Stalin
İki hissə və
səkkiz şəkildən ibarət tragi-fars
Pyes
Bu
pyes Mikayıl Müşfiqin və onun timsalında
bütün repressiya qurbanlarının xatirəsinə
yazılmışdır.
Mənim
həyatımın böyük bir hissəsi Sovet
İttifaqında keçib.
İllər
amansız bir sürətlə bir-birini əvəz edir və
bu nəhəng imperiyanın - Sovet İttifaqının
süqutu uzaqlaşdıqca, elə bil, elə həmin sürətlə
də suallar bir-birini əvəz edir: mən necə bir ölkədə
yaşamışam?, bu ölkəyə kimlər rəhbərlik
edib?, rəsmi portretlərinin arxasında o rəhbərlər
kim idi?, onlar üçün ölkə, xalq, kommunizm
idealları və hakimiyyət nə demək idi?, əqidə
onlar üçün həqiqət idi, yoxsa maska?, söz ilə
əməl arasındakı uçurumun səbəbi nə
idi? Və s., və i.a.
"Stalin"
pyesi bu suallara cavab axtarışlarının nəticəsi,
bu düşüncələrin ifadəsi kimi yazıldı.
Pyesin
4-cü və 5-ci şəkillərini oxuculara təqddim edirəm.
DÖRDÜNCÜ
ŞƏKİL
Moskva.
Konsperativ mənzil. Gecə.
Siyasi
büro üzvləri: Nazirlər kuratoru, Partiya kuratoru, Təhlükəsizlik
kuratoru, Ticarət kuratoru.
Onlar
görüş yerinə yenicə gəlmişlər.
TƏHLÜKƏSİZLİK
KURATORU. Soyunun, yoldaşlar... Əyləşin...
Kuratorlar
paltolarını soyunub, şlyapalarını
çıxarıb, hərəsi bir tərəfə atır
və girdə mizin arxasında əyləşirlər.
TİCARƏT
KURATORU. Biz əmin ola bilərik ki, bura təhlükəsiz bir
yerdir?
TƏHLÜKƏSİZLİK
KURATORU. Məndən başqa bu konsperativ mənzildən
heç kimin xəbəri yoxdur. Açarı da şəxsən
mənim özümdədir.
TİCARƏT
KURATORU. Heç kimin?
TƏHLÜKƏSİZLİK
KURATORU (acıqlı bir istehza ilə). Xəbəri olanlar
artıq mələklərlə dərdləşirlər.
PARTİYA
KURATORU. Yəni deyirsən ki, Polikarpov bura burnunu soxmayıb?
TƏHLÜKƏSİZLİK
KURATORU. Ümid edirəm ki, yox. Ancaq bilmirəm, bizlərdən
kimisə izləyiblər bura gələndə, ya yox?
TİCARƏT
KURATORU. Mən kürəkənimin maşınında gəlmişəm.
NAZİRLƏR
KURATORU. Sənin kürəkəninin maşınını
izləmək çətin işdir?
TƏHLÜKƏSİZLİK
KURATORU. Yoldaşlar, artıq bu söhbətin mənası
yoxdur. Hər şey ola bilər. Bu, bəlkə də bizim son
görüşümüzdür. Başqa bir yol yoxdur! Ya biz, ya da o qoca
paranoik!
NAZİRLƏR
KURATORU. Bizim dördümüzü də qaralayıb. O birilərini,
bizim fədakar bolşevikləri, Leninin
silahdaşlarını necə cəhənnəmə göndəribsə,
bizi də eləcə ora göndərəcək.
PARTİYA
KURATORU. Cəhənnəmə niyə?
NAZİRLƏR
KURATORU. Bizim o qədər günahlarımız var ki...
TƏHLÜKƏSİZLİK
KURATORU. Ən böyük günahımız ölkəni bu
qoca paranoikin öhdəsinə buraxmaqdır. Özümüz
heç, bəs, bu ölkə nə olacaq? Gələcək
nəsillər şəkillərimizə tüpürməyəcək
ki, əlinizdə bu qədər ixtiyar vardı, bəs, siz
hara baxırdız?
TİCARƏT
KURATORU. Biz niyə heç? Biz insan deyilik? Bizim ailəmiz
yoxdur? Biz yaşamaq istəmirik? (Nazirlər kuratoruna.) Səni
məcbur etmədi ki, arvadını boşayasan, onu da ingilis cəsusu
kimi Sibirə göndərmədi? (Təhlükəsizlik
kuratoruna.) Sənin qardaşını trotskiçi kimi
güllələmədi?
PARTİYA
KURATORU. Özünün! Özünün yaxın-uzaq qohumu
qalmayıb, hamısını xalq düşməni kimi
gülləliyib, Sibirə göndərib! Sabah...
TİCARƏT
NAZİRİ (onun sözünü kəsərək). Biz də
məcbur olub, o güllələnmə siyahılarına qol
çəkmişik...
PARTİYA
KURATORU (davam edir). Sabah oğlunu, ya qızını da ingilis cəsusu,
ya Titonun adamı elan etsə, onları xalq düşməni
kimi güllələsə, mən təəccüblənmərəm!
TİCARƏT
KURATORU. Tito bir bəhanə idi. Siz bunu başa düşmədiz?!
NAZİRLƏR
KURATORU. Bizimki daha təəccüblənməkdən
çoxdan keçib! Görmürsən, yəhudilərə
qarşı necə gizli nifrət var içində?
(Yamsılayır.) "Siz yəhudi deyilsiz, siz kommunistsiz".
Yəhudi kommunist ola bilməz? Marks kim idi?
TİCARƏT
KURATORU. O, nə deyirsə, məqsədlə deyir. Yenə nəsə
fikirləşib. İsraili də elə-belə demədi, mənim
burnum yeni bir kompaniyanın ab-havasını hiss edir... Bəs,
o Bağırov söhbətini eşitmədiz? Mənə
deyir ki, Bağırovla dostsuz!.. Guya bilmir ki, Bağırov mənimlə
düşmənçilik edir? (Təhlükəsizlik
kuratoruna.) Bağırov sənin dostundur, ancaq mənə deyir
TƏHLÜKƏSİZLİK
KURATORU. Əslində, elə mənə eşitdirirdi. Bu tiran
üçün insan, ya milçək - fərqi yoxdu! Yaltada
təklif etdi ki, əlli min alman zabiti məhkəməsiz
güllələnsin. Əlli min! Təsəvvür edirsiz? Əlli
min insan - məhkəməsiz! Mən orda idim.
Çörçilin də, Ruzveltin də gözləri
çıxmışdı kəllələrinə. Təkid
edirdi! Çörçil dedi ki, Böyük Britaniya heç
vaxt buna razı olmayacaq! Axırda otaqdan çıxıb,
qapını da çırpdı.
NAZİRLƏR
KURATORU. Ancaq bu Kalliqula həmişə gecikə-gecikə
danışıqlar zalına girəndə,
Çörçil sıravi əsgər kimi ayağa
qalxırdı.
TİCARƏT
KURATORU. Stalinin otağına kim... (Sözünü
yarımçıq kəsib, Təhlükəsizlik kuratoruna
baxır.) Sən bura mikrafon qoyub, bizim səsimizi yazmırsan
ki?
TƏHLÜKƏSİZLİK
KURATORU. Bu dəfə yox. Sözünü de, qurtar.
TİCARƏT
KURATORU. Onun kabinetinə kim birinci dəfə girir,
çıxanda başı ağarır.
PARTİYA
KURATORU (aşkar bir kin-küdurətlə). Ancaq sənin
başında ağ tük yoxdur!
TİCARƏT
KURATORU. Nə olsun? Bizim Zaqafqaziyada müsəlmanlar meytləri
ağ parçaya büküb, dəfn edirdilər. O vaxtdan mənim
üçün ağ rəng - qorxulu rəngidir.
NAZİRLƏR
KURATORU. Onda mənim bütün içimdə ağdan
başqa rəng yoxdur. Bəyəm tək mənim?
TƏHLÜKƏSİZLİK
KURATORU. Sizə bir daha deyirəm, məndə məlumat var: o,
bizi xalq düşməni elan edəcək və (Sözləri
hecalayır.) gül-lə-lə-də-cək. İntuisiya mənə
deyir ki, bu, səhv məlumat deyil.
PARTİYA
KURATORU. Bir sözlə, bizim daha vaxtımız yoxdur. Sabah məsələ
həll olunmalıdır!
TƏHLÜKƏSİZLİK
KURATORU. Hələ məlum deyil ki, sabaha sağ
çıxacağıq, ya yox?
PARTİYA
KURATORU. Ona görə də biz bu gün qərar verməliyik!
TİCARƏT
KURATORU. Dünən hiss etmədiz ki, sondur? Mənim
hissiyatım heç vaxt məni aldatmayıb. Bu, sondur!
Görmədiz, hələ qurultay vaxtı cibindən heç
kimin görmədiyi siyahını çıxarıb, Siyasi
Büronu uşaq-muşaqla necə doldurdu? Guya, bunları Mərkəzi
Komitə seçdi!.. Mən elə onda hiss etdim ki,
bütün bu həngamə bizi əvəz etmək
üçündür! Onun üçün bizi əvəz
etmək nə deməkdir? Məhv etmək! Bizi dövlətin
əleyhinə işləyən antipartiya qrupu yaratmaqda ittiham
edib, xalqın tələbi ilə güllələmək! Məqsəd
budur! Dördümüzü də nişan alıb, bu
gün-sabah tüfəngin titəyini çəkəcək!
PARTİYA
KURATORU. Fikir vermədiz, dünən mənimlə necə
ikibaşlı danışırdı!
TİCARƏT
KURATORU. Bəs, mənimlə?! Guya ki, Ermitajdakı rəsmləri
Qalust Gülbenkyana mən özbaşına satmışam?
Neynəmişəm, onun pulunu cibimə qoymuşam? Onun puluna
biz Rostovda o boyda zavod tikdirdik! (Nazirlər kuratoruna.) Sənin
yadında deyil?
NAZİRLƏR
KURATORU. Necə yadımda deyil!? Biz Ermitajdan Rafaeli, Tisianı,
Van Deyki götürüb, kapitalistlərə satdıq, bəli!
Ancaq əvəzində Azərbaycandan tutmuş Barnaulacan,
Leninqraddan tutmuş bilmirəm haracan, onlarla fabrik-zavod tikdik!
Maqnitka, Dneproqes, Uralmaş!..
TİCARƏT
KURATORU (sarkazm ilə). Bəs, bilmirsiz?! O fabriklər, zavodlar
olmasaydı, Rafaellə Tisian əl-ələ verib, Hitleri məğlub
edəcəkdi!
PARTİYA
KURATORU. Mən o Belomorkanalda canımı qoymuşam, ad isə
onunkudur! (Kinayə ilə.) Dahi rəhbərimizin!
TİCARƏT
KURATORU (yamsılayır). "İyirmi yeddi Bakı
komissarı oldu iyirmi altı..." 30 ildir bunu əlində
süngü eləyib, mənim ürəyimə sancır.
TƏHLÜKƏSİZLİK
KURATORU. İndi bu qaranlıq məsələni
xatırlamağın yeri deyil.
TİCARƏT
KURATORU (hiddətlə). Nə? Qaranlıq? Mənim
bolşevikliyim sual altındadır? Bilirəm, biz onu ləğv
edəndən sonra - əgər ləğv edə bilsək! -
bunu siz də əlinizdə mənə qarşı
süngü çevirəcəksiz.
PARTİYA
KURATORU. Biz yenə bir-birimizlə çəkişməyə
başlasaq, heç nə edə bilməyəcəyik.
NAZİRLƏR
KURATORU. Ona da elə bu lazımdır! Dünən de Qoll zəng
etməsəydi, kim bilir, hələ nə olacaqdı...
TƏHLÜKƏSİZLİK
KURATORU. Kaladzenin iti söhbəti!.. Şeyx
nağılı!.. Siz ki, yaxşı bilirsiz, o, elə-belə
söz deyən deyil!
TİCARƏT
KURATORU. Bəs, o sayıqlıq söhbəti?!
PARTİYA
KURATORU. De Qoll zəng edib, o saat da bizi kabinetdən
çıxardır. (Yamsılayır.) "Siz gedə bilərsiz".
Bizim yanımızda de Qolla danışmaq olmaz? Biz kimik? Biz də
bu ölkənin rəhbərləriyik!.. Biz bilməməliyik
ki, de Qoll nə deyir? Niyə sən onun zəngini gözləyirsən?
Özün ona nə deyəcəksən?!
TİCARƏT
KURATORU. Hələ bilmək olmaz ki, de Qoll doğrudan zəng
etmişdi, yoxsa bu da onun qurduğu oyunun bir bəndi idi? Bilmək
olmaz...
NAZİRLƏR
KURATORU. Sabah yenə bizi çağırıb. Özü də
günorta! Son illərdə onun günorta iclas etməsi mənim
yadıma gəlmir!
TƏHLÜKƏSİZLİK
KURATORU. Dünənki kimi, yenə yalnız
dördümüzü!
TİCARƏT
KURATORU. Hissiyatım mənə deyir ki, Polikarpov sabah bizi o mənfur
kabinetdən birbaşa Lyublyankaya yola salacaq!
NAZİRLƏR
KURATORU. Biz dövləti onun əlindən xilas etməliyik!
TİCARƏT
KURATORU. Özümüzü də! Bəli, dövləti və
özümüzü xilas etməliyik!
TƏHLÜKƏSİZLİK
KURATORU (əsəbi). Sabah o, yox olmalıdır! Məhv
olmalıdır! (Tərini silir.) Mən hər şeyi
hazırlamışam!
NAZİRLƏR
KURATORU. Xalqa nə deyəcəyik?
TƏHLÜKƏSİZLİK
KURATORU. Əvvəlcə xəstəliyi barədə məlumat
verəcəyik. (Şalvarının cibindən kağız
çıxarıb oxuyur). "SSRİ Nazirlər Sovetinin sədri
və Sov.İKP Mrkəzi Komitəsinin katibi İosif
Vissarionoviç Stalin yoldaşın xəstələnməsi
haqqında hökumət məlumatı. Sovet İttifaqı
Kommunist Partiyasının Mərkəzi Komitəsi və
SSRİ Nazirlər Soveti partiyamıza və xalqımıza bədbəxtlik
üzv verdiyini - Stalin yoldaşın ağır xəstələndiyini
xəbər verirlər". Sonra diaqnozu, guya beyninə qan
sızıb, müalicə edən həkimlərin adı.
İstəmirəm, hamısını oxuyub,
vaxtımızı itirək.
TİCARƏT
KURATORU. Özü morqda olacaq də?
TƏHLÜKƏSİZLİK
KURATORU. Əlbəttə. İkinci gün
(Şalvarının o biri cibindən kağız
çıxarır.) partiyanın bütün üzvlərinə,
Sovet İttifaqının bütün zəhmətkeşlərinə
onun ölümü haqqında xəbər veririk.
(Kağıza baxa-baxa.) Ayın filanında, filan saatda
ağır xəstəlikdən sonra vəfat edib. (Oxuyur.)
"Leninin silahdaşı və onun işinin dahi
davametdiricisi, Kommunist partiyasının və sovet
xalqının müdrik rəhbəri və müəllimi
yoldaş Stalinin qəlbi döyünməkdən qaldı.
Stalinin adı partiyamız üçün, sovet xalqı
üçün, bütün dünya zəhmətkeşləri
üçün hədsiz dərəcədə əzizdir".
Və sairə.
TİCARƏT
KURATORU. Burada dəqiq mikrofon yoxdu?
PARTİYA
KURATORU. Olsa da, artıq iş-işdən keçib!
NAZİRLƏR
KURATORU. Ölümü haqqında tibbi arayış?
TƏHLÜKƏSİZLİK
KURATORU (pencəyinin döş cibindən kağız
çıxarır). Hazırdır.
NAZİRLƏR
KURATORU. Bunu kim imzalayacaq?
TƏHLÜKƏSİZLİK
KURATORU. Səhiyyə naziri Tretyakov. Kremlin Müalicə-Sanitariya
İdarəsinin rəisi Kuperin.
TİCARƏT
KURATORU. İmzalayacaqlar?
TƏHLÜKƏSİZLİK
KURATORU. Biləndə ki, ölüb, nə verəcəyik,
imzalayacaqlar.
PARTİYA
KURATORU. Aydın məsələdir.
TƏHLÜKƏSİZLİK
KURATORU. Altı nəfər professor hazırlamışıq.
İki akademik, üç professor, müalicə edən həkim.
TİCARƏT
KURATORU (dəhşətlə). Hazırlamısız?!
İndi də azad gəzirlər?!
TƏHLÜKƏSİZLİK
KURATORU. İzolyatordadırlar.
PARTİYA
KURATORU. Aralarında bir gürcü də olsaydı
yaxşı olardı.
TƏHLÜKƏSİZLİK
KURATORU. Mən də bu fikirdəyəm. Ancaq birini tapa bilmirik
razılıq versin. İki gürcü professor buna görə
xalq düşməni kimi güllələnib. Mən
bütün gürcü professorları məsələdən
agah edib, sonra da güllələyə bilmərəm ki!
NAZİRLƏR
KURATORU. Güllələmə kabus kimi bizdən əl çəkmir...
TƏHLÜKƏSİZLİK
KURATORU. Biz nə etməliydik? Belə təklifdən sonra, mən
onları sağ buraxmalıydım?
TİCARƏT
KURATORU (tələsik). Yox, yox!.. Əlbəttə!..
NAZİRLƏR
KURATORU. Dəfni?
TƏHLÜKƏSİZLİK
KURATORU. Özümüzdən ibarət dəfn komissiyası.
PARTİYA
KURATORU (dərhal). Sədri kim olacaq?
TƏHLÜKƏSİZLİK
KURATORU. Onu sonra müəyyən edərik.
NAZİRLƏR
KURATORU. Dəfn mərasimi?
TƏHLÜKƏSİZLİK
KURATORU (pencəyinin o biri döş cibindən kağız
çıxarır). Partiyanın, Nazirlər sovetinin qərarı
olacaq. (Oxuyur.) "Yoldaş Stalinin cənazəsi qoyulmuş
sarkofaq Qızıl meydandakı V.İ.Leninin sarkofanqı
yanında saxlanılsın".
NAZİRLƏR
KURATORU. Zəhmətkeşlər onunla harda vidalaşacaqlar?
TƏHLÜKƏSİZLİK
KURATORU. Qərar çıxaracağıq ki, vidalaşma mərasimi
İttifaq Evinin Sütunlu salonunda keçirilsin. Dörd
gün ölkədə matəm elan edəcəyik.
Hamımız orda olmalıyıq. Tez-tez fəxri qarovulda
durmalıyıq.
TİCARƏT
KURATORU. Dörd gün?.. Naharı da orda edəcəyik?
TƏHLÜKƏSİZLİK
KURATORU (elə bil, onun sözlərini eşitmir). Dəfn mərasimi
Qızıl meydanda keçiriləcək. Hərbi parad olacaq.
Toplardan atəş açılacaq.
NAZİRLƏR
KURATORU. Fadeyevə tapşırmaq lazımdır ki, şairlər
şeirlər yazsınlar.
TİCARƏT
KURATORU. Nə tapşırıq? Özləri o saat
başlayacaqlar yazmağa.
TƏHLÜKƏSİZLİK
KURATORU. Vida mitinqi movzeleyin tribunasında olacaq.
PARTİYA
KURATORU (dərhal). Mitinqi kim açacaq?
TƏHLÜKƏSİZLİK
KURATORU. Onu sonra müəyyən edərik.
PARTİYA
KURATORU. Elə sonra, sonra! Əsas məsələ bundadır.
NAZİRLƏR
KURATORU. Xeyr, əsas məsələ odur ki, bu qoca kaftar necə
aradan götürüləcək? Onu qoruyan o qədər
orqan işçiləri, onun o qədər keşikçiləri,
xidmətçiləri!..
TİCARƏT
KURATORU. Gözəgörünməz adamları?!
NAZİRLƏR
KURATORU. Polikarpov?!
TİCARƏT
KURATORU. Hə, hə! Polikarpov?!
TƏHLÜKƏSİZLİK
KURATORU. Bəli, əsas məsələ də elə
burasındadır! Nə qədər ki, Polikarpov
sağdır, mənim adamlarım onları tərksilah edə
bilməyəcəklər. Hay-küy düşəcək,
Polikarpov duyuğ düşəcək, qoca da o saat xəbər
tutacaq. Onun da kabinetində yüz dənə düymə var!
İlanı başından əzmək lazımdır! Əvvəlcə
qoca!
PARTİYA
KURATORU. Cəhənnəm onun
yolunu
çoxdan gözləyir!
NAZİRLƏR
KURATORU. Özü də guya ateistdir! Bizim yanımızda
ateistdir, guya dinin qəddar düşmənidtir, ancaq tək
qalanda, mənim buna şübhəm yoxdur, Allaha yalvarır!
TİCARƏT
KURATORU. Çox düzdür!
PARTİYAKURATORU.
Sən Allaha yalvarmırsan?
TİCARƏT
KURATORU. Xeyr! Mən ateistəm!
TƏHLÜKƏSİZLİK
KURATORU (əsəbi). Bəsdirin! İndi bu söhbətinin
yeridi?! İndi ancaq bir yol var: biz onu məhv etməliyik! Kabinetə
silahla keçmək mümkün deyil. Biz də, elə bil,
adi adamlarıq, Polikarpovun yanına gələnəcən on dəfə
yoxlayırlar. (Gözlənilmədən Partiya kuratoruna.) Onu sən
boğacaqsan!
PARTİYA
KURATORU (qəzəbli). Nə? Mən? Mən niyə? Niyə
sən yox?
TƏHLÜKƏSİZLİK
KURATORU (mizin üstündəki kağızları göstərərək.)
Bu kağızlardan biri bəsdir ki, mən bütün nəslimlə
məhv olum! Hər şeyi mən etməliyəm ki, siz də
rahatca canınızı xilas edəsiz?
PARTİYA
KURATORU (Nazirlər kuratorunu göstərir). Onda niyə o, yox,
(Ticarət kuratorunu göstərir.) o yox, mən?!
TƏHLÜKƏSİZLİK
KURATORU. Sənin təcrübən var. Kabinetində marşal
Perovskini boğub öldürmədin?!
TİCARƏT
KURATORU. Düzdür!
PARTİYA
KURATORU. O, xalq düşməni idi!
TƏHLÜKƏSİZLİK
KURATORU. Bəs, bu kimdi? Cənnət-məkan əhlidir?
Göydən enib yerə?
TİCARƏT
KURATORU (istehza ilə). Yəqin elədir!
NAZİRLƏR
KURATORU. Ən böyük xalq düşməni elə o
özüdür!
PARTİYA
KURATORU. Mən qəti etiraz edirəm! Mən partiyanın
adından etiraz edirəm!
NAZİRLƏR
KURATORU. Partiyanın adından etiraz edirsən ki, ona əl dəyməsinlər?
PARTİYA
KURATORU. Mən elə demədim.
TƏHLÜKƏSİZLİK
KURATORU. Yaxşı! Bəsdir! Mən əvvəldən
bilirdim ki, belə olacaq! Püşk atacağıq! Kimə
düşdü, düşdü!
NAZİRLƏR
KURATORU. Başqa nə edə bilərik ki?
TİCARƏT
KURATORU. Necə? Püşk? Nə püşk?! Bu, nə
oyundur? Mən heç toyuq başı kəsə bilmirəm!
PARTİYA
KURATORU. Sən elə təkcə Ermənistana gedib, orda nə
qədər adam güllələtdin?! Nə qədər ailəni
məhv etdin?! Nə qədər uşaqları yetim qoydun?!
TİCARƏT
KURATORU. Bəs, sən nə etmisən? Moskvada partiyalı,
partiyasız neçə minlərlə adamı güllələtdirməmisən?
Sən deyildin, həftədə ona bir ərizə yazıb,
yalvaran ki, əziz rəhbərimiz, bizə ayrılmış
güllələmə kvotasını artırın?!
PARTİYA
KURATORU. Onlar xalq düşməni idi!
TİCARƏT
KURATORU. Bəs, mənimkilər nə idi? Xalq düşmənləri,
əks-inqlabçılar, trotskiçilər deyildi?!
İngiltərənin, Türkiyənin casusları deyildi?!
Pantürkistlər deyildi?! Xalqı Allahla qorxudan keşişlər,
mollalar deyildi?! Nə püşk? Yox, mən belə oyunlarda
iştirak edə bilmərəm! (Ayağa qalxıb, paltosunu
götürərək, şlyapasını başına
qoyur.) Sağ olun! Mən yoldaş Stalinin rəhbərliyi altında,
yorulmaq bilmədən xalqımıza xidmətimi davam edəcəyəm!
Xudahafiz!
TƏHLÜKƏSİZLİK
NAZİRİ. Yaxşı, yaxşı!.. Şlyapanı
çıxar başından. Otur!
NAZİRLƏR
KURATORU (həyəcanla). Yoldaşlar, bu, hara gedir?
PARTİYA
KURATORU. Onu buraxmaq olmaz!
TƏHLÜKƏSİZLİK
KURATORU. Əyləş, dedim! Sən püşk atmada
iştirak etmə. Otur, üçümüz
üçün kağızları sən hazırla.
TİCARƏT
KURATORU. Hə?
NAZİRLƏR
KURATORU. Otur.
PARTİYA
KURATORU. Sənə dedilər də. Tez elə!
Ticarət
kuratoru paltosunu, şlyapasını divanın üstünə
atıb, mizin üstündəki bloknotdan üç ağ vərəq
cırır və kənara çəkilib, vərəqlərin
hər birinə işarə qoyur.
NAZİRLƏR
KURATORU. Birdən kabinetdə səs-küy olar. Polikarpov nəsə
hiss etməz?
TƏHLÜKƏSİZLİK
KURATORU. O meşin qapıdan səs keçər?
Ticarət
kuratoru kağızları bürmələyərək,
onları mizin üstündə cidd-cəhdlə
qarışdırır.
TİCARƏT
KURATORU. Götürün!
Kuratorlar
bir-bir vərəqləri götürüb baxırlar.
NAZİRLƏR
KURATORU (dərindən rahat nəfəs alır). Of-f-f!..
PARTİYA
KURATORU (kağızı mizin üstünə
çırparaq). Ən zibil işlər həmişə mənim
baxtıma düşür!
TİCARƏT
KURATORU. Bu, nə bəxt söhbətidi belə? Sən
kommunistsən!
TƏHLÜKƏSİZLİK
KURATORU. Görürsən , Allah da, səni məsləhət
bildi!
İşıq
sönür.
BEŞİNCİ
ŞƏKİL
Moskva,
Kreml. Stalinin kabineti və qəbul otağı.
Stalin,
Polikarpov, marşallar, Siyasi Büro üzvləri: Partiya
kuratoru, Nazirlər kuratoru, Təhlükəsizlik kuratoru, Ticarət
kuratoru.
Kabinetdə
Stalin yazı mizinin arxasında oturub,
qarşısındakı kağızları oxuyur.
Polikarpov
qəbul otağında öz mizinin arxasında oturub. Mizin
üstü telefonlarla doludur.
Siyasi
Büro üzvləri onun qarşısındakı kreslolarda əyləşiblər.
Telefon zəngi.
POLİKARPOV
(telefonlardan birinin dəstəyini qaldıraraq). Məşğuldur!
Telefonlar
beləcə zəng çalır. Polikarpov ayrı-ayrı dəstəkləri
qaldıra-qaldıra cavab verir və dəftərçələrdə
qeydlər edir.
- Məşğuldur!
-
Mümkün deyil!
- Məşğuldur!
- Sizə
özü zəng edəcək!
- Bilmirəm,
bir tapşırıq verməyib!
- Məşğuldur!
TİCƏRƏT
KURATORU. Yoldaş Stalin həqiqətən perpetium-mobiledir!
İnsan nə qədər işləyər!.. Xalq naminə!
Vətən naminə!
NAZİRLƏR
KURATORU. Lenin bizim şanlı keçmişimiz idi. Yoldaş
Stalin isə bizim möhtəşəm bugünümüz,
cahanşümül gələcəyimizdir!
PARTİYA
KURATORU (Polikarpova). Siz bilmirsiz yoldaş Stalin bizi hansı məsələ
ilə bağlı çağırıb?
POLİKARPOV
(növbəti telefon dəstəyini yerinə qoyaraq,
acıqlı). Yoldaş Stalin mənə hesabat vermir.
PARTİYA
KURATORU. Bağışlayın, yoldaş Polikarpov.
Kiçik
pauza.
POLİKARPOV.
Siz çox həyəcanlısız.
PARTİYA
KURATORU. Mən?
POLİKARPOV.
Hamınız... Nəsə olub?
TİCARƏT
KURATORU. Xeyr, xeyr!.. Nə ola bilər ki?..
Stalin
kağızları kənara çəkərək,
sönmüş qəlyanını mizin üstündən
götürüb fikirli-fikirli əlində oynadır. Nəhayət,
mizin kənarındakı düyməni basır.
Polikarpov
cəld telefon dəstəyini qaldıraraq, ayağa qalxıb,
fərəqat dayanır.
POLİKARPOV.
Eşidirəm, yoldaş Stalin!
STALİN.
Gözləyirlər?
POLİKARPOV.
Bəli, yoldaş Stalin!
Kiçik
pauza.
STALİN.
Gəlsinlər.
POLİKARPOV
(dəstəyi yerinə qoyaraq, oturur və başı ilə
meşin qapıya tərəf işarə edir). Keçin.
Siyasi
Büro üzvləri tələsik qalxıb, tələsik də
üst-başlarını qaydaya salırlar və meşin
qapını açaraq, bir-bir içəri girib,
qapının ağzında dayanırlar.
- Salam,
yoldaş Stalin!
- Xoş
gördük, yoldaş Stalin!
- Salam,
yoldaş Stalin!
- Sizi
xoş gördük, yoldaş Stalin!..
STALİN
(başının işarəsi ilə salamlaşaraq, qəlyan
tutduğu əli ilə kənardakı uzun iclas mizinə tərəf
işarə edir.) Əyləşin.
Siyasi
Büro üzvlərinin ikisi uzun iclas mizinin bir tərəfində,
ikisi də o biri tərəfində qarşı-qarşıya
əyləşirlər.
Stalin qəlyanı
yandırıb, ayağa qalxır, asta və yumşaq
addımlarla onlara yaxınlaşaraq, mizin ətrafında var-gəl
edir.
(Asta-asta,
elə bil, öz-özü ilə danışır.) Bizim son
məqsədimiz kommunizmin qələbəsidir... Biz
bütün həyatımızı bu məqsədə sərf
etmişik... Biz buna inanırıq... Faşizm üzərində
qələbəni mən, o, o birisi əldə etmədi!
Faşizm üzərində qələbəni həmin inam əldə
etdi!.. (Partiya kuratorunun oturduğu kürsünün yanında
dayanır.) Elə deyilmi?
PARTİYA
KURATORU (dərhal ayağa qalxaraq). Əlbəttə, yoldaş
Stalin! Başqa cür necə ola bilər ki?!
STALİN
(yenə asta və yumşaq addımlarla mizin arxasınca dairəvi
gəzişərək). Əyləşin.
Partiya
kuratoru əyləşir.
Doğrudur,
başqa cür ola bilməz!.. Düz deyirsiz!..
Kiçik
və gərgin pauza.
Onda nə
üçün biz geridə qalırıq?.. İmperializm
inkişaf edir, fəhlələrin maaşı artır, kəndlə
şəhərin fərqi aradan qalxır, tikirlər, qururlar,
ancaq biz?.. Biz bütün sahələrdə onlardan geri
qalırıq. Nə üçün?.. Bizim
staxanovçulararımız Amerika fəhlələrindən
pis işləyir?.. Yoxsa, bizim kolxozçular İngiltərə
fermerlərindən az zəhmət çəkir?..
Kiçik
və gərgin pauza.
Bəli,
müharibə bizə qat-qat artıq ziyan vurdu. (Partiya
kuratorunun yanında ayaq saxlayaraq.) Elədir?
PARTİYA
KURATORU (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!
STALİN.
Əyləşin.
Partiya
kuratoru əyləşir. Stalin eləcə asta və
yumşaq addımlarla mizin ətrafında dairə
vurmağına davam edir.
Düz
deyirsiz... Elədir... Onda, bəs, Almaniya?.. Biz ki, Almaniyanı
darmadağın etdik! Biz ki, Almaniyada daşı daş üstə
qoymadıq! Nə üçün dağılmış
Almaniya bizdən qat-qat artıq bir sürətlə
özünü bərpa edir? Fabrikləri, zavodları nəinki
işə salır, təzələrini yaradır, yeni
texnologiyalara sahib olur, universitetlər açır... Niyə?..
Şatır oğlu Adenauer göydən göndərilib ki,
Almaniyanı təzədən qaldırsın? Almaniya təzədən
dünyaya meydan oxusun? Niyə imperializm get-gedə gücdən
düşmək əvəzinə, get-gedə daha da
inkişaf edir. Niyə? Çünki... (Ayaq saxlayır.)
Gərgin
pauza.
Çünki
biz yanılırıq? (Yenə yavaş-yavaş
addımlayaraq, uzun mizin ətrafında dövrə vurur.) Hə?
Biz düzgün yolda deyilik? Biz həyatımızı,
ömrümüzü boş şüarlara həsr
etmişik? (Partiya kuratorunun yanında ayaq saxlayaraq.) Siz belə
düşünürsüz, hə?
PARTİYA
KURATORU (cəld ayağa qalxaraq, çox həyəcanlı).
Xeyr, yoldaş Stalin!
STALİN.
Marksizm-leninizm bəlkə... bəlkə həqiqətən
utopiyadır? Hə?
PARTİYA
KURATORU (get-gedə daha da artan bir həyəcanla). Xeyr,
yoldaş Stalin!
STALİN
(qəlyanını tüsdülədə-tüsdülədə
yavaş səslə). Onda nə üçün Amerika
Yaponiyaya atom bombası atır, dinc insanları, zəhmətkeşləri
milçək kimi qırır, ancaq bundan sonra Yaponiya Amerika ilə
müttəfiq olur? Kapitalizm dünya siyasətində xeyiri, mənfəəti
maqnit kimi özünə çəkir. Niyə? Yunanıstan
kommunistləri böyük qəhrəmanlıqla vuruşdu,
faşistləri qovdu, ölkələrinə sahib
çıxdı. Məntiqlə Yunanıstan sosialist ölkəsi
olmalı idi, ancaq nə oldu? Kapitalizm xalqı kommunistlərə
qarşı çevirdi, kommunistləri məhv etdi. Niyə? Nə
üçün? (Yazı mizinə yaxınlaşıb,
sönmüş qəlyanını yandıraraq, yenə gəzişməyə
başlayır.)
Pauza.
Yenə məsələ
gəlib insan amilinə çıxır? Bəlkə bizim rəhbərlikdə
də düşmənlər var, hə? Bəlkə onlar
daxili siyasətdə də, xarici siyasətdə də
ziyankarlıqla məşğuldurlar və biz də buna
görə lazımi sürətlə irəli gedə
bilmirik, beynəlxalq nüfuz qazana bilmirik? Nə
üçün bizim gücümüz çatmır ki,
Fransa kommunistlərinə, İtaliya, Türkiyə kommunistlərinə
hər cürə kömək edək ki, hakimiyyəti öz əllərinə
alsınlar? Hə? (Diqqətlə Partiya kuratoruna baxır.)
Ancaq siz çox həyəcanlısız...
PARTİYA
KURATORU. Mən... mən yoldaş Stalinlə
danışıram...
STALİN.
Siz içəri girəndə, artıq çox həyəcanlıydız... (Üzbəüz oturmuş Ticarət
kuratoruna müraciətlə.) Elə deyilmi?
TİCARƏT
KURATORU (cəld ayağa qalxaraq). Elədir, yoldaş Stalin!
STALİN (təzədən Partiya kuratoruna baxaraq). Niyə biz kapitalizmi tənqid edəndə, siz həyəcanlanırsız? (Yenidən Ticarət kuratoruna baxır.) Nəsə olub? (Çoxmənalı, eyni zamanda, istehzalı bir tərzdə.) Nə olub ki, bizim bundan xəbərimiz yoxdur?
TİCARƏT KURATORU (qorxu içində). Mənim... mənim günahım yoxdur...
STALİN. Yox! Bunu düz demədiz! Bizim hamımızın günahı var. (Sərt.) İndi isə, deyin görüm nədə günahınız yoxdur?
TİCARƏT KURATORU. Mən... mən... Yoldaş, Stalin, mən...
PARTİYA
KURATORU (Ticarət kuratoruna). Qorxaq tülkü!..
STALİN
(hiddətlə). Nə?
PARTİYA
KURATORU (kobud). Heç nə!..
Və
Partiya kuratoru gözlənilmədən Stalinin üzərinə
atılaraq, iki əli ilə də onun boğazından
yapışıb boğmağa başlayır.
Heç
nə!.. Heç nə olmayıb!.. Heç nə!..
Partiya
kuratoru bütün varlığından doğan bir nifrət
və həyəcanla Stalini boğur. Stalin çapalayaraq onun əlindən
qurtulmağa çalışır, ancaq bu, mümkün
olmur. Siyasi büro üzvləri ayağa qalxaraq, hipnoz
olublarmış kimi, yerlərində donub, qalıblar.
Öl!..
Gəbər!.. Gəbər!..
Stalinin nəfəsi
kəsilir və Partiya kuratoru əllərini onun
boğazından çəkəndə, onun cəsədi yerə
sərilir.
Bitdi!..
Siyasi
Büro üzvləri, elə bil, hipnozdan çıxırlar.
Ticarət kuratoru Stalinin cəsədinə yaxınlaşaraq,
diqqətlə baxır, sonra ona bir təpik vurur.
TİCARƏT KURATORU. İt oğlu, it, axır ki, gəbərdi!.. Axır ki, gorbagor oldu! (Cəsədin üstünə tüpürür.) Tfu!.. Daha Kaladzenin iti kimi hamını qapmayacaqsan!.. Hər şey qurtardı!
NAZİRLƏR KURATORU. Hələ heç nə qurtarmayıb!
TİCARƏT KURATORU (sol tərəfdəki qapıya tərəf baxaraq pıçıltıyla). Polikarpov!..
NAZİRLƏR KURATORU. Bəli, Polikarpov!..
TƏHLÜKƏSİZLİK KURATORU. Narahat olmayın, adamlarım mənim siqnalımı gözləyirlər. İndi...
PARTİYA KURATORU (üz-gözünün tərini silə-silə hələ də həyəcanlı halda onun sözünü kəsir). Biriniz də mənə kömək etmədiz... Mən Mərkəzi Komitənin üzvləri ilə bir-bir danışmalıyam. Yoldaş Stalinin... (Stalinin yerə sərilmiş cəsədinə tüpürür.) Yoldaş Stalinin ağır xəstələnməsi barədə onlara məlumat vermək lazımdır. Sabah səhər Mərkəzi Komitənin plenumunu çağıracağıq. Biz...
TƏHLÜKƏSİZLİK KURATORU (onun sözünü kəsərək). Bura bax, biz indi burada vəzifələri bölüşəcəyik, plenum da təsdiq edəcək! Dedim ki, mənim adamlarım siqnalımı gözləyir. (Qolundakı saatı göstərir.) Bax, bu düyməni görürsən? Bunu basan kimi, sənin yox, mənim adamlarım hər şeyi həll edəcək!
TİCARƏT KURATORU. Biz nə bilək ki, sənin adamların gəlib bizi həbs etməyəcək?
TƏHLÜKƏSİZLİK KURATORU (hirsli). Hələ ki, yox! Arxayın ol!.. İndi isə vəzifələr bölüşdürülməlidir!
PARTİYA
KURATORU (tərini silə-silə). Partiya adından artıq mən
hər şeyi hazırlamışam! Plenumun gündəliyi
hazırdır.
TƏHLÜKƏSİZLİK
KURATORU. Bu saat partiya da, hökumət də, KQB də mənəm!
PARTİYA
KURATORU. Partiya buna yol verməyəcək!
TƏHLÜKƏSİZLİK
KURATORU. Qulaq as! Özü də diqqətlə qulaq as,
eşitdin! Hökumətə biz rəhbərlik edəcəyik!
(Nazirlər kuratoruna işarə edərək.) O və mən!
O sədr, mən birinci müavin! (Stalinə baxaraq, onu
yamsılayır.) "Niyə imperializm inkişaf edir?"
Çünki partiya hökumətin işinə
qarışır! Dövləti idarə etməyə qoymur!
Dövləti partiya idarə edir! Buna görə də (Yenə
Stalini yamsılayır.) "kapitalizmdən geri
qalırıq!" Partiya öz siyasəti ilə məşğul olsun! Bütün bunlar qurtardı!
Ölkəni qaldırmaq lazımdı!
PARTİYA
KURATORU (Stalinin cəsədinə işarə edərək).
Onu partiya öldürdü!
TƏHLÜKƏSİZLİK
KURATORU. Onu sənin canındakı qorxu öldürdü! Əgər
sən onun dalınca getmək istəmirsənsə, səsini
çıxarma! Səni sabah plenumda, partiya rəhbəri edəcəyik,
hökumət isə bizimdir, eşitdin?! Yoxsa mənim
adamlarımla zarafat etmək istəyirsən?
PARTİYA
KURATORU (pıçıltı ilə Nazirlər kuratoruna).
Sonra da sənin başını yeyəcək!..
NAZİRLƏR
KURATORU (pıçıltı ilə). Bunu sonra səninlə
danışarıq...
TƏHLÜKƏSİZLİK
KURATORU. Nə mızıldanırsız elə?
PARTİYA RƏHBƏRİ. Heç nə.
TİCARƏT KURATORU. Mənim isə rəhbərlik iddiam yoxdur!
TƏHLÜKƏSİZLİK KURATORU. Səni rəhbər qoyan da yoxdur!
TİCARƏT KURATORU. Çox yaxşı! Mənə
əvvəlki yerim kifayətdir. Mən sadəcə olaraq
(Sözü hecalayır.) ya-şa-maq istəyirəm! Öz
ailəm ilə qorxusuz, rahat yaşamaq istəyirəm. Bilim ki,
ölüm hər gün qan süzülən
qılıncı əlində başımın
üstünü kəsdirməyib! (Stalinin cəsədinə
baxaraq, yenə üstünə tüpürür.) Tfu,
"xalqlar atası"!.. (İstehza ilə.) Marks-Engels-Lenin-Stalin partiyası!.. Yox
bir, Vissarion partiyası! (Yamsılayır.) "Şatır
oğlu Adenauer..." Bəs, sən kimsən? Padşah
oğlusan? Dünya proletariatının rəhbərinə
bax! (Əlini ağzına tutub, başını yuxarı
qaldıraraq.) A-u-u-u!.. Pinəçi Vissarion!.. Oğlun
axır ki, layiqincə gəbərdi! Mənəm-mənəmliklə
deyil!..
PARTİYA
KURATORU. Ancaq sən şalvarını bulamışdın!
Beş saniyə geciksəydim, məni satacaqdın!..
TİCARƏT
KURATORU. Xeyr, mən...
PARTİYA
KURATORU (hiddətlə onun sözünü kəsir). Nə
"xeyr, mən...?" Nə, "xeyr mən..."?
TƏHLÜKƏSİZLİK
KURATORU (həyəcanla). Dayanın!..
NAZİRLƏR
KURATORU. Nə olub?
Bu zaman
kabinetin yuxarı başındakı qapı cırıldayaraq
açılır.
Siyasi
büro üzvləri hürkmüş halda qapıya tərəf
baxırlar.
Pauza.
Stalin asta
addımlarla kabine
tə
daxil olur. Yazı mizinə yaxınlaşıb, kibrit
götürür və əlində tutduğu qəlyanı
yandırır. Eləcə asta və yumşaq addımlarla dəhşət
içində donub qalmış Siyasi Büro üzvlərinə
yaxınlaşır və qəlyandan bir qullab vurub, Siyasi
Büro üzvlərini bir-bir diqqətlə gözdən
keçirir, sonra yerə sərilmiş cəsədə
baxır.
STALİN
(yerə sərilmiş cəsədə işarə edərək,
soyuq bir sərtliklə). Siz yoldaş Kondratevi nə
üçün qətlə yetirdiniz? O, partiyaya sədaqətli,
mətin bir kommunist idi. Öz rolunu yaxşı ifa edirdi. (Yenə
Siyasi Büro üzvlərini bir-bir nəzərdən
keçirərək, müdhiş bir istehza ilə.) Siz,
silahdaşlar, şagirdlər məni öldürmək istəyirdiniz?!
Zəhmətkeşlər mitinqlərdə, paradlarda mətin
silahdaşlar, sədaqətli şagirdlər kimi sizin portretlərinizi
qaldırırdılar, siz isə mənə sui-qəsd
hazırlayırsız?!
TİCARƏT
KURATORU (Stalinin ayaqlarına atılaraq). Nə yaxşı! Nə
yaxşı ki, siz sağsınız, yoldaş Stalin! (Stalinin
ayaqlarını öpə-öpə barmağı ilə
Partiya kuratorunu göstərir.) O elədi! O boğdu! (Yenə
Stalinin ayaqlarını öpməyə başlayır.)
Yoldaş Stalin!.. Nə yaxşı ki, siz sağsız!..
STALİN
(ayağıyla Ticarət kuratorunu kənara itələyərək,
aşkar bir ikrah hissi ilə). Yaxşı, yaxşı!.. Səni
sonuncu güllələyərik...
Siyasi
Büro üzvlərinin üçü də birdən
Stalinin üzərinə atılır və onu
boğa-boğa, vura-vura, təpikləyə-təpikləyə
yerə yıxmağa çalışırlar. Stalin
müqavimət göstərərək onların əlindən
qurtulmaq istəyir, ancaq get-gedə gücdən
düşür. Siyasi Büro üzvləri axır ki, onu yerə
yıxırlar. Stalin daha müqavimət göstərmir,
hay-küy içində onun yalnız xırıltısı
eşidilir. Ticarət kuratoru da iməkləyib onlara qoşulur
və əli-ayağı ilə Stalinə zərbələr
endirir. Stalinin xırıltısı artıq kəsilib, Siyasi
Büro üzvləri isə bir-birlərinə macal vermədən
Stalini döyəcləyir, təpikləyirlər.
- Sən
gəbərəcəksən, yoxsa, yox!..
-
Öl!..
- Gəbər!..
- Al!..
- Bax, belə!..
- Belə!..
- Al,
Kaladzenin iti!..
TİCARƏT
KURATORU. Bu dəfə səninki tutmadı, oxşarınla bizi
aldada bilmədin!..
Siyasi
Büro üzvləri nəhayət əldən
düşüb, Stalinin cansız vücudundan əl çəkərək,
taqətsiz halda tövşəyə-tövşəyə
döşəmənin üstündə otururlar.
Stalinin cəsədi
Kondratyevin meyidindən bir az kənarda yerə sərilib.
TƏHLÜKƏSİZLİK
KURATORU (dərindən nəfəs ala-ala). Öldü?
TİCARƏT
KURATORU (ayağının ucu ilə bir-iki dəfə Stalinin
cəsədini vurur). Çoxdan cəhənnəmdədi! Pinəçi
Vissarionun küçüyü!
Kiçik
pauza.
NAZİRLƏRİN
KURATORU. O nə səsdir?
TƏHLÜKƏSİZLİK
KURATORU. Səs? Nə səs?
PARTİYA
KURATORU. Sakit durun.
Gərgin
pauza.
Yavaş-yavaş
addım səsləri gəlir və bir-neçə andan
sonra kabinetin yuxarı başındakı qapı
cırıltı ilə yenidən açılır. Əvvəlcə
Polikarpov, ardınca əllərində tapanca tutmuş
üç nəfər Sovet İttifaqı Marşalı,
onların da ardınca Stalin kabinetə daxil olurlar.
Stalin qəlyan
tutduğu sağ əli ilə marşalları kənara itələyərək,
döşəmədə oturmuş Siyasi Büro üzvlərinə
yaxınlaşır.
STALİN
(qəlyan tutduğu əli ilə yerə sərilmiş ikinci
cəsədə işarə edərək). Siz yoldaş
Vasilyevi də qətlə yetirdiniz! Yoldaş Kondratyev...
İndi də yoldaş Vasilyev...
TİCARƏT
KURATORU. Yoldaş Stalin... Əziz yoldaş Stalin...
(Özündən gedir.)
STALİN.
Siz imperializmə satılmış əli qanlı qatillərsiz!
Partiya sizdən heç nə əsrgəməmişdi!
Partiya sizi yetişdirmişdi! Partiya sizə güvənirdi! Bəs,
siz nə etdiz? Antipartiya qrupu yaradıb, ölkədə
çevriliş etmək istədiz! Kapitalizmi bərpa etmək
istədiz! Sizi xalq mühakimə edəcək! (Polikarpova.) Bu
xalq düşmənlərini, Amerikanın cəsuslarını
aparın!
TİCARƏT
KURATORU (özünə gələrək). Yoldaş Stalin... Mən...
mən Amerikanın cəsusu deyiləm...
STALİN. Əlbəttə... Bilirəm. Amerikanın cəsusu
onlardı, siz yox...
TİCARƏT
KURATORU. Bəli... Bəli...
STALİN.
Siz Türkiyənin cəsususuz... Elə deyilmi?
TİCARƏT
KURATORU. Yoldaş Stalin... Yoldaş Stalin... (Yenə
özündən gedir.)
Polikarpov,
ardıyca da marşallar qəti addımlarla Siyasi Büro
üzvlərinə yaxınlaşırlar.
POLİKARPOV.
Qalxın!
Özündən
getmiş Ticarət kuratorundan başqa, o birilər ayağa
qalxır.
İrəli addımlayın!
Siyasi Büro üzvləri Polikarpovun qabağına düşərək, sol tərəfdəki qapıya tərəf addımlayırlar. Marşallardan biri Ticarət kuratorunun pencəyinin boynundan tutub sürüyür. Qapının ağzında Polikarpov kənara çəkilir.
(Marşallara.) Aparın!
Siyasi Büro üzvləri və marşallar kabinetdən çıxırlar. Polikarpov Stalinə yaxınlaşır.
Yoldaş İqnatov, xidməti borcunuzu layiqincə yerinə yetirdiyinizə görə yoldaş Stalinin tapşırığı ilə sizə təşəkkür elan edirəm! Yoldaş Stalin partiya və sovet xalqı qarşısındakı xidmətlərinizə görə sizi Lenin ordeni ilə təltif edib! Təbrik edirəm, yoldaş İqnatov!
Polikarpov cibindən çıxartığı Lenin ordenini İqnatovun yaxasına taxır.
Bir daha təbrik edirəm, yoldaş İqnatov! (Hərarətlə İqnatovun əlini sıxır.)
İQNATOV (hərarətlə). Təşəkkür edirəm! Yaşasın yoldaş Stalin!
İşıq sönür.
ELÇİN
525-ci qəzet.- 2019.- 14 dekabr.-
S.18-19-20.