Xalq
yazıçısı Kamal Abdulla: "Ünsiyyətdə
olduğum adamlara müşahidə obyekti kimi baxmıram"
Azərbaycan Dillər Universitetinin rektoru, Xalq
yazıçısı, akademik Kamal Abdullanın ASAN Radioya
müsahibəsini təqdim edirik.
- Kamal
müəllim, siz həm yazıçı, həm də fərqli
universitetlərin rektoru kimi uzun müddətdir fəaliyyət göstərirsiniz.
Yazıçı kimi fəaliyyətinizdəki uğurlara
görə Xalq yazıçısı adına
layiq görülmüsünüz. Universitet fəaliyyətinizdəki
uğurlara görə isə bir müddət əvvəl
sosial şəbəkədə keçirilən sorğuda
"İlin rektoru" seçildiniz. Mənsub
olduğunuz sahələrdəki uğurlara görə nəyə
borclusunuz?
- Elə
həmin tələbələrimə, müəllimlərimə.
Mən belə deyərdim.
- Bu
gün bəzi yaradıcı adamlar özlərinə
dağınıq həyat tərzini imic seçdikləri
halda, elmlə, siyasətlə, belə bir böyük
universitetə rəhbərlik fəaliyyəti ilə məşğul
olmaq sizi yormur və yaxud yaradıcılığınıza
mane olmur?
-
Yaradıcılığıma mane olur, ya olmur, siz cavab verə
bilərsiniz, amma mən öz payıma düşən hissəyə
deyirəm ki, yorucu deyil. Əksinə, birindən o birinə keçəndə
beyin dincəlir, ürək dincəlir. Bunların
hamısı biri-birini tamamlayır.
- Burada
siz daha çox insanlarla ünsiyyətdə olursunuz. Gənclərlə
görüşürsünüz. Bu sizə
yaradıcı şəxs kimi müşahidə imkanları
yaradırmı?
-
Bilirsiniz, mən heç vaxt tanıdığım və
ünsiyyətdə olduğum adamlara müşahidə obyekti
kimi baxmıram. Ola bilər, kimdəsə
hansısa xüsusiyyəti beynimin bir güşəsinə həkk
eləmişəm ki, lazım gələndə istifadə edəcəm.
Bunu demək mənim üçün çətindir.
Amma hər halda, mənim həyatım boyu
ünsiyyətdə olduğum adamlar çox maraqlı insanlar
olub. Necəliyindən, kimliyindən
asılı olmayaraq.
- İki ildi ADU-ya rektor təyin olunmusunuz. Müxtəlif
maraqlı layihələr etdiyinizin şahidi oluruq. Universitetdə tələbələrlə bağlı
hansı yenilikləri etmisiniz?
- Deməzdim
ki, mən hansısa yenilikləri gətirdim. Universitetdə
yeni proyektlər baş tutdu. Hal-hazırda
tələbələr və müəllimlər bu proyektlərdən
zövq alırlar. Bu, həm də öz
intellektual potensiallarını başqaları ilə
bölüşmək imkanı yaradır. Bizim tələbələr əvvəllər
pedaqoji təcrübələrini yalnız Bakı məktəblərində
keçirdilər. İndi pedaqoji təcrübənin
coğrafiyası genişlənib. Bizim
bütün qaçqın, köçkün məktəblərində,
Cocuq Mərcanlıda, Nardaran məktəblərində pedaqoji
təcrübəmiz keçirilir. Mənə
elə gəlir, bu, yaşayacaq bir proyektdir və bu proyekt təkcə
universitet üçün deyil, həmin məktəblərin
şagirdləri və tələbələr
üçün də çox faydalıdır.
- Kamal
müəllim, Slavyan Universitetində rektor vəzifəsindən
azad olunan
vaxt tələbələr israrla sizdən ayrılmaq istəmirdilər.
Daha sonra sosial şəbəkədə
sorğu keçiriləndə sizi ən yaxşı rektor
seçdilər. Niyə sizi bu qədər
çox istəyirlər, bilmirsiniz?
- Mən
ona inanıram ki, digər rektor həmkarlarım heç də
az sevilmirlər. Yəni onlar
da həqiqətən gördükləri işlər
müqabilində tələbələr tərəfindən
sevilir. Əməli dürüst adam
olanda, sözü və niyyəti dürüst adam olanda, onun
qiyməti bu cür olur.
- Bəs
universitetdə tələbələrin sosial vəziyyəti
ilə bağlı hansı layihələr var?
- Deyim,
müraciət edənlərə biz yardım edirik, bu fikir bu
gün çox kasıb görünər. Hətta
o yardım nə qədər böyük olsa da. Mən bir məsələni demək istəyirəm.
Məncə, bu, həm universitet həyatına,
həm də universitet camiəsinə layiq bir proyektdir.
Biz birinci kurs tələbələri üçün, yenicə
formalaşmağa başlayan tələbələrimiz
üçün cəmiyyətə faydalı olmaları, tələbə
kimi sabah vətənə, dövlətə
xidmət etmələri üçün bir layihə
etmişik. Hər birinci kurs tələbəsi
kitab mağazasından kitabı alır, qəbzini gətirir və
biz onun pulunu ödəyirik. Bu, tələbələrə
öz kitabxanalarını qurmaq üçün imkan verir.
Bəli, deyilə bilər, internetdən
kitabı yükləyib oxuya bilərlər. Amma kitab mədəniyyəti elədir ki, kitaba gərək
toxunasan, onu sığallayasan, onunla ünsiyyətdə olasan.
Gələcəkdə o tələbələr
də o kitabları öz övladlarına ötürə bilərlər.
- Sosial
şəbəkələrdən nə qədər aktiv
istifadə edirsiniz?
- Sosial
şəbəkədə yoxam. Ancaq müxtəlif
saytları izləyirəm.
- Bu
gün Azərbaycan dilini sosial şəbəkələr daha
çox zənginləşdirir, nəinki kitablar. Siz necə düşünürsünüz?
- Yəni
bunları bir-birə qarışdırmadan, dilin zənginləşmə
prosesində hər ikisinin rolunu qeyd etmək olar. Dilin zənginləşməsi, əlbəttə,
ona yeni gələn dialektlərdən, başqa dillərdən
gələn sözlərlə baş tutur. Amma bu o demək deyil ki, bütün o sözlər
bizim xoşumuza gələn sözlər olmalıdır.
Zənginləşmə prosesi keyfiyyətindən
asılı olmadan hər hansı bir sözün ədəbi
dilin materialına, ədəbi dilin orqanizminə daxil edilməsidir.
Bəzən bizə elə gəlir ki, hə, bu söz
xoşuma gəlmədi, bu sözü işlətmək olmaz,
bunu Azərbaycan dilinə buraxmaq olmaz... Bu, son dərəcə
səhv və yanlış təsəvvürdür. Hər
hansı bir sözü sən işlətdinsə, demək,
o, Azərbaycan dilində var. Hə, onu kim
bəyənəcək, kim bəyənməyəcək, kim
istifadə edəcək, kim istifadə etməyəcək, o,
başqa məsələdi. Ona görə də,
dilin bu cürə zənginləşməsindən qorxmaq
lazım deyil. Dağ çayı gələndə
özüylə hər şey gətirir. Amma
eyni zamanda, çayın özü, suyun özü son dərəcədə
lazımlıdır və qalan da elə o olur. Yerdə qalanları itir-batır, dağılıb
gedir.
- Kamal
müəllim, Rusiya səfirliyinin Yevgeni Primakovla bağlı
elan etdiyi esse müsabiqəsinə qatılması səbəbindən
Slavyan Universiteti böyük bir qınaqla üzləşdi.
Sizin universitetə oxşar təkliflər olurmu, ümumiyyətlə, belə
situasiyalarda universiteti qınamaq
nə qədər doğrudur?
- Şərhsiz!
Deyə bilərsiniz ki, şərh vermədi.
-
Hazırda bir çox universitetlərdə tələbə və
müəllimləri müxtəlif ölkələrə təcrübə
mübadiləsinə göndərirlər. Nəzərə
alsaq ki, siz də müxtəlif xarici dilləri tədris
edirsiniz, universitetiniz
necə, bu cür təcrübə mübadilələrinə
qoşulurmu?
- Biz bir
çox beynəlxalq proqramlarda iştirak edirik. Bunların
içərisində bizim tələbələrimiz müxtəlif
Avropa ölkələrinə, uzaq şərq ölkələrinə
gedirlər. Bir semestr, iki semestr orda təhsil alıb yenidən geri dönürlər.
Belə bir fakt var və bundan biz böyük məmnuniyyətlə
istifadə edə bilirik. Bundan başqa,
dediyim kimi, tələbələrimizə pedaqoji təcrübəni
təkcə Azərbaycan məktəblərində deyil, xarici
ölkə məktəblərindədə keçmək
şansı yaranıb. Biz artıq bu istiqamətdə müəyyən
danışıqlara başlamışıq. Ola bilsin, Almaniyanın Berlin şəhərinə
bizim tələbələrimiz təcrübəyə getsinlər
və hətta alman şagirdlərinə dərs də desinlər.
Bu, bir təcrübənin xaricdəki
formasıdır. Bundan kənarda bizim əməkdaşlarımız
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bir yerdə bir başqa proyekt də həyata
keçirirlər. Tələbələr də
o proyektdə iştirak edir. Bu yaxınlarda
bizim bir əməkdaşımız Latın
Amerikasının üç ölkəsində olub, Azərbaycan
multikulturalizmini orada böyük uğurla təmsil edib. Azərbaycan modeli haqqında danışılıb.
Bilirsiniz ki, cənab Prezident multikulturalizmin Azərbaycan
modelinə böyük önəm verir və multikulturalizmi
dövlət siyasəti elan edib. Məhz elə
buna görə də multikulturalizmin üzərindən Azərbaycanı
tanıyanların da sayı çoxalıb, dostlarının
da sayı çoxalıb. Dünya masştabında Azərbaycan
həqiqətlərini
cəsarətlə deyə bilən və
dostları tərəfindən bu həqiqətləri deyə
bilən bir ölkəyə çevrilib.
- Kamal
müəllim, son günlər ölkə Prezidenti islahatlar keçirir.
Xüsusilə rəhbər
vəzifələrdə gəncləşmə siyasəti
gündəmdədi. Hansı yaşdan sonra
istirahət etməyi planlaşdırırsınız?
- Yəqin
ki 70 (gülür).
- Axı
çox az qalıb...
- Olsun
(gülür). Çox gözəl. İşləməyə və beynində olan
planları həyata keçirməyə daha çox vaxt olar.
- Bəs növbəti parlament seçkilərində özünüzü millət vəkili kimi görmək istərdinizmi?
- Bu barədə heç düşünməmişəm. Hökmən gərək hansısa strukturda təmsil olunasan? Olmamaq da olar. Kifayət qədər özünəyetərli bir insan üçün, mən də özümü belə insanlardan hesab edirəm, qüsura baxmayın, harda olmağın heç bir mənası yoxdu. O, ölkəsinə, vətəninə həmişə sədaqətli olacaq, o, dövlətinə, Prezidentinə həmişə sədaqətli olacaq, bayrağına, himninə həmişə sədaqətli olacaq. İstər oturub evdə yazısını yazsın, istərsə də hansısa bir idarədə oturub işini görsün.
- Bəs, 70 yaşdan sonranı necə planlaşdırırsınız?
- Vallah, demək çətindi. Amma yenə də demək istəyirəm ki, mən sizin verdiyiniz sualların bəzilərini heç düşünməmişəm, yəni planlı şəkildə yaşayan adamlardan deyiləm. Bilmirəm, bu, pisdir, yaxşıdır, amma plan qurmamışam ki, müəyyən yaşdan sonra bunu belə eləyəcəyəm, onu belə eləyəcəyəm. Əlbəttə, adam gəzmək istəyir, çox yeri görmək istəyir. Çox universitetlərdən mənə dəvətlər gəlir. "Gizli Dədə Qorqud"la bağlı, "Dədə Qorqudun poetikası" ilə bağlı mühazirələr deməyə çağırırlar. Mən böyük məmnuniyyətlə 2-3 ay əvvəldən razılıq verirəm, daxilən hazırlaşıram. Vaxt gələndə isə getmək mənə çox çətin görünür. Əlbəttə, bu, işlə də bağlıdı. Bu yaxınlarda Rumıniyada öz kitabımın və mənim haqqımda yazılan bir kitabın müzakirəsinə bu şəkildə qatıla bilmədim. Buna görə özümü çox pis hiss elədim. Əlbəttə, imkan olsa, bunların hamısında iştirak etmək vacibdir.
- Sabiq baş nazir Novruz Məmmədov həm Dillər Univeristetinin məzunudur, həm də uzun illər burada çalışıb. Vəzifədən azad edildikdən sonra yenidən universitetdə elmi işlər üzrə prorektor təyin olunub. Novruz müəllim yeni işinə adaptasiya ola bilirmi?
- Çox gözəl şəkildə adaptasiya olunur. Çünki Novruz müəllim uzun illər burada kafedra müdiri, dekan kimi fəaliyyət göstərib. Novruz müəllimi burda yaxşı tanıyırlar, böyük hörmət bəsləyirlər. Özü də kollektivi doğma hesab edir, özünü də bu kollektivə doğma hesab edir. Novruz müəllim böyük həvəslə, ləyaqətlə öz işinin başındadır.
- Kamal müəllim, bu gün Azərbaycan gəncliyini necə görmək istərdiniz?
- Bilirsiniz, mənim həyatda
özüm-özümə və dostlarıma tez-tez dediyim bir
tezis var: "Docendo discimus" . Bu, latıncadan "Öyrədərək
öyrənirəm" deməkdir. Tələbədən,
müəllimdən asılı olmadan hamı həm öyrədir,
həm öyrənir. Müəllim auditoriyada tələbəni
həm öyrədir, həm də ondan öyrənir. Tələbə
heç özü də bilmədən müəlliminə nəsə
verir, ötürür. Bəlkə müəllim də bunu təsəvvür
etmir, amma nəsə yığılır, nəsə
qalır. Mən hamıya arzu edərdim ki, bu iki sözün
ikisini də həyatlarında normal şəkildə reallaşdıra bilsinlər. Həm
öyrətsinlər, həm də həyat boyu öyrənsinlər.
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.8.