Aktyor əzəməti  

 

 

 

Yasin Qarayevin teatrda yarımştata keçəndən sonra oynadığı rollardan biri Cəfər Cabbarlının "Oqtay Eloğlu" dramının tamaşasındakı Hacı Zaman obrazıdır.

 

Premyerası 29 noyabr 2019-cu ildə oynanılan tamaşanın quruluşçu rejissoru Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Vüqar Hümbətovdur. Rejissor dramı ənənəvi janr-üslubda hazırlamayıb. Onun səhnə təfsirinin maraqlı tərəfləri var, mübahisəli Cabbarlı dramaturgiyasına yad görünən cəhətləri . Burada rejissorla mübahisəyə girmək fikrim yoxdur, çünki mövzum Yasin Qarayevdir.

Ümumilikdə, mənim fikrimcə, ayrı-ayrı aktyor oyunlarında uğurlu tapıntılar vardır onlardan biri Yasin Qarayevin ifasıdır. Onun ilhamla, sənətkarcasına yaratdığı Hacı Zaman çox orijinal, cazibəli, bitkin yaradıcılıq nailiyyətidir. Yasinin yaratdığı Hacı Zaman indiyədək gördüklərim Hacı Zamanlarla müqayisədə tamamilə yeni yeni olduğu qədər Cəfər Cabbarlı ruhuna doğma, koloritli bitkin səhnə obrazıdır.

Mətndən bilirik ki, Hacı Zamanın sözləri azdır. Rejissor yozumuna görə isə Hacı Zaman sözü olmayan bir neçə epizodda da səhnədə görünür. Mizanlar elə verilmişdi ki, onu səhnənin müxtəlif məkanlarında əsasən arxa planda görürdük. Yəqin ki, bunda da rejissorun hansısa fikri var mən onu da "axtarmaq" istəyində deyiləm. Maraqlısı odur ki, mizanları səhnənin dərinliyində verilmiş aktyor hərəkət plastikası, sifət ifadələri ilə ön planda gedən hadisələrə elə ahəngdar reaksiya verir ki, sanki böyük bir monoloq söyləyir. Hətta müəyyən anlarda səhnənin mərkəzində, sağ sol yanlarında da tamaşaçı Hacı Zamanı görür. İşığın arxa plana bir qədər zəif verilməsinə baxmayaraq, aktyorun Oqtayı (Şövqü Hüseynov), Yaşlı adamı (Qurban İsmayılov), Xaspoladı (Elnur Hüseynov), Aslan bəyi Rejissoru (Elşən Hacıbabayev), Mazandaranskini (Elşən Çarhanlı), Firəngizi (Günel Məmmədova), Sevəri (Asya Atakişiyeva), Şahqulunu (Elşən Şıxəliyev), tütək çalan kor kişini (Eyvaz İbrahimov) daha bir neçə obrazı baxışları ilə müşahidə etdiyi, Gülgəz (Qəmər Məmmədova) ilə qısa ünsiyytdə olduğu anlarda çox cazibəlidir. Daxilən gərgin psixoloju duyğunu ifadə etməsində güclü təsir bağışlayan aktyor möcüzəli sənətkar sücaəti göstərir. Onun bu hərəkətlərində, baxışlarında, sifət cizgilərinin gərginliyində, hətta yanağının titrəyişi görünən anlarda tamaşaçı obrazın daxili duyğularını, psixoloji halını, keçirdiyi mənəvi sarsıntını görür, hiss edir aktyorun sənətkarlıq məharətinə heyran qalır.

Aktyorun ifasının psixoloji təsirini gücləndirən, ona dərin məna aşılayan vasitələrdən biri Vaqif Əsədovun Hacı Zamana verdiyi səhnə mizanının (mübahisəli görünməsinə baxmayaraq) estetik yozum baxımından özünün rejissor konsepsiyası ilə uyarlı dinamik-dramatik fikir yüklü olmasıdır. Ziqzaqlı, dalğavari sərtliklə çarpazlaşan dinamik mizanlar səhnədəki ovqatın dramatik-psixoloji kəsərini gücləndirir. Yasin Qarayev daha bir neçə aktyor təzadlı mizanların məna, fikir yükünü aydın mənimsəməklə ifalarında, hərəkət dinamikalarında təbii təsir bağışlayırlar.

Yasin Qarayev tamaşanın sonuna yaxın Hacı Zamanın monoloqunu xüsusi ustalıqla söyləyir, şahanə bədii vasitələrlə rəsm edir. Tamaşada səhnənin sağında, solunda dərinliyində üzərində dayaq-meydançalar olan dəmir pilləkənlər verilmişdir. Bu tərtibatın əsas qurğusu bir neçə il əvvəl hazırlanmış "Oliver Tvistin macəraları" (Çarlz Dikkens) tamaşasından götürülmüşdür. Sözüm onda deyil. Fikrimin canı odur ki, həmin dayaq-meydançalarda pilləkənlərdə lal-dinməz gəzişən aktyor bütün anlarda obrazla yaşadığını məharətlə salona çatdırır. Hacı Zamanın monoloqunu söyləyəndə isə aktyor salondan baxanda sağ tərəfdəki dayaq-meydançadan asta-asta, ləngərli yerişlə pilləkanlarla aşağı düşür. Aşağı düşdükcə gözlərimiz önündəcə sənətkar qüdrəti pillə-pillə yüksəklərə ucalır. Bu məqamda sanki aktyorun daxilinə yığılmış enerjinin atomlara parçalanması baş verir. Obrazın daxili fırtınasını ağrılı sözlərlə qəzəblə salona "püskürən" Yasin Qarayevin ehtiraslı hayqırtısı, rəzilliyə, riyakarlığa, zavallılığa vətandaş etirazı gücündə səslənir. Aktyor əvvəlcə kövrək dramtik, tədricən mürəkkəb dramatik notlara keçməklə yekun sözləri qəlbləri titrədən faciə ahəngində, romantik çılğınlıqla söyləyib-oynayır. Həmin anda bir tamaşaçı kimi mənə elə gəlirdi ki, səhnədə Yasindən başqa aktyor yoxdur, varsa da "görünmürdülər". Çünki aktyor daxilindən cingilti ilə qopan harayı göstərəndə, canlandıranda emosional-dramatik, fəlsəfi-psixoloji söz ifa ahəngi ilə bütün diqqəti özündə cəmləşdirmişdi. Bəstəboy Yasin zavallı Hacı Zaman obrazında səhnəyə sığmayan nəhəng, qüdrətli, azman təsir oyadan ustad sənətkar təsiri bağışlayırdı.

Teatrşünasların termini ilə buna AKTYOR ƏZƏMƏTİ deyilir.

 

 

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2019.- 14 dekabr.- S.13.