Örnək sayılası ömür yolu
Tanınmış səhiyyə
xadimi İsa Hacıyevin 90 illik yubileyinə
Ömür hər kəsə bir dəfə verilir. Amma bu
ömrü mənalı yaşamaq, el-obanın dərd-sərinə
yaramaq, cəmiyyətdə nüfuz qazanmaq,
sayılıb-seçilmək, həyatı ilə
başqalarının örnəyinə çevrilmək hər
adama nəsib olmur. Bu mənada deyə bilərik ki, hər
bir insan əməlləri ilə, gördüyü işlərlə
öz taleyini həm də özü yazır...
Söz var, təbabətdə birinci məlhəm həkimin
özüdür. Bu yazıda biz ömrünün
aşağı-yuxarı 70 ilini Azərbaycan səhiyyəsinə
həsr etmiş, yüzlərlə xəstəyə şəfa
vermiş, bu günlərdə 90 illik yubileyi qeyd olunan
tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə
doktoru, dosent İsa Hacıyevin ömür yoluna qısaca nəzər
yetirməyə çalışacağıq.
İsa
Ağamusa oğlu Hacıyev 1929-cu il
noyabrın 23-də Kürdəmir rayonunun Yenikənd kəndində,
Baloğlanlılar nəslinə mənsub bir ailədə
dünyaya gəlib. 1946-cı ildə orta məktəbi
başa vurub Azərbaycan Dövlət Tibb İnstitutuna daxil
olan İ.Hacıyev 1952-ci ildə həmin institutun
sanitar-gigiyena fakültəsini biririb. Məktəb
illəri dövrü yeniyetmə İsa Hacıyev
üçün hamar, rahat keçməyib. Özünün dediyi kimi, uşaqlığı
müharibənin qanlı-qadalı illərinə təsadüf
etdiyindən xeyli çətinliklərlə üzləşib,
1942-1946-cı illərdə məktəbdə oxumaqla bərabər,
həm də işləmək, ailəyə köməklik
göstərmək məcburiyyətində qalıb.
Gənc
İ.Hacıyev ali məktəb illərində
öz davranışı, çalışqanlığı
ilə insititut və fakültə rəhbərliyinin, müəllimlərin,
tələbə yoldaşlarının böyük hörmətini
qazanıb. Həmin illəri onun özü belə
xatırlayır: "Mən istitutun birinci kursundan sonra həmişə
müxtəlif ictimai işlərdə olmuşam. Əla qiymətlərlə oxuduğuma və təşkilatçılığıma
görə tələbə ikən kommunist partiyası
sıralarına qəbul edilmişəm. Buna baxmayaraq, tələbəlik
illərinin də çətinlikləri az
olmayıb. Müharibə qurtarsa da, onun
vurduğu yaralar sağalmamışdı. Çörək hələ də kart sistemi ilə
verilirdi, kitab, digər dərs vəsaitləri
çatışmırdı. Amma çətinliklərə
baxmayaraq, həmin illərdə biz
tapşırığın, xahişin, rüşvətin nə
olduğunu bilmirdik. Bunu sübut edən bir
faktı deyəcəm. Biz instituta qəbul
olunanda qrupumuzda 40 nəfər tələbə var idi, amma
yalnız 21 nəfər institutu bitirə bildik. Oxuya bilməyənlər özləri çıxıb
gedirdilər. Bizim yüksək savada malik,
tələbkar, pedaqogikanı mükəmməl bilən
müəllimlərimiz var idi".
İnstitutu bitirəndən sonra əlaçı və
nümunəvi məzun kimi Respublika Səhiyyə Nazirliyinin sərəncamına
göndərilən İsa Hacıyev gənc yaşlarında
Gəncə Vilayət Səhiyyə İdarəsinə məsul
vəzifəyə təyinat alıb. Bundan sonra həyatın ziqzaqlı
yollarında öz ixtisası üzrə təxminən 70
il gülüng çalıb,
onun 25 ilindən çoxunu məsul vəzifələrdə
çalışıb, qəsəbə, rayon və şəhər
səhiyyə şöbələrinə rəhbərlik edib.
1981-ci ildən Elmi-Tədqiqat Parazitologiya və Tropik Təbabət
İnstitutunda, hazırda isə Vəli Axundov adına Elmi Tədqiqat
Tibbi Profilaktika İnstitutunda "Malyariya və
leyşmaniozlar" laboratoriyasında baş elmi işçi
vəzifəsində işləyən İsa Hacıyev indi də
fəaliyyətini tədqiqatçı alim kimi davam etdirir.
Bugünlərdə 90 illik yubileyi qeyd olunan dəyərli
tədqiqatçı alimin, fədakar səhiyyə
işiçisinin 70 ilə dayanan əmək fəaliyyəti
onun həmkarları tərəfindən də yüksək
qiymətləndirilir.
İsa
Hacıyevi tələbkar elm adamı, həqiqəti çəkinmədən
deməyi bacaran bir insan kimi xarakterizə edən V.Axundov
adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm
xadimi, professor Namiq Əliyev onun öz ömrünün ən
azı 50 ilini Azərbaycanda malyariyanın profilaktika, diaqnostika
və müalicə işinə həsr etdiyini
vurğulayır: "İsa Hacıyev elmi tədqiqatlara həmişə
böyük məsuliyyətlə yanaşan, ətrafındakı
insanlardan da bunu tələb edən bir alimdir. O, həm də
şəxsi keyfiyyətləri, universallığı, ensiklopedikliyi
ilə seçilir. İstər institutumuz, istərsə
də elm aləmi üçün İsa Hacıyevin
xüsusi yeri var. Alim dostumuz həm də çox nəcib və
sadə insandır. İnsanları, millətini,
torpağını çox sevir. Bir
sözlə, o, "qızıl insan"dır".
İ.Seçenov
adına Moskva Tibb Akademiyasının professoru Alla Baranova,
Əməkdar həkimlər - Oqtay İbrahimov, Şərəbanı
Məlikova, dosent Mübariz Əliyev, Akademik
M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin
həkimi Zöhrab Mahmudov, eləcə də digər bir
çox dostları və həmkarları da İsa Hacıyevi
öz sənətinin mahir bilicisi, yorulmaz tədqiqatçı
və fədakar insan kimi dəyərləndirir, bir alim, bir
insan, bir ağsaqqal kimi onu tanıdıqlarınıdan məmnunluqlarını
ifadə edirlər.
... İsa Hacıyev həm də gözəl ailə
başçısıdır. 4 övlad atası olan
İsa müəllimin 8 nəvəsi, 6 nəticəsi var. Ailəsi
ilə qürur duyduğunu dilə gətirən
İ.Hacıyev ailə üzvlərini, nəvə-nəticələrini
özünün göz bəbəyi, varidatı sayır:
"Mən ailəmlə fəxr edirəm. 4
övladım var, onların hər biri, demək olar, hər
gün zəng edib hal-əhvalımı soruşurlar.
Övladlarımın hər biri ali təhsilli
mütəxəssislərdir. Mən onlardan da, nəvələrimdən
də çox razıyam. Nəvələrim də ali təhsil alıblar. Hamısını
çox istəyirəm. 6 nəticəm
var, onların hər biri mənim göz bəbəyim,
varidatımdırlar".
Bir ata,
bir baba üçün bundan gözəl, bu səadətdən
ötə nə ola bilər ki? Elə övladları, nəvələri də ona -
İsa Hacıyevə böyük sevgi və istəklə
bağlıdırlar.
Qızı
Elmira Mahmudovanın dediklərindən: "İstər öz
müqəddəs peşəsinin sahibi olan bir həkim, istəsə
də nəcib bir insan kimi daima ictimaiyyətin onunla
bağlı təşəkkürlərini eşitmək bizim
üçün fəxrdir. Atam həmişə
təkcə ailəsinə yox, ətrafında olan hər kəsə
elmin, təhsilin həyatda əsas rol oynadığını
deyib, özü müntəzəm mütaliə ilə məşğul
olub və indi də olur, hər kəsə də
oxumağı tövsiyə edir.
Atamın bizə uşaqkən söylədiyi hekayələr,
şeirlər hələ də xatirə dəftərimin ən
dəyərli səhifələri olmaqla həm də dilimin əzbəridir. O, məsul vəzifə
sahibi, baş həkim olması ilə bərabər, həm də
bizim təhsil aldığımız məktəbin ən fəal
valideyni olub. Biz də ondan örnək
götürüb bu şərəfli missiyanı davam etdirməyi
övlad və nəvələrə tövsiyə edirik".
Oğlu
Davud Hacıyevin dediklərindən: "Mən atamla həmişə
fəxr etmişəm. Hər zaman qürurla
demişəm ki, mən doktor Hacıyevin oğluyam. Atam haqqında saatlarla, günlərlə
danışmaq olar. Özü ilə
söhbətlər isə lap maraqlıdır. Adam onun istər elmi, siyasi, istər həyati, tərbiyəvi,
istərsə də duzlu-məzəli söhbətlərindən
ayrılmaq istəmir.
Atam hər zaman öz üzərində
çalışan, elmdə, siyasi aləmdə baş verən
yeniliklərdən xəbərdar olan, ölkəmizdə,
xaricdə baş verən hadisələri hər gün izləyən
böyük ziyalıdır. Mən atamın
mütaliə etmədiyi bir günü də
xatırlamıram.
Atam ömrünün ağsaqqal çağına,
yaşına baxmayaraq, tez-tez, demək olar, hər gün
bütün övladlarından, nəvə-nəticələrindən
xəbər tutan, ailəcanlı, qayğıkeş, alicənab
valideyn, görkəmli alim olmaqla yanaşı, həm də
çox səmimi və nəcib insandır. Atam bu
ağsaqqal yaşında necə ki övladlarını
qoruyur, onlara arxa olur, qoy Tanrı da atama arxa olsun, onu qorusun, ona
sağlam ömür bəxş eləsin".
Nəvəsi
Nicat Hacıyevin dediklərindən: "Hər kəsin həyatında
örnək bildiyi, öz idealı saydığı biri var. Mənim
həyatımda idealım olan şəxsiyyət ilk növbədə
babam, görkəmli alim və həkim İsa Hacıyevdir. Babamın ailəcanlılığı, uzaqgörənliyi,
ailəsinə, vətəninə olan sonsuz sevgisi daima məni
özünə cəlb edib. O, həkim kimi
sayız-hesabsız insanların xəstəliklərinə
çarə tapıb, gördüyü işlərlə,
qayıkeş əməlləri ilə hər zaman
sevilib-seçilən alimlərimizdən olub və indi də
elədir. Babamın tövsiyə və məsləhətlərini
eşitmək hər zaman mənim üçün
böyük şərəfdir. O, həmişə bizə
elmlə məşğul olmağı, ailəmizi, vətənimizi
sevməyi və qorumağı tövsiyə edir. Bunun nəticəsidir ki, mən Londonun Kinqstone və
Queen Mari universitetlərini bitirmişəm və ona layiq
olmağa çalışmışam. Bundan
sonrakı həyatımda da ən böyük vəzifəm
babamın başını daima uca etmək olacaq".
... Yazının əvvəlində demişdik, ömür hər kəsə bir dəfə verilsə də, hamı bu ömrü mənalı yaşamağı bacarmır. Yəqin razılaşarsınız ki, ömrün 90-cı ilini bax beləcə mənalı, el-oba üçün gərəkli başa vurmağı isə az, lap az insan bacara bilir - haqqında danışdığımız tanınmış səhiyyə xadimi İsa Hacıyev kimi.
Yuxarıda adlarını çəkdiyimiz hər kəs - İsa Hacıyevin həmkarları da, dostları da, övladları da sözlərinin sonunda 90 illik yubileyi münasibəti ilə onu təbrik edib sağlam ömür, cansağlığı arzuladılar. Bu təbriklərin birində belə bir fikir var idi: "Sizə yüz yaşa!" - deyir, gümrahlıq və səadət dolu ömür arzulayırıq". Biz də bu yazını ömrünün nurani çağını yaşayan yubilyarı özünə doğma bilən o insanların xoş arzuları ilə tamamlayırıq: 90 illik yubileyiniz mübarək! Yüz yaşayın!..
S.QARAYEVA
P.S. Yazı yazıçı-publisist Ağa
Zeynallının bu yaxınlarda çapdan
çıxmış, İsa Hacıyevin 90 illik yubileyinə
həsr olunmuş "Ömrün müdrik
çağı" kitabındakı materiallar əsasında
hazırlanıb.
525-ci qəzet.- 2019.-
13 dekabr.- S.12..