"Heydər Əliyev haqqında
müdrik əhvalatlar" kitabının təqdimatı
keçirildi
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda
şair, yazıçı, AYB Ədəbiyyat Fondunun direktoru
Əjdər Olun Ümummilli lider Heydər Əliyevə həsr
edilmiş "Heydər Əliyev haqqında müdrik əhvalatlar"
kitabının təqdimat mərasimi olub.
Mərasimdə AYB rəhbərliyi, ziyalılar,
tanınmış ədəbiyyat xadimləri, ictimaiyyət
nümayəndələri və media təmsilçiləri
iştirak ediblər.
Tədbiri
giriş sözüylə açan AYB-nin katibi Rəşad Məcid
Ulu öndərin anım günü ərəfəsində
belə bir maraqlı kitabın təqdimatının yerinə
düşdüyünü deyib: "Ümummilli liderin hər
birimizin həyatında, həm ədəbiyyatımızın,
həm jurnalistikamızın inkişafında çox
böyük rolu var. Mən də onunla bir neçə dəfə
görüşmüşəm. Bu
görüşlərdə onun necə iti yumora sahib
olduğunu görmüşük. O, ictimai rəyin
ustası idi. Heydər Əliyev bircə
sözü, bircə fikriylə də Azərbaycan mətbuatını
hansısa mövzu haqqında düşünməyə,
müzakirələr aparmağa sövq edən müdrik siyasi
xadim idi. Əjdər Ol tanınmış
şair, yazıçı, eyni zamanda bir neçə Azərbaycan
yazıçılarının həyatlarından əhvalatlardan
ibarət kitabların müəllifidir. Bu
kitabdakı əhvalatlar isə daha həssas, daha çətindir.
Çünki böyük liderlər ətrafında
əfsanələr də, uydurulmuş məqamlar da çox
olur. Əlbəttə, çalışmaq
lazımdır ki, həm həqiqətə uyğun olsun,
gerçək hadisələr olduğu kimi təsvir edilsin, həm
də maraqlı alınsın. Bu mənada
bilirəm ki, Əjdər Ol bu kitabın üzərində
çox zəhmət çəkib, bir hadisəni dəqiqləşdirmək
üçün bir neçə insanla görüşməli
olub. Bu kitab və bugünkü tədbir
Ulu öndərin ruhuna ehtiramın, sevginin nümunəsidir.
Bu münasibətlə müəllifə minnətdarlığımızı
bildirir, onu təbrik edirik".
AMEA-nın
vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəyli
çıxışında artıq AMEA və ölkənin
bir sıra qurumlarında Ümummilli liderin anım tədbirlərinə
start verildiyini, bu kitabın təqdimatının da AYB-nin fəaliyyət
yönünə, xarakterinə uyğun tədbir olduğunu
vurğulayıb: "Burada toplanan əhvalatlar
yazıçı müşahidəsi əsasında
yazılmış, yazıçı təhkiyəsi ilə
ifadə olunmuş hekayələrin oxucuya
çatdırılmasından ibarətdir. Bu
kitab Əjdər Olun yeni üslubda böyük siyasi xadimin həyatını,
fəaliyyətini əks etdirmək baxımından çox
ciddi işidir. Burada onun həyat və fəaliyyəti
incə bir yumorla müşayiət olunub. Müəllif
çox incə yumor vasitəsiylə Ulu öndərin daxili
dünyasını, müdrikliyini,
hazırcavablığını, mənəvi zənginliyini,
hətta idarəetmə təcrübəsini və
bütün bunlardan istifadəsini çox bacarıqla təqdim
edə bilib. Heydər Əliyev dərin mənalı
yumora sahib böyük dövlət xadimi idi. O,
özünün siyasi fəaliyyətində yumordan tərbiyələndirmək,
məsələlərə münasibətini daha canlı, təsirli
şəkildə bildirmək baxımından yerli-yerində
istifadə edirdi. Onun nitqlərində "Molla
Nəsrəddin" gülüşünə, Cəlil Məmmədquluzadə
sənətinə dərin hörmət və ehtiram
müşahidə olunurdu. Əjdər Ol
da Ulu öndərin xarakterindəki bu reallığı hekayələr
şəklində təqdim edib. Ona görə
də kitabın "müdrik kəlamlar" deyil,
"müdrik əhvalatlar" adlanması son dərəcə
uğurlu seçimdir. Çünki
Əjdər Ol bu hadisələri və ondan çıxan nəticələri
obyektiv şəkildə həm müşahidə edib, həm
də qələmə alıb. Bu, Heydər
Əliyev haqqında yazılan çoxsaylı əsərlərin
içərisində ən orijinal nümunələrdəndir.
Bu kitab, həmçinin, dövlət xadimləri
haqqında yazılacaq əsərlər üçün
çox gözəl nümunə və zəngin
materialdır. Bu kitab oxucuya Heydər
Əliyevin daxili zənginliyini, onu əhatə edən
mühitə qarşı münasibətini həyati vasitələrlə
ifadə edən, yazıçı qələmiylə
çatdıran fərqli əsərlərdən biridir.
Xalq yazıçısı Anar da
yazdığı "Ön söz"də bu əsəri
Ulu öndərə fərqli yanaşma baxımından
orijinal əsər kimi qiymətləndirir".
Yazıçı
Səyyad Aran Heydər Əliyevlə bağlı xatirələrindən
söz açıb: "Ulu öndərlə bir çox
görüşlərdə iştirak edib, 2 böyük
dövlət səfərinə getmişəm. Bu
vasitəylə Heydər Əliyevi yaxından izləmək
imkanım olub. Bu kitabda mənim də
dilimdən iki əhvalat yer alıb. Burada mən
Heydər Əliyevə ən müxtəlif yanaşmalar
gördüm. Heydər Əliyev bu kitabda ən
müxtəlif rakurslardan görünür. Bu gözəl təşəbbüs Əjdər
Oldan gəldi. Onun yanaşması çox
orijinaldır. Heydər Əliyev
haqqında roman da, povest də yazmaq olar, yazılacaq da. Əjdər Olun seçdiyi üslub isə
hamının oxuyacağı, sevəcəyi tərzdə sadə
və uğurludur. Bu münasibətlə
müəllifi təbrik edirəm".
Şair
Ramiz Məmmədzadə Heydər Əliyevlə bağlı
xatirələrini bölüşərək deyib ki, Ulu
öndər haqqında kitab yazmaq çox çətindir:
"Onun həyatı, fəaliyyəti, müdrikliyi kitaba,
romana, dastana sığası deyil. Əjdər Ol bu kitabla
çox böyük iş görüb".
Filologiya
üzrə fəlsəfə doktoru Jalə Əliyeva
çıxışına Heydər Əliyev haqqında
düşüncələriylə başlayıb: "Heydər
Əliyev elə bir dühadır ki, onu görmək,
haqqında yazmaq, hətta bir söz belə demək kimə
qismət olubsa, o, çox xoşbəxt insandır. Heydər Əliyev hər birimiz üçün
çox böyük rəhbərdir, yol göstərəndir.
Biz onun varlığıyla, qoyduğu irslə fəxr
etmişik. Bir neçə gündən sonra onu itirməyimizin
16-cı ili olacaq. Onu
itirdiyimiz gündən onun haqqında çox sayda
çıxışlar olub, yazılar yazılıb. Hər
kəs onun adına həsr olunmuş
konfranslarda, toplantılarda ondan söz deməyə çalışıb,
xatirələrini bölüşüb. Amma mənə
elə gəlir ki, biz onun haqqında nə desək, nə qədər
yazsaq da, o böyük fenomenin qarşısında borcumuzu hələ
ödəyə bilmərik.
Əjdər Ol haqqında bunu əminliklə deyə bilərəm
ki, o, nə yazıbsa, ürəyinin səsiylə yazıb. Onu bir
çoxlarından fərqləndirən odur ki, orijinal
yazır. Şəxsiyyətində gizlətdiyi
o yumor, satira, aforizm, hadisələrə yanaşma tərzi
yazılarında da özünü göstərir. O, səmimi
dillə, hər kəsə xitab edəcək qələmlə
öz düşüncələrini ortaya qoya bilir. Əminik ki, bu kitab da Ulu öndərə həsr
olunmuş yüzlərlə kitabın, poemanın içərisində
özünəməxsus bir yer tutacaq. Çünki
bu günə qədər ona bu rakursdan yanaşan olmayıb.
Əjdər müəllim bu hekayələri
böyük zəhmət bahasına toplayıb və bizə
təqdim edib. Bu qədirbilənliyinə
görə ona təşəkkür edirəm".
Polkovnik Həmid Cəfərov
çıxışında deyib ki, bu kitablar vasitəsilə
gələcək nəsillər dahi şəxsiyyətin həyat
yolundan örnək götürəcəklər.
"Bu,
Əjdər Olun tapdığı ədəbi üslubdur"
- deyən rejissor Bəhram Osmanov əlavə edib: "O, bu
üslubla Heydər Əliyevin həm
böyüklüyünü, həm də sadəliyini
çox uğurlu şəkildə çatdıra bilib".
Yazıçı
Tofiq Məlikli çıxışında deyib:
"İnsanı böyük edən onun yumora olan gözəl
münasibətidir. Çox nadir hallarda dövlət
xadimləri belə bir yumora sahib olurlar. Bu
da Ulu öndərin böyüklüyünü göstərir.
Əjdər Ol bu kitabda bu yumoru çox gözəl
şəkildə çatdırıb".
Şair
Vaqif Bəhmənli Əjdər Olun
yaradıcılığını böyük sevgiylə, məhəbbətlə
izləyən oxuculardan biri olduğunu önə çəkib:
"Bilirəm ki, yumor onun bütün
yaradıcılığından çox gözəl bir xətlə
keçir. Bu əhvalatların üzərində
çox peşəkar bir qələm işləyib. Bu qələmdə əhvalatlar bədii həqiqətə
çevrilə bilib".
Şair Adil Cəmil də çıxışında
Heydər Əliyevlə bağlı xatirələrini
bölüşüb, kitab münasibətilə müəllifi
təbrik edib.
Professor
Rüstəm Kamal pritça janrı haqqında məlumat
verib, janrın çətinliklərindən söz
açıb: "Böyüklərdən yazmaq müəllifin
özünü də böyüdür. Tarixin
səhifələrində qalmış pritça janrı
Əjdər Ol qələmiylə yenidən canlanır. Pritça çox çətin janrdır. Az
sözlə, məhdud həcmdə bu cür şəxsiyyətlərin
obrazlarını yaratmaq müəllifdən ustalıq tələb
edir. Əjdər Ol da bu işin öhdəsindən
ustalıqla gəlir. Bu kitabda Heydər
Əliyev təkcə tarixi obraz deyil, həm də bədii
obraz kimi yaşayır".
Xalq
artisti, bədii qiraət ustası Ağalar Bayramov
çıxışına Əjdər Olun şeiriylə
başlayıb, sonra isə kitab haqqındakı fikirləriylə
davam edib: "Əjdər Ol bənzərsiz yazardır. Onun bütün yazılarında qəribə bir
dünya var. Bu kitabdakı əhvalatlardan ikisinin şahidiyəm.
Əjdər Ol heç zaman yazılarına, qələminə
xilaf çıxmayıb. O, bütün
yazılarında özüdür. Onun
yanaşma tərzi, baxış bucağı başqadır.
Oxuyan kimi bilirsən ki, bu, onun üslubudur".
Çıxışının sonunda A.Bayramov Əjdər
Olun daha bir neçə şeirini səsləndirib.
AYB-nin sədri,
Xalq yazıçısı Anar Əjdər Olun bu
kitabını çox qiymətli əsər kimi dəyərləndirib:
"Əjdər Ol çox istedadlı şairdir, nasirdir. Onun bir neçə kitab yazdığı bu
janrın ədəbiyyatımız üçün çox
böyük əhəmiyyəti var. Çünki bu janrda bu
günün hadisələri, bu günün şahidlərinin
yaşadıqları qələmə alınır. Heydər Əliyev haqqında çox əsərlər,
kitablar yazılıb. Amma onun bir insan kimi həyata,
insanlara münasibəti, yumoru, zarafatları,
hazırcavablığını əks etdirmək
baxımından Əjdər Ol çox qiymətli bir kitab
yazıb. Arzu edirəm ki, bu cür səmərəli
fəaliyyətini bundan sonra da davam etdirsin".
Sonda çıxış edən müəllif kitab haqqında məlumat verib, çıxışçılara öz təşəkkürünü bildirib: "Bu kitab öncə 20 əhvalatla başladı. Sonrakı nəşrində 50, indiki nəşrində isə 150 əhvalat yer aldı. Ola bilsin ki, gələcəkdə əhvalatların sayı da çoxaldı. Mənim yaradıcılığımın bir hissəsi bu tipli yazılardır. Ümumiyyətlə, yaxşı söz deyən, kəsərli söz deyən, maraqlı əhvalatların hamısını yazıram. Əvvəl məşhur insanlardan yazırdım. Sonra gördüm ki, məşhur olmayanların içərisində də yaxşı söz deyənlər var, onları da yazdım. Sonra siyasətçiləri də daxil etdim. İstəyirəm ki, gözdən kənarda qalan kimsə olmasın. Bu, Heydər Əliyev haqqında nə tərif kitabıdır, nə də tənqid. Bu, xarakter kitabıdır. Tarixin yaddaşına yazıla biləcək söhbətləri, əhvalatları bacardığım qədər yazmağa, işıqlandırmağa çalışıram. Bu kitabların qəhrəmanları elə mənim də, sizin də ətrafınızdakı insanlardır. Heydər Əliyev xalqımızın, dövlətimizin həyatında mühüm rol oynamış böyük şəxsiyyətdir. Onun xarakteriylə bağlı olan bu kitab gələcəkdə mütləq lazım olacaq. Kitaba böyük ürəklə ön söz yazdığı üçün Anar müəllimə təşəkkür edirəm".
Sonda müəllif kitabını qonaqlar üçün imzalayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 7 dekabr.- S.10.