İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar
keçirilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında verdiyi Sərəncamlara uyğun
olaraq İnstitutun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində elmi-nəzəri seminar keçirilib.
Seminarda hürufizmin tanınmış
tədqiqatçılarından olan Oman Sultan Qabus Universitetinin professoru Fatih Usluerin "Hürufi qaynaqlarında Seyid Nəsimi" mövzusunda məruzəsi
dinlənilib.
Tədbiri giriş sözü
ilə Ədəbiyyat
İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq
"Ey Nəsimi, cahanı tutdu sözün..." II Beynəlxalq elmi konfransın tərkib hissəsi olan həmin seminar üçün
dəvəti qəbul
edib gəldiyinə görə professor Fatih Usluerə təşəkkürünü
bildirib.
Türkiyəli alim Fatih Usluer "Hürufi qaynaqlarında Seyid Nəsimi" adlı məruzəsində Nəsiminin
hürufiliyə nə
zaman gəlməsi, Fəzlullah Nəimi ilə nə vaxt və harada
tanış olması ehtimallarına da münasibət bildirib. Onların ilk görüşlərinin
1386-1387-ci illərdə Təbrizdə
olması ehtimalını
irəli sürsə də, Bakıda görüşdüklərini də
inkar etmir. Hətta Nəsiminin hürufiliyə
1394-cü ildə, Nəimin
edamından sonra gəlmə ehtimallarını
da diqqətə çatdırıb.
Seminarda
Ədəbiyyat İnstitutunun
alimlərindən filologiya
elmləri doktorları
Rəhim Əliyev, İmamverdi Həmidov, Fəridə Əzizova, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva, doktorant Şəmsurə İsmayılova
və başqalarının
mövzu ilə bağlı sualları da cavablandırılıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.-
13 dekabr.- S.9.