Əbədiyaşar şəxsiyyət  

 

 

Əzizim baxar gedər

Su gələr axar gedər,

Dünya bir pəncərədir

Hər gələn baxar gedər.

Bu dünyanı pəncərə sananlar heç yanılmayıblar. Kimisi yaxşı adla tanınıb, özündən sonra bir iz qoyub gedib, kimisi pislik rəmzi olub. Belə ölümsüzlük qazanan insanlardan biri sevimli müəllimimiz Şirməmməd Hüseynovdur. Bu ilin iyunun 24-də dünyasını dəyişsə , onun yoxluğuna inana bilmirəm. Bakı Dövlət Universitetində keçirilən dəfn mərasiminə onu şəxsən tanıyanlar da, eyni zamanda, televiziyadakı çıxışlarına qulaq asanlar da gəlmişdi. Zal ağzına qədər dolu idi. Ayaq üstə qalanlar oturanlardan çox idi. Hamımız müəllimlər müəllimi, jurnalistika üzrə magikanı son mənzilə yola salırdıq. Zala toplaşanların üzündən hüzn kədər yağırdı...

Axırıncı dəfə onunla iyunun 22-də danışmışdım. Ülkər xanıma zəng vurmuşdum, telefonu Şirməmməd müəllim götürdü. Dedim ki, Sizin vəziyyətinizi xəbər almaq istəyirdim, necəsiniz? O cavab verdi ki, o qədər yaxşı deyiləm. Səsində bir ruh düşkünlüyü hiss etdim. Heç vaxt Şirməmməd müəllim belə danışmazdı. Onun səsində həmişə bir həyatsevərlik var idi. Düşündüm ki, ağrı-acıları çoxdur, ona görə belə danışır. İndi elə bilirəm ki, Ülkər xanıma zəng vuranda, yenə telefonu Şirməmməd müəllim götürəcək, hal-əhval tutandan sonra deyəcəkdir:

- Ülkər gəl, Mehparədir.

Bu yaşımda çox insanlarla qarşılaşmışam. Ancaq Şirməmməd müəllim kimisinə rast gəlməmişəm. Obyektivlik, hadisələrə düzgün qiymət vermək, nəfs toxluğu Şirməmməd müəllimə xas cəhətlər idi. Vəzifəsinə görə kiməsə yarınmaq ona yad idi. Sözü üzə deməyi xoşlayırdı.

İlk dəfə Şirməmməd müəllimi 1971-ci ildə Universitetdə görmüşdüm. Sənədlərimi jurnalistika fakültəsinə verəndə, əlimdəki qovluğu alıb çox diqqətlə yazılarıma baxdı dedi:

- Qızım, jurnalist olmaq istəyirsən?

Dedim ki, bəli.

- Sabah gələrsən, sənədlərini götürərik.

Sənədləri qəbul edəndən soruşdum ki, bu şəxs kimdir? Cavab verdi ki, Jurnalistika fakültəsinin dekanı Şirməmməd Hüseynovdur. Bizim dekanımız çox orijinal xarakterli olmaqla yanaşı, heç kimə bənzəmirdi. O qədər ciddi zəhmli idi ki, auditoriyaya daxil olanda bütün tələbələr susurdu. Ondan hamımız çəkinərdik. İllər ötsə , bu hiss məndən keçib getmədi. Hər dəfə Şirməmməd müəllimlə rastlaşanda özümü yenə tələbə sanırdım.

Onun mühazirələri çox canlı keçirdi. Dünya mətbuatından söz salırdı. O, təkcə xarici ölkələrdə nəşr olunan mətbuat orqanlarından deyil, həm oranın dövlət quruluşundan danışardı. O qədər maraqlı faktlar sadalayardı ki, dərsin vaxt qurtardığını bilməzdik. Mühazirələrinin sorağı qonşu institutlara da yayılmışdı. Şirməmməd müəllimin mühazirələrində kənar tələbələr iştirak edərdi. O, biz tələbələri sanki xarici ölkələrə səyahətə aparardı. Onun danışığına o qədər aludə olardıq ki, növbəti dərsin başlanmasını hiss etməzdik. Öz-özümüzə deyərdik ki, kaş Şirməmməd müəllimin dərs saatı çox olaydı.

Bir dəfə mühazirə zamanı söhbət qəzetlərə abunə yazılmaqdan düşdü. Şirməmməd müəllim dedi ki, raykom katibi məni iclasa çağırmışdı. İclasda çıxış edərkən dedi ki, jurnalistika fakültəsinin tələbələri bütün mətbuat orqanlarına abunə olmalıdır. Mən dözməyib cavab verdim ki, tələbənin o qədər pulu hardadır? Yaxşı olardı ki, Siz öz hesabınızdan tələbələrə pul ayırasınız, onlar da qəzetlərə abunə yazılsınlar. Bu sözlərdən sonra raykom katibi susdu.

Şirməmməd müəllim müsahibələrinin birində demişdir ki, rüşvətxorun canında milli ruh olmaz, məddahın canında milli ruh olmaz, oğrunun canında milli ruh olmaz. Millətin böyük hissəsinin canında, qanında, ruhunda milli dövlətçilik hissi olmalıdır. Onda bu dövlət əbədi olacaqdır. Bu sözləri tez-tez yadıma salıram. Müşahidələrim bu ifadələrin qədər doğru olduğunu təsdiq edir.

Sözü üzə deməyi bacaran, haqsızlığa dözümsüz idi Şirməmməd müəllim. Haqqı nahaqqa verməyi bacarmırdı. Ona görə Şirməmməd müəllim hamımızın sevimlisi idi. Təsadüfi deyil ki, "tələbələrin atası" titulunu qazanmışdı. Həmişə oxuyan tələbələrin arxasında dayanardı. Müəllimləri tələbələri incitməyə imkan verməzdi. Hər hansı bir müəllimdən şikayət olunsaydı, növbəti semestrdə onu fakültədə görməzdik. Şirməmməd müəllim zəngin savada, dərin düşüncə tərzinə, qeyri-adi yaddaşa malik bir şəxsiyyət idi. Tarixi faktlarla bağlı ən xırda detallar belə yadından çıxmazdı.

Onun mühazirələrində çox vaxt sətiraltı ifadələr olardı. Biz bunları başa düşməzdik. Xarici ölkələrdəki müstəqil dövlətlər orada nəşr olunan mətbu orqanlardan danışardı. Sən demə, Şirməmməd müəllim Azərbaycanı da bir dövlət kimi müstəqil görmək istəyirmiş. Ona görə müstəqil xarici dövlətlərdən söz salarmış. O vaxtlar cəmi 23 ay yaşayan Cümhuriyyətin fəaliyyəti barədə danışmaq yasaq idi. Bu mənada, o, xarici müstəqil ölkələrdən bəhs edərdi. O, vətənini azad, müstəqil görmək istəyirdi. Onun arzuları müstəqillik qazanandan sonra reallaşdı. Doğma Azərbaycanı heç kəsdən asılı olmaması üçün canından keçənlərin xatirəsini əbədiləşdirmək məqsədilə o vaxtdan arxivlərdə işləyib. Görülən işlər sözün əsl mənasında Şirməmməd müəllimi təəccübləndirib. Ona görə də ömrünün qalan hissəsini cümhuriyyətçilərin fəaliyyətinə həsr edib. Bu yolda yorulmaqolduğunu bilməyib. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla müstəqil dövlətin qurulmasında əməyi olan hər kəsin fəaliyyətini dərindən tədqiq edib. Canından keçənlərin, mühacir həyatı yaşayanların xatirəsini yaşatmaq üçün arxivləri ələk-vələk edib. O dövrün ab-havasını bu günümüzə çatdırmaqla, cümhuriyyətçilərin ömür yoluna işıq salıb. Onları gənc nəslə tanıtdırıb, vaxtilə gizlədilən tarixi faktları üzə çıxarıb. Dövlət qurucularından o qədər vurğunluqla danışardı ki, biz böyük məmnunluqla ona qulaq asardıq. Vətənimiz müstəqillik qazananda bəlkə də ən şox sevinən Şirməmməd müəllim olmuşdu. Vətən, dövlət onun üçün hər şeydən müqəddəs idi. Bəzən deyərdi ki, o yerdə ki, söhbət vətəndən gedir, o zaman ailə ikinci plana keçir.

Onu da deyim ki, Şirməmməd müəllimin bu yaşa çatmasında ömür-gün yoldaşı Ülkər xanımın böyük zəhməti olub. Ülkər xanım onun hər işinə xüsusi qayğı ilə yanaşardı. 60 illik ailəlik həyatında çox hadisələr baş verib. Ülkər xanım Şirməmməd müəllimin əlyazmalarının kompüterdə yazılmasından tutmuş kitablarının oxunmasınadək hər işdə ona yardımçı olub. Tədbirlərdə birgə iştirak ediblər. Ülkər xanım da bu vətənpərvər, xalqının taleyini düşünən, sözübütöv, heç kəsdə görmədiyi xüsusiyyətlərinə görə Şirməmməd müəllimə çox böyük hörmətlə yanaşardı. Onun bütün arzularını sözsüz yerinə yetirərdi. Ülkər xanım Şirməmməd müəllimi hər şeydən - o cümlədən, bəd xəbərlərdən qoruyardı. Arzuolunmaz söhbətlərin Şirməmməd müəllimə çatdırılmasının qarşısını alardı. Ülkər xanım öz diqqəti və qayğısı ilə Şirməmməd müəllimin ağrı-acılarına məlhəm olub. Şirməmməd müəllim Ülkər xanım üçün müqəddəs bir şəxsiyyət idi. Ona görə də onun dünyadan köçməsini heç cür qəbul edə bilmir və Ülkər xanımı heç nə ilə ovundurmaq olmur. 40 ildən çoxdur ki, mən bunların şahidiyəm. Bu yerdə mərhum yazıçı Cəmil Əlibəyovun dediyi sözlər yadıma düşdü. O deyirdi ki, Şirməmməd müəllim xoşbəxtdir ki, Ülkər xanım kimi qayğıkeş həyat yoldaşı var. Ciddi, sərt bir həyat yoldaşı kimi Şirməmməd müəllimin qayğısına qalan Ülkər xanım bundan da xüsusi zövq alırdı.

Bu da bir faktdır ki, saysız-hesabsız jurnalist kadrlar yetişdirmək hər kəsə nəsib olmayıb. Mənə elə gəlir ki, indi də jurnalistlərdən ibarət "ordu"nun başında Şirməmməd müəllim dayanıb. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Şirməmməd müəllimin tələbələri olmasın. Şirməmməd müəllim xalqımızın azadlığını, torpaqlarımızın düşmən tapdağından qurtulmasını əsas vəzifə sayırdı. Bu ideallar uğrunda sözün əsl mənasında vuruşurdu.

Dünyasını dəyişməsəydi, dekabrın 17-sində Şirməmməd müəllimin 95 yaşı tamam olacaqdı. Mərdlik, saflıq, qeyrət, obyektivlik rəmzi olan Şirməmməd müəllim tələbələrinin yaddaşında əbədi bir iz qoyub. Düşünürəm ki, bu cür xarakterə malik insanlar ölməzdir, xatirələrdə əbədi yaşayacaqdır.

 

Mehparə AXUNDOVA

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.11.