Torpağı vətən edərlər

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) 3 dekabr 202 saylı qərarıyla "Şərəf" medalı ilə təltif edilib.

 

Görkəmli alim türk dünyası qarşısında yaradıcı xidmətlərinə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb. Avrasiya Yazıçılar Birliyinin bu barədə qərarında qeyd edilir ki, 70 illiyi qeyd olunan akademik İsa Həbibbəyli türk dünyasının ədəbiyyatı, mədəni həyatı, elmi nailiyyətləri barədə zəngin araşdırmalar aparıb, o cümlədən, dəyərli əsərləri ilə gələcək nəsillər üçün qiymətli yaradıcılıq irsi yaradıb.

 

Birliyin görkəmli alimin yubileyinə təbriki bununla yekunlaşmayıb. Türkiyənin tanınmış şairi, Avrasiya Yazarlar Birliyinin ədəbi orqanı olan "Kardeş kalemler" dərgisinin baş redaktoru Əli Akbaş özünün "Torpağı vətən edərlər" şeirini İ.Həbibbəylinin 70 yaşına həsr edib. Sözügedən şeiri Şahanə Müşfiqin uyğunlaşdırmasında oxucularımıza təqdim edirik.

 

İsa Həbibbəyliyə

Alimlər irfanı ilə

Torpağı vətən edərlər.

Qəhrəmanlar qanı ilə

Torpağı vətən edərlər.

Sirlərə müştaq olarlar,

Kitaba yarpaq olarlar,

Surlara bayraq olarlar,

Torpağı vətən edərlər.

Yuxusuz gecələr boyu,

Umursamadan dünyanı,

Qəndil edib göydə ayı

Torpağı vətən edərlər.

Buyurmuş Yusif Xas Hacib:

"Əvvəl-axır elm vacib".

Ərənlər ərdəmi seçib

Torpağı vətən edərlər.

Qələm qılıncla yarışır,

Gerçək xəyalla barışır,

Zülmət gecələrə işıq

Torpağı vətən edərlər.

Həbibbəyli kimi ərlər,

Olarlar gəncliyə rəhbər.

Milləti edib səfərbər,

Torpağı vətən edərlər.

Cənnətin küncü Naxçıvan,

Buna şahid cümlə cahan,

Həbibbəyli kimi bağban

Torpağı vətən edərlər.

Şahinim yüksəkdən uçar,

Rəbbim buraxmasın naçar,

Cəhalətə savaş açar,

Torpağı vətən edərlər.

Onlar adsız qəhrəmanlar,

Çürüyüb torpaq olanlar

dastan yazan ozanlar

Torpağı vətən edərlər.

 

 

Ali AKBAŞ

 

525-ci qəzet.- 2019.- 14 dekabr.- S.12.