Marina SVETAYEVA

 

 

Uzun müddət idi ki, Marina Svetayevanın bu kövrək, lirik etirafı məni düşündürürdü.

Çox baş sındırdım ki, bu mənzuməni ana dilimizdə necə səsləndirmək olar? Bu misraların alt qatında duyulan işvəkar qadın nazını, bədii məntiqi, şıltaq düşüncəni hansı vasitələrlə çatdırmaq olar? Nəhayət, Sizə təqdim etdiyim bu tərcüməmin, daha doğrusu, YOZUMumun üzərində dayandım. Əlbəttə ki, əsas rəy Oxucunundur...

6 dekabr, 2019

 

Yaxşı ki, başqası munisdir sizə,

Mən isə munisəm başqa munisə.

Yaxşı ki, heç zaman bu Yer gerçək,

Ayağın altından üzülməyəcək!

Gülməli görünmək, sərbəst davranmaq...

Sözü oynatmaq da mənimçün xoşdur.

Bir yüngül təmasdan alışıb yanmaq

Utanıb qızarmaq əbəsdir, boşdur.

Həm mənə acıq verməyiniz var, -

Kimisə öpməyim cırnadır sizi;

Beləcə oluram mən günahkar

Qəsdən qucursunuz başqa kənizi,

Soyuda bilirsiz qəzəbinizi...

Adım dilinizdən heç düşməsə ,

Kilsədə yan-yana səslənməyəcək,

Müqəddəs kəlamla bəzənməyəcək...

Hər halda, əzizim, sizə təşəkkür,

Biganə deyilsiz heç zaman mənə,

Söz tapa bilmirəm, mən nə deyim, nə?..

Adicə anlarda olub-keçənlər

Mənsiz gəzdiyiniz aylı gecələr,

Açılan sabahlar, doğan günəşlər

Baş tutmayan vüsal, munis görüşlər...

Əfsus ki, başqası munisdir sizə,

Əfsus ki, mən isə başqa munisə...

 

 

Səyavuş Məmmədzadə

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.23.