Nizami "Xəmsə"sinin Türkiyə türkcəsində nəşri təqdim olundu

 

 

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin onların əsərlərinin digər ölkələrdə təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi həyata keçirilir.

Dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin ("Sirlər xəzinəsi", "Xosrov Şirin", "Leyli Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") layihə çərçivəsində Türkiyə türkcəsində nəşri başa çatdırılıb.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yeni işıq üzü görən "Xəmsə"nin təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmilər, tanınmış elm ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan cəmiyyətində kitaba olan maraq getdikcə artır: "Bu il ölkəmizdə, eləcə Milli Kitabxanada kitabla bağlı bir sıra tədbirlər keçirilib. Onlardan biri bu il 6-cı dəfə təşkil olunan Bakı Kitab Sərgi-Yarmarkası oldu. Sevindirici haldır ki, Azərbaycan kitabı tək bizim oxucular tərəfindən deyil, beynəlxalq aləmdə tanınır, müxtəlif dillərə tərcümə edilərək təqdim olunur. Bu da, təbii ki, dünyada Azərbaycan kitabına marağı artırır".

Nazir son illərdə Mədəniyyət Nazirliyi Türkiyənin nəşriyyatları tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb: "Xüsusilə "Zengin Yayıncılık" nəşriyyatının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu nəşriyyat Azərbaycan kitablarının Türkiyədə nəşri sahəsində böyük işlər görüb. Son illərdə nəşriyyat tərəfindən 30 müəllifin kitabı türk dilində çap edilib. Belə nəşrlərdən biri bu gün təqdimatı keçirilən, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, fəlsəfəsinin zirvəsi hesab olunan dahi Nizami Gəncəvinin əsərləridir. "Xəmsə" Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində türk dilində nəşr edilib. Bu işlərdə əməyi keçmiş hər kəsə təşəkkür edirəm. Əminəm ki, Nizaminin ədəbi irsi türk oxucusu tərəfindən yenidən rəğbətlə qarşılanacaq Azərbaycan xalqının böyük mədəniyyətə malik xalq olduğu bir daha sübuta yetiriləcək".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, iki qardaş ölkənin xalqlarını bir-birinə bağlayan ən möhkəm bağlardan biri mədəniyyətdir: "Türkiyədə klassik ədəbiyyatdan söz açarkən Nizaminin, Füzulinin adını çəkməmək mümkün deyil. Biz bu şairlərin mədəniyyətimizin ən dəyərli parçaları olduğunu bilirik. Lakin Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması məqsədilə hələ çox işlər görülməlidir. 70 illik sovet dövrü bu iki xalqı bir-birindən ayırıb. Biz biri-birimizi daha yaxşı tanımaq, daha da yaxınlaşmaq üçün keçmişimizi dərindən öyrənməliyik. Bu gün təqdimatı keçirilən Nizami Gəncəvinin "Xəmsə"si bir-birimizi yaxından tanımağa vəsilədir".

"Zengin Yayıncılık" nəşriyyatının direktoru Sevinc Fırat vurğulayıb ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ilə qurulan əməkdaşlıq nəticəsində bu günə qədər layihə üzrə ümumilikdə 30 müəllifin 46 adda kitabı türk dilində nəşr edilərək Türkiyəli oxucuların diqqətinə təqdim olunub. Bu nəşrlərin üçü elmi, 23-ü bədii, 20 adda kitab isə uşaq ədəbiyyatıdır: "Nəşriyyat kitabların keyfiyyətli tərcüməsi çapı ilə yanaşı, Türkiyədə yayılması tanıtımına da geniş diqqət ayırıb. Kitablarla bağlı mətbuatda məlumatlar dərc olunub, videosüjetlər yayımlanıb. Eyni zamanda Türkiyənin ən nüfuzlu təhsil müəssisələrinin qarşısındakı reklam lövhələrində elanlar yerləşdirilib".

Böyük Azərbaycan şairi Nizaminin əsərlərinin türk dilində işıq üzü görməsini Xalq yazıçısı Elçin Əfəndiyev ədəbiyyat hadisəsi olmaqla yanaşı, böyük mədəniyyət hadisəsi adlandırıb. Nizami Gəncəvinin bütün dövrlərin müasiri olduğunu söyləyən Xalq yazıçısı, Nizaminin Avropada Azərbaycan şairi kimi tanınıb, oxunmasına çox sevindiyini bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Nizami Gəncəvi yaradıcılığı haqqında geniş danışıb, onu təkcə Azərbaycanın, Türk dünyasının deyil, bütün dünyanın böyük şairi adlandırıb. Bu nəşrin Nizaminin daha böyük auditoriyaya tanıdılması onun əsərləri haqqındakı araşdırılmaların aparılması üçün çox mühüm hadisə olduğunu deyən akademik, zəhməti olanlara təşəkkürünü bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov layihənin Azərbaycan ədəbiyyatının Türkiyə və bu ölkə vasitəsilə dünyada tanıdılmasına böyük töhfə olduğunu bildirib. Qeyd edib ki, bunun nəticəsində türkxarici ölkə oxucuları ədəbiyyatımız, mədəniyyətimiz haqqında dolğun məlumat alacaqlar.

Sonra Xalq yazıçıları Mövlud Süleymanlı, Afaq Məsud çıxış edərək bu nəşrin Nizaminin Azərbaycan şairi kimi tanıdılması istiqamətində atılmış mühüm addım olduğunu qeyd ediblər. Nizami dühasının zənginliklərindən söz açan natiqlər, Nizami irsinin qardaş ölkədə təbliğini yüksək qiymətləndirib, belə layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Sonda şair-tərcüməçi Yurtseven Şen kitab barədə öz fikirlərini bölüşərək hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən nəşr olunan kitabın ilk növbədə Türkiyədəki elmi-kütləvi kitabxanalarına, ali təhsil ocaqlarına və digər aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.12.