Müəllim adı daha da ucalanda...   

 

 

Aylar ötür, illər keçir, ömrün fəsilləri öydükcə zərif tumurcuqlar pöhrələnir, dünənki körpə fidanlar qollu-budaqlı, kökləri torpağa möhkəm bağlı ağaclar olur.

 

vaxtsa onun da qəlbindən keçən arzu istək həmin pöhrələr kimi cücərib, boy atıb. 1974-cü ildə orta məktəbi bitirənə artıq öz gələcək ömür yolumu qətiləşdirmişdi. O da qardaşı Tahir kimi müəllim olacaqdı! Özü riyaziyyat müəllimi! Elə bu arzu ilə elə həmin il ADPU-nun riyaziyyat fakültəsinə qəbul olundu.

Açıq deyək, qızlar adətən humanitar fənlərə meyl edirlər. Lətifə isə özündən böyük qardaşı Tahirdən geri qalmaq istəmədi. Orta məktəbdə ən çox riyaziyyat fənninə bağlandı.

Quş qanadlı dörd illik tələbəlik illəri arxada qaldı. 1978-ci ildə ali təhsil diplomu ilə doğma Şabrana qayıdan Lətifə Fəttahova ilk dəfə pedaqoji fəaliyyətə kənd məktəbində başladı. İndi Lətifə xanım artıq 22 ildir ki, hazırda çalışdığı Şabran şəhər Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəbdə əmək fəaliyyətini davam etdirir.

Bir vaxt məzunu olduğu, İkinci Dünya Müharibəsində əfsanəvi Mehdi Hüseynzadənin partizan yoldaşlarından olmuş Məmmədağa Nəzirovun adını daşıyan bu məktəb keçmiş Dəvəçi rayonunda ilk təhsil ocağı kimi şanlı tarixə malikdi. Ona görə bu təhsil ocağı bu gün Şabran rayonunda ehtiramla "Ana məktəb" kimi tanınır.

Bu məktəbin təkcə doğma rayona deyil, respublikamıza ad-san, şöhrət gətirən məzunları çox olub. Əlbəttə, o məzunların sonralar məşhur adamlar kimi tanınmasında onlara dərs demiş zehinlərini-qəlblərini ziya, nur ilə doldurmuş orta məktəb müəllimlərinin əməyi, zəhməti danılmazdır. Hərçənd ki, o müəllimlər vəzifə borclarını şərəflə yerinə yetirərkən heç bir təltif, mükafat haqqında düşünməyiblər.

Bir yarpaq xatirə:

- İbtidai sinif şagirdi idim. Bir gün riyaziyyat dərsində məktəbimizin 5-6 müəllimi müəllimimizlə birgə sinfə daxil oldular. Keçib arxa partada əyləşdilər. Sonralar özüm müəllim olanda bildim ki, demə, açıq dərs imiş. Müəllimimiz biz şagirdlərə, indi yaxşı yadımdadır, dörd planlı iki məsələni həll etməyi tapşırdı. Müəlimimizin izahından sonra məsələlərin həllinə girişdik. Tapşırığın yerinə yetirilməsi ilə bağlı sinifdə əlini ilk qaldıran şagirdlərdən biri mən oldum. Ertəsi gün sinifə girən müəlliməmizin üzü gülürdü. Müəllim həmkarları ondan razı qalmışdılar. Ancaq şübhəyə düşən olubmuş ki, həll edəcəyimiz məsələ qabaqcadan bizə tanış imiş... Müəllim sevincini o zaman gördüm. Şadam ki, indi şagirdlərim mənə bu hissi yaşadırlar.

Lətifə xanım pedaqoji fəaliyyətə başladığı ilk gündən həmişə yenilikçi-novator müəllim olub. Çalışdığı məktəblərdə bir-birindən zəngin fənn kabinetləri yaradıb. Onun fəaliyyəti nəticəsində riyaziyyat fənni üzrə məktəbin şagirdləri rayon, zona, respublika olimpiadalarında ön yerlər tutmuşlar. Lətifə müəlllimə təlim prosesində müxtəlif tədris vasitələrindən bacarıqla istifadə edir. Onun əyləncəli metodik vəsaitindən müəllim həmkarları da yararlanırlar.

Müdriklərdən birinin sözüdür: "Əgər müəllimin məhəbbəti təkcə sənətidirsə, o, yaxşı müəllimdir. Əgər müəllimdə sənətinə şagirdlərinə məhəbbət bir-birinə qovuşarsa, o, kamil müəllimdir".

Alman filosof şairi Höte isə deyirdi ki, "kimlərdən biz öyrəniriksə, düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil. Bu ada çatmaq üçün təhsildə kamilliyə çatmaq lazımdır". Lətifə xanımı da qətiyyətlə kamil müəllim adlandırmaq olar.

Əsrlərin böyük pedaqoqlarından olan K.D.Uşinskinin fikrincə, "müəllimin gücü onun savadındadır, pedaqojimetodiki hazırlığındadır. Müəllim hər bir şagirdin psixologiyasını bilməlidir ki, ona fərdi yanaşa bilsin".

Lətifə xanımın müəllim ustalığı həm də məşhur pedaqoqların günümüzəcən köhnəlməyən fikirlərinə bu gün də diqqətlə yanaşmasındadır.

Təkcə dərs dediyi şagirdlərin, onların valideynlərinin, çalışdığı doğma kollektivin hörmət, ehtiram bəslədikləri Lətifə Fəttahova səmərəli pedaqoji fəaliyyətini dövlətimiz də layiqincə qiymətləndirib. Bu il müəllim günü ərəfəsində o, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Respublikanın Əməkdar Müəllimi kimi yüksək fəxri ada layiq görülüb.

Lətifə xanımı fəxri ad alması münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

Şabran

 

 

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.22.