"Ey Nəsimi,
cahanı tutdu sözün..."
Görkəmli
şairin 650 illiyi ilə əlaqədar II Beynəlxalq elmi
konfrans təşkil edilib
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təşkilatçılığı ilə
görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş "Ey Nəsimi,
cahanı tutdu sözün..." II Beynəlxalq Elmi Konfrans
keçirilib. Konfransın plenar iclasında AMEA-nın
prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib.
Konfransın
plenar iclasını giriş sözü ilə AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
açaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və ölkəmizdə
2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamlarına
uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında
görülmüş işləri diqqətə
çatdırıb. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun bu istiqamətdə yetərincə işlər
gördüyünü bildirib. Bu konfransı Prezidentin Sərəncamları
işığında Elmlər Akademiyasında
görülmüş işlərin yekunu kimi qiymətləndirib.
Akademik çıxışında bildirib ki, Nəsiminin indiyə
kimi çap olunmayan 200 yüz şeiri Əlyazmalar
İnstitutu tərəfindən çapa hazırlanıb.
Konfransa
Tacikistan, Özbəkistan, Rusiya, Türkiyə və digər
Şərq ölkələrindən, eyni zamanda ölkəmizin
müxtəlif universitetlərindən
iştirakçıların qatılmasını dahi Nəsimiyə
böyük sevginin təzahürü kimi qiymətləndirib.
Konfransa böyük maraq göstərildiyini, 150-dən
çox məqalə qəbul edildiyini nəzərə
çatdırıb. Konfrans materiallarının iki cilddə
çap olunmasının nəzərdə tutulduğunu bildirən
akamenik İsa Həbibbəyli birinci cildin artıq nəşr
olunduğunu qeyd edib.
Plenar
iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rəfael Hüseynov
çıxış edərək bildirib ki, Nəsimi
yalnız Azərbaycanın deyil, bütün dünyanın ən
cəsarətli şairi şayıla bilər. Onun digər
şairlərdən fərqini öz sözləri ilə belə
izah edib ki, "o, mən həqiqəti axtarıram demir, mən
həqiqəti tapmışam deyir". Akademik Rəfael
Hüseynov Nəsimin 600 illik yubileyinin keçirilməsi
tarixçəsinə nəzər salaraq həmin dövrdə
onun harada doğulması ilə əlaqədar yaranmış
fikir ayrılıqlarına münasibət bildirib. Şairin
Şamaxı, Bakı, Təbriz, Naxçıvan, Gəncə,
Dərbənd kimi şəhərlərdə
doğulmasını ehtimal edənlərin mübahisələrinə,
hətta türkmənlərin özlərinə aid etmələrinə
o zamankı Azərbaycan rəhbəri Heydər Əliyevin qətiyyəti
sayəsində son qoyulduğunu bildirib.
Özbəkistan
Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru Erqaş
Oçilov özbək dilində çıxış edərək
öz ölkəsində Nəsiminin tədqiqi və təbliği
istiqamətində görülmüş işlərdən bəhs
edib. Özbəkistanda Nəsimi ilə bağlı çap
olunmuş kitabları Ədəbiyyat İnstitutunun direktoruna hədiyyə
olaraq təqdim edib. O, çıxışının sonunda əlavə
edib ki, mən nəsimişünas olmasam da, nəsimisevərəm.
AMEA
Şərqşünaslıq İnstitutunun direktoru, akademik
Gövhər Baxşəliyeva çıxışında
Şərqşünaslıq İnstitutunda Nəsimin tədqiqi
istiqamətində indiyə qədər
görülmüş işlərin tarixindən və
hazırda görülən işlərdən
danışıb. O, təklif edib ki, Nəsimi və digər
klassik şairlərimizin irsinin yenidən transliterasiya edilməsi
də elmi axtarışlara yeni töhfələr verə bilər.
Konfransda
Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, filologiya
üzrə fəlsəfə doktoru Ruxşona Vasiyeva,Rusiya Elmlər
Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin
vitse-prezidentinin beynəlxalq məsələlər üzrə
müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru Ariz Gözəlov, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Fəridə
Əzizova da çıxış ediblər.
Konfrans
bölmə iclasları ilə öz işini davam etdirib.
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.12.