Qələm də
çürüdü qəmdən
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Satıb dəyər-dəyməzinə
Batmışamsa, ta batmışam.
Yel qopdu uçdu alaçıq,
Göylərə uçdu alaçıq,
Quru yerdə üstü açıq
Yatmışamsa, ta yatmışam.
Bərk-bərk yapışdım qələmdən,
Qələm də çürüdü qəmdən.
Özümü öz pəncərəmdən
Atmışamsa, ta atmışam.
Bu dünyanı beş qəpiyə
Satmışamsa, ta satmışam.
Üzülmə, yolun sonuna
Çatmışamsa, ta çatmışam.
Aynalar da olmasa
Mən yenə də özümlə
Ovudaram özümü.
Ovuda bilməyəndə
Uyudaram özümü.
Sözüm olmaz sözümlə,
İşim yoxdur özümlə.
İçim yanar, gözümlə
Soyudaram özümü.
Arzum yolda qalmasa,
Məni fikir almasa.
Aynalar da olmasa,
Unudaram özümü.
Ömür keçir çətində,
O küçədə, bu tində...
Vərəqlərin içində
Qurudaram özümü.
O inandı, o bilmədi
Min budaq vardı, kəsdiyin
Budağa çəkdin sən onu.
Sinəsinə bir dağ çəkdin,
O dağa çəkdin sən onu.
Əzsən də əziz göründün,
Gözünə dəniz göründün.
Özün tər-təmiz göründün,
Batağa çəkdin sən onu.
Göz yaşı ilmə-ilmədi,
Bir əl də qalxıb silmədi.
O inandı, o bilmədi:
Yatağa çəkdin sən onu.
Min budaq vardı, kəsdiyin
Budağa çəkdin sən onu.
Sinəsinə bir dağ çəkdin,
O dağa çəkdin sən onu.
Bir də məndən
bax özünə
Gəlib
qaranlıq içində
Qara bürünürsən,
Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Gün göstərib çiçəklədib
Sonra da qar atma daha.
Və xoşbəxt ola
bilməyən
Adamlar yaratma daha.
Nədir
bizdə bu ağırlıq
Adına da dərd deyirlər.
Namərdliyi insan edir
Dünyaya namərd deyirlər.
"Ol" dedin oldu olanlar
Dilin gəlmir
dağıtmağa.
Bilirəm, Sən də bezibsən,
Əlin gəlmir dağıtmağa.
Gəlib
qaranlıq içində
Qara bürünürsən,
Allah.
Bir də məndən bax özünə
Necə görünürsən, Allah.
Adam da günəş kimi...
Baxma nəsə etmirəm,
Edəcəyəm, darıxma.
Özümü burda qoyub
Gedəcəyəm, darıxma.
İndi durub baxıram -
Hər şey veyil-veyilmiş.
Mənim dediyim dünya
Heç bu dünya deyilmiş.
Guya başqa nə olur?..
Əzəl və əcəl olur.
Adam da günəş kimi
Üfüqdə gözəl olur.
Rahil TAHİRLİ
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.23.