Xalq
yazıçısı Anar: "Türkiyə türkcəsinin
ünsiyyət dili kimi qəbul olunması heç bir başqa
türk xalqının qəlbinə toxunmaz"
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anarın müsahibəsi
- İllər
öncə Sizin qələminizlə Dədə Qorqudun bu millətə
yenidən qazandırıldığı fikri ədəbi aləmdə
olduqca yayğındı. Dədə Qorqud mövzusuna yenidən
qayıtmaq fikriniz varmı? Sizcə, ədəbi baxımdan
buna ehtiyac duyula bilərmi?
-
Bildiyiniz kimi, mən Azərbaycanın ilk iki seriyalı bədii
filminin - "Dədə Qorqud" filminin ssenari müəllifiyəm.
Filmin quruluşçu rejissoru Xalq artisti Tofiq Tağızadədir.
O illər Azərbaycanda ən çox tamaşaçı
toplamış "Dədə Qorqud" filmi Sovet
İttifaqının başqa şəhərlərində də
"Svet poqasşiz kostrov" adıyla uğurla
nümayiş etdirilmişdi. Türkiyə televiziyasıyla da
göstərilən "Dədə Qorqud" qardaş
ölkədə böyük maraq doğurmuş, Türkiyə
mətbuatında görkəmli ədəbiyyat tarixçisi Əhməd
Kabaklının, dastanlar şairi Niyazi Yıldırım Gəncosmanoğlunun,
məşhur nasir Sevinc Çokumun və
başqalarının müsbət rəyləri
çıxmışdı. Bundan başqa, mən 12
seriyasını yazdığım, ancaq təəssüf ki,
yalnız iki seriyası çəkilmiş "Dədə
Qorqud oğuznamələri" dizi filminin (Rejissor Ramiz Həsənoğlu)
və "Basat" cizgi filminin də ssenari müəllifiyəm.
"Kitabı-Dədəm Qorqud" motivləri əsasında
yazdığım "Dədə Qorqud" povesti Bakıda
Azərbaycan və rus dillərində, akademik Həmid
Araslının ön sözüylə, Moskvada üç dəfə,
görkəmli türkoloq Xalıq Koroğlunun ön
sözü, Toğrul Nərimanbəyovun əlvan
illüstrasiyaları ilə böyük tirajlarla çap
olunub. Türkiyədə, İranda (fars və azəri
türkcəsiylə), Qazaxıstanda, Gürcüstanda da
ayrıca kitab kimi çap edilib. 125 səhifəlik "Dədə
Qorqud dünyası" essem ayrıca kitab kimi nəşr
edilib, "Söz dünyası" adlı son kitabıma da
daxil edilib. Qırğızıstanda Manasın 1000 illik yubileyində
unudulmaz Ulu öndər Heydər Əliyevə təklif etdim
ki, biz də Dədə Qorqudun 1300 illiyini qeyd edə bilərik.
Bu fikri bəyəndi və "təklifini yaz" dedi. Ona qədər
"Kitabı-Dədəm Qorqud"u XX-XI əsrlərə
aid edirdilər. Dastan mətnində Dədə Qorqudun Həzrət
Məhəmmədin müasiri olması işarəsini əsas
götürərək dastanın 1300 illiyini qeyd etməyi təklif
etdim. Prezident Heydər Əliyevin qərarıyla bu tarix təsdiq
olundu, YUNESKO və Türkiyə qorqudşünasları tərəfindən
də qəbul edildi.
Türk
dövlətlərinin rəhbərlərinin iştirakıyla
Bakıda keçirilən Dədə Qorqud yubiley tədbirinin
səhnələşdirilmiş bədii hissəsinin
ssenarisini də mən yazmışdım (rejissor Mərahim Fərzəlibəyov),
Dövlət başçıları, xüsusilə
Türkiyə Prezidenti Süleyman Dəmirəl tamaşanı
o qədər bəyənmişdi ki, Türkiyəyə gətirməyi
təklif etmişdi. Bir məzəli detalı də deyim.
Tamaşada Dədə Qorqudun dilindən deyilən: "Qoy az ərlər
çox olsun, qoy azərlər çoxalsın" sözlərini
Süleyman bəy doğrudan da Dədə Qorquda aid
olduğunu zənn edərək çıxışında
sitat gətirmişdi. Mənim Dədə Qorqudla bağlı
işlərimə yüksək qiymət verən Ulu öndər
dünyada ilk dəfə yaradılan "Dədə Qorqud
ensiklopediyası"na yazdığı giriş sözündə
qeyd edirdi: "Məhz "Kitabi-Dədə Qorqud"un təbliği
baxımından Anarın xidmətlərini xüsusi qeyd etmək
istəyirəm. Bəlkə də Anar uşaqlar
üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud
Qorqudla bağlı başqa kitablarını yazanda
çoxları bunun nə qədər əhəmiyyətli
olduğunu o dərəcədə dərk edə bilmirdilər.
Amma indi biz artıq öz ilkin dəyərlərimizi, köklərimizi,
tariximizi olduğu kimi təsvir etməyə
çalışarkən vaxtilə atılmış belə
addımların nə qədər qiymətli olduğunu dərk
edirik. Mən Anarın bu münasibətlə
yaratdığı filmi də dəyərləndirirəm. Təqdirəlayiqdir
ki, "Kitabi-Dədə Qorqud ensiklopediyasının yaranma
ideyası da Anara məxsusdur".
Mən adətən
özüm haqqında bu sayaq məlumatları təbliğ
etməyi xoşlamıram. Amma Sizin sualınıza cavab olaraq
bunu edirəmsə, yaddaşı korlananlara bəzi faktları
xatırlatmaq üçün edirəm.
Dədə
Qorqudla bağlı yenidən hansı janrasa müraciət etmək
fikrim hələ ki yoxdur. Amma onu da qeyd etmək istəyirəm
ki, Dədə Qorqudun tədqiqi və mövzularının
müxtəlif səpkidə işlənməsi sahəsində
bizim bir çox görkəmli alimlərimiz - ədəbiyyatçılar,
dilçilər, folklorçular, eləcə də nasirlər,
şairlər, dramaturqların danılmaz xidmətləri var.
İnanıram ki, gələcək nəsillər də
xalqımızın bu ən möhtəşəm ədəbi
abidəsinə böyük sayğı və maraqla
yanaşacaqlar.
- Bir
zamanlar "Kitabi-Dədə Qorqud" dastanlarımız və
digər əlyazmalarımız Vatikana, Drezdenə, digər
arxivlərə niyə, nədən aparıldı? Əgər
aparılmasa idi, bu günə kimi salamat qala biləcəkdimi?
- Əlyazmalarının,
özü də tək əlyazmalarının deyil Qərb
arxivlərinə, kitabxanalarına, muzeylərinə
aparılmalarının müxtəlif səbəbləri var.
Xalqımızın əzəmətli sənət əsəri
Şeyx Səfi xalçası London muzeyindədir. Bu bir tərəfdən
imperialist dövlətlərin Şərqin yalnız maddi sərvətlərinə
deyil, mənəvi sərvətlərinə də yiyələnmək
cəhdindən gəlir. O biri tərəfdən Qərbin
şərqşünas alimləri də bizim qədim əlyazmalarına
bəzən özümüzdən artıq dəyər verir,
toplayır və saxlayırlar. Konkret desək, "Kitabi-Dədəm
Qorqud" əlyazmalarının öz vətənində nə
dərəcədə salamat qalıb-qalmayacağı barədə
fikir söyləmək çətindir. Hər halda onu da
unutamayaq ki, bizim Bakıda əlyazmalar institutunda çox dəyərli
nüsxələri qorunub saxlanılır.
- İstərdim
ki, "Avesta" ilə bağlı də fikirlərinizi
bizimlə paylaşasınız. Ümumiyyətlə, bu
dastanın mahiyyəti və bizlərə mənsub olması
ilə əlaqədar gəlmiş olduğunuz qənaətlər
nələrdir? Nədən "Avesta" "Kitabi-Dədə
Qorqud" eposu qədər ədəbiyyatımıza və
ictimai şuara sirayət edə bilmədi. Y.V.Çəmənzəminlini
çıxmaq şərtilə və bir də Novruz
bayramı dışında "Avesta"nın mahiyyəti
yazılı ədəbiyyata o qədər də təsir etmədi.
- Mən əlbəttə,
"Avesta"yla tanışam, amma özümü bu sahədə
mütəxəssis hesab etmirəm, yəni tutalım
"Kitabi-Dədəm Qorqud"a bələd olduğum qədər
"Avesta"ya bələd deyiləm. Səbəbi çox
sadədir - "Kitabi-Dədəm Qorqud" mənim ana dilimdə
yaranıb, ayrı-ayrı arxaik əlamətlər olsa da, bu
gün belə anladığımız bir dildə
mövcuddur, "Avesta" isə yabançı dildədir.
Bu birinci və əsas səbəb, ikincisi "Avesta" dini
kitabdır, "Kitabi-Dədəm Qorqud" isə dünyəvi
dastandır, kitaba çevrilmiş dastan. Xalqımızın
məişətində "Avesta"dan gələn, daha
doğrusu, atəşpərəstlikdən gələn bəzi
ünsürlər hifz olunsa da (məsələn, Novruz bayramıyla
bağlı ənənələr, adətlər, mərasimlər),
yabançı dilin abidəçsi olan "Avesta" ərazi
etibarıyla Azərbaycanla bağlıdırsa da, xalqın
şüurunda doğma dildə yaranan ədəbiyyar kimi yer
tuta bilməzdi və tutmadı. Ümumiyyətlə, ədəbiyyat
tariximizə nəzər salanda doğma dil
ünsürünü heç bir vaxt ikinci plana keçirməməliyik.
Dövrün tələblərinə uyğun olaraq başqa
dillərdə yazan müəliflərimizə nə qədər
hörmətlə yanaşsaq da, ədəbiyyatımızın
Ana yolu doğma dilimizdə yaranan ədəbiyyatdır.
-
Tükrdilli dövlətlərin Zirvə toplantısının
keçirilməsi geniş əks-səda doğurdu.
Türkdlli dövlətlərin başçıları bir
araya gəldilər. Bu toplantı Sizin üçün bir
yazar kimi hansı mahiyyət kəsb edir?
- Bu,
türkdilli Dövlət başçılarının birinci
zirvə toplantısı deyil ki… Hətta Türkdilli dövlət
liderlərinin Bişkekdə keçirilən
toplantısında Ulu Öndər Heydər Əliyevin dəvətiylə
rəhmətlik Yusif Səmədoğluyla mən də
iştirak etmişdik. Əlbəttə, bu toplantıları
müsbət dəyərləndirirəm, amma könül istər
ki, belə görüşlərin konkret nəticələri
daha konkret olsun. İlk növbədə türkdilli dövlətlər
Qarabağ məsələsində bizim haqq işimizi sözdə
yox, hərəkətlərdə birmənalı şəkildə
dəstəkləsinlər. Bu dövlətlərin Ermənistanla
münasibətlərini də yüksək səviyyədə
saxlamaları - siyasi, iqtisadi, mədəni əməkdaşlıqları
və s. Azərbaycan torpaqlarını işğat etmiş qəsbkarla
mehriban münasibətlər türk həmrəyiylə bir
araya sığmır. Bu baxımdan Türkiyənin mövqeyi
daha dəqiq və daha prinsipialdır.
- Gələcəkdə
Türk Birliyi ideyası reallığa
dönüşdüyü təqdirdə hansı ortaq əlifbanı
təklif edərdiniz. Sizcə Orhun-Yenisey əlifbası
gündəmə gələ bilərmi? Ümumiyyətlə,
yeni əlifbaya ehtiyac varmı? Bəs, bu BİRLİK ortaq
ünsiyyət məsələsində türk
boylarının hansınınsa birinin ləhcəsini rəsmi
statusda təklif edilə bilərmi? Digər bir sualım da, bu
bağlımda 2119-cu illərin ədəbi dilini necə təsəvvür
edirsiniz?
- Təəssüf edirəm ki, mənim
cavablarımla maraqlandığınız halda, mənim
yazılarımla tanış deyilsiniz. Axı, mən
bütün bu məsələlər haqqında dəfələrlə
yazmışam, demişəm, çıxışlarım mətbuatda,
kitablarımda çap olunub. Yaxşı madam ki, sual verirsiniz
bir də təkrar edim: 1926-ci ildə Bakıda Birinci
Türkoloji qurultaya həsr olunmuş "Fərəh,
ümid, faciə" adlı yazımda bu barədə fikrimi
bildirmişəm: latın əlifbasının Mirzə Fətəlidən
Atatürkə, Rəsulzadəyə, Nərimanova, Mirzə Cəlilə
qədər nüfuzlu tərəfdaşları olsa da (mən
o illərdə yaşasaydım, mən də o vaxt latın əlifbası
tərəfdarı olardım), bu günün tarixi təcrübəsindən
mən ərəb əlifbasından latın əlifbasına
keçməyimizi səhv sayıram.
Ərəb
əlifbasından latına keçməklə biz həm
tarixi irsimizdən ayrıldıq, həm də türk
xalqlarının bir-birini anlaması çətinləşdi.
O vaxt irəli sürülən ərəb əlifbasının
guya ki, elmi-texniki tərəqqiyə mane olması fikri də
yanlışdır. Yaponların, çinlilərin ərəb
əlifbasından qat-qat qəliz olan ieroqliflərlə
yazıb oxumaları onların elmi-texniki tərəqqəsinə
əngəl törətmədi. Amma necə deyərlər
artıq gecdir, qatar gedib. Türkiyə kimi biz də, bəzi
başqa türk dövlətləri də latına
keçmişiksə, daha əlifba dəyişməmiz yetər.
Yenidən neçə-neçə nəsli savadsız etməyə
haqqımız yoxdur. Odur ki, Orhun-Yenisey əlifbasına üz
tutmaq ancaq sırf fantaziya məhsulu ola bilər. Doğrudur,
bir çox alimlərin, o cümlədən rus
türkoloqlarının rəyincə, Orhun əlifbası
türk dillərinə ən uyğun əlifbadır. Amma
heyhat! Olan oldu, keçən keçdi. Həm də latın əlifbasından
bütün dünya istifadə edir, Orhun əlifbasını
üç cüt bir tək mütəxəsisdən
başqa kim biləcək?
Ortaq dil məsələsi
haqqında da dəfələrlə yazmışam, Bakıda
və Türkiyədə dönə-dönə
danışmışam. Kökləri bir olsa da, çox qədimlərdən
ayrılmış türk dillərini müstəqil dil deyil,
ləhcə adlandıranlarla da mübahisələr etmişəm.
Dilimiz ləhcəldirsə hansı dilin ləhcəsidir.
Türkiyə türkcəsinin? Niyə mənim
bayatılardan, Mirzə Fətəlidən, Mirzə Cəlildən
gələn ədəbi dilim Türkiyə türkcəsinin ləhcəsi
sayılsın? Belə olduqda Türkiyə türkcəsinin
özü də ləhcədirmi? Məncə, türk
xalqlarının hamısı indi danışdıqları
dillərini yad ünsürlərdən təmizləyərək
yaşatmalı və inkişaf etdirməlidirlər. Mifik bir
dil – “türk esperantosu” naminə qazax heç vaxt “Jıldıza”
“yıldız”, Türkiyə türkü “ipəyə” “Jipək”
deməyəcək və yaxşı ki, deməyəcək.
Hər dilin öz xüsusiyyəti, öz şirəsi, öz
duzu var. Amma Sovet İttifaqında rus dilli xalqlar arasında
ünsiyyət dili olduğu kimi türk dünyasında da
Türkiyə türkcəsi ünsiyyət, rabitə, təmas,
ilətişim dili ola bilər. Çünki Türkiyə
bütün türk xalqları arasında ən çox
müstəqillik tarixinə malik olan və sayca ən
böyük əhalisi olan dövlətin dilidir, hər sahədə
gəlişmiş bir dildir və məhz Türkiyə
türkcəsinin ünsiyyət dili kimi qəbul olunması
heç bir başqa türk xalqının qəlbinə
toxunmaz. Demirik ki, tutalım Azəri türkcəsi, ya qazax,
tatar, özbək dili ortaq ünsiyyət dili olsun.
2119-cu
ilin ədəbi dilini necə təsəvvür edə bilərəm
ki, nə peyğəmbərəm, nə ekstrasens,
görücü… Arzu kimi onu deyə bilərəm ki, 2119-cu
ildə də, bütün gələcək illərdə də
dilimiz yaşasın, zənginləşsin, kamilləşsin,
yabancı təsirlərdən qorunsun, inkişaf etsin. Əsl
mahiyyətini qoruyub saxlasın, yad sözlərlə yüklənməsin.
- Urmi
gölü ilə bağlı son aldığınız
informasiya necədir? Bu gölün taleyi ilə bağlı
fikirlərinizi bölüşə bilərsinizmi? Sizə elə
gəlmirmi ki, Türk birliyi ilə bağlı ortaq mədəniyyət
məsələsi Urmi gölü, Borçalıdakı
soydaşlarmızın sorunları haqqında və digər
bu kimi məsələrlə bağlı yazar və ziyalı
camemiz susublar? Sovet dövründə səslərini
qaldıran qələm adamları nədən indi bu qədər
susqun, sakit görünürlər: Bu iradı ən
azından yazılan əsərlərin əksəriyyətindən
və verilən müsahibələrdən, edilən
çıxışlardan görmək mümkündür.
- Urmi
gölü haqqında aldığım məlumatlar təəssüf
ki, ürəkaçan deyil, bu gölün qurumaq təhlükəsi
var. Amma Urmidən də böyük su hövzəsi olan Aral
gölünün (daha doğrusu, Aral dənizin)
qurumasının qarşısını kim ala bildi, hansı
yazıçı, hansı alim, ziyalı hansı məqaləsiylə?
Təbiətin hökmüylə baş verən hadisələrin
qarşısını yazıçı sözüylə
almaq mümkün olsaydı, dünyanın bütün
problemləri həll olunardı. Dünyada iqlimin isinməsinin
də Şimal buzlarının əriyib sahil şəhərlərinə
təhlükə törətməsinin də
qarşısını sözlə, yazıyla almaq
mümkündürmü? Elə türk dünyasını
götürsək, bizi ağrıdan problemlər
azmıdır? Borçalı soydaşlarımızın
problemlərindən başqa, İraqda türkman
adlandırılan soydaşlarımızın problemləri
daha ağırdır. Krım tatarları hələ də
doğma torpaqlarının sahibi ola bilmirlər. Çində
uyğurlar təqib olunurlar. Hələ Güneydəki
qardaşlarımızın İrəvan bazarlarını ərzaqla
təmin etmələrini demirəm. Əlbəttə,
haqlısınız, bu və buna bənzər digər məsələlər
haqqında yazıçılar düşünməli,
yazmalıdırlar, hətta sözlərinin bir şeyi dəyişməyəcəyini
bilsələr belə. Sovet vaxtıyla müqayisəyə gəlincə,
qəribə bir parodoks meydana çıxır. Sovet
İttifaqıyla və sovet sistemiylə artıq otuz ilə
yaxındır ki vidalaşmışıq, amma hələ də
beynimizdə sovet stereotipləri qalmaqdadır. Doğrudan da,
Sovet dönəmində yazıçı sözünün əhəmiyyəti
vardı. Ona görə ki, nüfuzlu
yazıçıların sözünü partiya rəhbərləri
eşidir və buna müvafiq tədbirlər
görürdülər. Yazıçının xəbərdarlığını
nəzərə alıb qərarlar verir, ya da
yazıçının özünü tutub dama
basırdılar. Hər halda bir reaksiya vardı. İndi bu qədər
qəzet, jurnal, sosial şəbəkələr bolluğunda
kim kimədir? Bağışlayın, əgər Siz -
yazıçı, jurnalist, ziyalı heç mənim
yazdıqlarımdan xəbərdar deyilsinizsə, səsimiz kimə
çatacaq? Günümüzün ən dəqiq ifadəsi:
"heç kim heç kimin kitabını oxumur".
- Ramiz Həsənoğlu
ilə müsahibəmdə dedi ki, keçən əsrin
60-cı illərində Anarın əsərləri mənim
formalaşmağımda böyük rol oynayıb. Ramiz müəllimi
formalaşdıran əsərləriniz və əsərlər
2060-larda öz təsir gücündə qalacağına
inamınız nə qədərdir?
-
Doğrusu, inamımı ölçməmişəm, nə
qədər olduğunu deyə bilmirəm. Şübhəsiz,
hər bir qələm əhli kimi mənim də ümidim
onadır ki, yazılarım məndən sonra da yaşayacaq,
neçənci ilədək bilmirəm, amma əminəm ki Azərbaycanın
həyatı məişəti, insanları, bu günü və
tarixiylə, ədəbiyyatıyla, sənətiylə, siyasi
keşməkeşləriylə, ölkənin problemləriylə
tanış olmaq istəyənlər yazılarımdan yan
keçməyəcəklər. Qeyri-təvəzökar səslənsə
də, düşünürəm ki, küll hallında mənim
ədəbiyyat, teatr və kino yaradıcılığım
Azərbaycanı anlamaq üçün açardır.
2060-ci ilin oxucuları gələcəyə qalsın,
çox istərdim ki, bu günün gəncləri,
xüsusilə ədəbi gənclik və ələlxüsus
məni oxumadan bəyənməyən bir para gənclər
yazdıqlarımla diqqətlə tanış olsunlar.
Umduqlarına nail olmadığına, iddia etdikləri
şöhrətə, mükafata çatmadıqlarına
görə (hamını razı salmaq mümkün də
deyil) narazı ovqatla, bəd nəzərlə deyil, saf ürəklə,
duru baxışla oxusunlar yazılarımı. Mənə
münasibətləri dəyişməsə də, həyata,
ədəbiyyata münasibətləri bəlkə də dəyişə
bilər.
-
Yaşadığımız planetin bəlli bir dönəmdən
sonra ömrünün sona yetəcəyi ilə bağlı
elmi fikirlər ortalığı gəzib dolaşır. Bu
yanaşmalar yazdığınız əsərlər
bağlamında yazıya, mətnə, kitaba qarşı
ümidlərinizi qırmır ki? Ya sizdə narahatlıq
yaratmır ki?
- Əsla
yox. Çox gənc yaşlarımdan ədəbiyyata bağlanmışam,
yazı-pozu həyatımın mənası olub və bir
sıra müasir yazıçılardan fərqli olaraq
yaradıcılıq mənimçün nəyəsə nail
olmaq vasitəsi yox, ömrümün təmənnasız məqsədi,
zövqü, huzuru - rahatlığıdır və təsəllisidir.
Milyon illərdən sonra yer kürəsinin soyuyub məhv
olacağının yasını indidən tutmaq və ona
görə də yaradıcılıqdan əl üzmək
ona bənzəyər ki, evlənməyəsən, ailə
qurmayasan, oğul uşaq sahibi olmayasan ki, nə var, nə var,
axırda hamı öləcək. O ki, qaldı bu sarıdan
narahatlığa, yəni planetimiz məhv olmaqla mənim əsərlərimin
də yoxa çıxmasına məndə belə bir ümid
var ki, yer kürəsi tələf olandan sonra, kainatın ən
uzaq bir guşəsində, milyon işıq ili məsafəsində
şüurlu həyat var və oranın məxluqu Azərbaycan
dilini mükəmməl bildikləri üçün başqa
yazıçılarımızla bir sırada mənim də
kitablarımı oxuyacaqlar. Bağışlayın, amma belə
suala ayrı cür cavab tapa bilmirəm.
- Əsərlərinizdə
qəribə bir Azərbaycan təəssübkeşliyi
özünü göstərir, Azərbaycanın gələcək
taleyini necə görürsünüz? Azərbaycan mədəniyyətinin
gələcəyi ilə bağlı hansısa bir
platformanız, konsepsiyanız varsa oxucularla bölüşə
bilərsinizmi?
- Azərbaycan
təəssübkeşliyim niyə sizə qəribə gəlir?
Meksika, ya Banqladeş təəssübkeşi olmayacaqdım ki
(Hər iki ölkəyə böyük hörmətim olsa
da). Oxucuları mənim Azərbaycanın taleyi haqqında
görüşlərim maraqlandırırsa, xahiş edirəm,
"Ağ qoç, qara qoç" povestimi alıb oxusunlar.
Orda bütün bu suallara cavab tapacaqlar. Azərbaycan mədəniyyətinin
gələcəyi haqqında fikirlərimi isə, "Azərbaycançılıq
haqqında düşüncələr" (ayrıca kitab kimi
nəşr olunub), "Gecə düşüncələri",
"İpək yolu" (cildlərimdə var) kimi
yazılarımda ifadə etmişəm. Yazılarımın
reklamına daha bir məlumatı əlavə edə bilərəm.
Artıq rusca "Pravo na jizn" adıyla və İstanbulda
Türkiyə türkcəsində çıxmış
kitabımın indi Azərbaycan dilində nəşri
hazırlanır. "Yaşamaq haqqı" adlanan bu kitabda
verdiyiniz və vermədiyiniz bütün suallara cavab tapa biləcəksiniz.
Suallarınıza görə təşəkkür edirəm.
XANƏMİR
525-ci qəzet.- 2019.- 7 dekabr.- S. 6; 7.