Gizir Mübarizin yolu
hekayə
Səhər tezdən telefonun səsi otağa
yayıldı.
Ev sahibi dəstəyi götürdü:
- Bəli,
eşidirəm.
- Salam,
sabahınız xeyir.
- Salam. Kimdi?
- Hərbi
hissədəndi. Mübariz evə gəlibmi?
- Yox. Evə niyə gəlməlidi?
- Gecə
yarısı hərbi hissədən çıxıb, kimsəyə
bir söz deməyib. Özü ilə
çoxlu silah da götürüb.
- Oğul
mənimdi, yaxşı tanıyıram. Siz cəbhə
xəttinə gedin.
Arvadı
soruşdu:
- Kimnən
danışırdın bu vaxt, Ağakərim?
Ağakərimdən səs çıxmadı.
- Desənə,
mən də bilim.
Ağakərim arvadından uzaqlaşmağa
çalışdı. Oğul anası rahatsız halda onun arxasınca
addımladı:
- Mən
Mübarizin anasıyam! Mən bilməməliyəmmi?
Bəlkə Mübarizdən xəbər var?
-
Mübarız gecə vaxtı hissədən çıxib.
- Hara?
- Deməyib.
Ananın
halı dəyişdi:
- Getdi Mübarizim, - deyə əllərini üzünə
qoydu, gözləri yaşardı, - onun məktubunu oxuyandan bəri
ürəyim səksəkədə idi.
Rahatsızlıq
keçirdiyini gizləmək istəyən ata:
- Səhər
çağı ağzını xeyirliyə açsana, ay
Şamama, Mübarizə heç nə olmaz, - sərt səslə
deyərək arvadından uzaqlaşdı.
"Gərək Mübarizin hərbi xidmətə yenidən
qayıtmasına razı olmayaydıq. Qulluğunu, necə
deyərlər, can-başla yerinə yetirmişdi, özü də
Daxili Qoşunların Xüsusi Təyinatlı
bölümündə. Qısa müddətdə
çavuş rütbəsi aldı, tərxis olundu. Böyük oğlandı, iyirmi iki yaşı var.
Evlənən, ailə-uşaq sahibi olan vaxtıdı. Gərək atası "yox" deyəydi, "qəti
yox" deyəydi. Müharibə başlayanda gedərdi,
heç kim də saxlamazdı". Bu fikirlər ananın ürəyini üzüb əlini
işdən soyutmuşdu.
Hərbi xidmətə qayıtdıqda Mübariz gizirlik
kursunda oxudu. Ehtiyat hərbi hissədə xidmətə göndərildi.
Komandanlığa ərizə yazdı ki,
Qarabağa, cəbhə bölgəsinə yollanılsın.
Tərtərin Çaylı kəndi
yaxınlığında xidmətə keçdi -
Şiştəpə ərazisinə. Onun
yeri məhz bura idi, özü belə
düşünürdü. Xidmət gərgin
keçirdı. Təkcə
işğalçı erməni ordu hissəsiylə
üz-üzə dayandıqlarına görə yox. Onun boş vaxtı demək olar ki, olmurdu. Əvvəllər işlətdiyi silah növlərindən
istifadəni təkmilləşdirir, digər silahlardan atəş
açmağı öyrənir, sevdiyi boksla ciddi məşğul
olurdu. Namazının vaxtını
ötürmürdü. Torpaqlarımızın
düşmən işğalından azad olması
üçün Allaha dualar edirdi. Düşmənə
layiqli zərbə vurmaq, kəndlərimizi camaatımıza
qaytarmaq haqda düşünürdü.
Onun
aramsız məşğullugunu görən döyüş
yoldaşı Tural:
- Hərdən
fasilə elə, canına yazığın gəlsin,
Mübariz, - deyə ona tövsiyə etdi.
- Öncə
torparlarımızı azad edib, doğma yurdlarını
qaçqınlarımıza, köçkünlərimizə
qaytarmalıyıq. Xocalı
soyqırımında işgəncələrlə
öldürülənlərimizin, Şuşada, Kəlbəcərdə,
Laçında, Ağdamda vəhşicəsinə
qırdıqlarının, ana-bacılarımızın
qisasını bu vicdansız daşnaklardan almalıyıq.
- Biz
hazırıq, əmr gözləyirik. Hücumumuza tab gətirə
bilməyəcəklər, o alçaq daşnaklar...
Mübariz
onun sözünü yarımçıq kəsdi:
- Əmr gözləmək çox çəkər. Mənsə
gözləməyəcəm. Allahın izniylə,
çox tezliklə gedib düşməndən qisas alacam!
Mübariz çox məşq edir, tənhalığa
çəkilir, düşüncəli
görünürdü. Sanki nəyisə özlüyündə
ölçüb-biçirdi.
Hərbi xidmət dövründə də, tərxis
olunduqda da ermənilər haqda çox oxuyurdu. Öyrənmişdi
ki, haylar Balkan yarımadasının Fessaliya vilayətindəndi.
Daim xəyanətdən, yalandan əl çəkməyən
haylar oradan qovulublar. Beləcə basa-basa
diyar-diyar gəzməyə məcbur olublar. Bu haqda qədim yunanlar yazıb. Gəlib
çıxıblar torpaqlarımıza. Sonra
da haray çəkıblər ki, bəs bu torpaqlar onlara ulu
babalarından qalıb. Oxuduqlarını Turala söyləyən
Mübariz soruşdu:
- Bilirsənmi?
- Əlbəttə, bilirəm, - Tural əminliklə
dedi, - mən də oxumuşam, internetdə onlar haqda nələr
yazmırlar. Yaxşı, mən gedim, işim var, hələlik.
Son vaxtlar Mübarizi özünə qapılmış
görmək çoxlarını rahatsız eləyirdi. O, hərbi hissədəkilərin
çoxunun sevimlisi idi. Haqsızlığı,
ədalətsizliyi xoşlamayan gizir eyni zamanda, özünə
və əsgərlərə qarşı da tələbkar
idi.
Onu
görən əsgər Mübarizə hərbi salam verərək:
- Necəsən,
qardaş, - soruşdu.
Gizir
Mübariz başının ağır hərəkəti ilə
ona müsbət cavab verdi.
- Hər
şey düzələcək, çox fikir eləmə, - deyə
əsgər ona canıyananlıq göstərdi, - geci-tezi var.
Biz daim hazırlaşırıq. "Üçlük
ölkələr" də çalışır, onlar da nəsə
edərlər.
- Hə,
elədi, onlar artıq nəsə edirlər. Gəl
birgə baxaq, bəs nə edirlər? Hər
biri güclüdü, amma güclərindən ədaləti
bərpa etmək, işğalçını cəzalandırmaq
əvəzinə deyirlər ki, biz ermənilərlə öz
aramızda danışıb razılığa gəlməliyik.
Özlərisə bundan daha çox fayda
götürməyə çalışırlar. Ermənilərdən qonşuya xəyanət törətmək
məqsədilə istifadə edirlər. Onlara
belə vəziyyətdə vaxtın uzadılması sərfəlidi.
Ümid Allahımıza, bir də özümüzədi. Mən belə anlayıram. Allahımıza
dualar etməliyik, özümüzsə hərəkətə
keçməliyik. Torpaqlarımızı
geri almalıyıq, qaçqınlarımızı,
köçkünlərimizi ev-eşiklərinə
qaytarmalıyıq.
Əsgər gizirdən eşitdiklərindən təsirləndi. Nəsə
deməyə söz tapmadı. Düşüncəli
halda yoluna davam etdi. Xeyli aralananda
dönüb ehtiram dolu baxışlarıyla Mübarizə
baxdı.
Axşam cəbhə yoldaşı Rəşad onun
yanına gələndə o, namaz qılırdı. Rəşad
gözlədi. Mübariz ona yaxınlaşıb dedi:
- Sənə
ürəyimdən keçəni açıram: biz səngərdə
namaz qılsaq, Böyük Allaha xoş gedər. Bu nankorların payını verməkdə bizə
daha böyük kömək olar.
Gəlişinin səbəbini Rəşada söylədikdən
sonra onlar qulluqdan, əsgərlərin döyüş ruhundan,
hərbi texnikanın gücündən xeyli söhbət elədilər.
İki min onuncu ilin iyunu idi. Ayın on səkkizi,
isti bir gecə. Düşmən tərəfdən
açılan atəşlər sakitliyi pozdu... Hamı
yataqda ikən, Mübariz müxtəlif silah növlərindən
götürüb hərbi hissədən sakitcə
çıxdı. İki hərbi hissə
arasındakı bir kilometrlik minalanmış neytral zonanı
keçdi. Erməni
işğalçılarının postunun növbə
çəkən gözətçilərini zərərsizləşdirdi.
Birinci həmlədə çoxlu sayda əsgər
və zabiti qırdı. Hər dəfə də qəzəb
dolu səsilə onlara tərəf hayqırırdı:
"Al, bu sənə hamilə qadınların qarnına
sancdığınız süngülərə görə!
Bu da sənə Şuşanı talan etdiyiniz
üçün... Al, anasının yanında
qızının gözlərini
çıxartdığınıza görə! Qocaları,
qarıları zülmlə öldürdüyünüzə
görə! Əsir apardığınız məsum qız-gəlinlərimizə
görə! Atanın gözləri qarşısında
oğulun başını kəsdiyiniz üçün! Xocalıda törətdiyiniz vəhşiliklər
üçün!"
Onun minalanmış bu uzun yolu gecənin
qaranlığında adlayaraq əks-hücuma keçməsi
düşmən üçün təkcə gözlənilməz
yox, həm də ağlasığmaz idi. Kimsə beləsini
gözləmirdi, gözləyə də bilməzdi. Hərbçilər çaşqınlıq
içində idi. Bu, inanılmazdı.
O isə keçmişdi. İşğalçıları
öldürəndən sonra postdakı silahlardan
götürdü. Onları elə erməni
quldurların özlərinə qarşı tuşladı.
Atışma səsindən ayılıb köməyə
gələn quldurları dənlədi. Atəşi
bir neçə nöqtədən və tez-tez
açdığından düşmənlər onlara
qarşı bir dəstənin savaşdığını
düşünürdü.
Dan yeri ağarırdı. Mübariz
savaşı davam etdirirdi. İşğalçı
ordunun hərbiçiləri onun üstünə gəlirdi.
Əmr belə idi. Mübarizi
uzaqdan vurmaq mümkün deyildi. Onun sonuncu
patron darağı da boşaldı. Nəhayət,
gülləsi qurtardı. Düşmənlə
əlbəyaxa döyüşə girməli oldu. Cəldliyinə, qolunun qüvvəsinə, bunula hələ
neçə düşmənə güc gələcəyinə
əmin idi. Onun yumruğunu yeyənlər
ayağa qalxmırdı. Atdığı
yumruq-təpikdənsə düşmənin
sür-sümüyü çatlayırdı. Mübariz yorulmaq nə olduğunu bilmir, onunla
üz-üzə gələnlərin cəzasını
verirdi. Birisi soldan gəlirdi, digəri
sağdan çıxırdı, başqası öndən
peyda olurdu. Hər biri də cəzasını
alıb peşman olurdu. Nəhayət,
düşmən yenə namərdliyə əl atdı, həmişəki
kimi arxadan vurmağı seçdi. Kürəyinə
tuşlanan güllələr Mübarizi sarsıtdı,
gücünü toplamağa çalışsa da,
bacarmırdı, taqətini itirməkdəydi:
- Vətənsizlər, şərəfsizlər,
namussuzlar... Mən tək deyiləm... Əli silah tutanlar ...sabah gələcəklər...
Torpaqlarımızı... azad... edəcəyik...
O, gözlərini
yumdu. İşğalçılar
toplaşıb kənardan ona qorxu içində, mat-məttəl
baxırdılar. Belə bir qəhrəman onlarda yoxdu, ola da bilməzdi. Onlar belə
bahadırlar haqda yalnız kitablarda oxuyub, bu cür igidləri
filmlərdə görmüşdülər. Onun hərbi geyiminin sinəsində Azərbaycan
türkcəsində yazılmış "Mübariz
İbrahimov" sözləri də düşmənləri
qorxudurdu.
Erməni zabiti qarşısında dayanmış eybəcər
əsgərə Mübarizin qollarını
bağlamağı əmr elədi. Əsgər yerindən
tərpənmədi, Mübarizə yaxın durmağa cəsarət
eləmirdi.
Üzünü
qalanlara tutan zabit:
- Sizə
əmr edirəm, onun qollarını bağlayın, -
çığırandan sonra bir neçə nəfər tərpənib
şəhidimizə yaxınlaşdı, onun yenilməz
qollarını bağlayıb cəld uzaqlaşdılar.
Zabir
yaxına gəlib Mübarizin avazımış simasına
baxaraq öz quldur dəstəsindəkilərə:
- Siz də
baxın, - dedi, - diqqətlə baxın, bu giziri
yadınızda saxlayın. Beş saat ərzində
bizimlə şavaşıb, nəfəsimizi kəsib. Cürbəcür silahlardan atəş
açılıb. Bizə qarşı bir
nöqtədən avtomatla, digərindən pulemyotla atıb.
Cəld, ardı-arası kəsilmədən.
Bizimlə döyüş təcrübəsi
olan manqanın döyüşdüyünü
düşünmüşük. Demə,
bu gizir tək savaşırmış. Təkbaşına,
gecəyarısı, minalanmış ərazini keçə
bilib. Döyüşə girib, gülləsi
qurtaranda da əlbəyaxa vuruşub. Onlarla
adamımızı məhv edib. İnanılası
deyil, amma fakt da göz qabağındadı. Heç
bilmirəm, bunu komandanlığa necə çatdıracam...
Bir az sonra zabit dərin təlaş içində
dönüb qərargaha yönəldi. O birilər isə
Mübarizin onları hələ də qorxuda saxlayan əzəmətli
cüssəsinə baxa-baxa qalmışdılar.
Rəsul RƏXŞANLI
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.24.