Otların üstünə səpilmiş ulduzlar
Əsl ulduzlar göydə yox, Gəmiqayadadır. Vulkanik süxurlardan yaranan,
günəşin şüaları
altında bərq vuran Gəmiqayanın qapqara, parpar parıldayan daşları
sanki otların üzərinə səpilmiş
ulduz sistemidir. Addımladıqca parıltılar yerini
dəyişir, baxdıqca
göz qamaşdırır,
yaxınlaşdıqca gözdən
itir.
Qəribə duyğudur! İnsan Gəmiqaya
yaylaqlarına ayaq basanda sanki dədə-babası
ilə görüşür,
keçmişinə qayıdır,
qayalarla danışır.
Gəmiqayanın Qaranquş,
Nəbiyurdu, Camışölən
yaylaqları lap nağıllardakı
kimi möcüzələr
diyarına səyahətə
bənzəyir. Ulu babalarımız,
nənələrimiz bu
daşlarda öz həyat hekayələrini
yazıblar, bəşəri
təsəvvürlərini həkk ediblər. Hətta say sistemlərini də əks etdiriblər. Ovsunlar, dualar bilib Venera ulduzundan xəbər veriblər.
Necə də zəkalı olub bizim ulu
əcdadlarımız. Minilliklər
keçməsinə baxmayaraq,
ruhlarını bu məkanda yaşada biliblər.
Qayalıqlara həkk olunmuş astral təsvirləri gördükcə
adama elə gəlir ki, otların üzərində
deyil, qalaktikada salınmış sehrli bir məkanda addımlayırsan. Nə qədər də
nağılvari bir yerdir. Bu qədim
məkanla tanışlıqdan
əvvəl mənə
elə gəlirdi ki, Göy haqqında
təsəvvürlər yaxın
keçmişin nailiyyətidir.
Sən demə, əcdadlarımıza
bu təsəvvürlər
çoxdan aydın imiş. İndi bu qayalar bizə zamanında gördüklərini, bildiklərini
danışır. Bəli, Gəmiqayada
qayalar danışır.
Zaman-zaman qayaların dedikləri
xalqımızın dilində
nağıllara, əfsanələrə
çevrilmişdir. Xalq dilində
dolaşan əfsanələrdən
birinə görə,
Günəşlə Ay Yerdə
yaşayırmış. Bir gün günəş gəzə-gəzə Göyə
çıxır. Ayı Günəşi
axtarmağa göndərirlər.
Ay Günəşi nə
qədər axtarırsa,
tapa bilmir. Bu zaman göy
guruldayır, ildırım
çaxır, Göy
yerdən aralanır.
Günəşlə Ay Yerə enə
bilmirlər. Azərbaycan türklərində
əski inancların qaldığı kimi, Göyə tapınma indi də qalmaqdadır.
Türklərin qədim inancına
görə, xaqana hakimiyyət Göy tərəfindən verilmişdir.
Qayalıqların üzərindəki rəsmlər
o qədər canlıdır
ki, gəzərkən
daşların üzərindəki
heyvanların ətrafında
qaçdığını hiss edirsən. Buradakı ovsun səhnələri
nənəmin söylədiklərinə,
folklor nümunələrində
oxuduqlarıma necə
də bənzəyir.
Tarixi qədimdən qurd qoyun, quzunu ovlamasın
deyə ovsunlar oxunardı. Buna "qurd ağzı bağlamaq" deyərdilər.
Qurdun ağzı bağlanandan sonra o, nə qədər otlaqda gəzir gəzsin, qoyun-quzuya xələl gətirə bilmirdi.
Amma nənə, babalarımızda
insaflı olublar, otlaqarın hamısında
bu ovsunu oxumayılar ki, qurd aclıqdan ölməsin.
Yaylaqları gəzəndə bir tərəfdən hündür
buynuzları belinə
qədər qatlanmış
keçilərin ovlanmasını,
digər tərəfdə
isə keçilərin
ovlanmasına qoyulan qadağa səhnələrini
görürsən. Keçilərin ovlanmasının qadağan
edildiyi səhnələrdə
ovçuların oxları
göyə qalxmış
vəziyyətdə təsvir
edilmişdir. Ovçuluq
mifləri ilə bağlı olan bu tip rəsmlərdə gərəksiz ovçuluğun
qarşısının alınması,
məhsuldarlığın təmin olunması ideyası tərənnüm
olunmuşdur. Qədim zamanlardan
insanlar ova çıxmazdan
öncə mərasimlər
icra edər, Tanrıdan kömək istəyərdilər. Təsvirlərdə ovçuların üçbarmaqlı
təsvir olunması adamda istər-istəməz
sual doğurur, nəyə görə üç?!
Naxçıvan dağ keçiləri ilə məşhurdur. Zamanında Gəmiqayada
vəhşi keçi
dəstələri olub.
İndi Gəmiqayanın vəhşi
keçiləri haqqında
qayalıqlar danışır
- keçilərin ovlanmasını,
əhilləşdirilməsini, bəzi keçilərin ovlanmasına qoyulan qadağaları, müqəddəsləşdiyini
və totem olduğunu
və sair. Keçi inamı qədim türk tayfa və yer adlarında
da yaşamaqdadır.
Qədim
keçili tayfalarının
yaşadıqları Naxçıvan
Muxtar Respublikası Şahbuz rayonunun Keçili kəndi bunun ən bariz
nümunəsidir. Həmçinin, Azərbaycanda mövcud olan bəzi yer adları da keçili kimi tanınır.
Gəmiqaya qayalıqlarında yer üzündə mövcud
olmayan həyat ağacının da təsviri var. Bu ağac bəşəri ağacdır. Bu təsvir göstərir ki, bəzən elə ağaclar olmuşdur ki, qədim əcdadlarımız
onları müqəddəsləşdirmişlər
və ondan güc almışlar.
Ağacla bağlı inanclar
bu gün də yaşamaqdadır.
Naxçıvanın bəzi
dağ yerlərində,
xüsusilə ana olmaq istəyən qadınların ağaca
lent, parça kəsiyi,
yaylıq bağlamasına
da rast gəlirik.
Çox
vaxt həyat ağacının yanında
keçi təsvirlərinə
də rast gəlinir. Keçi və ağac
məhsuldarlığı simvolizə
etdiyi üçün
ağac həyat mənbəyi kimi düşünülür və
inanılır. Aydındır ki, inancın tarixi ta qədimlərdən
gəlir.
Qayalarda
qıvrılan, rəqs
edən ilanları görəndə bir söz yada düşür:
"İlanın ağına
da lənət, qarasına da". Folklor nümunələrimizdə tez-tez
eşitdiyimiz bu sözdə böyük hikmət var. Ulu əcdadlarımızın təsəvvüründə
ilanlar yeraltı və yerüstü dünyanın təmsilçiləri
kimi canlandırılmışdır.
Gəmiqayada addımladıqca insanın
qəlbi dağa dönür, mənəviyyatını
zənginləşdirir, tərbiyə
edir, ruhunu sakitləşdirir. İnsan özünü təbiətin
bir parçası kimi hiss edir. Qəribə
bir doğmalıq hissi yaranır.
Gəmiqaya təkcə yerli sakinlərimizin yox, həmçinin, turistərin də diqqətini hər zaman çəkmişdir. Heç şübhə etmirəm ki, mənim yaşadığım duyğular, aldığım xoş, nağılvari təəssürat bu sehrli qədim məkanı ziyarət edənlərdən də yan keçməmişdir. Qeyri-ixtiyari olaraq adam özünə bir də gedim görüm, digərlərinə bir də gedin görün, getməyənlərə isə mütləq getməlisiz, görməlisiz demək, tövsiyə eləmək istəyir. Sidq ürəkdən deyə bilirsən ki, gedək görək, gəlin görün nə cəlalımız var.
Fizzə QULİYEVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.21.