Naxçıvanın şeir mühiti

 

"BÖLGƏLƏRDƏ ƏDƏBİ HƏYAT" SİLSİLƏSİNDƏN

 

 

Dünya xəritəsində "bir bənövşə yarpağı qədər yeri olan" (Qasım Qasımzadə) Azərbaycan bəşər mədəniyyəti tarixinə elə sənətkarlar - söz ustaları bəxş etmişdir ki, onların yaratdıqları əsərlər bu gün də Şərqin və Qərbin bədii idrak sərhədlərini dolaşmaqdadır.

Azərbaycan ədəbiyyatı ayrı-ayrı mədəniyyət mərkəzlərinin - ədəbi regionların çevrəsində yaransa da, lakin bu ədəbi məkanları bütövlükdə özündə birləşdirən böyük -  ulu bir məkan var - o da o taylı-bu taylı Azərbaycan və onun ədəbi-mədəni sərvətləridir. Ona görə də bizdə ayrıca Gəncə ədəbiyyatı, ayrıca Quba ədəbiyyatı, ayrıca Təbriz ədəbiyyatı, ayrıca Şirvan ədəbiyyatı, ayrıca Naxçıvan ədəbiyyatı anlayışı yoxdur. Kiçik çaylar böyük çaylara, o böyük çaylar da dənizə qovuşduqları kimi, bölgələrdə yaranan ədəbiyyat da böyük Azərbaycan ədəbiyyatının tərkib hissəsinə çevrilir. Amma təbiətin pozulmaz bir qanunu var - ən dərin dəryalar öz mənbəyini çaylardan götürür, meşələr, ormanlar ayrı-ayrı ağacların, quşların, bitki örtüyünün vəhdətini özündə əks etdirir, bunların biri olmazsa, ekoloji faciə baş verə bilər. Çayları qorumaq, ağacdarı, quşları hifz eləmək lazımdır ki, dəniz qurumasın, meşələr öz gözəlliyini itirməsin. Ədəbiyyata da bu meyarla yanaşsaq, bölgələrdə yaranan ədəbiyyatı qorumaq, hifz eləmək lazımdır. Çünki ədəbiyyat təkcə Bakıda yaranmır.

Keçirəm əsas mövzuya. Naxçıvanda ta qədimdən şeir mühiti çox qüvvətli olub. Akademik İsa Həbibbəyli "Nuhçıxandan-Naxçıvana" adlı sanballı kitabında XIII əsrdən ta XXI əsrə qədər Naxçıvan ədəbi mühiti, xüsusilə, burada yaranan poeziya haqqında çox geniş icmallar, oçerklər verib. Ancaq mən Naxçıvanın müstəqillik illərindəki şeir mühiti barədə mülahizələrimi sizə çatdırmaq istəyirəm.

1. Naxçıvan mövzusu şairlərin şeirlərində necə əks olunur?

Təbii ki, hər bir şair öz doğulduğu torpağı, boya-başa çatdığı kəndi, ata-ana ocağını unuda bilməz. Bu xüsusda Azərbaycan poeziyasından yüzlərlə misallar gətirmək olar. Amma Naxçıvana həsr olunan şeirlər, poemalar bu sayın bəlkə də yarısından çoxunu təşkil edir. Məncə, bu qədim diyarda elə bir şair tapmaq olmaz ki, Naxçıvana şeir həsr etməsin. Məsələn, 2009-cu ildə nəşr olunan və Muxtar Respublikanın 85 illiyinə həsr edilmiş "Dünyanın bəzəyi", 2015-ci ildə çapdan çıxan "Xoş baharlı Naxçıvanım" toplularında, həmçinin, Naxçıvan ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalın 2016-cı ildə, 33-cü sayında yüzdən artıq şairin Naxçıvana həsr olunmuş şeirləri ilə tanış olduq. Mən bu statistikadan əl çəkib (hərçənd ki, bu, tam deyil) qayıdıram o suala: "Naxçıvan mövzusu şairlərin şeirlərində necə əks olunur?" Əlbəttə, bu yazıda hər bir şairin Naxçıvana həsr edilmiş şeirlərindən bircə-bircə söhbət açmağa imkan yoxdur. Amma bəzi misallara müraciət edəcəyəm. Mən mərhum deməyə dilim gəlmədiyi Elman Həbibin ayrı-ayrı şeirlərindən ibarət "Naxçıvannamə"sində Naxçıvan obrazını bütöv və tam gördüm. Bu "Naxçıvannamə"də Naxçıvanın keçmişi, onun bu günü, tarix boyu keçib gəldiyi yol, möhtəşəm abidələri, Azərbaycana, Şərqə və dünyaya bəxş etdiyi dahi sənətkarları, gözəl və bənzərsiz təbiət mənzərələri əks olunub. Elman Həbibin "Torpağın yaşıdı" lirik poeması haqqında da eyni fikri söyləmək olar. Kəmalə Ağayevanın, Vaqif Məmmədovun, Asim Yadigarın, Xanəli Kərimlinin, Muxtar Qasımzadənin, Əbülfəz Muxtaroğlunun, Əbülfəz Ülvinin, Ələsgər Talıboğlunun şeirlərində də Naxçıvana içəridən gələn və poeziya havasına qarışan duyğularla üzləşirsən. Xüsusilə, Validə Hüseynovanın yaradıcılığı ilə tanış olmasam da, "Dünyanın bəzəyi" antologiyasında onun Naxçıvana həsr etdiyi gözəl bir şeirindən də misal gətirmək istəyirəm:

Burda yamaclara yaxşı nəzər sal,

Sanki qayaları Fərhad oyubdur.

Al-əlvan rəngləri itməsin deyə.

Təbiət dağları çılpaq qoyubdur.

Bəlkə də Bəhruzun fırçası düşüb,

Torpağı boyayıb əlvan xalı tək.

Qol-qola tutublar uca qayalar,

Elə bil indicə yallı gedəcək.

Naxçıvan mövzusundan söz açırıqsa,

Ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər də bu mövzunun aparıcı bir xəttini təşkil edir. Asim Yadigarın kiçik bir şeirini misal gətirmək istəyirəm:

Tufanlar, qasırğalar tüğyan edən zamanda,

Gəldi ulu öndərim Simurqun qanadında.

Sönmüş, donmuş, gül açdı Naxçıvanda.

Gözümüzün işığı, nuru, ziyası gəldi,

Anam Azərbaycanın Heydər dühası gəldi!

Mən bu Naxçıvan mövzusunu Kəmalə Nəsrinin bir şeiri ilə sona çatdırıram. Bu şairəni mən bircə şeirinə görə tanımışam. "Gəmilər gəlməz Naxçıvana". Doğrudan da Naxçıvanda dəniz yoxdu və təbii ki, ora gəmilər yol ala bilməz. Çünki qədim odlar diyarı Naxçıvan, bizim bildiyimiz kimi, ən çox dağlardan, qayalardan ibarətdir. Amma poeziya - sözə ehya verən, yoxdan sözü var eləyən bu sehrli qüvvə real təsəvvürlərimizi bir andaca dəyişə bilər və gözlərimizin qarşısında poeziyanın yaratdığı bir dəniz canlanar:

Dağlar dalğa-dalğa dənizə bənzər,

dağların başında buludlar gəzər-

bəyaş felkənlərə bənzər:

ilanlar sürünər

boz torpaqlarında

balıqlar kimi,

Duzlağın tamı var

Dənizin şor sularında.

Bu şeirə assosiativ şeir də demək olar, çünki dəniz və dağ, dəniz və torpaq bir-birilə reallıq baxımından yaxın anlayışlar deyil. Amma poeziya onları "birləşdirir". Sənətin mahiyyəti obrazlı təfəkkürlə bağlıdır, assosiativ təfəkkür elə obrazlı təfəkkürdən doğur, ancaq obrazlı təfəkkürdən fərqli olaraq burada mürəkkəb ümumiləşdirmələr diqqəti cəlb edir, bir-birilə əlaqəsi olmayan ya zəif olan məfhumları xüsusi intuitsiya ilə "birləşdirə" bilir.

2. Naxçıvanın təbiəti, özünəməxsus gözəllikləri və koloriti.

Bu mövzu da Naxçıvanda yaşayan şairlərin yaradıcılığında mühüm yer tutur. Əlbəttə, Xalq şairlərimiz Hüseyn Arifin, Məmməd Arazın, Musa Yaqubun bu şairlərə təsiri böyükdür. Heç şübhəsiz, təbiət mövzusunu təkcə peyzaj xarakterli şeirlərlə məhdudlaşdırmaq olmaz. Azərbaycan poeziyası təbiətin sırf tərənnümü motivi ilə yanaşı, təbiət-insan, təbiət-cəmiyyət paralellərinə də meyl edir və bu meyl, bu istiqamət keçən əsrin 60-cı illərindən başlayaraq ön sıraya keçdi. Xatırlayaq Bəxtiyar Vahabzadənin "Gəl, ana təbiət", Hüseyn Arifin "Təbiət düşünür", Musa Yaqubun "Yaxşı ki, sən varsan" şeirlərini. Sənət sirlərinə, estetik zövqə təbiətdən gələn saf gözəlliyi alman filosofu Kant belə qiymətləndirib: "Nəcib, yaxud gözəl sadəlik özündə təbiətin möhürünü daşıyır". Mən bu sadəliyi Naxçıvanda yaşayan şairlərin şeirlərində də izlədim.

Duman yalmanına yatıb dağların

Oxşayır ruhunu meh nəfəsiylə.

Kirpiyi şəbnəmli tər çmçəkləri

Oyadır bulaqlar zümzüməsilə.

Qayanın çınqılolı əiəklərində

Oxuyur kəkliklər xoş avazıyla.

Şəbqəmdən yoğrulan dağ gölləri də

Nazlanır yaşılğaş sonalarıyla.

Bir çiçək ətri də Vətən ətridir,

O duyğu qəlbinə sığılsa əgər.

Onda görərsən ki, babalar haqmış

Bu torpaq uğrunda ölməyə dəyər.

Bu, Xanəli Kərimlinin şeiridir. İlk misralarda təbiətə romantik baxış və sonda təbiəti Vətən kimi sevmək duyğusu əks olunur. Deyim ki, Xanəli Kərimlinin şeirlərində ilin fəsillərinin, xüsusilə payızın təsviri orijinal təşbihlərlə, metaforalarla diqqəti cəlb edir.

Mən Naxçıvanın tarixi abidələrinin, qalalarının, dağlarının poetik təsvirini Muxtar Qasımzadənin "Günçıxandan gəlirəm" şeirlər kitabındakı silsilə şeirlərdə izlədim. Baxın: "Haçadağ", "Gəmiqaya", "Əshabi-kəhf", "Çalxanqaya", "Əlincə", "Köhnə qala haqqında ballada", "Xaraba Gilan", "Gülüstan", "Xanəgah", "Zorxana", "Buzxana" şeirləri Naxçıvan tarixinin bədii təcəssümü deyilmi? Naxçıvanın tarixi abidələri haqqında heç təsəvvürü olmayan adamlara, ya da xarici turistlərə bu şeirlər oxunsa, çox bilgilənərlər.

3. Sevgi mövzusu.

Azərbaycan poeziyasını sevgi şeirləri olmadan təsəvvür etmək mümkün deyil. Nizamidən, Füzulidən, Nəsimidən, Xətaidən, Nəbatidən, Vaqifdən, Seyid Əzimdən, Əlağa Vahiddən, Səməd Vurğundan ta bu günün ən gənc şairlərinə qədər hamı eşqin, məhəbbətin tərənnümçüsü və əsiri olublar. "Ya rəb, bəlayi eşq ilə qıl aşina məni, Bir dəm bəlayi eşqdən etmə cüda məni" (Füzuli), "Mənim tanrım gözəllikdir, sevgidir" (H.Cavid). Və müasir Azərbaycan poeziyasında ən gözəl sevgi şeirlərində Füzuli ölçü meyarına çevrilib və ən gözəl sevgi şeirlərində Füzulidən bir dad, bir duz vardır. Ancaq burada bir fərqi qeyd etməliyəm: Zahirən heç nə dəyişilməyib. Məhəbbət Füzulidə olduğu kimi, bir çox şeirlərdə yenə də ən ali, müqəddəs bir hiss kimi tərənnüm olunur. Lakin zaman dəyişdiyi kimi, insanın sevgiyə münasibəti də yeni çalarlarla diqqəti cəlb edir. İndi orta əsr klassik poeziyasındakı romantikanı daha çox real hissi münasibətlər əvəz edir. Sevgi, eşq romantikası aya, ulduzlaracan gedib çatırdı, məsələn, "Deyil bihudə gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahımla viran etdiyimdəndir" (Füzuli). Amma indiki sevgi şeirlərində daha çox "sən və mən" sırf şəxsi münasibətlər ön plana çıxır. Hətta bazar münasibətlərinin də sevgi şeirlərində izini görürəm. Bununla bahəm, sevgi şeirlərində yenə Füzulidən bir dad, bir duz var.

Təfərrüata varmadan qısaca Naxçıvanda yaşayan şairlərin yaradıcılığında sevgi mövzusunu izləyək. Naxçıvanda yaşayan şairlər arasında ən çox sevgi şeiri yazan Əbülfəz Ülvidir. Onun şeirlərində səmimi hisslər, daha doğrusu, yaşanılan hisslər yetərincədir. "Mən dünyaya sənə görə gəlmişəm, Əllərimi ətəyindən üzmə gəl" - bu misra Əbülfəz Ülvıinin sevgi şeirlərinin məğzini ifadə edir, - desəm, yanılmaram. "Elə sev, damarda coşdursun qanı", yaxud "Sevgi ömrümüzə qızıl ilmədir" misraları da həmçinin. Çoxdur eşqi dəyərləndirən belə misralar. Amma Əbülfəz Ülvinin sevgi şeirlərində məhz bu günün real hisslərlə yaşayan müasir bir aşiqin etirafları səslənir. Və bu etiraflarda bədbinlikdən çox, nikbinlik duyulur.

Elxan Yurdoğlunun sevgi şeirləri mənə ona görə xoş gəldi ki, o, intizarın, ayrılığın və tənhalığın poetik rəsmlərini çəkir, bu rəsmlərdə ayrı-ayrı orijinal təşbehlər - cizgilərlə qarşılaşırsan.

Səsini eşidəndə rənglər düşür yadıma,

Söylə, sevirəm səni.

Bir az yağış kimisən, bir az meh olmağın var,

Yasəmən çiçəyində təzə şeh olmağın var.

Tükənməz sevgin ilə şahənşah olmağın var,

Payla, sevirəm səni.

Bir dəfə de - son dəfə, yum gözünü qu kimi,

Dadına baxmadığın əlçatmaz arzu kimi

Söylə, sevirəm səni.

Ayrılıq küçəsində bir ev, o evdə "tənhalıqdan ağrıyır bir qadın bədəni". "Bayırda narın bir yağış. Duyğular yağışın səsinə çırpar özünü, Duyğular pəncərə şüşəsində naxış" - o təhna qadının faciəsini nəql edir. Darıxmaq haqqında belə deyir: "Adam ancaq darıxanda səmimi olur. Darıxmaq çıxarır atır içindən bütün saxtalıqları Özü olur hamı darıxanda". Darıxmaq barədə çoxlu şeirlər oxusam da, Elxan Yurdoğlunun "Bəzən sevmədiyi üçün də darıxmalı adam" şeiri təzəliyi ilə seçilir. Yeri gəlmişkən qeyd edim ki, təkcə sevgi şeirlərində deyil, digər şeirlərində də Elxan Yurdoğlu müasir şeir təfəkkürünə yiyələndiyini sübut edir.

Hüseyn Bağıroğlunun sevgi şeirlərində də ənənəvi sevgi şeirlərindən fərqli məqamlar diqqəti cəlb edir.

Ömür bir an kimi gəlib keçsə də,

Sevgi əbədidir sevənlər üçün.

Çöllərdə bir Məcnun külək oxuyur,

Bağlarda bir Leyli çiçək qoxuyur.

Sevib həzin-həzin ürək oxuyur,

Sevgi bir nəğmədir sevənlər üçün.

Yeri gəlmişkən qeyd edim ki, Hüseyn Bağıroğlunun şeirlərində orijinal deyim tərzi, özünəməxsus ifadə çalarları ilə qarşılaşırıq. Hüseyn "Yurdum" şeirində ənənəvi mövzuya poetik çalarlar qata bilir. Yazır ki: "Mənim şəhid-şəhid azalan yurdum, Sevinci qəmindən az olan yurdum". Məna misranın içindədir. Şəhidlər çoxaldıqca yurd bu amansız itkilərdən azalır. Başqa bir şeirində: "Adam kölgəsinə səsləmə mənim, ağac kölgəsində günüm xoş keçir". Onun ən gözəl şeirlərindən biri "Badam ağacının ağ çiçəkləri"dir:

Kimin sevgisidir belə gül açıb?!

Nəyin həsrətidir belə dil açıb?!

Bəlkə Göy üzünə Yer könül açıb -

Badam ağacının çiçəkləri.

Günəşin gül açan nurudu bəlkə,

Nənəmin ağappaq ruhudu bəlkə,

Torpağın işıqlı şeiridi bəlkə,

Badam ağacının çiçəkləri.

4. Ədəbi tənqiddə uzun illərdir poeziya ilə bağlı məqalələrdə "lirik qəhrəman", "lirik mən" ifadələri işlənir. Şairlərin həm özünüifadəsində, həm də təsvir etdikləri insan olbrazlarında "lirik qəhrəman", ya "lirik mən" təbii ki, şairin şeirdə ifadə etdiyi mənadan təcrid edilmir. Altmışıncı illərdən başlayaraq poeziyada şairin özünüifadəsi ön plana çıxır, şair və dünya, şair və zaman, şair və cəmiyyət, şair və təbiət paralelləri "lirik mən"in moqoloqlarına çevrilir. Beləliklə, "lirik mən" Şair obrazında təcəssüm tapır. Bunu biz naxçıvanlı şairlərin şeirlərində də izləyə bilərik. "Lirik mən"in özünüifadəsi müxtəlif rakurslarda nəzərə çarpır. Məsələn, böyük şairimiz Məmməd Arazın hələ altmışıncı illərdə qələmə aldığı "Özümdən şikayət məktubu" şeirində "Nə vaxt yazasıyam şah əsərimi, İlk sözüm hardadır, Son sözüm harda" misraları və ümumiyyətlə, şeirin sonuna qədər şairin özünü ittihamla səslənən misraları sırf "lirik mən"in monolru kimi xatırlanır. Yeri gəlmişkən, burda bir məqamı qeyd edim ki, Məmməd Arazın naxçıvanlı şairlərə poetik təsiri çox güclüdür. Naxçıvanlı şairlərin Məmməd Araza həsr etdikləri şeirləri bir böyük toplu təşkil edir. Təkcə ona həsr edilən şeirlər deyil, həmçinin, sözü Məmməd Araz kimi incələmək, poetik cazibəyə çevirmək də naxçıvanlı şairlərin ustad dərslərini necə mənimsədiklərini sübut edir.

Yenə "lirik mən" - Şair obrazı ifadəsinə qayıdaq. Belə bir suala cavab verək ki, Şair obrazı naxçıvanlı şairlərin şeirlərində necə ifadə olunur. İbrahim Yusifoğlunun şeirlərində deyərdim ki, "lirik mən" elə onun özüdür. O, öz şair mənindən söz açanda da, kədərini ifadə edəndə də, "Mən çəkən dərdləri barı sən çəkmə" deyəndə də, "Mənim üçün qazılan məzar başında, Mən özüm özümü ağlayan gördüm" söyləyəndə də öz varlığından qopan hıçqırıqları ifadə edir. Amma onun şeirləri təkcə hıçqırıqdan, kədərli notlardan ibarət deyil. Nikbin notlar daha çoxdur. Ümumiyyətlə, Şair obrazı çoxrəngli, çoxçalarlıdır. Məsələn, Muxtar Qasımzadənin "Avtoportret"ində həyatının keşməkeşlərindən danışılırsa ("Özüm görünmədim heç, şəkilim suya düşdü"), yaxud: "Alışdım dərdlər çəkməyə, Yurdda qürbətlər çəkməyə" misralarında Dərdinə sığınırsa, amma əksər şeirlərində nikbindir. Bu fikri-bu təzadı ona görə xatırladıram ki, vaxtilə-sovet dönəmində hər hansı şair kədərli şeir yazırdısa, öz taleyindən, günündən-güzəranından şikayətlənirdisə, tənqid hədəfinə çevrilirdi. Amma unudulurdu ki, şair də insandır, onun da kövrəlməyə, şikayət etməyə haqqı var. Asim Yadigarın yazdığı kimi: "şairlər kövrək olur". Amma bununla biz şeirdə kədər, qəm, şikayət motivlərinin ifrat həddə çatmağının əleyhinəyik. Poeziya, şeir İşıq deməkdir və bu İşıq nə qədər güclü olsa, həyatın və insan ömrünün gözəlliklərini poetik şəkildə əks etdirsə, daha gözəl

5. Nəhayət, janr və sənətkarlıq xüsusiyyətləri haqqında qısaca. Naxçıvanda yaşayan şairlər üçün janr məhdudiyyəti yoxdur. Ən çox heca şeiri, daha sonra sərbəst şeir. Əruza da müraciət edənlər az deyil. Qoşma, gəraylı, bayatı, heca şeirinin müxtəlif bölgüləri, sərbəst şeir nümunələri. Mən ucdantutma onların bütün şeirlərinə əliyyül-əla demirəm, orta və hətta zəif şeir nümunələri də az deyil. Misal gətirmək istəmirəm və poetik axtarışların bəzi şairlərdə çox zəif getdiyini deyirəm. Amma təbii ki, sevindiyim anlar çox olur. Məsələn, Ələsgər Nehrəmlinin cığalı təcnislər, dodaqdəyməzlər, samit dodaqdəyməzlər qələmə alması, özü də bu aşıq şeiri nümunələrində uğur qazanması əlbəttə, sevindiricidir. Naxçıvanda yaşayan şairlərdən Asim Yadigarın təxmisləri və qəzəlləri, Hacı Firidun Süleymanoğlunun, Ələsgər Nehrəmlinin qəzəlləri əruza meylin artdığını sübut edir.

İki sözüm qaldı. Birincisi: Naxçıvanda doğulan Kəmalə Ağayevanın, Hüseyn Razinin, Əliyar Yusiflinin, Elman Həbibin, Vaqif Məmmədovun ölümünə təəssüflənirəm. Allah onların ruhunu şad eləsin - deyirəm.

İkincisi: bu çıxışımda əslən naxçıvanlı olub Bakıda yaşayan Zeynal Vəfanın, Ramiq Muxtarın, Rafiq Odayın, Nizami Muradoğlunun, Ələsgər Talıboğlunun, Sərvər Məsumun, Sərdar Zeynalın, Aləmzar Sadiqqızının, Asif Asimanın yaradıcılığından söz açmadım. "Naxçıvanın şeir mühiti" (1950-2000-ci illər) kimi düşündüyüm kitabda bu boşluğu aradan qaldıra bilərəm.

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.20;21.