"O qadın"ın yaşadıqları və yaşatdıqları  

 

 

 

Əslində, həmin günün axşamında teatrla bağlı başqa bir tədbirə qatılacaqdım. Səhər işə gedərkən fikrimdə həmin tədbir olsa da, yolda təsadüfən bir elan gördüm.

 

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova eyni saatda baş tutacaq bir tamaşanın premyerasından danışırdı. Bir binada iki teatra qucaq açan sənət ocağıyla bağlı bütün məlumatları qaçırmamağa çalışdığımdan tələsik həmin elanı da oxudum. Deyilirdi ki, axşam saat 19:00-da "O qadın" tamaşasının premyerası olacaq. Və ardınca əlavə edilirdi: "Tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, ən əsası kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.

Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.

Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.

Sənədli teatr üslubunda hazırlanan tamaşa adından da göründüyü kimi real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib.

Birhissəli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.

Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların videomüsahibələri də nümayiş olunacaq.

Qeyd edək ki, bu layihə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadınlara və qızlara qarşı zorakılığa mübarizəyə həsr olunmuş fəallıq kampaniyasına dəstəyini də ifadə edir".

Deməli, mərkəz Qadındır. Son zamanlar dünyada az qala üç xəbərdən ikisində döyülməsi, öldürülməsi, şiddət görməsiylə bağlı xəbərlər yer alan o qadın. Sevindirici haldır ki, cəmiyyətimizdə bu durumla bağlı bir "SOS" siqnalı verilir, ayrı-ayrı qurumlar, təşkilatlar diqqəti məhz bunun üzərinə çəkmək üçün sosial layihələr həyata keçirir, fərqli vasitələrlə şiddət görən qadınların səsi olmağa çalışırlar. Deməli, hər zaman cəmiyyətin problemlərinə biganə qalmayan, dövrlə, zamanla ayaqlaşan Kukla Teatrı və onun kollektivi bu dəfə də susmur, yenə də səsini çıxarıb mövqeyini bildirəcək, özü də sənətin, mədəniyyətin vasitəsiylə.

Hələ tamaşaya baxmadan onların seçdiyi bu yolu alqışlayıram. Çünki bəzən danışmaq, öyrətmək, anlatmaq, qışqırmaq, tələb etmək, əmr vermək, xahiş etmək, yalvarmaq heç bir nəticə vermir. İnsanlar əgər istəmirlərsə, bütün səslərə qulaqlarını qapayırlar. Bu yerdə görüntü köməyə gəlir. Kino, tamaşa, səhnəcik... İnsanlar öz əməllərini, ya da başına gətirilənləri əyani şəkildə görəndə sanki qəflət yuxusundan ayılırlar. Beş addımlığında başqasının yaşadıqlarını öz içində, qəlbinin dərinliklərində anlayıb narahat olmağa, nəyisə dəyişməyə, o gördüklərindən olmadıqlarını sübut etməyə çalışırlar. Əlbəttə, bu, hər zaman belə olmur, amma çox zaman görüntü gözlənilən nəticəni, ya da ən azından ona yaxın effekti verir. Bütün bu düşüncələr axşamkı planımı dəyişib Kukla Teatrına yol almağıma səbəb oldu...

Altı qadın, bir kişi...

Nəhayət, deyilən vaxta az qalmış Kukla Teatrındayam. Foyedə tanış simalar bir-birini əvəz edir. Jurnalist, yazıçı həmkarlar, rejissorlar, aktivistlər və digərləri - hər kəs "O qadın"ı görməyə gəlib. Diqqətimi çəkən isə qadınların çoxluq təşkil etməsidir. Tamaşanın yaradıcı heyətinin özündə də qadınlar çoxluq təşkil edir. Ümumi götürsək, tamaşa üzərində altı qadın, bir kişi çalışıb. O qadınlardan dördünü artıq foyedə görürəm, salamlaşıb, uğurlar arzulayıram. Hamısı bir-birindən həyəcanlı və sevincli görünürlər.

Bir anlıq düşünürəm, bu cür sosial layihələrə kişilər daha çox cəlb olunsa, yaxşı olmazmı? Axı şikayətimiz onlardandır. Məsələn, burdakı kişilərin neçəsi öz qadınına əl qaldırıb, ya da qadınların neçəsi ərindən, qardaşından, atasından heç olmasa, ömründə bir dəfə şiddət görüb? Amma hamısı qadına şiddətin əleyhinə həsr olunmuş tamaşanı həvəslə gözləyir. Eybi yox, neynək, bu da bir uğurdur. Dedik axı, görüntü daha effektivdir. Bəlkə elə bu tamaşa aramızdakı kim üçünsə də vasitədir? Tamaşadan öncə belə düşünürəm, sonra isə... Hələlik, tələsməyək...

Şiddətə tuşlanan işıq

Beləcə, "Ağarmayın, ay saçlarım, amandı" - deyən yanıqlı qadın səsiylə tamaşa başlayır. Bu tamaşanı digərlərindən fərqləndirən bir cəhət də divardakı monitordur. O monitorda isə nələr yoxdur ki. Sığınacaqda məskunlaşmış, şiddət görmüş qadınlar bir-bir danışmağa başlayırlar. Onlar danışır, aktyorlar da səhnədə onların danışmadıqlarını göstərirlər. Bizsə yarım saat müddətində "O qadın"ın həyatına ortaq oluruq.

Səhnə əsərinin ilk dəqiqələri qadın çığırtıları, uşaq ağlamaları və onları daha da dramatik, vahiməli edən ritmik musiqi sədalarıyla başlayır. Elə o çığırtıların özü insanın ətini ürpətsə də, görəcəklərimiz hələ qabaqda imiş.

Monitor işıqlanır. Üzünü görmədiyimiz bir qadın danışır:

- Məndən əvvəl iki dəfə evlənmişdi. İki qadın da evlənəndən bir ay sonra qaçıb getmişdi. Mən ərə gələndən sonra özü deyirdi bunları.

Sonra başqası davam edir:

- Gecələr durub qışqırırdı, öz-özünə danışırdı. Heç vaxt elə şey görməmişdim deyə qorxurdum. Bir gün qaynanama dedim. Dedi ki, bizim nəsildə sayıqlama var, qorxma. Özün də bunu heç kimə demə, ailəndi, yoldaşındı... Anamgilə getmək, görüşmək qadağan idi. Arabir telefonda danışırdıq. Onda da ərim dururdu başımın üstündə, qorxa-qorxa deyirdim ki, hər şey yaxşıdı, mama, narahat olma".

Bir başqa səs:

- Saçımdan tutub sürüyürdü, uşaqlarımı gözümün qabağında döyürdü.

Monitor sönür, söz aktyorlarındır.

"Mən ölsəm, deyəcəklər, əri namus üstündə bıçaqladı"              

Pərişan görünüşlü iki qadın səhnədədir. Onlar hərəkətlər vasitəsilə yaşadıqları əzabı, gördükəri şiddəti çatdırırlar. Və əlində bıçaq tutmuş kişi (Elgün Həmidov) görünür. O, öncə birinci, sonra isə onu xilas etməyə çalışan ikinci qadını döyür, bıçaqlayır. Qadınlar bir-birinə sığınıb yerdə can çəkişirlər.

Birdən qadınlardan biri (Ülviyyə Əliyeva) "dilə gəlir", gördüyümüz mənzərənin nə olduğunu danışır:

- Bilirsiz, o bizi niyə döydü, niyə bıçaqladı? Çünki mən ondan boşandım. Düz on il onun şiddətinə dözdüm. Hər gün yoldaşım işdən gələndə qaynanamla, qaynatam qızışdırıb salırdılar üstümə, hər cür bəhanəylə məni döyürdü. Özüm də bilmirəm, niyə döyülürdüm. Amma mən dözürdüm. Uşaqlarıma görə. Çünki özüm də atasız böyümüşəm. Amma axırıncı dəfə döyəndə böyük oğlum gəldi ki, mənə kömək eləsin, yoldaşım ona elə bir yumruq vurdu ki, uşaq yıxılıb başından travma aldı. Ondan sonra qərar verdim ki, boşanacam. Boşandım da.

Qadının bundan sonra danışdıqları damarımda qanımı dondurdu. Çünki mən bu hadisəni bilirdim. Anasıyla birlikdə boşanma məhkəməsindən çıxan qadının əri tərəfindən öncə maşınla divara sıxışdırılıb, sonra isə bıçaqlanmasını təxminən üç-dörd ay öncə hadisə şahidlərindən bir qadın danışmışdı mənə. İndi isə həmin qadın "özü" danışırdı. Deyirdi ki, yoldaşı ona 11, anasına 19 bıçaq zərbəsi vurub. Onlar al qanın içində yerdə çabalayarkən qaynanası ilə qaynatası nəinki onlara kömək eləmək, əksinə, oğlanlarını qızışdırırmışlar: "Vur, vur öldür, canı çıxsın, qoy uşaqlar bizə qalsın!"

Sonra isə o qadın gözlərini xəstəxanada açır və həkimlərə yalvarır: "Qurban olum, qoymayın da mən ölüm. Mən ölsəm, camaat deyəcək ki, əri onu namus üstündə bıçaqladı".

Oddan qaçıb alova düşmək

Sonrakı səhnədə bir ailə təsvir olunub. Qız uşağı yatmağa hazırlaşır, narahatdır. Anası onu sakitləşdirsə də, bir xeyri görünmür. Atası gəlir, heç nəyin üstündə qırğın başlayır. Atası anasını döydükcə qızcığaz yerində çabalayır, qulaqlarını tutmaqla o qışqır-bağırdan xilas olmağa çalışır və nəhayət, qərar verir, ərə gedib bu əzablardan qurtulacaq. Gəlinliyini tərs geyinmiş gənc qadının (Ləman Mərrih) əzabları isə elə toy günü başlayır. Atasının, qardaşının şiddətindən qaçarkən "Vağzalı" sədaları altında ərinin vəhşiliyinə tuş olur. Əri, qaynanası, baldızının döyməyi azmış kimi, ərinin sevgilisinin də sillə-təpiklərinə məruz qalır.

Başqa bir səhnə xəstəxanada cərəyan edir. Arvadının burnunu vurub sındıran kişi, ağrıdan ağlayan qadın və o ağrıların üstünə ağrı gətirən, qardaşına haqq qazandıran, gəlini insan yerinə qoymayan baldız. Bu səhnədə acı həqiqətlər yumoristik dillə çatdırılır.

Yenidən monitor işıqlanır. Çox gözəl və gülərüz qadın danışır:

- Məni çarpayıya yıxıb döyürdü. Döydükcə qışqırırdım. Qışqırdıqca daha bərk vururdu, "qışqırma, qonşular eşidir" - deyirdi. Çox vaxt üstümə gələndə ayaqlarımla müqavimət göstərir, itələyirdim".

Ümumiyyətlə, əsər boyunca hər səhnədən sonra monitordakı qadınlar danışırdı. Hamısının ortaq dərdi isə bu idi: "Bilmirdik niyə döyülürük. Qaynanam, baldızım qızışdırırdı. Ailəmiz də bizə sahib çıxmırdı, qadınsan, dözməlisən deyirdi".

Axırda isə gender məsələləri üzrə mütəxəssis Nisə Hacıyevanın sözləri:

- Yeni qurulan ailələrə qarşı xüsusən, yaşlı nəsil tərəfindən neqativ yanaşma var. Yaşlı nəslin neqativ reaksiyası isə ondan irəli gəlir ki, özləri vaxtilə onlara qarşı olan şiddətə dözüblər. Müəyyən səbəblərdən. Ona görə də başqasının dözməmək imtiyazını görmək onlar üçün çox çətindir.

Və sonda...

Bu fikirlərin fonunda "O qadın" yekunlaşır. Öncə səhnədən aktyorlar, sonra isə Aygün Aslanlının moderatorluğu ilə tamaşaçılar qadına şiddətə "YOX!" deyirlər. Tamaşa sonrası müzakirədə rejissor Gümrah Ömər əsəri şərh edərkən çox gözəl bir fikir dedi: "Tamaşa onu göstərdi ki, hər qadının faciəsində mütləq bir qadın rolu, qadın izi var, qadına qarşı zorakılığın təkanvericisi də qadındır". Onun bu fikri bəziləri tərəfindən qınaqla qarşılansa da, məncə, haqlıdır. Danışan bütün qadınlar qaynanalarının, baldızlarının da onları döydüklərini, ya da ərini qızışdırıb üstünə saldıqlarını, öz evlərində isə analarının belə onlara sahib çıxmadıqlarını deyirsə, deməli, yenə də kilidin açarı qadındır. Nahaqdan demirlər ki, qadın qadının düşmənidir. Ən azından o kişilərin ilkin tərbiyəçisi anaları, yəni biz qadınlarıq. Unutmamalıyıq ki, "O qadın" bizim hamımızıq!

Müzakirə vaxtı Aygün xanım bir xoş xəbər də verir. Belə ki, bu tamaşanın sənədli film versiyası da hazırlanacaq. Polemika şəklində davam edən müzakirələri Kukla Teatrının direktoru Rəşad Əhmədzadəylə "Yuğ" teatrının baş rejissoru Mehriban Ələkbərzadənin tamaşa haqqındakı xoş və müsbət fikirləri yekunlaşdırır.

Azərbaycan teatr məkanında bir ilk olan bu uğurlu layihədə zəhməti olan hər kəsə təşəkkür edir, qadına şiddətə qarşı ucaltdıqları səslərinə biz də səs veririk!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 14 dekabr.- S.17.