Burla Xatunun "səhvi"
(Xalq artisti Şəfiqə Məmmədovanın
kino yaradıcılığı barədə gəzişmələr)
Bu
yaxınlarda psixologiya mövzusunda qələmə
alınmış "60 saniyəyə insanı tanımaq sənəti"
adlı maraqlı kitabı vərəqləyəndə
"Qaraca qız" filmindən bir kadrın fotosu diqqətimi
çəkdi. Dərhal həmin fotonu
müşayiət edən yazını oxudum. Müəllif paroyonal psixotipin ünsiyyət və
davranış stereotipləri barədə fikirlərinə
illüstrasiya kimi bu filmdəki personajlardan birini - Pəricahan
xanım obrazını diqqət mərkəzinə çəkir,
onun jestləri, mimikası, ümumiyyətlə, plastikası
nümunəsində bu tipin vizual görüntüsünü
yaradırdı. Başqa sözlə desək, kinomuzun
uğuru olan bu obraz elmi düşüncədə mühakimə
yürütmək və onun doğruluğunu sübut etmək
üçün müəllifə yaxşı şans
vermişdi və deməli, həm də öz dəyərini
bir daha təsdiqləmişdi - bu dəfə bədii-estetik
müstəvidə yox, nə qədər qəribə də
olsa, elmi arqument kimi...
Düşünürəm,
nə qədər istedadlı və peşəkar olmalısan
ki, dünyada yaşayan bütün insanların müəyyən
bir qisminin (parayonal psixotiplərin) elmi düşüncədə
axtarışlar üçün təkan verən ümumiləşdirilmiş
obrazını yaradasan!
Amma bu rolu oynayan aktrisa -
ümumxalq sevgisi qazanmış azsaylı qadın sənətçilərimizdən
olan Şəfiqə xanım Məmmədova obrazı ilk
növbədə milli davranış etiketlərini
daşıyan Azərbaycan xanımı kimi
yaratmışdı. Bəşəri nüanslar bu obrazın məzmununda
idi, özü də ikinci planda.
Azərbaycan aktyorluq sənətinin möhtəşəm
simalarından olan Şəfiqə Məmmədova haqqında
yazıya bu girişlə başlamağım təsadüfi
deyil.
Məsələ
burasındadır ki, Şəfiqə xanım istər
yaradıcılığında, istərsə də öz
şəxsi nümunəsində hər şeyin
axırına qədər gedib-çıxmağı bacaran,
məqsədini son zərrəyə qədər
reallaşdırmağa çalışan dəqiq, maksimalist
bir insandır və mənə elə gəlir ki, onun sənət
idealının əsasında bədii-estetik amillərlə,
çox vaxt rasional izaha çətin gələn intuitiv
başlanğıcla yanaşı, yalnız elmi-nəzəri
diskurslarla şərh oluna bilən məqamların
varlığı da elə bundan irəli gəlir. Bəlkə
elə buna görə də bir aktrisa kimi Şəfiqə
xanımın yaratdığı obrazları duymaq, təhlilə
gətirmək, onun özünün bütün parametrlərdə
bütöv obrazını yaratmaq o qədər də asan
deyil.
Lakin bunu sonraya saxlamağa da dəyməz. Odur ki,
keçək Şəfiqə xanımın filmlərimizdə
yaratdığı obrazlara, onun kino
yaradıcılığının estetik özəlliklərinə.
Sözügedən Pəricahan obrazını yaradanda
Şəfiqə xanımın 21 (!) yaşı vardı. Mən bu
faktı elə-belə, sözgəlişi qeyd etmədim.
Onun həyat verdiyi bu obrazın xaraterinin
miqyası o qədər əhatəli, psixoloji tutumu o qədər
ağırdır ki, bu genişlikdə azmamaq və bu yükə
tab gətirmək hər xanımın (özü də gənc
xanımın) işi deyildi. Şəfiqə
xanım isə nəinki bunu bacardı, hətta mən deyərdim
ki, Azərbaycanın əsilzadə xanımlarının ən
xarakterik və koloritli obrazlarından birini yaratdı. Bəy övrəti
olan Pəricahan xanım filmdəki personajlar qalereyasında ərinin
iradəcə zəif, söz sahibi olmaq istəsə də,
buna təpəri çatmayan əyyaş olmasına görə
yox, öz hikkəsi, zabitəsi, liderlik istəyi, dediklərini,
düşündüklərini reallaşdırmağa qüvvəsi
çatan, daxili gücə malik xanım olması hesabına
fərqlənirdi və tamaşaçı sövq-təbii
inanırdı ki, zahirən hikkəsi daşı
sındıran bu xanım öz qeyri-adi aurası, qətiyyəti
və iradəsi ilə dişisi, erkəyi olmayan aslanlardan biri
kimi yüz boşboğaz, simasız kişini çaya susuz
aparıb susuz gətirər, öz nümunəsində lider,
başçı olmağın sirləri barədə onlara
"ustad dərslərsi" keçər. Pəricahan
xanım zahiri planda (və ənənəvi təsəvvürlərə
görə) ürəksiz, eqoist, təkəbbürlü
xanımların prototipi kimi "pis", islah olunmasına zərurət
duyulan xanımlardan idi, amma Azərbaycan maarifçilərinin
tipik nümayəndələrindən olan S.S.Axundovun yozumunda
"pis" keyfiyyətlərin təcəssümü olan Pəricahan
xanım Şəfiqə xanımın yozumunda tamam
başqalaşırdı, bu "pisiklər" zədəganlığın
göstəriciləri kimi bir qədər başqa keyfiyyətdə
yenidən doğulurdu ku, bu da heç şübhəsiz,
aktrisanın yaradıcılıq qələbəsi idi.
Şəfiqə
xanımın Pəricahanını birmənalı şəkildə
nə pis, nə də yaxşı adlandırmaq olmur: o, pisi də,
yaxşısı da bir-birinin içində yeni keyfiyyətdə
- canlı təbii insan qiyafəsində yenidən doğulan
orijinal obraz, aktrisanın Azərbaycan kinosuna bəxş etdiyi
yeni qadın tipi idi.
Maraqlıdır
ki, Şəfiqə xanım kinoda ilk işi olan bu obrazla bəyan
etdiyi estetik prinsiplərə bütün yaradıcılıq
boyu sadiq qaldı, çəkildiyi hər filmdə Azərbaycan
xanımlarının öz davranışı,
düşüncəsi ilə birmənalı təsir
bağışlamayan, xisləti ənənəvi qəliblərə
sığmayan təbii obrazlarını yaratdı.
Tamaşaçıların yaddaşında Cəbiş
müəllimin arvadı kimi yaşayan obraz, heç
şübhəsiz ki, bu, Şəfiqə xanımın ən
yaxşı ekran işlərindən biridir. O, bu obrazı o qədər
təbii və inandırıcı yaradıb ki, onun iştirak
etdiyi epizodlara baxanda tamaşaçı film izlədiyini
unudur, ağır müharibə illərində Bakı ailələrindən
birinin qonağı olub mürəkkəb məişət,
yaşam, düşüncə paradiqmalarını həmin
illərin adamları ilə birgə yaşayır. Filmdə belə düşüncə və
davranış nümunələrindən birini təcəssüm
etdirən obraz məhz Cəbiş müəllimin
arvadıdır. "Müharibə gedir, mənə
nə? Mənim bir ana kimi borcum
uşaqlarımı yedirtmək, ac qoymamaq, onları xilas etməkdir"
- bu qadının həyat fəlsəfəsini yığcam
şəkildə belə ifadə etmək olar. Təbii ki, o, bir ana kimi haradasa haqlıdır.
Lakin o, həm də müharibə illərində həmin
aqibəti yaşayan milyonlardan biridir axı! Şəfiqə
xanım obrazın məzmun ağırlığını
"ana" qütbünə tələf çəkərək,
onu daha çox
psixofizioloji müstəvidə təqdim edir və
məncə, düz də edir. Çünki
analıq təbii instinkdir, onu heç cür ikinci plana
sıxışdırmaq olmur. Ə.Məmmədxanlının
məşhur "Bu heykəl" hekayəsini yada salaq.
Balasını xilas etmək üçün şaxtada
lüt-üryan buz heykələ dönən ana! Doğrudur, Cəbiş müəllimin arvadı
balalarını şaxtadan qorumaq üçün onun kimi bütün
paltarlarını soyunmur, yalnız pencəyini satır. Amma nə fərqi - analıq hissi milliyyətindən
asılı olmayaraq, bütün qadınlara xasdır. Şəfiqə xanım isə bu duyğuları azərbaycanlı
anaya xas olan koloritlərlə rəsm edir, ən
başlıcası isə onu yalnız öz balalarının
yox, doyunca çörək tapmayan neçə-neçə
uşağın taleyinə biganə qalmayan, pencəyini
satıb aldığı çörəyi onlarla bölən
böyük ürək sahibi, səxavətli ana kimi təqdim
edir.
Anarın ssenarisi əsasında çəkilmiş
"Dədə Qorqud" filmində aktrisanın
yaratdığı Burla xatun ilk epizodlarda gənc qız, filmin
ümumi kontekstində isə yenə də anadır. Özü də
elin, soyun namusunun təcəssümü olan ANA. Filmdə
ən az danışan personajlardan biri olsa
da, Şəfiqə xanım plastikanın dili, jest və
mimikaların vizual energetikası ilə bu qadının
mükəmməl obrazını yaradır. Onu
qızmış Buğanın cəngindən qurtaran igidə
(Qazana) vurulduğunu və bundan məmnun
qaldığını aktrisa gözlərini ifadəsi və
dodaqlarında peyda olan qeyri-adi təbəssümlə
çox ifadəli bir tərzdə çatdırır və
nəticədə kino dilinin lüğəti eşqin,
vurğunluğun vizual ifadəsinə xidmət edən və
müəllifi Şəfiqə xanım olan yeni bir
jesr-işarə ilə zənginləşir.
Filmdə başqa bir maraqlı məqam zindanda "Qazan
xanın arvadı kimdir?" sualı səslənəndə
oğlunun özünü bildirməməsi barədə qəti
tapşırığına rəğmən Burla xatunun
qeyri-ixtiyari "Mən" dediyi səhnədir. Təbii ki,
Burla xatun bunu yenə də analıq instinktinin təsiri
altında deyir və nə yaxşı ki, 40 incəbelli
qız fəlakətə aparan bu səhvi dərhal düzəldir.
Amma məsələ təkcə bunda deyil.
Məsələ həm də ondadır ki, Şəfiqə
xanım yenə də bizi qeyri-adi paradoks qarşısında
qoyur: "Burla xatının səhvi onun məğlubiyyəti
idi, yoxsa qələbəsi?"
Bu sualın cavabını tapmağı oxucuların
öhdəsinə buraxıb keçirəm Şəfiqə
xanımın yaratdığı müasir qadın
obrazlarına.
"Ad günü" filmindıki Fəridə,
şübhəsiz ki, sinəsinin altında nələr
yatdığı sonadək bilinməyən ən paradoksal
qadınlardan biridir. Tək yaşayan bu qadın kadrdan kadra gözlərimiz
qarşısında xarakteri bir az qaba - bir az işvə-nazlı,
bir az müdrik - bir az bic-hiyləgər, bir az nəzakətli
- bir az kobud, bir az yaraşıqlı - bir az köntöy,
yöndəmsiz və ən başlıcası bir az arsız
- bir az bədbəxt qadın olaraq məramı, niyyəti
axıra qədər açılmayan sirli bir məxluq kimi
doğulur və məncə, sənətin bir gözəlliyi
də tamaşaçıya da müəlliflik hüququ verən
belə paradokslardadır...
Gəlin razılaşaq ki, bu qədər keyfiyyəti
bir obrazın məznununa sığışdırmaq hər
aktrisanın işi deyil.
Və nəhayət, "İstintaq" filmində ərini
daim biveclikdə günahlandıran praqmatik təbiətli
Gülya.
Bütün süjet boyu həyatın gündəlik
aurasında hamımıza tanış olan istəklərin
ardınca gedərək "hamının istifadə etdiyi
imkanlardan mən niyə istifadə etməyim?" prinsipinin
diktəsi ilə yaşasa da, başını
aşağı salıb öz işini görən ərinə
tam əks qütbdə dayanan Gülyaya, nə sirdirsə,
tamaşaçıda mənfi münasibət yaranmır. Bəzən
deyingənlik həddinə çatan atmacalarına, tez-tez
"ideal" adam olan ərini
danlamasına baxmayaraq, tamaşaçı onu sevir (və bəlkə
də haradasa da ona haqq da qazandırır) - yəqin ki,
bütün bu tanış meyllərə baxmayaraq, obrazın
səmimiyyətindən maya tutmasına görə.
Böyük bir ailə ilə birotaqlı dar mənzildə
yox, normal mənzildə yaşamaq, hamı kimi evinə ən
zəruri əşyaları almaq, yaranmış imkanları əldən
verməmək kimi təbii istəklər onun ərinin -
asketik həyat tərzinə üstünlük verən,
müəyyən mənada təbii və səmimi təsir
bağışlamayan bir ailə başçısının
adi məişət suallarına "nə bilim" kimi cavab
verməsindən daha təbii və real deyilmi? Lakin
bu əkslik uçuruma aparmır, necə deyərlər,
"qəza" ilə nəticələnmir. Çünki Şəfiqə xanım
Gülyanın ən mühüm məziyyətini - ərinə
olan məhəbbətini və bu məhəbbətin əsasında
hər şeyi qurban verməyə hazır olduğunun
nümayişini axıra - filmin son epizodlarına saxlayır.
Heyf ki, bu rol Şəfiqə xanımın kinoda son rolu
oldu və Azərbaycan səhnəsində də bir-birindən
gözəl obrazlar yaratmış bu xanım-xatın
aktrisamız birdən-birə səhnəni də, kinonu da tərk
edib öz hücrəsinə çəkildi.
Amma nə yaxşı ki, sənətə məhəbbət,
sədaqət yenilmədi, onu yenidən bu hücrədən
çıxarıb bizə qaytardı - düzdür, daha
aktrisa kimi yox, təşkilatçı, pedaqoq, həmkarlarının
himayadarı kimi. Bu gün Şəfiqə xanım Azərbaycan
Kinematoqrafçilar İttifaqına rəhbərlik edir, kino
xadimlərinin sosial müdafiəsi, kino sənətini
inkişafı sahəsində dövlət siyasətini həyata
keçirilməsi üçün səylərini əsirgəmir.
O, həmkarlarının uğurlarına uşaq kimi
sevinən təşkilatçı, lider statusunda öz
missiyasını - sənətə xidmət etmək, əsl
sənəti və sınətkarları qorumaq
missiyasını yerinə yetirmək üçün yenə
də iş başındadır... Hətta bir neçə il əvvəl müsahibələrinin birində
yaxşı, ürəyinə yatan rol olsa filmə çəkilə
biləcəyini də istisna etməyib.
Mən bütün istedadlı ssenariçilərimizi,
rejissorlarımızı, ümumiyyətlə kino ictimaiyyətini
bəlkə də kino sənətimizdə yeni bir mərhələnin
başlamasına rəvac verə biləcək bu
şansın reallaşması naminə səfərbər
olmağa çağırıram.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.19.