UNEC-də Universitetlərarası
1-ci Kitabxana Forumu
Ədalət Muradov: "Universitet kitabxanaları
arasında kitab mübadiləsi sisteminin qurulmasının vaxtı
çatıb"
Azərbaycan Dövlət İqtisad Universitetində
(UNEC) ölkədə ilk dəfə olaraq Universitetlərarası
1-ci Kitabxana Forumu keçirilib.
Forumda
çıxış edən UNEC-in rektoru, professor Ədalət
Muradov bildirib ki, Prezident İlham Əliyev tərəfindən
qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda
müəyyən edilmiş məqsədlərə nail olmaq
baxımından kitabxanalar xüsusi əhəmiyyətə
malikdir. Rektor təhsilin keyfiyyətinin
artırılması, qloballaşan dünyada kitabxanaların hər
kəsə əlçatanlılığının təmin
edilməsi üçün universitet kitabxanalarının
çağdaş, innovativ sistemlərlə
ayaqlaşmasının zəruriliyini qeyd edib. Rektor vurğulayıb ki, müasir universitet
kitabxanasının inkişafı informasiya məkanında, təhsil
sistemində və elmi kommunikasiyada baş verən dəyişikliklərin
sürətinin artması ilə səciyyələnir. UNEC-də tədris prosesinin informasiya təminatının
yaxşılaşdırılması istiqamətində
atılan mühüm addımlardan biri kimi universitetdə fasiləsiz,
yeddi gün 24 saat fəaliyyət göstərən, 24/7
kitabxananın yaradılması göstərilib. Eyni
vaxtda 104 tələbəyə xidmət göstərmək
imkanı olan 24/7 rejimli kitabxanada tələbələrin rahat
və istənilən vaxt informasiya-bilik əldə etməsi
üçün zəruri şərait var. Bir ildir fəaliyyət
göstərən 24/7 kitabxana Azərbaycan, türk, ingilis və
rus dillərində zəngin fonda, bir
milyona yaxın elektron resursa çıxış imkanına
malikdir. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində
ixtisaslaşmış və geniş fonda
malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu
zalları fəaliyyət göstərir. Burada məşhur
kitabxanaların elektron resurslarına, o cümlədən,
"Oxford University", "Cambridge University", "The
MIT", "Duke University", ECONBIZ, JSTOR, "Duke University
Press" və EBSCO bazalarına daxil olmaq mümkündür.
MDB məkanında Azərbaycanla yanaşı,
bu tip kitabxanalara yalnız Rusiya və Ukraynada rast gəlmək
mümkündür. Qafqaz Universitetləri
arasında isə ilk dəfə UNEC-də 24/7 rejimli kitabxana
yaradılıb.
Ə.Muradovun
dediyinə görə, UNEC-də təşkil olunan Universitetlərarası
1-ci Kitabxana Forumunda təhsil sistemində universitet
kitabxanalarının funksionallığının
artırılması, tələbələrə və tədqiqatçılara
daha açıq və əlçatan olması, onların
öz resurslarını və xidmətlərini ali təhsil
müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə
inteqrasiya etməsi kimi bir sıra məsələlər
müzakirə edilib: "Kitabxana universitetin məlumat mərkəzi
kimi açıq elm təşəbbüsünə yardım
etməli, universitet alimlərinin tədqiqat nəticələrini,
kontentini tam və keyfiyyətlə dünya məlumat və
bilik məkanında nümayiş etdirməlidir. Elmi kommunikasiyanın mürəkkəbləşməsi
və onun on-line rejimə keçməsi tədqiqatın
bütün mərhələsində tədqiqatçılara
kömək etməyi universitet kitabxanaları
qarşısında əsas vəzifə kimi qoyur. Kitabxanaların "anbar" modeli öz əhəmiyyətini
sürətlə itirir. Çap olunmuş
kitabların əsas məlumat mənbəyi rolunu itirməsi və
bununla yanaşı, məlumat bolluğu təmin etmiş
müasir texnologiyalar kitabxana məkanının təşkilində
nəzərə alınmalıdır. Universitet
kitabxanalarının modernləşməsi və onların
göstərdiyi xidmətlər spektrinin genişləndirilməsi
vəzifəsi kitabxananın mövcud idarəetmə modelinin
təkmilləşdirilməsini, eləcə də
innovasiyaların genişləndirilməsini, istedadlı və
peşəkar kadrların qorunması və cəlb edilməsini
tələb edir. Bütün bunlarla
yanaşı, rektor həm də təklif edirəm ki, Azərbaycanda
Universitet Kitabxanaları Assosiasiyası yaradılsın".
Rektor qeyd edib ki, universitet kitabxanalarının elektron
informasiya resursları birləşdirilsin və həmin
resurslara vahid pəncərə çərçivəsində
giriş imkanı yaradılsın. Bunun üçün
isə ilk növbədə universitet kitabxanalarının
elektron kataloqlarının vahid şəbəkəsi
yaradılmalıdır. Bununla
yanaşı, universitet kitabxanaları arasında kitab
mübadiləsi sistemi qurulsun. Həmçinin,
universitet kitabxanalarının aldıqları yeni kitablar
haqqında vahid məlumat mübadilə sistemi
yaradılsın".
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor
Kərim Tahirov deyib ki, UNEC
rektoru Ədalət Muradovun Universitetlərarası 1-ci Kitabxana
Forumunda səsləndirdiyi Azərbaycanda Universitet
Kitabxanaları Assosiasiyasınin təsis olunması, universitet
kitabxanalarının elektron informasiya resurslarının birləşdirilməsi
və həmin resurslara vahid pəncərə çərçivəsində
giriş imkanının yaradılması təklifləri dəstəkləyir:
"Rektor forumda çox əhəmiyyətli təkliflər
səsləndirdi. Mən rektorun təkliflərini,
ümumiyyətlə, forumun təşkilini yüksək qiymətləndiriblər".
K.Tahirovun sözlərinə görə, Azərbaycan
Dövlət İqtisad Universitetində tələbələrin
elm və təhsil sahəsində fəal
iştirakının təmin olunması, yüksək nailiyyətlər
əldə etməsi istiqamətində mütəmadi olaraq
xüsusi layihələr həyata keçirilir. Bu diqqət və
qayğının nəticəsidir ki, bu gün UNEC-in tələbələri
hər sahədə böyük uğurlar qazanır, yeni-yeni
layihələrə imza atır, ictimai-siyasi sferada yüksək
fəallıq nümayiş etdirirlər: "UNEC-də yeni
bir kitabxana layihəsi - "24/7 kitabxana"
açıldı. Layihənin
reallaşmasında Milli Kitabxana da yaxından iştirak edib.
Belə ki, yeni tipli kitabxanada tələbələrə
Azərbaycan Milli Kitabxanasının zəngin elektron
bazasından birbaşa, maneəsiz istifadə etmək
imkanı yaradılıb. Artıq UNEC-in tələbələri,
universitetin pedaqoji heyəti Milli Kitabxananın 60 min kitab, 140
min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron
bazasından 24/7 kitabxanada rahatlıqla istifadə edə biləcəklər.
Milli kitabxana ilə yanaşı, burada
dünyanın məşhur universitetlərinin
kitabxanalarının, o cümlədən, elmi platformaların
bazalarına daxil olmaq mümkündür. Azərbaycan
Milli Kitabxanası UNEC-də açılan 24/7 kitabxana layihəsini
alqışlayır və bu işdə onlara uğurlar
arzulayır. Belə layihələrin
gerçəkləşdirilməsi bugünkü Azərbaycanın
iqtisadi və mənəvi yüksəlişinin real təcəssümüdür".
Tanınmış təhsil üzrə ekspert, fəlsəfə
doktoru Etibar Əliyev də rektor Ədalət Muradovun
universitet kitabxanalarının elektron informasiya
resurslarının birləşdirilməsi, həmin resurslara
vahid pəncərə çərçivəsində
giriş imkanının yaradılması və universitet
kitabxanalarının elektron kataloqlarının vahid şəbəkəsinın
yaradılması təkliflərini dəstəklədiyini
bildirib. Onun fikrincə, rektorun bu təklifləri dəstəklənməli
və bu istiqamətdə ciddi addımlar
atılmalıdır.
E.Əliyev
əlavə edib ki, "24/7 kitabxanası" UNEC-də həm
tədris prosesinə, həm də elmi-araşdırmaların
aparılmasına müsbət təsir göstərir: "Bəzən
tələbələrdən gələn müraciətlərdə
deyilir ki, hansısa konkret mövzuya həsr edilmiş,
ixtisaslaşdırılmış ədəbiyyatları əldə
etmək çətindir. Məhz bu kimi kitabxanaların
yaradılması ixtisaslaşdırılmış ədəbiyyatlara
çıxış məsələsini həll etməyə
töhfə verəcək".
Məhz
bu səbəbdən təhsil sahəsində innovativ layihələrə
müsbət yanaşdığını qeyd edən
E.Əliyev vurğulayıb ki, dünyanın aparıcı
universitetlərində müasir kitabxanalar fəaliyyət
göstərir: "Beynəlxalq reytinq cədvəllərində
kitabxana ali təhsil müəssisəsinin
qiymətləndirilməsi zamanı əsas meyarlardan biri hesab
edilir. Burada həm kitabxananın tutumu,
informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı,
elektron resurslara, digər universitetlərin bazalarına
çıxış imkanları əsas
götürülür".
Təhsil eksperti Məlahət Mürşüdlü UNEC
ölkədə ilk dəfə olaraq Universitetlərarası
1-ci Kitabxana Forumu keçirilməsini müsbət qiymətləndirib. O deyib ki, rektor Ə.Muradovun
Forumda səsləndirdiyi təklifləri dəstəkləyir:
"Mən əminəm ki, rektorun bu təklifləri ictimaiyyət
tərəfindən dəstəklənəcək və
onların reallaşdırılması istiqamətində
müsbət addımlar atılacaq".
M.Mürşüdlü qeyd edib ki, cəmiyyətdə
informasiya əldə etmək üçün əsas yerlərdən
biri də kitabxanadır. Müasir kitabxana öz elektron sənəd
fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir,
verilənlər bazası yaradır, istənilən elektron
materialı bütün sutka boyu, həm də kitabxana
binasından kənarda belə çatdıra bilir. Yəni
kitabxana bu gün kitab əldə etmək, onu saxlamaq, qorumaq və
oxuculara müvəqqəti istifadəyə vermək kimi ənənəvi
funksiyaları ilə yanaşı, həm də bütün
kitabxana proseslərinin tam kompüterləşdirilməsi nəticəsində
virtual informasiya mərkəzinə çevrilməkdədir:
"Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində
müasir proqram təminatı, yüksək sürətli
fiber optik internet xətti və ən yeni parametrlərə
sahib kompüterlərlə təchiz edilmiş kitabxananın fəaliyyət
göstərməsi təqdirəlayiq haldır. Son illər UNEC-də təhsil keyfiyyətinin
artırılması, tədrisin düzgün idarə
olunması istiqamətində ciddi addımlar atır,
dünyanın bir çox ölkələrində Azərbaycanı
layiqincə təmsil edir. Bu ali təhsil
ocağının son vaxtlar önəmli tədbirlərə
ev sahibliyi etməsi də xüsusi vurğulanmalıdır. Tələbələrin
təhsilə yüksək səviyyədə sahiblənməsi
üçün yeni vasitələrdən istifadə edilir,
dünyanın tanınmış universitetləri ilə tələbə
mübadiləsi edilir. UNEC-in hədəfi
dünya səviyyəli universitetlər sırasına
çıxarmaqdır. Mən əminəm ki, UNEC-də
həyata keçirilən bu yeniliklər qısa müddətdə
onu beynəlxalq məkanda tanıdacaq və UNEC beynəlxalq səviyyəli
universitetə çevriləcək"
Qeyd edək ki, Forum çərçivəsində
geniş kitab sərgisi və endirimli kitab
satış-yarmarkası da təşkil edilib. Qonaqlara, həmçinin,
UNEC-in 24/7 kitabxanası ilə tanışlıq imkanı
verilib. Tələbələr isə
UNEC-in 24/7 Kitabxanasının 1 yaşına həsr olunmuş
fləşmob keçiriblər. Forumun
davamında Ali təhsil müəssisələrinin
kitabxanalarının XXI əsrdə
qarşılaşdıqları əsas problemlər, perspektivlər
və hədəflər ətrafında diskussiyalar
aparılıb. Forum zamanı UNEC KİM ilə
ADA Universitetinin kitabxanası arasında
qarşılıqlı əməkdaşlığa dair
memorandum da imzalanıb.
Universitetlərarası I Kitabxana Forumunun 2-ci günündə UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyəti İQuiz İntellektual klubunun birgə təşkilatçılığı ilə "Biliyin carçıları" milli kvest yarışması keçirilib. Yarışda dörd komanda "Səfəvi" (Texnologiya və Dizayn), "Xəlifə" (Ekspertiza və Standartlaşdırma), "Ameteurs" (Maliyyə və Mühasibat), "Green wich" (Maliyyə və Mühasibat) adlı komandalar birincilik uğrunda mübarizə aparıb. Yarışda "Ameteurs" komandası qalib gəlib. Yarışan komandaların hər birinə sertifikatlar və kitablar təqdim olunub. Qalib komanda isə Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilovanın təqdimatı ilə UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanmış diplomla mükafatlandırılıb.
Yarışın ardından UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasında iqtisadçı-ekspert Vüqar Bayramovun tələbələrlə görüşü keçirilib. Görüş tələbələrin istəyi ilə baş tutub. Görüşdə Vüqar Bayramov ölkədə mövcud iqtisadi vəziyyət, dünya dövlətləri ilə müqayisədə Azərbaycanda neft və qeyri-neft sektorunun inkişafı, xarici investorların ölkəyə cəlb edilməsi və sair kimi məsələlərdən danışıb. İqtisadçı-ekspert, həmçinin, tələbələri maraqlandıran suallara cavab verib. Sonda isə Vüqar Bayramov görüşdə aktiv iştirak edən tələbələrə imzalı kitab təqdim edib.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.9.