Məmmədağa Şirəliyevin
türkoloji dilçiliyin inkişafında rolu
Akademik Məmmədağa
Şirəliyevin 110 illiyinə
Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən
olan, dialektoloq, türkoloq-alim akademik Məmmədağa
Şirəliyev türk dünyasına qəlbən
bağlı olan böyük alim idi. O, 1941-ci ildə "Bakı
dialekti" adlı fundamental əsəri ilə Azərbaycan
dialektologiya məktəbinin əsasını qoymuşdu. M.Ş.Şirəliyev türkologiyada, o cümlədən,
Azərbaycan dilçiliyində dilçilik
coğrafiyasının banisidir. Onun rəhbərliyi
ilə "Azərbaycan dilinin dialektoloji atlası" tərtib
və nəşr edilmişdir. Keçmiş
Sovet İttifaqı məkanında yaşayan türk dillərinin
dialektoloji atlaslarının tərtibinə rəhbərlik də
M.Ş.Şirəliyevə
tapşırılmışdır.
O, Azərbaycan
dilçiləri arasında ilk elmlər doktoru, ilk professor, ilk
əməkdar elm xadimi, Azərbaycan Elmlər
Akademiyasının ilk müxbir üzvü və ilk akademiki,
"Sovetskaya tyurkologiya" jurnalının ilk baş
redaktoru, Türk Dil Qurumunun ilk azərbaycanlı müxbir
üzvü (1957) və ali məktəblər
üçün dialektologiya üzrə ilk dərsliyin müəllifi
olmuşdur.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 19 iyul
2019-cu il sərəncamı ilə 110 illik yubileyini
keçirdiyimiz məşhur Azərbaycan türkoloqu, akademik Məmmədağa
Şirəliyev sovet türkologiyasının əbədi
sütunlarından biri olmuşdur. Postsovet məkanında
bütün türk dillərinin dialekt və şivələrinin
öyrənilməsinə rəhbərlik edən, dialektoloji məsələləri
əlaqələndirən və istiqamətləndirən,
Bakıda fəaliyyət göstərən Dialektologiya Komitəsinin sədri
də akademik M.Ş.Şirəliyev olmuşdur.
Türk dillərinin bütün dialekt və şivələrini
tədqiq etmədən, dilçilik coğrafiyasını
yaratmadan Türk dillərinin həqiqi tarixini bilə bilmərik. Türkologiyada
dilçilik coğrafiyasının əsasını da məhz
akademik Məmmədağa Şirəliyev
yaratmışdır. Türkologiya tarixində
ilk dəfə olaraq Məmmədağa Şirəliyevin təşəbbüsü,
rəhbərliyi və fədakarlığı ilə "Azərbaycan
dilinin dialektoloji atlası" ərsəyə gətirilmişdir.
Bu atlas türkologiya aləmində bu sahədə
atılan ilk və uğurlu addım sayılmalıdır.
Sevindirici
haldır ki, akademik M.Ş.Şirəliyevin 20 ildən
çox müddətdə rəhbərlik etdiyi Dilçilik
İnstitutunda onun tələbələrinin və yetirmələrinin
təşəbbüsü ilə bu iş yenidən
canlandırılmış və "Bütöv Azərbaycanın
dialektoloji atlası" layihəsinə start verilmişdir. Bu
layihə əsasında yaranan Azərbaycan dialektologiya məktəbinin
nümayəndləri - AMEA Nəsimi adına
Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin alimləri
2017-ci ildə "Azərbaycan dilinin Naxçıvan
dialektoloji atlası" kimi irihəcmli fundamental dialektoloji
atlas hazırlamışdır. Hal-hazırda
işlərin davamı kimi "Qarabağ dialektoloji atlası"
bitmək ərəfəsindədir. Bundan
başqa, şöbə tərəfindən Borçalı,
Dərbənd, Cənubi Azərbaycan dialektoloji
atlaslarının hazırlanması nəzərdə tutulub.
Bu işlər bitdikdən sonra "Bütöv
Türk dünyasının dialektoloji" atlasının
hazırlanması planlaşdırılır. Ümid və arzu edək ki, bu işin də
icrasını M.Ş.Şirəliyevin əsasını
qoyduğu Azərbaycan dialektoloji məktəbi yerinə yetirəcəkdir.
M.Ş.Şirəliyevi nəinki Azərbaycanda,
keçmiş Sovet İttifaqında, Avropada və Türkiyədə
də yaxşı tanıyırdılar. 1957-ci ildən
Türk Dil Qurumunun müxbir üzvü olan M.Şirəliyev dəfələrlə
Türkiyədə elmi toplantılarda türkologiyanın ən
aktual problemləri, dialektoloji araşdırmalar barədə
maraqlı məruzələrlə çıxış
etmişdir. O, 1953-1954-cü illərdə Bolqarıstanda
Sofiya Universitetində türk filologiyası kafedrasına rəhbərlik
etmiş, 1963-cü ildə isə Polşada Varşava və
Krakov universitetlərində türk dilindən dərs
demişdir.
Görkəmli alim M.Şirəliyevin elmi-pedaqoji fəaliyyəti
təkcə respublikamızla məhdudlaşmamış, o,
ölkəmizin hüdudlarından kənarda, xüsusən
Bolqarıstan Respublikasında da ədəbi məktəb
yaratmışdır. Belə ki, Bolqarıstanın Sofiya Universitetində
mühazirələr oxuyan alim, praktiki fəaliyyətini də
davam etdirmiş, oradakı türk kəndlərini gəzərək
dialektlərə dair dəyərli materiallar toplamış və
bunun əsasında "Türk dialektologiyası" əsərini
yazmışdır. O, həmçinin, türk dili
materialları əsasında "Dilçiliyə
giriş" əsərini yazmış və bu fəndən
mühazirələr oxumuşdur. Sofiya
Universitetinin dosenti Emil Boyev 1966-cı ildə Ankarada XI Türk
Dili Qurultayında "Bolqarıstanda türk dialektlərinin
araşdırılması" mövzusunda məruzə edərkən
bu məqamı xüsusi vurğulamışdır:
"Bolqarıstanda türk dialektlərinin
araşdırılmasının əsasını professor
M.Şirəliyev qoydu. Biz - onun tələbələri
isə bu işi davam etdiririk".
Akademik M.Şirəliyevin fundamental elmi əsəri
"Azərbaycan dialektologiyasının əsasları"
adlansa da, məsələlərə tarixi-müqayisəli
yanaşma, türk ədəbi dilləri və türk dillərinin
dialektləri ilə müqayisə fonunda aparılan elmi təhlillər
əsərin ümumtürkoloji səviyyəsini təmin
etmişdir. Bu gün də aktuallığını itirməyən
kitab hər bir türkoloq və dialektoloq üçün əvəzsiz
mənbədir.
M.Şirəliyev böyük dialektoloji və
türkoloji məktəb idi. O, türk respublikaları
üçün bu gün də onu məhəbbətlə
yad edən layiqli türkoloq və dialektoloqlar yetirmişdir.
Onun rəhbərliyi altında neçə-neçə balkan, qaqauz, qaraqalpaq, özbək,
başqırd, tatar, türkmən, qazax, qaraçay doktor
olmuşdur. Bundan başqa, M.Şirəliyevin rəhbərliyi
altında 1 nəfər Balkan, 1 nəfər qaqauz, 1 nəfər
qaraqalpaq namizədlik dissertasiyası müdafiə edib.
Eləcə də 9 özbək, 2 başqırd, 2 tatar, 1
qaraçay və 1 qazax aliminin filologiya elmləri doktoru alimlik
dərəcəsi almasında da M.Şirəliyevin xidmətləri
olmuşdur. Türk dünyası
üçün türk kadrlarının yetişdirilməsində
əvəzsiz xidmətləri olan M.Şirəliyevin yetirmələri
sırasında Bolqarıstan türklərinin dialektlərinin əvəzsiz
araşdırıcıları - Məfkurə Mollova, Xeyriyyə
Yenisoy kimi görkəmli tədqiqatçılar da vardır.
Onun fəaliyyəti istər bolqar, istərsə
də sovet alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümumiyyətlə, dünya alimləri,
türkoloqları akademik M.Şirəliyevi həmişə
hörmətlə yad etmişlər. Onun xələfi, akademik Ağamusa
Axundov M.Ş.Şirəliyevə həsr etdiyi "Görkəmli
Azərbaycan dilçisi" adlı yazısında bu
xüsusda bildirmişdir ki, "Məmmədağa Şirəliyev
Azərbaycan dilçiliyi hüdudlarını yarıb beynəlxalq
aləmə çıxan, elmi türkologiyanın zəngin
üfüqlərində öz işıqlı yeri olan ilk Azərbaycan
dilçisidir".
Tatarıstandan olan görkəmli dilçi alim Dilara
Tumaşyeva təcrübəli dialektoloq, professor M.Şirəliyevin
rəhbərliyi altında fəaliyyət göstərən
Azərbaycan dialektoloqlarının digər respublikaların
dialektoloqları qarşısında üstünlüyə
malik olduqlarını qeyd etmişdir.
Başqırdıstandan olan Qabdulxay Axatov M.Şirəliyev
məktəbinin dialektoloji tədqiqatlarda qalib məktəb
olduğunu vurğulamış və bildirmişdir ki,
"professor M.Şirəliyevin dialekt və şivələrin
öyrənilməsi metodu digər türk dillərinin dialekt
və şivələrinin öyrənilməsində
münasibdir".
Ural-Altay
cəmiyyətinin sədri Yarrinq Qunnarın da akademik
M.Ş.Şirəliyevlə bağlı fikri maraq doğurur:
"Türk dillərinin dilçilik coğafiyası üsulu
ilə öyrənilməsi sahəsində M.Şirəliyevin
xidmətləri danılmazdır, o, bu sahədəki tədqiqatları
ilə böyük bir məktəb yaratmışdır".
Qazaxıstanlı alim Alibi Şapayov məşhur
dilçilər V.V.Vinoqradov, M.B.Xrapçenko və
başqalarının sırasında M.Şirəliyevin də
adını çəkərək bildirmişdir ki, "onlar
bədii əsərlərin dil və üslub məsələlərinə
xüsusi diqqət ayırmış, filoloji tədqiqatlarda
onları önəmli və ayrıca sahə hesab etmişlər".
Akademik
M.Şirəliyev də özünün elmi
dünyagörüşünün formalaşmasında müəyyən
rol oynamış, hətta onun dissertasiya işinin müdafiəsində
opponent kimi çıxış etmiş görkəmli türkoloq, Azərbaycan,
başqırd, qumuq, türkmən dillərinə aid orijinal əsərlər
müəllifi N.K.Dmitriyevin vəfatı zamanı
yazdığı nekroloqda sələfinə olan dərin
ehtiramını əks etdirmişdir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın
paytaxtı Bakı həm də sovet Türkologiyasının
mərkəzinə - paytaxtına çevrilmişdi. Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması, ilk dəfə milli dillə
bağlı qərarların verilməsi, bundan sonra
bütövlükdə türk dünyasında başlanan əlifba
islahatı hərakatı, 1926-cı ildə Birinci Türkoloji
Qurultayın Bakıda keçirilməsi kimi böyük
türkoloji hadisələri qeyd edə bilərik. 1966-cı
ildə I Bakı Türkoloji Qurultayın 40 illiyi ilə
bağlı SSRİ Elmlər Akademiyasının Rəyasət
Heyətində keçirilən iclas zamanı Rəyasət
Heyəti əsasən Qurultayın materiallarının
çapı üçün nəzərdə tutulan bir
toplunun hazırlanması haqda qərar qəbul edir. Sonrakı müzakirələr zamanı bütün
SSRİ-də yaşayan türk xalqlarını əhatə
edəcək bir jurnalın nəşr olunması qərara
alınır. "Sovetskaya Tyurkologiya"
adlı bu jurnalın harada nəşr olunması məsələsi
ciddi müzakirə olunur. Həmin dövrdə
Kazan, Moskva kimi şəhərlərdə çap edilməsi
nəzərdə tutulur. Rəyasət Heyətinin
iclasında Bakının hər zaman türkoloji tədqiqatların
mərkəzi olduğunu vurğulayan akademik M.Şirəliyev
jurnalın Bakıda nəşr olunması fikrini irəli
sürür.
M.Ş.Şirəliyevin SSRİ-də böyük nüfuzu və həmin dövrdə Bakıda aparılan hərtərəfli türkoloji tədqiqatlar nəzərə alınaraq Beynəlxalq "Sovetskaya Tyurkologiya" jurnalının nəşri Bakıya - Azərbaycan alimi akademik M.Ş.Şirəliyevə etibar edilir. Beləliklə, 4 il davam edən müzakirələrdən sonra SSRİ EA Rəyasət Heyətinin qərarı ilə M.Ş.Şirəliyev baş redaktorluğu altında 1970-ci ilin aprel ayında jurnalın ilk sayı buraxılır. M.Ş.Şirəliyev 17 il jurnalın baş redaktoru olur.
Əlbəttə, "Türkologiya" jurnalının keçmişi zənginliklərlə doludur. Bu gün jurnalın söykəndiyi tarixi ənənələr davam etdirilir və müasir dövrün tələbləri ilə qurulan münasibətlər sayəsində jurnal dünya səviyyəsində tanınır. Təkcə bir faktı deyə bilərəm ki, jurnal bu gün dünyanın 7 ən nüfuzlu indeks təşkilatlarının bazasına daxil edilmişdir.
Təbii ki, zamanın süzgəcindən neçə-neçə alimlər keçir, nəsillər bir-birini əvəz edir və respublikamızda məhz akademik M.Şirəliyevin bilavasitə və ya bilvasitə rəhbərliyi altında yetişmiş, doktorluq dissertasiyası müdafiə etmiş Vaqif Aslanov, Zərifə Budaqova, Mirzə Rəhimov, Ağamusa Axundov, Tofiq Hacıyev Musa Adilov, Kamal Abdullayev, Qəzənfər Paşayev, Rəhilə Məhərrəmova kimi alimlər - akademikin layiqli xələfləri bugünkü nəslin dəyərli sələfləri kimi yaddaşlara həkk olunur.
Bəli, akademik M.Şirəliyevin
yaratdığı dialektologiya məktəbi, onun elmi irsi,
türk dünyası üçün yetişdirdiyi
türkoloqlar, dialektoloqlar nəsli onun adını və
ideallarını daim yaşadacaq.
Elçin
İBRAHİMOV
"Türkologiya"
jurnalının məsul katibi, Azərbaycan Mətbuat
Şurasının üzvü
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.15.