Görkəmli maarifçi Ələkbər
bəy Rəfibəylinin fəaliyyəti arxiv sənədlərində
10 mart 1990-cı ildə "Elm" qəzeti (¹ 9)
"Ələkbər bəy Rəfibəyov" adlı
maraqlı bir yazısı ilə oxucularını sevindirdi. Məqalədə Azərbaycan
tarixində böyük xidmətləri olan, amma unudulan Ələkbər
bəy Rəfibəyovun haqqında məlumat verən müəllif,
Ələkbər bəyin 14 aprel 1919-cu ildə "Azərbaycan"
(¹ 155) qəzetində dərc olunan nekroloqunu çap
etdirmişdi.
Elə həmin
ilin 1990-cu il may ayının 4-də, yenidən Bakıda nəşr
edilən "Azərbaycan qəzeti" (¹ 14) 1919-cu ildə Məhəmməd
Səidin "Əliəkbər bəy Rəfibəyov" və
Əhməd Cavadın "Əliəkbər bəyin mərasimi-dəfni"
adlı yazıları ilə unudulmuş görkəmli şəxsiyyət
Ələkbər bəy Rəfibəyovu həmin təlatümlü
illərdə bir daha yada saldı.
Yazıların hər ikisi 1919-cu ildə olduğu kimi
verilmişdi.
Bu iki yazını həmişə maraqla və
dərin kədərlə oxuyuram. Çünki
burada Azərbaycanın taleyüklü məsələlərində
və maariflənməsində, türk dilində Gəncədə
məktəb açmasında inadından dönməyən
Ələkbər bəy Rəfibəyovun həyat və fəaliyyətindən
söhbət açılır. Kədərlidir
ona görə ki, bu yazılar nekroluqdur. Bu
yazılara qədər də onun haqqında yazılan bir
sıra məqalələri oxumuşdum. Daha
doğrusu, artıq 10-cu sinifdə oxuyanda Rəfibəylilər
haqqında məlumatlarım vardı. Çünki
bu nəslin Azərbaycanın müstəqillik tarixində
böyük xidmətləri olub. Həmin illərdə
Rəsul Rzanın, Nigar xanım Rəfibəylinin və
Anarın yaradıcılıqlarını dərindən
oxuduğumdan Ələkbər bəyin fəaliyyətindən xəbərim vardı.
Akademik R.Hüseynovun yazdığı "Rəfibəylilər"
(Bakı, 1996) kitabının isə, inanmıram, əvəzi
olsun. Çünki böyük yanğıyla
yazılıb. Oxucuların stolüstü
kitabıdır. Unudulmaz şairə Nigar
xanım Rəfibəylinin bu qeydləri 1983-cü ildə,
"Azərbaycan" jurnalının, 7-ci nömrəsində
(səh.116) öz əksini tapıb: "Babam Ələkbər
bəy böyük maarifpərvər və tərəqqipərvər
bir şəxsiyyət idi, xalq içində çox
tanınan böyük nüfuza malik bir ictimai xadim idi. O,
avamlıq, cəhalət və nadanlıqla mübarizədə
fədakar bir döyüşçü kimi şəhərin
işinə qarışır, xeyirxah və ədalətli hərəkətlərilə
xalqa kömək edirdi. Bütün günü
babamın yanına dəstə-dəstə adamlar gəlib-gedər,
tələbələr, müəllimlər, ziyalılar ondan
məsləhət alırdılar. Atam səhərlər
xəstəxanaya gedir, axşamlar isə çox vaxt onu xəstə
üstünə aparır, yaxud xəstələri yanına gətirirdilər.
Atamın ilk həkimlik fəaliyyəti haqqında o zaman
"İrşad" qəzeti yazırdı:
"Böyük millət atası Ələkbər bəy Rəfibəyovun
oğlu Xudadat Rəfibəyov Rusiyada həkimlik təhsilini
bitirib doğma Gəncə şəhərinə
qayıtmış və həkimlik fəaliyyətinə
başlamışdır.
Hər gün işdən sonra, yəni axşam saat
beşdən doqquza qədər öz evində xəstələrə
məccani-pulsuz tibbi yardım göstərir. Həkim
yardımına ehtiyacı olanlar ona müraciət edə bilərlər".
Atamın qəbul otağına gələn xəstələrinin
həddi-hesabı yox idi. Anam evin təsərrüfat
işlərindən başqa, həm də "Cəmiyyəti-xeyriyyə"nin Gəncə şöbəsinin sədri kimi
fəaliyyət göstərirdi. Anam, özü
kimi az-çox savadlı olan qadınlarla birlikdə, Gəncənin
müxtəlif tədbirlərində iştirak edirdi".
Bu yazılanlar, oxuduqlarım, atamdan eşitdiklərim məni
Nigar xanım Rəfibəylinin yaradıcılığına
çox bağlamışdı. Hətta evimizdə
yazı masasının önündə Nigar xanımın
böyük portreti vardı. Yazı
masamın üstündə olan Nigar xanımın "Bir həzin
axşamda düşsəm yadına" (Bakı, 1982-ci il)
şeirlər kitabını isə hər gün oxuyurdum.
Necə olmuşdusa gələn qonaqlardan biri
icazəsiz bu maraqlı şeirlər kitabını
aparmışdı. Mən bu kitabdan təkrar
almaq üçün o vaxtlar Naxçıvan şəhərində
çox zəngin olan "Azərkitab" mağazasına
getsəm də, tapmamışdım. Başqa
kitab dükanlarında axtarışlarım da nəticəsiz
qalmışdı. Məktublarımın
birində görkəmli yazıçı Anara bu haqda
yazmışdım.
Böyük ürək sahibi və çox həssas
insan olan Xalq yazıçısı Anar həmin kitabı
avtoqrafla mənə göndərmişdi. Mənim ürəyimdən
xəbər verən bir avtoqrafla: "Ədəbiyyatımızın
etibarlı oxucusu, ailəmizin sadiq dostu əziz Musaya anamdan bir
xatirə"
Anar
11/XII-84-cü
il
İndi də həmin qiymətli kitab məndədir və
həvəslə oxuyuram.
Gürcüstanın paytaxtı Tbilisidə çox elmi
axtarışlarda olmuşam və indi də imkan tapan kimi bu
xeyirxah işimi davam etdirirəm.
Bir dəfə Gürcüstan Milli Arxivində
axtarışlar apararkən Ələkbər bəy Rəfibəyovla
bağlı maraqlı bir sənədə rast gəldim. Sənədi görən
kimi çox sevindim və uzaq illər bundan öncə
oxuduqlarımı bu qürbətdə qəribə bir hiss ilə
xatırladım: "Ələkbər bəyin öz
xalqının maariflənməsinə sərf etdiyi əmək
çox böyükdür. O, vaxtaşırı Xeyriyyə Cəmiyyətinə
pul keçirir, kasıb uşaqların təhsil alması
üçün kömək əlini uzadırdı. O vaxt
çar hökuməti türk məktəbinin
açılmasına icazə vermirdi. Gəncədə
türk məktəbinin açılmasında Ələkbər
bəyin şəxsən rolu olmuşdur.
1919-cu il aprel ayının 3-də sinif rəhbərimiz
İbrahimbəyli bizə dedi ki, Ələkbər bəy vəfat
etmişdir. Bizi sıraya düzüb
"Şah Abbas məscidi"nə gətirdi. Cənazə
"Şah Abbas məscidi"ndən götürüldü. Sonralar mənə dedilər ki, cənazənin
qabağında oxuyan (mərsiyə deyən) böyük
müğənni Bülbül imiş" (Ələkbər
bəyin qardaşı oğlu Həsən bəyin xatirələrindən).
Tiflis arxivindən tapdığım sənəd də
Ələkbər bəyin ölməzliyini, böyük millət
atası olduğunu təsdiqləyir. Təki bizlər bu
böyük şəxsiyyəti unutmayaq. Qeyd
edim ki, Qafqaz canişinliyinin arxivindəki bu sənəddə
adları çəkilən Ələkbər bəy Xasməmmədovun
və Adil xan Ziyadxanovun da Azərbaycanın müstəqillik
qazanmasında 1918-1920-ci illərdə böyük xidmətləri
olub. Adil xan həmin çətin illərdə
Naxçıvanın daşnak tör-töküntülərindən
qorunmasında çox fəallıq göstərib. Həm də onun qardaşı İsmayıl xan Aman
xan Naxçıvanskinin kürəkəni idi. Gəncəli
Cavad xanın nəvələrini Naxçıvanla bağlayan
qohumluq telləri vardı...
Ələkbər bəy, Adil xan Ziyadxanov və Ələkbər
bəy Xasməmmədovun birlikdə yazdıqları bu sənəd
rus dilindədir. O sənədin azərbaycanca tərcüməsini əziz
oxucular - sizlərə təqdim edirik. Qeyd edək
ki, sənəddə adı çəkilən Yelizavetpol
indiki Gəncə şəhəridir.
Zati-aliləri
cənab Yelizavetpol general-qubernatoruna Yelizavetpol şəhərinin
sakinləri Ələkbər bəy Rəfibəyov, Adil xan
Ziyadxanov və Ələkbər Xasməmmədovdan
Ərizə
Keçən ilin avqust ayında Bakı şəhərində
general-qubernatorun icazəsi ilə məktəb işlərinə
aid müxtəlif pedaqoji sualların müzakirəsi məqsədilə
müsəlman müəllimlərinin qurultayı
keçirilmişdir. Elə həmin vaxt qərara
alınmışdı ki, müəllimlərin növbəti
qurultayı 1907-ci ilin iyun ayında Yelizavetpolda
çağırılsın. Buna görə
də Yelizavetpol şəhərində keçirilməsi nəzərdə
tutulan qurultay üçün proqram tərtib etmişik.
Zati-aliləri sizdən acizanə xahiş edirik
ki, iyun ayının 1-dən 15-nə kimi belə bir
qurultayın keçirilməsinə icazə verəsiniz.
Hər məsuliyyəti öz üzərimizə
götürürük.
Yelizavetpol
şəhəri 23 mart 1907-ci il
Ali
müşavir Ələkbər bəy Rəfibəyov
Ələkbər
Xasməmmədov
Adil
Ziyadxanov
Qafqaz müsəlman müəllimlərinin gələcəkdə
keçiriləcək ikinci qurultayının proqramı.
I. İkinci qurultay birinci qurultayın davamıdır və
müsəlmanlar arasında təlim-tərbiyə məsələsinin
təkmilləşdirilməsi məqsədini
daşıyır.
II.
Qafqazın müsəlman müəllimlərinin qurultayı
Yelizavetpolda toplaşacaq və 1907-ci il
iyunun 1-də başlayacaq, təxminən həmin ayın 15-dək
davam edəcəkdir.
III.
Qurultaya bütün şəhər və kənd müəllimləri,
həmçinin, ruhani məktəblərin şəriət
müəllimləri-müdərrisləri də dəvət
edilirlər. Bununla belə, müvəkkilərə
ixtiyar verilir ki, təlim-tərbiyə işinə aidiyyəti
olan şəxsləri müzakirələrə buraxsınlar.
Qurultayın gündəliyinə daxil edilən məsələlər.
I.
Qafqazın müsəlman qadınları arasında təhsilin
genişləndirilməsi üçün yolların
axtarılması və qadın məktəbləri
üçün müsəlman müəllimələrin və
hər növ qadın məktəbləri üçün
proqramların yenidən hazırlanması.
II.
Müsəlman ruhani məktəbləri üçün,
ümumiyyətlə, Yelizavetpol ruhani seminariyası
üçün proqramın hazırlanması.
III.
Dünyəvi və dini məktəblərdə müsəlman
müəllimlərin sayının artırılması məsələsinin
müzakirəsi və onların maddi vəziyyətinin
yaxşılaşdırılması.
IV.
Müsəlman əlifbasında olmayan hərfi işarələrin
əlavə edilməsi və əlifbanın yenidən
hazırlanması.
V.
Doğma türk dilinin tədbir və vasitələrlə
bağlı sadələşdirilməsi məsələsinin
müzakirəsi və ədəbi cəhətdən yenidən
işlənməsi.
VI. Dərslərin
müzakirəsi və ümumiyyətlə, onların
yaxşılaşdırılması.
VII.
Türk dilinin tədrisi üsullarının
(metodlarının) seçilməsi və bunlara aid nümunəvi
dərslərin keçirilməsi məsələsinin
müzakirəsi.
VIII.
Professional təhsilin müzakirəsi.
IX.
Türk dilində dərslərin keçirilməsi
üçün ümumi priyomların işlənməsi:
hüsnxət, musiqi, nəğmə və gimnastika
oyunları.
X. Qurultay keçirilən zamanda ümumtəhsil fənlərinə - pedaqogikaya, psixologiyaya, didaktikaya, təbiət elmlərinə, məktəbli gigiyenasına, tarixə və nəhayət türk dili ədəbiyyatı tarixinə aid mühazirələrin təşkili. Hər dəfə yerli idarələrin baxması üçün xüsusi proqramların təqdim edilməsi və bu fənlərə aid qiraətlərin keçirilməsi.
XI. Müsəlmanlar arasında, ümumiyyətlə, təlim-tərbiyə məsələsinə aid olan bütün məruzələrin müzakirəsi.
Ali müşavir Ələkbər bəy Rəfibəyov
Ə.Xasməmmədov
Adil xan Ziyadxanov.
Musa
Rəhimoğlu (Quliyev) AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.16.