Süveydaya məktublar

 

 (kitabdan parçalar)

 

 

25-ci məktub

 

Xəyallarımdan başqa yelkən açacaq yer yox.

Hər kəsin xoşuna gələn, eşitdiyi anda gülümsədiyi və ya heç sevmədiyi kəlmələr vardır.

Sevgili, sən hansı sözü və ya sözləri sevirsən?

Mən səni xəyalımda, sükut paltarı üstündə nurunla ətrafı günəş kimi işıqlandırarkən və gülərkən təxəyyül etdim həmişə.

Əslində, sən hansı çiçəyi, hansı musiqini sevər və hansı rəngdən xoşlanırsan?

Sən də mənim kimi yağışda gəzməyi və pəncərə arxasından yağışın yağmasını izləməyi sevirsənmi? Ya, qar yağmasını və qar dənələrinin göy üzündən bir-birinə dəymədən yerə enişini.

Doğrudan, sən heç Füzuli oxudunmu?

Bir beytiylə yalnızlığın tablosunu rəssamlardan daha mahir şəkildə çəkən o divan şairini.

Söylə, sən heç öz-özünlə sanki qarşında sevgili varmışcasına dərin bir söhbətə daldınmı və dalğalara qarşı üzərcəsinə, döyüşü itirəcəyini və alt-üst olacağını bilə-bilə xatirələrlə hesablaşdınmı?

Mənim hər günüm belə sevgili...

Mən hər şəfəqdə həyata məğlub bir halda başlayır və gün bitənədək məğlubiyyətdən yalnız bərabərliyi təmin etmək naminə hər cür fədakarlığı göstərirəm taleyə.

Sən Sepetçioğlunun "Qıfıl, Açar, Qapı, Malikanə və Çardaq" adlı romanlarını oxudunmu heç?

Sənə daha əvvəldən mən bir qıfılam; sən də açarsan demişdim, Süveyda.

Qıfıl və açar dediyin boşluqda dayanmaz ki; qıfıl bir şeyi qorumaq adına vəzifə tutar və qıfıl dediyin boş bir anlayış deyildir. Açar adlanan nəsnə, əşyanı və könlü qıfılın sahibi gələnə qədər əhəmiyyətdə tutan deyildirmi?

Bəs, mən nəyin qıfılıyam, Süveyda və sən məni niyə daima qıfıllı tutursan; mən harada asılıyam, boşluqdamı? Yəni qapı haradadır?

O romanlarda anladılan, Səlcuqlu və Osmanlının quruluşuna dair başlayan xəyalın gerçəyə çevrildiyi və qıfılın açarla açıldıqdan sonra malikanə və çardaq tikilişi deyilmi?

Sən nə vaxt məni abad edəcəksən, sən nə vaxt qapını açacaq və könül evimin çardağında nə vaxt mənimlə həmhal olacaq; nə vaxt xəlvətdə söhbətinlə ruhumu şad edəcəksən?

Könül sarayımın sultanı olan sən, səndən başqa kimsənin girməsinə icazə vermədiyim, divarları duyğularımla hörülmüş, boyası hüznümlə boyanmış və heç bir gözün dahi baxışla görə bimədiyi sevda qəsrimin könül otağını niyə ziyarət etmirsən?

Eşqə dair nə yazılıbsa, gücüm ölçüsündə oxumağa çalışıram, sevgili. Mövlananın Məsnəvisində hər hekayəni, Füzulinin hər beytini və Şeyx Qalibin hər misrasını demək olar əzbərlədim. Şeyx Qalibin Hüsnü Eşqində:

"Əsrarımı Məsnəvidən aldım,

Çaldımsa da miri malı çaldım".

söyləmi həqiqəti ifadə edir və Mövlananın böyüklüyünü anladır, lakin mənim üçün dövlət malı sənin məhəbbətindən başqa bir şey deyil ki.

"Hüsnü Eşq" adlı məsnəvisində, Şeyx Qalib məhəbbəti və sevdanı insanın öz könlündəki səfər kimi danışarkən, əsər kimi ilhamını Məsnəvidən aldığını söyləsə də, real həyatda onu ovsunlayan sərvi-rəvanı hamıdan gizlədir.

Mən sənə dair məhəbbətimi bütün əsərlərimdə anlatdım və səni cümlə aləmə aşkar etmədimmi? Hər kəs bu sevgidən xəbərdar olduğu halda, sən məndən hələ də bixəbərsənmi, sevgili?

Füzuliylə ülfətim zaman-zaman qeyb aləmində davam edir, Süveyda.

Şeirlərlə, bənzətmələrlə və bəzən də könül könülə sevgini danışır; əksəriyyətlə sevgilidən və sərvi-nazından danışırıq.

Müştərək nöqtəmiz kimsənin bizi tam olaraq hiss etmədiyi və heç kəsin eşqə bizim nəzər nöqtəmizdən baxmadığıdır.

İkimiz də hər şeydən əl çəkmiş, sevda çölündə ac-susuz, eşq orucumuzu tutmaqda və iftarı olub-olmayacağı qeyri-müəyyən bir halda ümidlə gözləyirik.

İctimai həyatla əlaqəmiz kəsilmiş, dostlarla yollarımız ayrılmış bir vəziyyətdə sevgilidən gələcək vüsal küləyinə, dolayısıyla badi-səbaya könül bağla-mışıq. O bir beytində bu halı:

"Nə yanar kimsə mənə atəşi-dildən özgə,

Nə açar kimsə qapım badi-səbadan qeyri".

deyə elə bir tərif edir ki, yalnızlığımız və əhvalımız üzərinə söylənəcək söz qoymur.

Neçə il oldu, neçə əsr keçdi, Sevgili.

Sənin eşqinlə zaman deyilən məfhum, günlər, aylar, illər və əsrlər mənasını itirdi. Səndən qeyri hər şey mənim üçün yalan oldu.

Uzun zamandır, nə Füzuli, nə də digər Divan şairləri mənimlə danışmırlar.

Ötən gün Füzuliyə, "Söyləsənə Füzuli, fitrətin dənizində nədən əsməyir rüzgar? Qapılar arxasında bizi qorxudan nə var?" deyə soruşdum. Neçə ay keçdi, bir cavab, bir nəfəs gəlmədi qədim dostdan.

Onsuz da Mövlanə də Şəmsdən başqa dost qəbul etmir. Ən son, "get müridim Şeyx Qalibə, sənə o əl versin" dedi.

Dostlara səsləndim, Süveydamı tapmaq yolunda mürşidim sizsiniz, məni rəhbərsiz, məni tək qoymayın bu hicran cəhənnəmində deyə. Duyan yox fəryadımı, bari sən məni duy, Süveyda.

Ahım asimanda elə əks-səda verdi ki, səni və məni bilməyən qalmadı kainatda. Səbrin meyvəsi şirin, amma o meyvə, könül mülkü xarab olmadan, təhəmmül köşkü sökülüb, yerinə təvəkkül sarayı tikilmədən yetişmir ki.

Bəzən könül yorğunluğum elə bir hal alır və məni elə gücsüz qoyur ki, eşq dənizinin ortasındakı fırtınada sığınacaq bir liman olaraq xəyallara qaçır və xəyallar aləmimin qucağında bu misralarla ancaq rahatlıq tapıram:

Könül quşum yoruldu artıq qaçacaq yer yox,

Xəyallarımdan başqa yelkən açacaq yer yox.

26-cı məktub

Söhbət məclisi nərdə, toplansın dostlar nərdə?

Yarı alıb gəlin ki, qalxsın gözümdən pərdə.

Adlar və məna...

Süveyda, hər şeyin adı sənin kimi adlanmışdırmı, görəsən?

Sənin adının mənası qəlbin içindəki qara nöqtə, məhəbbətin təzahür etdiyi yer deməkdir və mənim üçün məhəbbəti ifadə edən ən gözəl ad sənin adındır.

Sənin açdığın yer qəlbimin orta nöqtəsi və könlümü açan, məhəbbət cövhərindən hazırlanmış bənzəri olmayan tək açar sənsən, Sevgili.

Çoxdandır sadiq dostum olan kitablarla da aram yoxdu, Süveyda.

Bir neçə gün öncə Səid Faiqlə bağlı bir yazı oxuyarkən, onun hekayəyə dair söylədiyi bir cümlə diqqətimi çəkdi: "Çiçək və balıq adlarını bilməyənlər hekayə yazmasın",- deyir ustad.

Müxtəlif növ çiçək adını bilirəm, amma balıq adları barədə yəqin ki, cahiləm. Hərçənd, sənin sevgi dənizin normal dəryadan çox fərqli və sənin sevda dənizində yaşayan balıqların adları çox az insan tərəfindən tanınır.

Sənin dəryandakı tək balıq növü istisna olmaqla, hamısının adının qarşısında "hicran" sözü var. "Hicran Səhəri, Hicran Axşamı, Hicran Damlası, Hicran Günəşi, Hüznü Hicran və Hicran yenə Hicran adlı balıqları tutmaq çox asan; amma eşq dənizində yaşayan bir balıq var ki, onu tutmaq çox az aşiq balıqçıya nəsib olur.

O balığın adı da, Vüslət balığıdır, Süveyda. Harada yaşadığı, hansı adaları ziyarət etdiyi və haralarda gəzindiyi mübhəm; onu tutmaq üçün davamlı bir axtarış içində olmalı və heç kimdə olmayan bir istəklə arzulanmalıdır.

İlk çağdan bu günə onu ovlaya bilən çox nadir aşiq oldu; Yunus Əmrə, Mövlana və Şeyx Qalibin onu necə tutduğu bilinmir, amma mən sənin o Vüslət balığı olduğunu, səni ilk gördüyüm andan bəri bilirəm.

Süveyda, nə qədər haqqı olursa olsun, hansı fədakarlığı etmək lazım gələrsə gəlsin, bir gün mütləq səni tutacağam və eşqin vüsal atəşində yanıb sənə qarışacağam.

Çiçəklər və müşk-ənbər...

Sənin qoxun heç bir çiçəkdə yox, Süveyda. Sən çiçəklərin sultanısan, sənin açdığın yer könül gülşənim; sənin torpağın mənim cismani varlığım və mən səni hər an hiss və xəyallarımla suvarıram.

Sən bütün çiçəklərə sirayət etmisən, Süveyda; bütün çiçəklərin könlümdə sənə dair bir mənası var.

Məsələn: Camalı Gözəl, səndən peyda olan bir çiçək; Gecə Səfası, gecələrimi şənləndirən; Qan Damlası, qələmimin mürəkkəbi; Xoruz Pipiyi, şəfəqin müjdəçisi; Müşgülüm, hər an suvarılması lazım olan; Qırmızı yonca, səni, məni və rəqibi izah edən; Sabun Çiçəyi, hər səhər üzümü yuduğum; Duman rəngi, ayrılığı və həsrəti izah edən; Çadır Dirəyi isə mən yuxusuzkən belə, məni ayaqda tutan çiçəkdir.

Bir çiçək istisna olmaqla, bütün çiçəkləri sevirəm; onu da adından dolayı heç cür sevə bilmədim, Süveyda, o çiçəyin adı da: Torpaq Qəbul Etməz.

Rənglərin dünyası və könlümdəki məna... Hər rəng səninlə əlaqəlidir, Süveyda. Sən könlümdə hər an açan göy qurşağısan.

Səndən və prizmadan keçən hər bir rəngin saflığın sayəsində sənin rəngin olan bəyaza dönər.

Gerçək olan budur: ara rənglər bir yalan; əsas rənglərsə vasitə və rənglərin mərkəzində sən varsan, Süveyda.

Yəni günəş də sənsən, işıq da sən; nur da sənsən, ay da sən; çiçək də sənsən, rəng də sən. Eşq sənin üçün var edilmiş və hər şey səninlə bir məna tapır; sənsiz eşq kimsəsiz; işıq nursuz; rəng rəngsiz, qısacası hər şey mənasız olur.

Görünən və görünməyən...

Aldanmaq və inanmaq...

Baxma söylədiklərimə və yazdıqlarıma, Süveyda; özümü inandırıram mən. Sənsizlik o qədər çətindir ki, əslində, yaşayır kimi görünən və həqiqətdə sənsizliyin basqısında iztirab çəkərək yaşayan bir ölüyəm mən.

Səni bir dəfə belə görüb xoşbəxtliyinə nail olmamış olsaydım; hicrana dayana bilməyim və hələ də ayaqda dura bilməyim mümkün deyildi.

Sənsizlik gözümə çəkilmiş bir pərdə kimi. Sənin vüsalına çata bilsəm, gözlərimdən pərdə qalxacaq, beləliklə, bütün kainatı və kəlmələri və ya hər şeyi çox rahat bir şəkildə başqa bir gözlə danışmağa başlayacağam.

27-ci məktub

Röya aynasına baxdım ki, abı-xəyala düşmüş Leyla.

Hissiyyatımız bizi bəzən çıxmazlara, duyğu dəh-lizlərinə və peşmanlıq uçurumlarına sürükləyir.

Sükutun səsini duya bilənlər, səbr zikrini sükunətlə çəkənlərdir. Yalnız sükut bəzən bir zəhər, bəzən bir qaçış, bəzən də unutqanlığa uzanan yoldur, Süveyda.

Sükut zəhərini illərdir içən aşiqin olaraq bunu rahatlıqla deyə bilərəm ki, sükutu əzbərləmək və sükuta alışmaq heç də asan deyil.

Özümü illərdir, sükut oxlarından və pessimist ruh halından xəyala dair bir nəzəriyyə inkişaf etdirərək qorudum; yoxsa başlarda cünuna uğrayıb, dəli olmam çox çətin idi.

Bu bilginin və formulun adı, Otaqlar və Adalar nəzəriyyəsidir, Süveyda.

Hamımızın zaman-zaman bu sosial həyatdan qaçmaq istədiyi, xarici, xəyali və üfiqi bir dünyanın həsrətini çəkdiyimiz anlar yoxdurmu?

Əhməd Haşimin "O Beldə"si; Orxan Vəli "Anlada bilmirəm"i və Peyami Səfanın "Simeranya"sı bu nəzəriyyə üzərindən başqa aləmlərə səfər edənlərin qaçış əsəridir əslində.

Süveyda, mən belə vaxtlarda əksəriyyətlə, əfsunu içindəki ayna olan otağıma çəkilir və öz xəyalımda qurduğum adama qaçıram. Məcnunun adası Leyla; Kərəminki Əslidirsə, mənim adamın adı da sənsən, Süveyda.

Xəlvətə çəkilmək, insanın öz-özüylə həsb-halı və söhbəti. Aynaya baxarkən aynada röya görmək.

Zaman-zaman ruhumun daraldığını hiss edəndə və səni görmə arzuma məğlub olduğum anlarda heç kimi almadığım otağıma qaçır; yatağıma uzanır və gözlərimi yumuram.

Bir az sonra üstündə yatdığım örtüyün nağıllardakı uçan xalçalara bənzər şəkildə tərpəndiyini hiss edirəm.

Süveyda, həqiqətdən xəyala keçid; mücərrədə konkretdən keçidə bərabərdir. Bədənin deyil, ruhun səyahətidir adama gedişlərim.

Bu səfər öz içimdə sənə doğru bir yol alışı, qəlbimin sənə doğru qaçışı və könül pərvanəmin atəşi səfəri kimi açıqlana bilər.

Adama gediş üçün başda, otağımdakı röya aynasına baxmağım lazımdır; çünki adanın giriş qapısı o ayna. Dünya miqyasında məhəbbət tezliyinə yol o aynadan keçir, Süveyda.

Bəzi insanların özəlliklə də könlünə eşq atəşi dü-şənlərin xüsusi və seçilmiş olduğunu düşünürəm. Yəqin ki, sənin eşqinlə kamala çatmağa başladım mən.

Əvvəllər səbrsiz biriydim, indi isə qədərə razı bir qənaətkarlıq və təslimiyyət halı var məndə.

Keçmişdə sözlərim insanları incidəcək deyə düşünməz, doğru bildiyimi hər yerdə deyərdim, ancaq sənin məhəbbətinlə məndə elə bir mərhəmət ortaya çıxdı ki, qarışqanı belə incitməməyə diqqət edən oldum.

Keçmişdə özünü sevən və eqoist bir cəhət vardı məndə; indi isə hər şeyə sevgi, təvazökarlıq və tolerant məqamından baxa bilirəm.

Sən mənim kimyamı da, könlümü də, dilimi də xülasə, hər şeyimi dəyişmisən, Süveyda. Sən məni sevginlə başdan yaratdın sanki.

Otağımı və adama maraq göstərdiyini bilirəm, Sev-gili. Mənim üçün ikisi də bir əmanət; çünki otağımın və adamın həqiqi sahibi sənsən. Mən, gülzarına yaxşı baxmağa çalışan bir bağbanam yalnız.

Nə vaxt istəsən çıx gəl, könül əmlakımı darmadağın edən gözəl. Nə vaxt istəsən gəl. Otağımın elə çox fərqli olduğunu güman etmə; içində masam, kitablar, çarpayım, kreslom və röya aynam var.

Unutma ki, Süveyda, görünüş hər zaman bizi çaşdırır, əsl olan məzmundur. Otağımın divarları hüzn qoxuyur, qapımın qolu sahibini gözləyir və nurani bir tilsimə sahib olan aynam heç bir cövhər və ya səbəblə ölçülməyəcək qədər qiymətlidir.

Sevgili, insanlar bu aynadan xəbərdar olsa, ona sahib olmaq üçün nələr verməzdi. Mən sənə həyatımı verdim; mən sənə ömrümü, mən sənə mənim olan hər şeyi verdim.

Mən bu yola, eşq macərama nə olursa olsun, peşman olmayacağam deyə başladım, Sevgili.

Dünyada və xəyalda bənzəri olmayan adamı bəyənəcəyindən əminəm.

Dediklərim və yazdıqlarım əgər sənə çatarsa, abı-xəyala düşmüş Leyla kimi bir dəfə belə o aynadan görə bilmək üçün hər işini qoyub mənə qa-çacaqsan, Süveyda.

Sənin sevginlə mən röyanın içində röya görürəm, Sevgili; Həqiqət dediyimiz də əslində, röyanın içində bir xəyal deyilmi?

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2019.-18 dekabr.- S.23.