Günər
Əliyev: "Uşaq ədəbiyyatımızın
inkişafı indi daha çox gənc yazarlardan
asılıdır"
Uşaq və gənclərin
fiziki və mənəvi inkişafı
Bir uşağın şəxsiyyət kimi yetişməyində,
dünyanı dərkində, mənəvi inkişafında
sözün, ədəbiyyatın rolu danılmazdır.
Kitablarla
lap erkəndən tanış olan
uşağın xarakteri daha yüksək keyfiyyətlərlə
formalaşır. Bir də var gözünü ədəbiyyatın
içərisində, sözün ağuşunda açan
uşaqlar. Onların dünyaya, insanlara
baxışı da fərqli olur. Həmsöhbətimiz
Günər Əliyev kimi. Günər
Əliyev unudulmaz şairimiz Məstan Günərin nəvəsidir.
Xüsusən Azərbaycan uşaq ədəbiyyatının
nümayəndəsi kimi tanıdığımız Məstan
Günərin ailəsində böyümüş Günər indi özü də
şeirlər yazır. Ədəbiyyata, poeziyaya
münasibətinin həm irsi, həm də babasıyla
keçirtdiyi zamanların nəticəsi olduğunu isə fəxrlə
dilləndirir. Yaxşısı, onu öz dilindən
tanımaqdır:
"Böyük məmnuniyyətlə özümü
yazıçı, şair kimi təqdim edərdim. Amma mənə
elə gəlir ki, buna hələ mənəvi ixtiyarım
çatmır. Son zamanlar daha çox
yazmağa və yazdıqlarımı gün üzünə
çıxartmağa başlamışam. Uşaq vaxtı cızma-qaralarım olanda babama
göstərirdim. O da həmişə deyirdi ki, bala,
yazma. Düşünürdüm, görəsən,
niyə belə deyir. Deyirdi ki, şair olmaq çox
çətindir, o yükün
ağırlığını hər adam
çəkə bilmir. Mən də
öz-özümə fikirləşirdim, burda çətin nə
var axı, yazırsan bitdi. Amma
böyüyəndən sonra başa düşdüm ki, həqiqətən
də çox çətinmiş. Valideynlərimin
istəyiylə Bakı Dövlət Universitetinin Beynəlxalq
Hüquq fakültəsini bitirsəm də, bir gün də o
sahədə işləmədim, tamam başqa sahədə
çalışıram. İndi özümü yazar
kimi yox, iş adamı kimi təqdim edirəm.
Şairliyə hobbi kimi
başlamışdım. Bunu ciddiyə
almağıma, şeirlərimi insanlara təqdim etməyimə
yaxın qohumlarımın, dostlarımın həvəsləndirmələri,
dəstəkləri səbəb oldu. Onlar
şeirlərimi kitab kimi toplamağı, bəstəkarlara
verib mahnı kimi yaşatmağı məsləhət
gördülər.
Babamın iki qızı olub. İçində bir
oğul həsrəti yaşadıb. Mən
doğulanda valideynlərim İraqda işlədikləri
üçün məni babamla nənəm böyüdüblər.
Beş yaşına kimi Məstan babamın
yanında yaşamışam. Sonradan mənə
qoyduğu adı özünə təxəllüs
götürüb. Yəqin mənə olan
sevgisindən edib bunu. Mən də sevinirəm
ki, indi də onu məhz bu ad və təxəllüslə
tanıyırlar. Əminliklə deyə bilərəm
ki,
mən
tipik baba obrazını görməmişəm.
Babam hər kəsə qarşı çox sərt idi. Sözünü
sərt şəkildə deyərdi. Qızları
da daxil hər kəs ondan çəkinərdi. Amma mənimlə tamam başqa cür idi. Həm ilk nəvəsi idim, həm də ailəsinə
bir oğul kimi gəlmişdim. Yəqin
bunlara görə məni çox sevir, hər yerdə
oğlu kimi təqdim edirdi. Valideynlərimi
adlarıyla çağırırdım, babamla nənəmə
isə "papa", "mama" deyirdim. Mən
ona, o da mənə çox bağlı idik. Ondan çox şeylər öyrənmişəm.
Ədəbiyyata, şeirə həvəs də ondan
keçib mənə.
Birinci, irsi məsələ burda çox önəm
daşıyır. Çünki müəyyən yaşa qədər
biz onunla şeirdən, ədəbiyyatdan,
yaradıcılıqdan heç danışmazdıq. Hətta mən onun şeirlərini də gec
oxumağa başlamışam. Amma bildiyiniz
kimi, Məstan müəllim qoşma yazıb. Mənim də yazdıqlarım qoşmadır.
Özümdən asılı olmadan onun dəsti-xətti
ilə yazıram.
Babamın şeir yazdığını
çox görmüşəm. Hara getsə, məni də
aparardı. Yasda, toyda, qonaqlıqda, kimləsə
görüşdə, fərqi yoxdur, bir də görürdüm
qoynundan kiçik dəftər və qələm
çıxardıb nəsə yazır. Deyirdim
ki, ay baba, indi neynirsən, evə gedəndə yazarsan da.
Gülürdü, deyirdi, o gəlir, qeyd eləməsəm,
sonra yadımdan çıxacaq.
Nədənsə, mən həmişə qəmli, kədərli
şeirlər yazmışam. Ta uşaqlığımdan belə
olub. Məstan Günərin özü də məhəbbət
şairi kimi tanınıb. Şeirlərinin
böyük əksəriyyəti məhəbbətdən
olub. Mənim də şeirlərimin
çoxu məhəbbət mövzuludur. Bundan
başqa dünyəvi, vətənpərvərlik mövzulu
şeirlərim də var. Məncə, şeirdə fəlsəfilik
mütləqdir. O sözün, o misranın ki, mənası,
dəyəri yoxdur, onu şeir hesab etmək olmaz. Bir azca istedadı olan, qafiyələri
düzüb-qoşan hər insan günə on dənə
şeir yaza bilər. Amma o məna hər
şeirdə olmayacaq. Düşünürəm
ki, bir şeiri yazmaq üçün fəlsəfi fikir, bu fikrin
düzgün çatdırılması və şeirin
qanunauyğunluqlarına əməl etmək vacibdir. Öz şeirlərimə çox vaxt tənqidi
yanaşıram. Yazdıqlarımı
öncə bacım Günayla bölüşürəm,
sonra isə başqa dostlarımla. Bəzən
olur ki, mənim qətiyyən bəyənmədiyim şeir
olur. Onu bir müddət sonra onlara göndərəndə
bəyənirlər, hətta danlayırlar ki, niyə bu vaxta
kimi çıxartmamısan üzə. Mənim
isə nəsə ürəyimə yatmır. Bu mənada yazılarıma qarşı çox tələbkaram.
Bir sıra şeirlərimə mahnılar bəstələnib. İlk
mahnını bəstəkar Pərviz Mahmudov yazdı, Xalq
artisti Brilyant Dadaşova oxudu. Adı
"Bilirəm"dir. "Paramparça" adlı ikinci
mahnı da Pərvizindir, Xalq artisti Aygün Kazımova oxudu.
Sevinc Ağasıyevanın bəstələdiyi
"Hərdən" mahnımı Xalq artisti İlqar Muradov
oxuyub. İndi bəstəkar Fərid Kərimlinin
vətənpərvərlik mövzusunda şeirimə
yazdığı "Sevgili yurdum" adlı mahnı üzərində
işlənir. Xalq artistləri Alim Qasımov, İlqar
Muradov, Samir Cəfərov, Əməkdar artist Bəyimxanım
Əliyeva, müğənnilər Günay İbrahimli, Elton
Hüseynəliyevdən ibarət çox gözəl bir komanda
yaratdıq, onlar ifa edəcəklər. Yəqin
ki, bu yaxınlarda layihə kimi tamaşaçılara təqdim
ediləcək.
Bir neçə gün qabaq Fərid Kərimlinin bəstəsi
olan "Səni sevirəm" mahnısını Əməkdar
artist Nüşabə Ələsgərliyə verdik. O da çox gözəl
mahnıdır, inanıram ki, seviləcək.
Son dönəmlər mahnıların
bayağılaşması, primitiv sözlər, ədəbiyyata
aid olmayan "şeirlər" baş alıb gedir. Mahnılarda nə
musiqi, nə də sözlərin keyfiyyəti qalıb. Məncə, bunun əsas səbəbi müğənnilərin
asana qaçmağıdır. Xüsusən,
adlı-sanlı, sənəti, istedadı olan bir insanın nə
var-nə var tez-tez mahnı yazdırsın deyə, belə
bayağılıqlara da yer verməsi insanı məyus edir.
Olub ki, məndən də bəsit, asan yadda
qalan şeirlər istəyiblər, amma imtina etmişəm.
Demirəm, mən belə möhtəşəm
şeirlər yazıram, amma onların istədiyi qədər
də bayağı yaza bilmirəm. Çox
şükür ki, bu günə kimi sözlərimə
yazılan bütün mahnılardan razıyam. Hələ ki, bir narazılığım
olmayıb. Dinləyicilər tərəfindən
də yaxşı qəbul edilib. Hətta
bəzən bəstəkar dostlarım hazır musiqilərinin
üzərinə sözlər yazmağımı istəyiblər,
eləmişəm. Düzdür, mən
onları ayrıca şeir kimi heç yerdə
paylaşmamışam, üzə
çıxartmamışam, amma yenə də yaxşı
qarşılanıb, sevilib.
İndi kitab üzərində işləyirik. Yazdığım
şeirlərin hamısını deyil, seçilmişləri
o kitaba daxil edəcəm. Ondan başqa isə
sözlərimə yazılan mahnıları da bir disk şəklində
buraxıb kitabın içərisinə qoyacağıq.
İstəyən şeiri oxusun, istəyən
mahnıya qulaq assın".
Müsahibimizin
Azərbaycan uşaq ədəbiyyatı, kitabın
uşaqların mənəvi inkişafına təsiri və Məstan
Günər poeziyası haqqında da çox maraqlı fikirləri
var:
- Məstan Günər Azərbaycanda uşaq ədəbiyyatının
tanınmış nümayəndəsidir. Respublika Dövlət
Mükafatını alan ilk uşaq
yazıçısıdır. Sevindirici
haldır ki, şeirləri bu gün orta məktəb dərsliklərində
tədris olunur. Mənə və bacıma
yazdığı şeirlər, hətta kitablar var. Mənə
yazdığı şeirlərini "Günərli şeirlər",
bacıma yazdığı şeirləri isə
"Günaylı şeirlər" kitablarında
toplamışdı. Onun uşaq şeirləri
təkcə ölkəmizdə deyil, tərcümə vasitəsilə
Türkiyə, Rusiya, Özbəkistan, Çexiya və
başqa ölkələr də oxunur.
Çox təəssüf ki, son illər uşaq ədəbiyyatımızda ciddi inkişaf görünmür. Ayrı-ayrı fərdləri çıxsaq, bu sahəyə o qədər də maraq göstərilmir. Məncə, bunun başlıca səbəbi uşaq ədəbiyyatının bəzi maraqları qarşılaya bilməməsidir. Burda maddi maraq da ola bilər, oxucu toplamaq marağı da. Fikrimcə, bu sahəyə marağın artması, axsamaların aradan qaldırılması, uşaq ədəbiyyatımızın inkişafı indi daha çox gənc yazarlardan asılıdır. Keçmiş dönəmdə yazan yazıb, indi isə yazan çox azdır. Ona görə də ancaq ümid gənclərə qalır. Bu sahəyə mütləq maraq artırılmalıdır. Çünki uşaqlıq insanın xarakterinin, mənəviyyatının formalaşdığı dövrdür. Mənəviyyatın yüksək formalaşması üçün isə ən gözəl vasitə ədəbiyyatdır. Sevgini, mərhəməti, dostluğu, mehribanlığı, sülhü, qorxmazlığı, xeyirxahlığı təbliğ edən uşaq ədəbiyyatı nümunələri nə qədər çox olarsa, gələcəyimiz bir o qədər də gözəl inkişaf edər.
Bu baxımdan özümüzü şanslı uşaqlar sayıram. Belə ki, nənəm - Məstan müəllimin həyat yoldaşı çox gözəl bir nəslin qızıdır. Qazaxda tanınmış ailə olan Nəsibovlar ailəsindəndir. Deməli, nənəm Məstan Günərin, bacısı Xalq şairi Nəbi Xəzrinin, o biri bacısı Xalq yazıçısı İsa Hüseynovun, başqa bacısı isə ədəbiyyatşünas Cəlal Abdullayevin həyat yoldaşı olublar. Əsas məsələ isə nənəmin qardaşı mərhum şairimiz Davud Nəsibdir. O, mənim çox sevdiyim, həyatımda böyük önəm verdiyim insan olub. Mən, bacılarım və ailəmizdəki bütün uşaqlar məhz belə bir mühitdə yetişmişik. Onlar hamısı tez-tez bir-birinə qonaq gedərdilər, evimizdən ədəbiyyat söhbətləri heç vaxt əksik olmazdı. Ədəbiyyatçı kimi təkcə İsa Hüseynovla Firuzə xalamın qızı Sevinc Muğanna o yolu davam etdirir. Şeir yazan isə mən və Nəbi Xəzrinin oğlu Arzudur. Biz həmişə belə bir ailədən olduğumuz üçün fəxr eləmişik.
Unutmamalıyıq ki, uşaq yazıçısı gərək yüksək insani keyfiyyətlərə, doğru əqidəyə sahib olmalıdır. Məstan Günər nə qədər sərt, ciddi, tələbkar insan olsa da, biz nəvələrinin dünyasını anlaya, o dünyaya asanlıqla daxil ola, bizə gözəl keyfiyyətləri aşılaya bilirdi. Bizimlə əsl dost kimi davranırdı. Təəssüf ki, onun mənim dostluğuma ehtiyacı olan zamanlar gəncliyimə düşdü. Dostlarla vaxt keçirtmək, əylənmək məni daha çox cəlb edirdi, yanında çox qalmırdım. Amma yaşa dolduqca başa düşürəm ki, həmin vaxtlarda onun mənə ehtiyacı var imiş. Bu gün də mənim ona ehtiyacım var, amma təəssüf ki, artıq o yoxdur. Bu günə qədər onun sözləri, məsləhətləri qulağımdadır.
Mən isə uşaq şeirləri yazmıram. Heç vaxt özümü bu sahədə yoxlamamışam. Hazırda on və altı yaşlarında iki oğlum var. Böyük oğlumda şeirə, musiqiyə həvəs görürəm. Yəqin ki, babamdan ona da nələrsə keçib. Zamanla biləcəyik.
Hazırda Məstan Günərin irsinə mən sahib çıxıram.
Bu yaxınlarda Mədəniyyət Nazirliyi onun şeirlərini toplayıb seçilmiş əsərlərini çap etdirdi. Şəhanə xalamın qızı Gülər bu işlərdə mənə çox dəstək oldu. Eləcə də ailəmizin digər üzvləri çox dəstək olurlar. Bu il Məstan müəllimin 85 illik yubileyidir. Müraciətlər olunub, yəqin ki, Mədəniyyət Nazirliyi bunu da diqqətdən kənarda qoymayacaq. Ev muzeyi hələ ki, yoxdur. Onun əsas evi Tovuzdadır. Hazırda kimsə yaşamasa da, hər yay bütün ailəmiz mütləq bir neçə gün orda qalır, səliqəyə salırıq, boş qalmağa qoymuruq. Keçən il ev muzeyi ilə bağlı Tovuz şəhər İcra Hakimiyyətinin başçısı Məhəmməd müəllimlə görüşümüz oldu. Onlar da hazırlıq görürlər. Hazırda orada Mədəniyyət evi tikilir. Ona Məstan müəllimin adını verməyi planlaşdırırlar. Adına küçə verilib. Bacardığımız qədər Məstan Günər irsini yaşadacaq, o ada layiq olmağa çalışacağıq.
Şahanə MÜŞFİQ
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçündür
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.15.