Sükutun poetik cazibəsi
Səlim
Babullaoğlunun poeziyasına bir baxış
Tanıdığım insanlar haqqında yazmaq həmişə
mənə çətin olub. Ona görə yox ki, fikirlərimdə
və sözlərimdə obyektivliyi və ya səmimiliyi
qoruya bilməkdə çətinlik çəkə bilərəm,
ona görə ki, tanıdığım insanları obraz kimi,
surət kimi təsvir etmək məndə bir az
narahatlıq, qarşı tərəfin dolğunluq və
bütövlük baxımından təqdimatında
kasadlığın olmasından ehtiyat etmişəm. Həm də mənə elə gəlir ki,
tanıdığın adamları sözlə ifadə eləmək
ancaq mistik, izaholunmaz, sehirli bir varlığın təkidi və
tələbi ilə baş verməlidir.
İlk
vaxtlarda sözü, fərqli və bir o qədər də sadə
şeir portretləri ilə qarşılaşdığım
tanınmış şair, tərcüməçi, esseist Səlim
Babullaoğlunun poeziyası haqqında düşüncələrimi
sözdə əks etdirmək, onun poetik dünyasını mənim
gördüyüm və hiss etdiyim yöndə tanıtmaq
gücünü özümdə tapdım. Bu
gücün və istəyin arxasınca getdikcə
barmaqlarımın klaviaturada rəqsini müşahidə
etdim. Yazmaq, həm də "söz
adamı" haqqında yazmaq üçün, mən bu
günü gözləmirdim əslində. Necə ki, şeir yazmağın xüsusi bir təqvimi
yoxdu, eləcə də haqqında yazacağın birini təsvir
etməyin xüsusi bir günü olmur. Ancaq
bu yazı ya təsadüfdən, ya zərurətdən məhz
Səlim Babullaoğlunun ad günü ərəfəsinə
təsadüf etdi. Buna deyək mistik halət
və keçək mətləbə.
Şeir sənəti-sözlərin
şəklini çəkən və onu yeni rənglərlə
boyanan şairlərin təsəlli aldığı və bəlkə
də hamıdan,
hər şeydən yorulanda dincələ bildiyi yeganə bir
dünyadır. Bu dünyada sözlər ilahi
bir gücə, anlaşılmaz bir varlığa çevrilir.
Bu gücün, bu varlığın aşkara
çıxması və ya izah olunması isə çox
çətin məsələdir. İngilis filosofu Con
Lokk cəmiyyətlə bağlı fikirlərində sözlərin
insan həyatına və yaşamına təsirindən
danışarkən qeyd edirdi ki, şairlər eynən
filosoflar kimi dünya haqqında danışırlar, məqsəd
isə birdir: "Onlar dünyanı dəyişmək istəyirlər..."
Şeirlərində
dünyanın dəyişməsini, dünya rənginin daha
dolğun və ümidverici olmasını istəyən Səlim
Babullaoğlu insan, həyat və sevgi anlayışlarına
sözün imkanları daxilində yeni məna və forma
verir, ürəyini və hisslərini bu anlayışların
daha dəqiq və spesifik açıqlanması
üçün istifadə edir...
Gündəlik
üzücü işləri, vərdişləri nəzərə
almasaq,
bir də
doğuşun və qürbun səmtini,
onda
heç kim sabahı yaşadığı kimi gözləmir.
Bura gələ-gələ
ilk cümlə haqqında düşünürdüm,
Kağız
üstündə o təxminən belə ola
bilərdi:
adam həmişə
danışmaq istəyir,
amma
çox vaxt lazımi yerdə
və
istədiyi adamların əhatəsində olmur.
"Coratdakı balıqçı uşaqlarına ədəbiyyat
dərsi" şeirində fəlsəfi, psixoloji və mistik
əhval-ruhiyyə, insan və onun qayğıları fonunda
ümidlərinin rəngi aydın şəkildə sezilir. Məhz bu
baxımdan Səlim Babullaoğlu insan həyatının rənglərini
incə, fərqli və anlaşıqlı formada verməyi bacarır.
Poeziyada insan xarakterinin və yaşantılarının
təhlili, estetik cizgilərin əks olunması vacib məsələdir. İnsanı
göydən yerə endirmək, sonra onu yenidən yerdən
göyə qaldırmaq və oxucular üçün
insanın hansı məkanda qərarlaşmasına səlahiyyət
vermək isə məxsusi və fərdi bir əlamətdir.
Bu əlamət Səlim Babullaoğlunun
yaradıcılığında oxucular üçün
verilmiş bir imtiyazdır. Aşağıdakı
şeirdə olduğu kimi:
Sözlər
lüğətlərdən qocadı,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var
sualın acıdı,
Amma sükutundur son sual, cavab, priz.
Çətində
əsilzadədir ümidlər,
Talelər öncəgörən qaraçıdır.
Bizi nə
tülkülər, nə qurdlar aldadıb diddilər,
Yalnız insanlar ki, bic və yırtıcıdır.
Doğrudu,
elin gözü tərəzidir,
Adamların
da əli əyridir: bu da bulmaca.
Bəzən
olur ki, daşa dəymir,
Ümidlər itir, əriyir, havadaca.
İnsan üçün ümid hava, su kimi vacib bir
komponentdir. Ümidi olmayan biri həyat və ölüm
arasında çırpınan quş kimi acizdir. Şair insanın ümidini onun həyat kodeksi hesab
edir. Tale, qismət və ömür səhifələrini
vərəqləyən şair aydın və hamının
başa düşəcəyi dildə yazır. Bu məqamda mən bir oxucu kimi
düşünürəm: "Görəsən, şair
insan həyatının yollarını hansı tərəfdə
axtarır? Bu yolların əvvəli harda
başlayır və axırı harda bitir?"
Əgər müqayisə və paralel
yaradıcılıq körpüsü qursaq, mən Səlim
Babullaoğlunun şeirlərində təbiətin içində
yeni dünyanın insanını görürəm, onun
acizliyini, həm də gücünü hiss edirəm. Şairin
şeirlərindəki hər misra ideya yüklüdür, məna,
həm də dərin məna tutumuna malikdir. Keçmiş, gələcək və bu
günün kadrlar şəklində göz önündən
keçməsi düzüm və nizam baxımından
dinamikdir. Həyat həqiqətləri bədii yöndən
misra boyu səpələndikcə maraqlı fon
yaranır:
Bir az uzaqlarda axtarın məni,
Bir az söhbət edək bu yerdən uzaq,
Bir az xəyallarda axtarın məni,
Qaçaq bu çirkabdan, qaçaq qurtulaq.
Aydın
sabahlarda axtarın məni,
Orda
günəş başqa, gülüş başqadı,
Tanrı
günahları bağışlayan yer,
Xəyalım o yerdə dolaşmaqdadı.
Ömür
vəfa qılsa yazacam, bilin,
Bu günün, sabahın nəğməsini mən.
Məni
öz içimdə axtarın bir az,
Bir gün öz içimdə azacam, bilin.
"Ad günümdə dostlarıma" şeirində
rasional düşüncə canlanır. Şairin
poeziyası ilə hardasa sinonim kimi səsləşən
"hiss və duyğular" qəribədi, hamının
bildiyi və dərk etdiyi kimi deyil. Öz
içində dolaşan, özünü, "mən"ində
axtaran şair itməklə nəyisə tapmağa,
tapdığı ilə nəyisə itirməyə
çalışır. Musiqi notları ilə ifadə etsək, şairin
şeirləri həzin bir musiqi üzərində köklənir.
Oxucunun qəlbinin dərinliyində,
qaranlıqda mirvari kimi gizlənən xəzinənin yerini
göstərməyi bacaran şair həm də hisslərin
montaj effektini artırır.
Güzgüdə
təskinliyin
gözəlliyin deyilsə,
heç
olmasa dadına
yetişsin diriliyin.
Balaca
şəhərlərin
çox
rahat dünyası var:
üç-dükan, meydança,
klub və
qəbristanlıq.
"Həmin qadına məktub" şeirindən olan
bir parçada şairzamanın və məkanın sevgi
dünyasındakı dəyişməsini, ömür
adlı bir nəğmənin əvvəlki kimi
oxunmamasının təsvirini verir. Burada həm də ədəbi priyom
baxımından istifadə olunan tənhalıq, tənhalıqda
unudulmaq qorxusu ehtiva olunur:
Amma əsas
bu deyil,
orda
bütün söhbətlər
dünyanın özü qədər
yaman
çəkər adamı.
Ömür
harda yaşansa
tale orda
qonaqdı.
Qonağısa
qovmazlar,
Ağrıları ifadə etmək şairin
düşüncələrinin əsas məqamıdır. Bu məqam isə
ancaq təsvir elementi kimi yox, həm də poetik diktənin məhsuludur. Bu da spesifik bir hadisədir.
Digər bir məsələ isə Səlim
Babullaoğlunun yaradıcılığının məhsuldarlığı,
kəmiyyətlə keyfiyyət uzlaşmasının
qorunması prinsipinin üstünlüyüdür. Bu mənada şairin oxucusu
olmaq əlavə bir üstünlükdür...
J.P.Sartr
bir yazısında belə deyir: "İnsanları ağaclar
kimi görmək, ağacları insanlar kimi tanımaq, həm
də əvvəl-axır ölüm haqqqında həqiqətləri
bilmək, sevdiyin bir şeiri əzbərləmədən
oxumaq kimidir". Bu yazı nədənsə məni
şairlərin dünyaya baxışı
bucağındakı lentləri xatırladır. O lentlər
ki, onları kəsib atmaq olmur. Necə ki,
aşağıdakı şeirin söz lentləri kimi:
Üzümə
gülən sevinci,
Başıma
daş kimi dəyən qaxıncı,
Öpüşü-qoy,olsun axrıncı-
Sevirəm...
Sevirəm
bu yolun yolçuluğunu,
Qəm hərifliyini,
Hərifliyin
puçluğunu...
Burada bir sonun başlanğıcı, yeni bir arzunun, istəyin
yaranması var. İnsanın əlvan portreti, həm də naməlum
olan taleyinin portreti çəkilir. Qeyd etmək
lazımdır ki, buradakı əhval heç də pessimizimlə
bağlı deyil. Əksinə, burada
optimizm gün kimi aydın görünür.
Səlim Babullaoğlunun
yaradıcılığının mərkəz nöqtəsində
"ağrıları unutmaq" dayanır. O ağrılar ki, onun cizgiləri
hər yerdə var. Amma ağrıları unutmaq olurmu? Əksinə, ağrılar hər dəfə daha kəskin
və şiddətli halda xatırlanır. Təsvir olunan həqiqətlər yaddaşı silkələyir,
unudulanları poetik meydana dəvət edir. Burada bumeranq
effekti verən unutmaq və xatırlamaq nəsnələri
şairin missiyası kimi ortaya qoyulur...
Yanan
adamlar, ağaclar, evlər
tarixdə yalnız rəqəmdi.
Bilirsən,
oğlum, bu eybəcər cəbr,
vəhşi hesabdı.
Biləsən
bu, həm də həndəsəylə
vəhşi haqq-hesabdı.
Ya hər
şey tarixdi-bitməyib,
ya tarix
bitmiş heç nədi.
Atlar,
arabalar, maşınlar sürəti artırdılar,
amma getmək
felini dəyişmədilər.
Silahlar
atıldılar,
amma səs
gəlmədi sətirlərdə, misralarda.
Bu, Səlim Babullaoğlunun "tənhalığıdır". Ritm, intonasiya,
şeir texnologiyası baxımından şairin
yaradıcılığı 3D effekti kimidir. Hadisələri həm altdan, həm üstdən,
istənilən bucaqdan seyr etmək mümkündür. Bu tənhalıq ona görə belə fərqlidi.
Çünki tənhalıq motivlərinə
söykənən şairlər çoxdu. Səlim Babullaoğlunun tənhalığı isə
onun yaradıcı texnologiyası, strukturu baxımından
seçilir. Bədii təsvir vasitələrinin,
xüsusilə metaforaların qəribəlikləri ilə
diqqəti çəkir:
Kim oxuyar
alnımızdakı sətir-sətir qırışları,
Kim? Hansı dilçi, hansı xəttat?
Axı, bu yazılarla baxan kimsə bu xətti tanımaz.
Göz
yaşlarımız yalnız
yanaqlarımızı suvarmaz, hətta
Yanğımızı
da yatırar ki, bunu siz
Yenə də üzümüzə baxıb sezə bilməzsiniz.
Şairin yaradıcılığını təhlil etmək
imkanı, onu əlçatan etmək fürsəti əslində,
yaxşı haldı. Burada əlavə terminlərə,
arqumentlərə ehtiyac yoxdu. Çünki
terminlərin dili qəliz və hamı tərəfindən
anlaşılan olmadığı üçün yorucudur.
Bu baxımıdan Səlim Babullaoğlunun yaradıcılıq
pillələrini qalxmaq zahirən asandır. Lakin burada
bir məsələ var: "Bu yaradıcılıq pillələrini
qalxmaq asan olsa da, oradan enmək bir o qədər çətindir.
Çünki bu pillələri qalxanda görmədiyin, diqqət
etmədiyin məqamlarla, məhz yaradıcı pillələrdən
enərkən rastlaşırsan. Bu da səni
yenidən düşünməyə, hadisələri yenidən
analiz etməyə sövq edir".
İmzanı qorumaq və
imzanın arxasında mətin dayanmaq, oxucunu, onun hiss və
duyğularını rahatlıqla həzm etdirməyi bacarmaq
bir şair üçün nə qədər müsbət cəhətdirsə,
bir o qədər də kədərlidir. Çünki burada
şair öz ömrünü yox, öz taleyini yox, məhz
müxtəlif insanların taleyini, ömrünün
yaşayır. Bu ömürdə,
bu taledə Səlim Babullaoğlunun şeir və söz
dünyasının Günəşi daima parlaq və əzəmətli
görünür.
Tural
CƏFƏRLİ
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.16.