşatmaq
olar. Bəziləri daha böyük ev
qurur, yalnız öz adına, elinə yox, xalqına da bir xidmət
göstərmiş olur. Çünki ondan sonra bu ev bir qürur mənbəyinə, ləyaqət
nümunəsinə, qəhrəmanlıq abidəsinə
çevrilir. Lap milli qəhrəmanların
ömür sarayı kimi. Maraqlıdır
ki, vətəni, xalqı üçün canından keçən
belə şəxsiyyətlərin imarəti sanki bir göz
qırpımında ucalır. Hətta
doğmaları onun bu dünyadan erkən köçməyinə
yanıb-yaxılsalar da, çox keçmədən həmin
möhtəşəm abidənin şahidi olurlar, heyran
qalırlar. Anlayırlar ki, belə bina
inşa edən yalnız onlara yox, bütün xalqa mənsubmuş.
Bəzilərinin tikdiyi ömür sarayı elə bir
şedevrə çevrilir ki, bütün bəşəriyyət
ondan yararlana bilir - bir tarixi və ya sənət muzeyi kimi. Adətən
böyük muzeylərə gedəndə oranın kiçik
modelini alırıq, xatirə üçün. Elə şəxslər var ki, onların ömür
sarayına ayaq basanda könlümüzdə o sarayın
modelinin əksi düşür, qazınır. Təsəvvür edin ki, Platonun
"mağarası" əsrlərdir hikmət mənbəyidir.
Yaxud Bethovenin notlardan qurduğu saray özü
boyda bir kamertondur - çoxları ürəyinin simlərini
ona uyğun kökləyir. Eynşteynin,
Teslanın formullardan qurulmuş divarlarının dibində
yuxusuz gecələr keçirənlər reallığı
belə unudurlar. Az əvvəl
dastanlar haqqında dediyimiz həqiqət burada da keçərlidir:
belə möhtəşəm abidələrin sütunları
xalqın, hətta bəşəriyyətin
varlığının təminatıdır. İnsanlıq,
ülviyyət, müqəddəslik duyğusu belə
saraylarda yaşayır axı.
İnsan ömrü ilk baxışda dəqiqələr,
saatlar, illərdir. Əslində, zamanın axını
dayanıqlı olmadığına görə, onun nə isə
inşa etməsi qeyri-mümkündür. Bəli,
yuyub apara, dağıda bilər. Ancaq tikə
bilməz. Əcəba, bayatı doğrumu
söyləyir? Xeyr. Tikən
zaman deyil, onun özü ilə gətirdiyi hikmətdir.
Bu axında hər kəs özünə aid "tikinti
materialı" tapa bilir. Bax, elə ki, o
axını özbaşına qoydun, özünü onun
hökmünə verdin, onda nəinki tikdiklərini yuyub aparar,
heç yerində ot-əncərin bitməyinə də imkan
verməz.
Qayıdaq tikinti materiallarına. Əsrlərdir insanoğlu
zamanın ona gətirdiyi hikmətləri yazmaq
üçün necə kəşflər edib: daş, papirus,
perqament, ipək, heyvan dərisi, nəhayət, bizə bu
gün məlum olan adi kağız. Bu kitabələr,
yazılar bir şəxsin, bir elin-obanın ömür
kitabı olur və onlarla tanışlıq həmin
dövrün mənzərəsini canlandırmağa imkan
verir. Beləcə bir "kitabın"
yazılarının sətirləri altında neçə
ömrün hekayətini oxumaq olur.
Bəli, maddi sarayların nədən tikilməsi onun
ömrünün uzunluğunda, tətbiqində böyük
rol oynayır, axı, etibarlı tikinti materialı həmin
binanın da etibarı deməkdir. Ömür sarayı
könül gözü ilə görüldüyünə
görə, düşünmək olar ki, daş-kərpic orda
işləmir. Ancaq elə deyil. Hər
şeydən əvvəl, bu sarayın memarı, hələ Zərdüşt
peyğəmbərdən bizə əmanət qalan müqəddəs
üçlükdür: xoş niyyət, xoş söz və
hər ikisini tamamlayan xoş əməl. Bunlardan
biri vəhdəti pozanda o bina uçulmağa məhkum olur.
Bu binanın tikinti materialı isə hikmətdən
kəsilir. Bunlar hələ də sirri açılmayan
Xeops ehramının çoxtonnajlı piltələri, yaxud Stounhenjin
hələ də mahiyyəti anlaşılmaz qalan
sütunları formasında da ola bilir,
eramızdan əvvəl 4-cü əsrdə yaşayan Platonun
bu gün də düyünləri açan
dialoqlarındakı sözlər şəklində də. Fərqi yoxdur, daşdan ya taxtadan. Vacib olan budur ki, ömür sarayının "materialı"
mütləq hikmətlə yoğrulmalıdır. Olmasa, onun sıradan bir bina ilə fərqi qalmır
və bir gün sökülüb yerini başqa birinə verməyə
məhkumdur. Dediyimizin ən yüksək
nümunəsi kimi bir sevginin abidəsi olan Tac Mahalı
xatırlatmasaq günah olar. Belə demək
mümkündürsə, burada sadə mərmərə bir az sevgi, bir az hikmət qatılıb və həmin
tikili dönüb olub "ömür sarayının" yerdə
təcəssümü. Bəzən belə hikmət
bütün dövrün ruhunu əks etdirir. Məsələn, erkən orta əsrlərdə
Avropada böyük arxitekturalardan tutmuş kitabların tərtibatına
qədər nüfuz edən qotika üsulu Renessansı Orta əsr
üslubundan fərqləndirmək məqsədi
daşıyırdı. Renessansın son
dövrlərində dəbə düşən barokko isə
zahiri təmtəraqla göz qamaşdırmaq, "zahiri zəifliyin
arxasında böyük bir mənəvi güc var" ismarıcı
idi. İstənilən tikilidə, yaxud sənət
əsərində bu üslub ilk məlumatı
çatdıran detallardır. Bunlar
artıq bir şəxsin deyil, bütöv bir dövrün
ruhunun "ömür sarayıdır".
Kimə isə uzun ömür verilir, kimə isə
qısa. Vacib olan budur ki, hər birinin öz mənası,
öz missiyası var. Qurani Kərimdə deyilir ki, "Kimə
uzun ömür veririksə, onu xilqətcə tərsinə
çeviririk. Məgər başa
düşmürlər? (Quran 36/68). Hərəyə
bir zaman kəsiyi verilir, ancaq bu zaman kəsiyinin bir gizli hikməti
olduğunu hər adam bilmir: iki tərəfdən
məhdud olsa da, üstdən sonsuzluğa açıqdır.
Bunu ilk dəfə mövləvixanaların tikiliş
mexanizmini öyrənəndə dərk eləmişdim: dairəvi
binanın qübbəsinin ortası açıq olur. Mərasim zamanı hər dərviş öz
çevrəsi ətrafında fırlanmaqla yanaşı, həm
də ümumi dairəyə qoşulur və bu kiçik
zamanın içini ilahidən aldığı hikmətlə
mümkün qədər, könlü tutduğu qədər
doldurmağa çalışır. Beləcə
bir anı əbədiyyətə çevirə bilir. Bu mərasim əslində, bütün bir
ömrün modelidir. Zamanın nə qədər
zəngin olarsa, bir o qədər tikdiyin binanın təkadamlıq
yataqxana otağından böyüyüb bir saraya çevrilmək
ehtimalı çox olur. Qurani Kərimdə
deyilir ki, "Biz ona yolu göstərdik. İstəsə
şükr edər, istəsə nankörlük edər"
(Quran, 78/3). Beləcə, hər kəs bu
dünyaya gələr, hərə öz (!) ömrünü
yaşayar gedər.
Bəli, ruh və bədənin doğulması
və ölməsi fərqlidir. Kərpic-kərpic
sökülən bədəndir, lap qocaldıqca bir-bir
laxlayıb düşən dişlər kimi. Əvvəldən
bu binanın gözəlliyinə aldanıb əsl ömür
sarayını tikməyi unudanların vay halına... Zaman
selinin hər şeyi silib süpürməyə gücü
çatır, kərpicləri ilahi hikmətlə
yoğrulmuş ömür sarayından başqa.
Çünki onun inşası illərin al-verinin
fövqündədir.
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.16.