AĞIR HİSS
miniatür esseləri
İnanılmaz dərəcədə yaxınlıq
göstərirdi mənə. Anlamırdım bunun səbəbini. Axı çoxdan tanıyırdıq
biri-birimizi. O da vardı bu dünyada,
mən də. Zatımıza, kökümüzə bələddik. Nə olmuşdu
görəsən? Şirinləşmişdim bəlkə, özümün
də xəbərim yox idi. Ötürmürdü həftəsini, gününü
mənsiz. Razılaşırdı bütün dediklərimlə.
Epitetlər qoşurdu adımın
yanına. Bəzən bu
"qoşma"ların artıq,
çox artıq olmasının da fərqindəydim. Günlər, həftələr, aylar ötdü beləcə.
İnanmağa başlayırdım onun səmimiyyətinə.
Etibarlılardan hesab etməyə
başlamışdım onu.
Qala bilərdi beləcə.
Ömrü boyu mənə
doğma, yaxın kimi. Yerinə yetirə bilmədim,
məndən ötrü
müqabil olmayan xahişini. Tərəddüddə qaldım. Əl çəkmədi,
bu tərəddüd müddətində də
əl çəkmədi.
Gəldi,
getdi, zəng vurdu, axtardı, aradı. O dediyi işi görməyəcəyimi
dərk edənə kimi. Yavaş-yavaş kəsildi ayağı
yanımdan, axtarmadı,
aramadı, sormadı.
Əvvəlkinə çevrildi. Tanıdığım, amma heç
bir münasibətimin
olmadığı əvvəlkinə.
Nə o,
nə də mən bir şey
itirdik. Ürəyimdə
təkcə onun adıyla bağlı ağır bir hiss qaldı.
UCA TANRI
Fikrimdən dünya keçir. Dağları, dərələri, düzləri, qayaları, çayları, dənizləri ilə. Günəşi, Ayı, ulduzları yerləşir təsəvvürümə, özünün böyüklüyü, nəhəngliyi ilə. Hüdudsuz məkanın ənginliklərinə baş vurur ağlım. Zamanın keçmişinə, gələcəyinə səyahət edir. Dərkinin qüvvəsini sınayır. Qalib gələn vaxtı da olur. Uduzur da çox vaxt. Onun uduzmasını anlaması da bir qalibiyyətdir. Nələrə yetib çata bilmədiyini anlayır. Yetib çata bilmədiklərinin olduğunu qəbul edə bilir. Milyardlarladır mənim kimilər. Dünyaları öz fikrində yerləşdirməyi, düşüncəsindən keçirməyi bacaranlar. Başqa dünyaların olduğunu qəbul edənlər də eləcə. Bütün dünyaları özlərində daşıyanlar biri-birlərini düşüncələrindən keçirə bilirlər. Dünyanın zahirən çox kiçik görünən nəhəngləri, böyükləriyikmi biz? Yox, yox, bu qədər böyükmü olar? Yox, yox. Bir böyük var. Tək bir böyük. Cılız cismimizə yanında olan böyük dərkin zərrəsini vermiş, böyük Yaradan. Uca Tanrı.
UŞAQ
MİNNƏTDARLIĞI
Zəng vurdu. Sözü olduğunu bildirdi mənə. Vədələşdik. Kiçik yaşlı oğlu ilə gəldi. Görüşdük. İlk baxışda bu körpə uşaqda olan ağayanalıq çəkdi diqqətimi. Sözünü dedi. Dinlədim, fikrimi bildirdim, məsləhət verdim. Sonda işçim olan bir qadının ona etdiyi böyük hörmətdən danışdı. Onu görmək istədiyini bildirdi. Xahişinə əməl elədim. Çağırdım o qadını. Gəldi. Olmazın sözlərlə minnətdarlğını bildirdi. Ürəyinin genişliyinə, həssaslığına, səmimiyyətinə, dözümünə görə təşəkkür etdi.
Hələ yenə nələrsə demək istəyirdi. Söz tapmırdı elə bil. Uşaqsa baxır, dinləyir, gah anasına, gah da o qadına diqqət kəsilirdi. Birdən heç birimizin gözləmədiyi halda uşaq qalxdı yerindən, stulda əyləşmiş qadının yanına gəldi, qucaqladı boynunu, o üzündən, bu üzündən öpdü, sığındı ona. Quruyub qalmışdıq hamımız. Dolmuşdu gözlərimiz. Anasının tapa bilmədiyi sözlərin əvəzini verirdi elə bil bu uşaq. Götürmüşdü anasının çiyinlərindən bu ağır yükü. Balaca, körpə uşaq, məsumluğu, səmimiyyəti ilə.
BİR DƏ
DÜNYAYA GƏLSƏYDİM
Düşünürəm: Bir də bu dünyaya gəlsəydim əgər, bax indiki həyatımda gördüklərimdən kimə bənzəmək istərdim? Kimin həyatını nümunə seçərdim özümə? Böyük ixtiyar, şan-şöhrət sahiblərininmi? Yox. Var-dövlətə, dürr-zərə bələnənlərinmi? Yox, yox.
Jan Valjanın həyatını yaşamaq istərdim. Jan Valjanin. "Səfillər"dəki, Hüqonun "Səfillər"indəki Jan Valjanın. Qoy lap saysız Javerlər izləsinlər məni, günümü qara eləsinlər, göz verib-işıq verməsinlər. Dözərdim onların verəcəkləri sonsuz əziyyətlərə. Təki sonda böyük xeyirxahlığımı görüb öz canlarına qəsd edəydi bu Javerlər. Jan Valjan olmaq istərdim, bir də dünyaya gəlsəydim. JanValjan...
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.22.