Getmə

 

 

1973-cü ildə Araz sahilində yerləşən Xudafərin bölgəsinin İskanlı kəndində anadan olub. Təbriz Universitetinin fars dili və ədəbiyyatı fakültəsini bitirib.

"Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar" adlı diplom işini müdafiə etməklə elmi dərəcə alıb.

Bir müddət Xudafərin bölgəsində çalışıb, hazırda isə Təbrizdə orta məktəbdə ədəbiyat müəllimidir.

Təbriz, Tehran, Zəncan və Urmu şəhərlərində yayınlanan  gündəliklərdə, dərgilərdə, muxtəlif internet sitələrində, eləcə də ayrı-ayrı ədəbiyat portallarında yazıları və şeirləri ardıcıl dərc olunur.

 

Beş kitabı işıq üzü görüb.

Küsdüm ki, biləsən uman yerimsən

Dağamsa, zirvəmsən, duman yerimsən,

Sən mənim sonuncu güman yerimsən,

Aldanıb hər cığır izinə getmə!

Sındırma dağlar tək sərt vüqarını,

Qoru qeyrətini, qoru arını,

Oxşayıb hər kökdə könül tarını,

Uyuban hər kəsin sözünə getmə!

Böylə acıq keçən həyatımızdır,

Böylə sızıldayan bayatımızdır,

Böylə pis qoxuyan boyatımızdır.

Çox da hər nəyin gizinə getmə!

özünü doğra, nə özünü kəs.

Susmalı məqamda sus, çıxarma səs,

Öz soyuq evində otur, titrə, əs.

Özgə ocağının gözünə getmə.

Nə qədər yaradıb nə qədər yazsan,

O qədər baharsan, o qədər yazsan,

Kim desə, yazsan da, bil ki, qalmazsan,

İnan əyrisinə, düzünə getmə!..

 

Kaş

 

Kaş salmayaydın qatarından o durnanı...

Sanki cırdın bir məktubu,

yol çəkməkdən saralacaq bir göz daha.

Qatarından geri qaldı ucar bi r quş,

Mavi göydən, bax,

Silindi bir iz daha.

Kaş salmayaydın qatarından

O durnanı...

Kaş salmayaydın...

 

Sən ay

 

Ürəyini bir ilıq rüzgar titrətsə,

gecə Ayı sevdiyinin  birinə

onun gözünə oxşada bilərsən!

İçərində bir heyrət oyansa,

göydə Ayı

Tanrının barmaq izinə oxşada bilərsən!

Kainata qol çəkib,

barmaq basıb deyərsən,

gündüz Günəş ilə, gecə Ay ilə!

İllərin aclığın çəksən,

onu ətəyi unlu bir qadın kimi görərsən -

Çörək tozuna oxşada bilərsən!

Dillərin həsrətin çəksən,

onu türküsü dustaq bir sınıq ozan

qopuzuna

oxşada bilərsən!

Bunlar hamısı oxşatmadır

Ay elə Aydır.

İşığında bir az Günəş dadı var,

çevrəsində Günəş kölgəsi, gecə fəryadı!..

Bu oxşatmalar

başını qatar, dostum

ürəyi ilıq rüzgarlı,

içərisi heyrətli,

qarnı ac,

dili dustaq

yuxu tutar, aparar səni bir oğru kimi!

Yatarsan ömrünün bir gecəsində,

beləcə yuxular zindanında!

Səhər ayılarsan quşların səsinə,

Canında bir od,

göydə səhərə qalmış Ayı görərsən,

Solmuş Ayı görərsən

ona şeir söyləyərsən.

Sənin üzünü eyləyən gecəymiş demə,

Ay göyün sonsuz maviliyində

Səhərə qalmış solğun Ay!

 

Bəxtəvər zəli

 

Çətən-çubuq,

Aran-dağ,

Qışlaq-yaylaq,

Köç-düş,

Qoyun-qurd,

Binə-yurd,

Keçə-kümə...

Babamı atama,

Atamı mənə,

Məni isə heç kimə...

Bağlayan düyün!

Bu qafiyə lüğətlər yaşayış sözlüyümdür.

Mən şair deyiləm,

Yaşayışım qafiyəlidir!

Bunlar haçansa

Babamın gözüyumulu içdiyi suda

Boğazına gedən zəlidir!

İyirmi birinci əsrdə

Mənim boğazımdan da üzməyir əlini!

Bu yaşayış deyil, Allah,

Dönmüşük qan tuluğuna,

Yaşadırıq o bəxtəvər zəlini!

 

Gözəl yalan

 

Yalanlarla başlayırıq günümüzü!

İlk yalanı,

Analardan eşidirik

səhər tezdən.

Gün çıxmamış:

"Ay bala dur,

günortadır!"

Heyranam, ay ana

Dediyin gözəl yalana!..

 

Qatar qayıtmaz

 

özün gələrsən, xəbərin,

Yox, səni aparan Qatar qayıtmaz.

Yollar yadırğayar, unudar

Yollar kürək üstə yatar, Qatar qayıtmaz!

Gedər, dayanmaz ki ilin qatarı,

Gedər bəy qatarı, gəlin qatarı,

Kim deyir qaytaraq, gəlin, qatarı,

Gedər gözdən itər, Qatar qayıtmaz!

Getdin indən belə hər gələndə yaz,

Solğun görünəcək çiçəklər bir az,

Sünbüllər saçını külək daramaz,

İllər başa çatar, qatar qayıtmaz!

Gedəndə doluydu bu boş qatarlar,

Dünya qatar-qatar boşalar, dolar,

Kimdən küsmək olar, incimək olar,

Əlin hara yetər, qatar qayıtmaz?!

Yağış yaddaşlardan izlərin udur,

Hər gün ömrümüzdən bir günü udur,

Yalandan gözləyir Əli Cavadpur,

Yox, səni aparan qatar qayıtmaz!

 

 

Əli CAVADPUR

 

525-ci qəzet.- 2019.- 13 dekabr.- S.15.