Əli İldırımoğlu
yaradıcılığı yeni tədqiqat
işığında
Mən hər zaman çalışmışam, standartçılıqdan qaçım, ürəyimə hansı hiss damıbsa, başımı ona yönəldim, yoxsa idrakımda acizləşirəm, nahaq o işə girişdiyimə peşmanlayıram.
Görünür, burada təbii bir həqiqət
mövcuddur. Çünki hər bir kəs sevdiyini xəyalında
canlandırmaqdan, dilində eşitməkdən
xoşlanır. Mən bu iki sözdən başlamaq qərarını
verdim: Birinci, xəyalım məni ötən əsrin
60-cı illərinə apardı, yazı-pozuya meylim
yaranmışdı, məqalələr yazırdım, qəzetləri
izləyirdim, jurnalistlərin yazılarını oxuyub
imzalarını yaddaşıma köçürürdüm.
Xatırlayıram: "Kommunist" qəzetində Əli
İldırımoğlu, Əfqan Əsgərov, Tofiq Həsənov,
Bariz Əsədov, Cahangir Gözəlov və başqa müqtədir
qələm sahiblərinin məqalələri müntəzəm
çıxırdı. Qəribə olsa da, tələbə
zövqü ilə "yaxşı" və "gözəl"
deyirdim, amma bu qiymətvermə kortəbii deyildi, əsası
vardı. Çox sonralar həm məna, həm də estetik
baxımından yanaşdım və filosof Ş.Monteskyeni
oxudum, necə də sərrast demişdi: "O şey ki,
faydalıdır, biz onu "yaxşı"
adlandırırıq; o şey ki, faydalanmaq nöqteyi-nəzərindən
deyil, sadəcə baxmaq, seyr etməklə bizdə xoş
duyğular oyadır, ona "gözəl" deyirik".
İkinci, həmin imzalardan bədii ədəbiyyata
aşinalar, ruhunda ədəbi istedadını yaşadanlar
yazıçılığını sübuta yetirdi -
Əli İldırımoğlu və Əfqan Əsgərov
şəxsiyyətində...
Yazıçı
olmaq yalnız yazmaqla şərtlənmir, o, yalnız təfəkkürü
ilə yox, bütün hisslərilə nəsnələr
dünyasında özünün insanlığını təsdiq
edir, "yaxşı" və "gözəl" olan
şey bütün sferalarda həqiqiliyini saxlayır,
"romanda dramatik olan şey səhnədə də dramatik
olacaqdır, misrada da lirik qalacaqdır" (V.Hüqo).
Mən ədəbiyyat
anlamında ecazkar ayamasını az qiymətdə
götürürəm; "ədəbiyyat dünyanın
döyünən qəlbidir" inamı da tam mənasını
ödəmir: "Ədəbiyyat insan ürəyini milyon
qırılmaz tellərlə birləşdirən ən
yaxşı vasitədir, ədəbiyyatın məqsədi
hamını birləşdirən insanlar arasında bir əlaqə,
məhəbbət yaratmaqdır, ədəbiyyat gərəkdir
in-sanları başa düşsün, onların qəlbini tərpədə
bilsin, həyəcanlandıra bilsin" (R.Taqor).
Üçüncü, yazıçı zəhmətini və
istedadını dəyərə çevirən ədəbi
tənqidin daşıyıcılarıdır, bu simaların əməyi
də nəzərə alınmalıdır, onlar geniş
araşdırmalar aparır, əsərlərin bədii
üslubunu, fəlsəfi yönümünü təhlil edirlər;
bu zaman ədiblər özlərinə inanırlar, yersiz irad
tutan aristrax ayamalar ədəbiyyatçılardan üz
döndərirlərsə, yaxşı mənada ruhi həyəcan,
akselerativ ehtirasdan qaçmırlar. Bu qısa
ekskursiyam məhz görkəmli (sözün şişirtmə
mənasında demirəm) yazıçı, ədəbiyyatımıza
yaxşı və gözəl romanlar vermiş Əli
İldırımoğlu yaradıcılığını fərdi
tənqidi təfəkkürü ilə araşdıran alim,
publisist Loğman Rəşidzadə ilə
bağlıdır. Onu tələbə ikən,
sonra məzun filoloq ikən tanıdım, maraqlı publisist və
resenziya səciyyəli məqalələri mətbuata
qalxdı. Hər halda 22-25 yaşlı gəncin gələcəkdən
xəbər verən yaradıcı uğurları idi...
Ədəbiyyatşünas-tənqidçi
təfəkkürü bir-birindən ayrılmaz idrak məhsuludur,
oxucu ilə müəllif arasında bir vasitəçidir,
birinci şəxs təvazökardır, öz əsərinə
"qonaq" kimi yanaşır ki, kənar söz-söhbət
yaranmasın, ikinci şəxs əsərə "öz kəlamı"
kimi yanaşır və çəkinmədən qiymətini
verir, desəm ki, o, yazıçını bədii-ədəbi
baxımdan kəşf edir, bu isə dünyanın kəşfi
kimi bir şeydir mənim fikrimcə. Yazıçı
oxucusunun niyyətini, diləyini, duyğularını,
iztirablarını, sevinclərini təsvir etməsilə həmin
dünyanın durumunu, insanların psixologiyasını
ümumiləşdirir. Böyük
yazıçı Romen Rollan əbəs deməyib ki, sənətkar
həmişə öz dövrünün gözüdür,
dövr onun vasitəsilə baxır, onun köməyilə
özünü görür. Belə
yanaşmanı artırmaq da mümkündür ona görə
ki, roman keçmişlə müasirliyi birləşdirir və
yazıçı münasibətini ifadə edir. Sual
ortaya gələ bilər: bu sadalamalarda məqsəd
haçalanmır ki? Əsla! Tənqidçi-ədəbiyyatşünas
olaraq Loğman Rəşadzadə həm bütöv şəxsiyyət,
həm də istedadlı qələm sahibi kimi Əli
İldırımoğlunun nəsrinə son dərəcə
obyektiv və analitik meyardan yanaşmış, qeyri-real:
vizioner baxışdan mülahizələrə yol verməmişdir.
Bəzi tənqidçilər kimi Z.Freydin
"vulqarizm"indən çıxış etməmişdir.
Gizlin deyil ki, bəzi tənqidçilər
düz-əməlli bir hekayə (yaxud şeir) yazmağa
iqtidarı (istedadı yox a!) çatmadığı halda qiymətli,
lazımlı, oxunaqlı bir romanı, povesti tənqid atəşinə
tutur, bununla həmin müəllifin qoltuğunda gizlənirlər.
İstedadlı yazar Loğman Rəşidzadə
belə bir ovqatda həmişə uzaqda dayanmışdır;
xarakteri buna yol verməmişdir. Və yadıma dahi ədib
Cek Londonun sözləri gəldi: "Özləri
yazıçı ola bilməyən adamlar
əsl yazıçılar haqqında həddindən
artıq hökm verirlər". Mənim tanıdığım
və istedadına inandığım L.Rəşidzadə
aristrax-yersiz irad tutan ədəbiyyatşünas-tənqidçi
psixologiyasında çox-çox kənarda dayanan intellekt
sahibidir. Tədqiqat əsərlərinin
tematikası və üslubu fər-didir, ürəyindən gəlmədir,
heç vaxt onun tədqiqat predmetinə yanaşmaq tərzində
pedantçılı anlamı olmamışdır, bu,
aldığı tərbiyədən və mənimsədiyi
mahiyyətin saflığından qidalanmışdır.
Unutmayaq ki, pedantçılıqda xeyirxahlıq
elementləri çox az-dır. O, ziyan gətirir. Heyifslənirəm ki, bu gün bizdə, hətta ədəbiyyata,
yazıçılara (nüfuzlulara) xeyir götürmək məqsədilə
qiymət verirlər, ədəbiyyatşünaslıq elmi də
istisnalıq yaratmır. Təbiətən, ruhən ədəbiyyat
üçün doğulanların başına belə
"müsibət" gəlməyə bilmir, oxucu sarıdan
rahat olan, yaradıcılığında milli-mənəvi
özünüdərkin bədii ponaramına məharəti
yaradan Əli İldırımoğlu necə? Unutmayaq
ki, bədii ədəbiy-yatın xüsusilə, nəsrin bir
nəhəng qolunda xalqın milli-mənəvi dəyərlərinin
özünüdərk anlamıdır və bu problemin
emosional və intellektual təsviridir. Bu mühüm missiyanı
vurğuladığım kimi: ədəbiyyatşünas-tənqidçi
dünyagörüşü duyur və əsaslandırır.
Necə ki, Loğman Rəşidzadə "Əli
İldırımoğlu yaradıcılığında
milli-mənəvi "özünüdərk"
monoqrafiyasında (Bakı, "Elm və təhsil" nəşriyyatı,
2017) geniş aspektdə tədqiqata cəlb etmiş,
tanınmış ədibin ən başlıca spesifik, məxsusi
filoloji və fəlsəfi cəhətlərindən bəhs
etmişdir: Milli-mənəvi dəyərlərin xüsusiyyətləri
və prinsipləri, dili və üslubu, milli ədəbiyyatımızda
yeri və rolu bu "triada" ədəbiyyatşünas-alimin
araşdırma predmetidir. Mən imkanımdan istifadə edib
oxucu zövqünə toxunmaq istərdim, bu problem hər iki ədəbiyyat
sahəsinə aiddir, bir qrup oxucu yalnız bədii janra
meyllidir, mütaliəsi ya nəsrdir, ya da poeziyadır, digər
qismi, çox cüzisi ədəbiyyatşünaslığı
(ədəbi-tənqidi) oxuyur, bütün zövqünü
"birinci"yə kökləyir, hətta zəif,
sönük əsərlər üçün vaxtını
"itirir", "ikinci" onun üçün
ağır, çətin başa gəlir, amma
"ikinci"dən alacağı zövqü sınaqdan
keçirmir.
Loğman Rəşidzadənin monoqrafiyasını bir
oxucu zövqü ilə oxudum və bədii ədəbiyyata
olan marağımı kənara qoydum. Bu "ayırmanın" mahiyyətində,
estetikasında, interspeksiyasında yaradıcılığa
xas psixologiyanın yetərliyi, yazıçı əməyinə
impulsiv yanaşma və diletantlıqdan uzaqlaşma! Loğman Rəşidzadə
ümumiyyətlə, nasirdən (konkret danışıram)
heç də az iztirab çəkmir,
ob-razların taleyini ötəri yaşamır, bədii mətnin
dinamikası üçün sadəlövh
narahatçılıq keçirmirsə, deməli, tənqidçi-alim
nasirdən fərqli olaraq iki hissi özündə
formalaşdırır, məntiqlə iki ədəbi-bədii
yükü zövqündə daşımalı olur! Tənqidçi-müəllif əsəri oxuyarkən
prosesin iki şərtini adi oxucu kimi yox, professional ədəbiyyatçı
kimi ortaya qoyur. Birincisi, Əli
İldırımoğlunun nəsrinə özünəməxsus
gerçəklik gözüylə baxır. İkincisi, əksinə, oxu zamanı anlayır ki,
yazıçının təsvir etdiyi, göstərdiyi
bilavasitə həyatın özü deyil, onun bədii
inikasıdır. Və mən Əli
İldırımoğlunun yaradıcılığına
az-çox bələd olduğumdan cəsarətlə deyərdim
ki, monoqrafiyada epiqonçuluq - təqlidçilik yoxdur, əksinə,
eksiztenkçilik - duyğu və düşüncələrdən
keçən yaşantı vardır, başlıcası isə
Əli İldırımoğlunun nəsrindəki milli koloritə,
dil şirinliyinə, dəyərlərimizə qəlbən
bağlılığa, başqa sözlə estetiklik-məzmunlu
idraketmə vardır.
Tənqidçi-ədəbiyyatşünas Loğman Rəşidzadənin Əli İldırımoğlunda məhz milli-mənəvi özünüdərk predmetini seçməsi onun saf təfəkkürə, zəngin bədii-estetik şüura və xalqına bağlılığına dəlalət edir. Ədəbi tənqid üçün mücərrəd məntiqi xarakterli sistemlərdən, ölçülərdən uzaq olmasını təsdiqləyir və ideoloji mütilikdən kənarda dayanır. Milli özünüdərk Əli İldırımoğlunun yaradıcılığına xas yer tutmuşsa, deməli, bu mövzu bəşəri məna daşıyır, əsərdə dünya ədəbiyyatında milli-mənəvi özünüdərkə konkret, lakin aydın yer verməsi fikrimizin təsdiqidir. Oxuyuruq! Bəşəri sferada hər bir xalqın öz zəngin tarixini, özünəməxsus ənənə və dəyərlərini yaşatması mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bunun üçün başqa əxlaqi-estetik vasitələrlə yanaşı, müxtəlif ədəbi janrlardan da istifadə etmək vacibdir. Cəmiyyətə bu arzuolunan səviyyədə təqlid olunsa, qarşıya qoyulan məqsədlərə çatmaq şübhəsiz ki, çətin olmaz - proqnozu yerinə düşür. Loğman Rəşidzadənin belə bir qənaətə gəlməsi, onun dünya ədəbiyyatından xəbərdar olması: Danteni, Şekspiri, Höteni, Drayzeri, Hüqonu, Balzakı, Dostayevskini, Lev Tolstoyu, Marksı, Kamyunu, Folkneri və başqa korifeyləri oxumasını şərtləndirir. Bir faktla kifayətlənəcəyəm, bu ədəbi şəxsiyyət fransız yazıçısı Viktor Hüqodur və yazır: "Onun (Hüqonun - A.E.) bütün əsərlərindən, xüsusən, "Səfillər"də Fransa xalqının qüruru, milli mənlik şüuru, qəhərəmanlığı, mübarizəsi, əqidəsi, döyüşkən ruhu əsas bədii leytmotividir. O, yaratdığı qəhrəmanlarla sanki özü də fəxr edir, onlarda olan sifətləri elə qabardır ki, əslində fransız milli tipinin simasında bəşəri mahiyyətli insanlar ortaya qoyurdu". Belə bir yanaşmadan o qənaət alınır ki, ədəbiyyat (eləcə də incəsənət) ümumbəşəri sərvətlər yaradır. Bu məsələyə yanaşmada Loğman Rəşidzadə bədii yaradıcılığın açıq-aşkar sırf ideologiyaya bağlılığı ilə razılaşmır və təbii ki, bəşəri və ideoloji konsepsiyalar (cəhətlər) həmişə üst-üstə düşmür, zidd dururlar. Məsələnin mahiyyətində hansı ideologiya dayanır: mücərrəd ideologiyaya önəm verilirsə bəşəri məna daşımaqda aciz olacaqdır, mənəvi sərvətlərin yaradılması sual altına keçəcəkdir. L.Rəşidzadə məntiqlə Əli İldırımoğlunun nəsr yaradıcılığında mütərəqqi qüvvələrin ideoloji konsepsiyalarının bədii həllinə ekskurs edib öz müəllif ideyasını əsaslandırmışdır. Məhz Loğman Rəşidzadənin Azərbaycan ədəbiyyatında milli-mənəvi özünüdərkin mahiyyətinə dünya nəsri kontekstində yanaşması onun ədəbi dünya görüşünə yiyələndiyinin bariz nümunəsidir. O, bu sırada klassiklərimizdən başlayaraq söz ustalarına üzünü tutur. M.Hüseyn, S.Rəhimov, Mir Cəlal Paşayev, M.İbrahimov, İ.Əfəndiyev, İ.Muğanna (Hüseynov), İ.Şıxlı, Sabir Əhmədov, F.Kərimzadə, Cəmil Əlibəyov Əli və İldırımoğlunu görür. O, Əli İldırımoğlunun "Közərən sətirlər" xatirə romanına ekskurs edərək yazır ki, bu xatirələr əslində, Əli müəllimin seçib sonaladığı Həyat faktları, İnsan taleləridir. İnsan həyatında və ömürlülüyündə xatirələr çox olur, istənilən qədər. Amma onların hər biri ictimai yük daşıyırmı, insan taleyini önə çəkə bilən bədii fakta çevrilə bilirmi? Təbii ki, yox. Əli İldırımoğlu məhz mənəviyyatı və əxlaqı özündə yaşadan dərin sosial məzmunlu hadisələri - xatirələri qələmə alır. O xatirlər ki insanın birbaşa milli-mənəvi özünüdərkinə xidmət edir.
(Ardı var)
Allahverdi
EMİNOV
Pedaqogika
üzrə fəlsəfə elmləri doktoru, dosent
525-ci qəzet.- 2019.-18 dekabr.- S.22.