Diotima, Hipatiya və... mən
esse
Adı
çəkilən qadınlardan biri təqribən
eramızdan əvvəl 4-cü əsrdə, biri
eramızın 4-cü əsrində yaşayıb, biri də
XXI əsrdə. Hər üçünü birləşdirən
fəlsəfəyə sevgidir.
Filosof da
yaza bilərdik, ancaq qadının filosofluğunu heç kim qəbul etmədiyinə, hətta bu sözə
xüsusi kəskin reaksiya göstərdiyinə görə,
deməsək yaxşıdır. Qoy, məqaləni
aqressiyasız oxusunlar və diqqəti lazımi məqama
yönəldə bilsinlər. Onu da
mütləq əlavə edək ki, əslində, "mən"
deyəndə bu gün fəlsəfə ilə məşğul
olan hər qadın nəzərdə tutulur. Bu səbəbdən, onun da haqqında
üçüncü şəxsdə yazacağıq.
Diotimanın kəlamları, hansı hikmətə sahib
olması əsasən Platonun "Simposium" dialoqundan məlum
olur. Haqqında başqa tarixi mənbələrdə məlumat
olsa da, onun şəxsiyyətinin gerçəkliyinə
şübhə ilə yanaşırlar. Elə Sokrat
kimi, bir az da artıq. Bəli,
Diotimanın adı çox dar çərçivədə
tanınır. Ən vacibi isə onu
Sokratın müəllimi kimi qəbul edən nadir olur. Antik dövr haqqında kifayət qədər
geniş məlumat var, ancaq ümumi mənzərədə
qadın obrazı solğun bir kölgə kimi ötüb
keçir. Lap Rafaelin "Afina məktəbi" adlı
freskasında olduğu kimi - qadını görmək
üçün onu axtarmaq lazım gəlir. Axtaraq.
Əslində, hələ Pifaqorun vaxtından qadınlar
kişilərlə bərabər fəlsəfənin
inkişafında aktiv rol oynayırdılar. Düzdür, əsas məqsəd
qız uşaqlarına təhsil vermək, onların
intellektual səviyyəsinin qaldırılması idi, ancaq
başqa sahələrdə də onların adına
və roluna rast gəlmək mümkündür. Məsələn, Pifaqorun xanımına aid olan məktəbdə
həm fəlsəfə, hikmət tədris edilir, həm də
bir qadına lazım olan ailə dəyərləri,
ev-eşiyə, uşağa qulluq öyrədilirdi. Bununla yanaşı, Pifaqorun bütün irsi onun
xanımı Teano və qızı Damo tərəfindən
qorunub gələcək nəsilə
çatdırılıb. Yaxud məşhur
Afina siyasətçisi Periklin xanımı Aspaziya məhz gənc
qızların savadlanması üçün nəzərdə
tutulan məktəblər açmışdı. Eyni
zamanda, onun məktəbini kişi filosoflar
da ziyarət edirmiş. Təsadüfi deyil ki,
dialoq aparmağı, natiqlik sənətini Sokratın məhz
Aspaziyadan öyrəndiyi deyilir. Belə
maarifçi, düşüncə sahibi olan qadınlar Sokrat,
Platon, Aristotel yetişdirən bir mühitdə nə təsadüf
idi, nə də anormal qəbul edilirdi. Və
o qadınlardan nə isə öyrənmək ayıb
sayılmırdı. Antik dövrün
tanınmış natiqi və siyasi xadimi Demosfenin belə bir məşhur
kəlamı var: "Özünə hörmət edən
yunanlının üç qadını olmalıdır: həyat
yoldaşı - nəslini davam etdirmək üçün,
qulu - əyləncələr üçün və
heterası - mənəvi rahatlığı
üçün". Xüsusi vurğulayaq: hetera düşüncə sahibidir,
əyləncə qadını deyil!
Diotima da fəlsəfə məktəb sahibəsi, hetera
olub və bu məktəbin ən məşhur "tələbəsi"
Sokratdır.
Platonun "Simposium" dialoqundan belə məlum olur ki, sevgi
tanrısı haqqında məlumatı Sokrata Diotima öyrədir
və sonralar "platonik sevgi" kimi tanınan hissin izahı
da ona məxsusdur. Onun fikrinə görə,
sevgi - gözəlliyə can atmaq deyil, dünyaya gözəllik
gətirməkdir. O xüsusi vurğulayr ki, sevgini bədən
istəyəndə dünyaya övlad gətirir, bu, mənəvi
bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr,
kəşflər çıxır. Diotima ortaya
gözəl ideyalar çıxaran heteraydı - öz məktəbi,
öyrətmə üslubu ilə. Düzdür, bu barədə
daha geniş məlumat vermək imkanımız yoxdur, ancaq bir
faktı dəqiqləşdirmək mümkündür: hikməti
dərk edən kişilər müdrik qadınlarla
tamamlanmalıdır, hikmət hikmətlə
cilalanmalıdır. Antik dövrdə qadın və kişi təfəkkürləri bir-birini dəstəklədiyinə
və tamamladığına görə, o dövrün fəlsəfi
mənzərəsi daha dolğun, daha zəngindir və əsrlər
keçsə belə, nə aktuallığını itirir, nə
də tükənir. Dediklərimizdən sonra, ədalət
naminə fəlsəfə tarixində olan məlum müəllim-tələbə
şəcərəsinə unudulmiş kiçik bir əlavə
edək: Aristotel - Platon - Sokrat - Diotima.
Elə
ki, tarix İsa Məsihin doğum tarixi ilə hesablanmağa
başladı, çox dəyişikliklər baş verdi. Hər nə qədər
kilsə qadın əsaslı hesab edilsə də, ilk ən
böyük və dağıdıcı zərbəni elə
qadına vurdu. Qadın varoluşun iki
başlanğıcından biridir və ona olan təsir, təzyiq
bütün bəşəriyyətin inkişafında, mənəviyyatında
özünü göstərir. Bəşəriyyətin
mənəvi tənəzzül tarixi, məncə, Hipatiyadan
başladı.
Hipatiyanı Antik dövr ənənəsinin son nümayəndəsi,
yeni ənənənin ilk qurbanı adlandırmaq daha düz
olar. O,
İsgəndəriyyə kitabxanasının son
başçısı Teonun qızı idi, eyni zamanda, alim və
filosof kimi orada dərs keçir, Platonun fəlsəfəsini
öyrədirdi. Bu, Xristianlığın hakim
dinə çevrildiyi və öz prinsiplərini qeyd-şərtsiz
qəbul etdirdiyi çağlar idi. Kifayət qədər
azad düşünməyə öyrənmiş qadınlara
da bu sırada "ciddi diqqət ayrıldı":
"Qadınlar səssiz və tam itaətdə öyrənməlidir.
Mən qadına öyrətməyə və
kişilərə rəhbərlik etməyə izn vermirəm,
o susmalıdır. Axı, ilk olaraq Adəm,
sonra Həvva yaradılmışdır. Adəm
deyil, qadın aldadıldı və günah işlədi"
(1 Tim. 2:11-14). Belə böyük bir günahdan
yalnız Allaha xidmət etməklə və dünyaya uşaq
gətirməklə xilas ola bilər. Deyilənlərə
əlavə olaraq həvari Paul korinflilərə müraciətində
deyir: "İstəyirəm biləsiniz ki, hər ərin
başı Məsih, qadının başı - əri, Məsihin
başı isə Tanrıdır (1-ci Korinflilərə 11:2,3). Bir kəlmə ilə
qadınla Yaradanı arasına 3 vəsilə qoyuldu - ər,
Paul, Məsih. Bir kəlmə ilə
qadının öz Yaradanı ilə bilavasitə ünsiyyəti
kəsildi, azadlığı, şəxsiyyəti əlindən
alındı, əvəzində itaət və xidmət etməli
olduğu ailə verildi. Əks halda
qadın cəmiyyətin, Tanrının və ... kişilərin
düşməni elan edilirdi. Təbii ki,
Hipatiya da bu şablonlara uyğun gəlmirdi. Bir neçə dəfə xəbərdarlıq
edilsə də, o, belə bir dar çərçivəyə
girmək istəmirdi. Necə girəydi?!
Cəza olaraq bir qrup fanat xristian onu dəhşətli işgəncəylə
qətlə yetirdi və bununla bütün düşünmək
istəyən, hikmət öyrətmək istəyən
qadınlara gözdağı verdi.
Nəticə gözləniləndən də betər
oldu. Hipatiya faciəsi həm keçmişə, həm də
gələcəyə ciddi təsir elədi. Qətl olunan yalnız Hipatiya olmadı, qadın
filosofların keçmişi və gələcəyi də
oldu. Tarix boyu kilsənin prinsiplərinə
sığmayan, hikmət iddiasında olan qadınlar birmənalı
şəkildə qaralandı. Məhz bu
siyasətin nəticəsi idi ki, antik dövrün
düşüncə sahibi olan qadınlar əyləncə
obyekti kimi təqdim edildi, hetera adı ləkələndi,
adları tarixdən silindi. Hipatiya dərsi o qədər
qorxunc oldu ki, təqribən 7-8 min il ərzində
xristian dünyasında hikmət və qadın
"düşmən kəsildi" bir-birinə. Bir neçə əsr ərzində fəlsəfədən
ayrı qalmalı olan qadınlar çıxış yolunu
kilsənin himayəsində gördülər. Yalnız 12-ci əsrdə İsa Məsihin
"nişanlısı" hesab edilən və Onun
qoruması altında olan rahibələr təkrar fəlsəfəyə
müraciət etməyə başladılar. Əhəmiyyətli
bir məqamı da qeyd edək ki, ilk rahibə filosof Hildegard fon Bingen alman fəlsəfəsinin atası
hesab edilən Mayster Ekxartın müəllimi hesab edilir. Bunu
ilahi bir lütf də adlandırmaq olar: əsrlər sonra ilk
qadın filosofun gəlişi fəlsəfə tarixində
yeni bir səhifənin başlanğıcını
taclandırdı!
Uzun illər,
Renessansa qədər fəlsəfəylə yalnız rahibələr
məşğul ola bilib. Antik
fəlsəfəyə dönüş başlayanda, təbii
ki, o dövrün qadın filosofları da xatırlandı.
Ancaq bu dəfə vəziyyət başqa idi.
Yenə qadınlar fəlsəfəyə gəlməyə,
yenə məktəblər açmağa, yaradıcı
şəxslərdən ibarət məclislər təşkil
etməyə başladılar. Sonra yenə inkviziya
adı ilə qadınlar cəzalandırıldı, odda
yandırıldı, kilsəyə bağlı olmadan hikmətə
meyl edən qadınlar ləkələndi... Qəribə
olan budur ki, qadın filosofların şəxsi tarixçələri
düşüncələrindən daha çox diqqət
çəkdi, nəticədə fəlsəfə tarixində
onların əsərləri, düşüncələri
deyil, sadəcə adları və kimlərləsə
ünsiyyəti, münasibəti qaldı. Faciəli
olan budiuki, kilsənin qadına qoyduğu qadağalar sanki
şüuraltı olaraq hər kəsə, hətta kilsəni
inkar edən ziyalılara da hakim kəsildi. Məsələn, Kant kimi bir filosof tövsiyə
edirdi ki, uşaq yaşından qızları elə
böyüdün ki, cinsindən başqa şey
düşünməsin. Russo isə
qadınlara təklif edirdi ki, bütün cazibələrini
kişilərin yaradıcılığının
inkişafına sərf etsinlər. Bir
sözlə, qadına qadınlığından kənara
çıxmağa imkan vermirdilər, çünki bunu onun
yeganə missiyası hesab edirdilər. Bu səbəbdən
qadınlar məhv olmuş filosofluq nüfuzlarını
heç cür bərpa edə bilmirdilər. Məsələn, XIX əsrdə Avropada qadın fəlsəfə
üzrə doktor və ya professor ünvanı almaq
üçün mütləq bir professorla evli olmalı idi,
çünki "doktor elmi ünvanı almaq o zamanlar sırf
kişilərə xas bir şey idi".
Qadına olan belə bir münasibət o dərəcədə
dözülməz oldu ki, əvvəlcə ayrı-ayrı
şəxslərə edilən etirazlar, yazılan cavablar
toplaşıb bir cərəyanın - feminizmin təməlini
qoydu. Haqlı olaraq, qadınlara azadlıq, hüquq, səs
tələb etdilər. Çalışdılar,
vuruşdular, nəticədə... Kantın,
Russonun istədiyi oldu - qadın yenə də öz cinsindən
kənara çıxa bilmədi, elə o çərçivədə
mübarizə aparıb, bir stəkan suda tufan qopartmaqla məşğul
oldu.
Yeri gəlmişkən, haqlı olaraq soruşa bilərlər
ki, niyə ancaq Qərb dünyasından danışırıq? Axı
İslam Şərqində, eləcə də Uzaq Şərqdə
vəziyyət fərqli olub. Bəli,
tamamilə fərqli olub. Ancaq bizim məqsədimiz
qadınla bağlı bu gün İslamın adına
çıxılan və qınanan bir çox ədalətsiz
prinsiplərin kökünü göstərməkdir.
Mənim
dövrüm bütün bu hisslərin, düşüncələrin,
mübarizələrin kəsişdiyi bir məqama tuş gəldi...
Ancaq bu da deyilməlidir ki, indi nəinki
qadının filosofluğu sual altındadır, hətta fəlsəfənin
özünün də lazımsızlığı
müzakirəyə çıxarılıb.
Hər şeydən əvvəl, XXI əsr
qadının yalnız öz cinsi çərçivəsində
düşünməli olması kifayət qədər dəbə
düşüb və kifayət qədər yaxşı
maliyyələşir. Artıq tarixdəki qadın filosoflara da
bu baxış bucağından qiymət verirlər. Gender, qadın hüquqları dünyanın ən
aktual mövzularından biridir. Düşünən
qadın yalnız feminist kimi qəbul edilir. Bunun nəticəsidir ki, XX əsrə qədər fəlsəfə
tarixində nə ciddi ideyalarda qadın, nə də
qadında ciddi ideya qəbul edilirdi. Qadın
yalnız vasitə idi. XXI əsrdə
qadının səsi siyasi dairələrdə daha bərkdən
eşidildiyinə, həlledici qərarlarda iştirak etdiyinə
görə, fəlsəfədəki qadın yoxsulluğu və
yoxluğu kölgədə qaldı.
Mənim
dövrümdə qadın başlanğıcına
ehtiyacın olması daha çox hiss edilir, çünki bəşəriyyət
tam bir uçurumun kənarına gəlib çatıb.
Amerikalı tarixçi filosof Riçard Tarnas müasir
dövrün mənəviyyat və düşüncə
böhranının səbəbini məhz fəlsəfədə
kişinin tək qalmasında görür: "Əsrimizin
qarşısında boya-boy dayanan böyük məsələ
budur: kişi başlanğıcı
özünün Tanrıya nifrətindən və birtərəfli
planından əl çəkib, nəhayət ki, dərk
olunmamış yarısını görmək və
könüllü olaraq qadın başlanğıcı ilə
onun bütün təzahürlərində tamamilə yeni,
qarşılıqlı anlaşma və bərabərliyə əsaslanan
münasibətdə olmaq". İstər Antik
dövrdə, istərsə də orta əsrlərdə
özünə filosof deyən qadınlar məhz bəşəriyyətə
aid sualları həll etməyə çalışıblar.
Məsələn, Hildeqardın fəlsəfəsini
araşdıran tədqiqaçılardan biri deyir ki, "O,
hikmət evinə bənzəyir, yer və göy onda birləşib".
Yaxud XVIII əsrdə Mary Wollstonecraft Russonun düşüncələrini
tənqid etsə də, feminist ruhda deyildi, onun birtərəfli
insan modelinə qarşı özünün şəxsiyyəti
sevgi ilə tamamlanan insan modelini qoyurdu! Birtərəfli modelə
həm qadına düzgün qiymət ver-məyən kişi, həm də düzgün qiymətini
almayan qadın daxildir. Tam modeldə isə hər
iki tərəf bir-birini tamamlayır.
XXI əsr
texnikanın zirvədə durduğu bir dövrdür, bununla
belə əvvəlkilərlə bənzər məqamları
çoxdur, hətta üstünlükləri də var. Məsələn,
indi Diotima dövründə olduğu kimi, qadın kişilərlə
bərabər rahat-rahat fəlsəfə də öyrənir,
hələ üstəlik öyrədir də. Bir
üstünlüyümüz var ki, o dövrdə olduğu
kimi, qadınlar kateqoriyalara bölünmür. İndi orta əsrlərdə olduğu kimi,
qadınları düşündüklərinə görə
işgəncə də etmirlər, qadağalar da qoymurlar.
Qadının azad səsi də var, sözü
də. Buna görə onu nə odda yandırırlar, nə
adına cadugər deyirlər. Yəni Hipatiyanın taleyini yaşayan yoxdur. Qadın özünün alimliyini, filosofluğunu rəsmiləşdirmək
üçün mütləq kişinin köməyinə
möhtac olmur. Burada qərar verən daha
yüksək elmi adlı şəxslər olur, hətta
aralarında qadın da olur bəzən. Bunlar zahiri məsələlərdir:
şərtlər, şəraitlər, münasibətlər. İşin mənəvi tərəfində isə vəziyyət
nisbətən dramatikdir.
İndi
Diotima dövründən fərqli olaraq fəlsəfədə
ümumbəşəri məsələlər az
müzakirə olunur, mənəviyyata, müqəddəsliyə
demək olar ki, diqqət ayrılmır. Sanki bu
sahədə bütün sözlər deyilib qurtarıb,
mövzu da aktuallığını itirib. Düzdür, kimsə yazanda deyirlər ki, nə
gözəl, mənəvi qida aldıq, ancaq bunu subyektiv, bir
ürəyin ifadəsi kimi qəbul edib, iki gün sonra unuda
bilirlər. Orta əsrlərdə
maraqlı olan mövzular indi tamam başqa rəng alıb,
xüsusilə din. Məsələn, orta əsrlərdə
dini zəmində təriqətlər qurulur, insanlar
inandıqlarını əsaslandırmaq üçün
çarmıxdan belə qorxmurdular, dini prinsiplərlə fəlsəfi
məsələlər qarşılaşdırır, ortaq həqiqətlər
tapılır, yeni yollar, anlayışlar təklif edirdilər.
İndi dinləri o qədər qaralamağa
çalışırlar ki, xristianlıq deyəndə
Vatikanın, İslam deyəndə İŞİD-in əməlləri
yada düşür. Buna görə də, dindən,
dinin apardığı ali məqamlardan
yazmaq əvəzinə, onları hücumlardan müdafiə
etmək daha aktualdır. Məsələn,
Qurani Kərim haqqında yazlan bir məqalədə insanın
kamilləşmə yolunun təhlilindən daha çox,
terrorizmdən müdafiə notları maraq kəsb edir. Bəs qadınlar? Fəlsəfə
kimi maraqlandırır ki, qadın filosof da kimi maraqlandıra?!
Bu gün dünya həm qul kimi satılan qadını
görür, həm də ölümlə
çarpışan miqrantların qarşısında
qapılarını bağlayan siyasətçi
qadını...
Bütün bunlarla yanaşı, çox təhlükəli bir ənənə hələ də yaşamaqdadır. Artıq unutduğum bir romanda maraqlı bir obraz var idi: uzun müddət aclıq çəkmiş, tənha yaşamış bir dənizçi xilas olandan sonra hər gün doyunca yesə də, yenə xəlvət-xəlvət özünə azuqə yığır. Eyni mənzərə, eyni münasibət qadınlarda da var. Bu gün qadın filosofluq etmək fikrinə düşdüsə, ciddi fəlsəfi ideyalar irəli sürürsə,.. deməli, feministdir. Hansı isə fikrini müdafiə edirsə və bunu bacarmırsa, ...qadın haqları komitələrinə müraciət etməlidir. Fəlsəfədə öz sözünü deyə bilmək üçün ... kişidə dəstək axtarır. Güclü olmaq üçün... ilk ağlına gələn ətrafına qadınları yığıb, kişilərdən müdafiə olunmaq olur. Bir kişinin etinasızca, rişxəndlə dediyi bir fikir tərəzidə on düşüncə sahibi qadının ciddi təhlilindən ağır götürülür.
Diotima, Hipatiya, Rabiə əl-Ədəviyyə,
Məhsəti və daha neçə düşüncə
sahibi qadınlar öz dövrünün siması, eyni zamanda,
düşüncənin istiqamətverici qüvvələri səviyyəsində
olublar. Ən azından onların həyatını,
yaradıcılığını öyrənəndə o
vaxtların qadını haqqında bir təsəvvür
yaranır. Əcəba, bu günün düşüncə
sahibi olan qadınlar həmin sualları cavablandıra biləcəklərmi?
Bunun üçün heç olmasa, 50-100 il vaxt keçməlidir,
məncə...
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.14;15.